Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4739/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1055/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, ev 18, 25 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bununla əlaqədar çıxarış verilmişdir. Həmin mənzildə iddiaçı ilə bərabər onun övladları da qeydiyyatdadırlar. Sonradan iddiaçının övladı-Cavabdeh2 Cavabdeh1 ilə ailə qurmuş və o zaman iddiaçı onların başqa yaşayış mənzilləri olmadığı üçün öz evinin bir otağını yeni ailə quranların sərəncamına vermişdir. Cavabdehlər 2012-ci ildə ailə qurandan sonra bir müddət iddiaçı və digər qız övladları ilə münasibətləri yaxşı olsa da, lakin iki ildən çoxdur ki, Cavabdeh1 iddiaçı və qız övladları ilə daimi mübahisə edir, daimi konflikt yaradır. Son bir neçə ay iddiaçı öz evinə köçüb yaşaya bilmir. Belə ki, iddiaçı evinə gəlib yaşamaq istədikdə cavabdeh Nüşabə Manasırova onu söyüb təhqir edir və mənzilə nə üçün gəldiyini, tez mənzili tərk etməyi, əks təqdirdə polisə şikayət edərək onu tutduracağını bildirir. Hətta bu azmış kimi Cavabdeh1 öz bacısını da mənzilə gətirərək, iddiaçının və qız övladlarının evdə yaşamaqlarına imkan vermirlər, onları söyüb təhqir edirlər və mənzilin yalnız onlara məxsus olduğunu bildirirlər. İddiaçının digər cavabdeh oğlu Cavabdeh2 tərəflər arasında mübahisə başlanan vaxtlarda arvadının tərəfini tutsa da, lakin hazırda Ramin də arvadının haqqsız olduğunu görməsinə baxmayaraq, iddiaçının və qızlarının mənzilə köçüb yaşamaqlarını təmin etmir. İddiaçıda belə bir fikir yaranmışdır ki, cavabdehlərin hər biri ayrı ayrılıqda məqsədli şəkildə iddiaçının öz mənzilinə köçüb yaşamağına imkan vermirlər. Son zamanlar Cavabdeh1 öz həyat yoldaşı Cavabdeh2 də mənzildə yaşamasına imkan vermir. O, mənzilə gəldikdə, onların arasında həmişə dava və mübahisə olur , söyüştəhqir səslərindən mənzilə girmək olmur. İddiaçının iki qız övladı var və onlar da cavabdehlərin qorxusundan mənzilə gələ bilmirlər. Belə ki, cavabdehlərin qanunsuz hərəkətlərindən, qız övladlarının da mənzilə köçüb yaşamalarından qorxurlar. Çünki, iddiaçı və övladları mənzilə gələn kimi, Nüşabə dava salır və sonra polisə zəng edərək guya söyüldüyünü bildirir. Hazırda iddiaçıya məlum olub ki, Nüşabə polislərlə əlbirdi, polislərdən onlara təzyiq etməklə istifadə edir. Ona görə də iddiaçı hər dəfə evə polis gəlməsin deyə mənzilə gəlmir. İddiaçının övladları Nüşabədən qorxduqları üçün mənzildən didərgin düşüblər. Qız övladlarının imkansız olmalarına baxmayaraq, artıq bir neçə aydır ki, özlərinə kirayə mənzil tutaraq yaşayırlar. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 18, 25 saylı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1055/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 18, 25 saylı mənzilə olan istifadə hüququna xitam verilərək cavabdehin həmin mənzildən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsiqət olunmuşdur. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1055/2020 saylı qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçın oğlu Cavabdeh2 Nadir oğlu ilə ailə qurandan sonra həmən evə 2012-ci il tarixində gəlin gəlmiş və həmən mənzilə pasport qeydiyyatına alınmışdır. Birgə nikahdan bir övladları vardır. Onun ünvan 1 ünvandan çıxarılması ilə bağlı söz söhbət iddiaçı, yəni yoldaşının anası tərəfindən həmin mənzilin dövlət ehtiacları üçün plana düşdüyünü bildiyi gündən başladı. İddiaçın fikiri ilə, nəqədər həmin ünvanda az qeydiyyatda olan şəxs olacaqsa o qədər ona çox evin sökülməsi ilə bağlı kompensasiya ödənişi düşəçəkdir. Onun həmin mənzildən çıxardılmasının əsas səbəbi bu olduğunu bildirmişdir. Məhkəmə qanunsuz və əsasız iddiaçının tələbini təsdiq edəndən sonra, iddiaçı pasport qeydiyyatından çıxardılması ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət etmək fikrindədir. Onu həmin ünvana iddiaçı özü şəxssən müvafiq orqanlara müraciət edərək qeydiyyata salmış və məhkəməyə müraciət etdiyi günə qədər bu məsələ ilə bağlı evlərində heç vaxt söz söhbət olmamışdır. İddiaçı öz iddia ərizəsində qeyd edir ki, güya ki o, onu öz evində yaşamağa imkan vermir, mütamadi olaraq təhqir edir və mənzili tərk etməyə məcbur edir. İddiaçı öz iddia ərizəsində bilərək münasibəti bu çür fonda məhkəməyə təqdim etdiyini, lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi fikirləri heç bir sübut və faktlarla öz təsdiqini tapmadığını çünki həmin evdə o heçvaxt öz həyat yoldaşını və ya onun anasını nə təhkir etməmiş nədə onun həmin mənzildən çıxıb getməsini tələb etmədiyini bildirmişdir. Beləliklə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində onun iştirakı olmamağına baxmıyaraq yenədə iddiaçı tərəfindən öz fikirlərini və söylədiyi faktları təsdiq edən sübut məhkəməyə təqdim olunmadığını bildirmişdir. Onun həmin evdən başqa yaşamaq üçün başqa evinin olmadığını və iddiaçının iddia tələbi absurd xarakteri daşıdığını, çünki onun oğlu Cavabdeh2 ilə o nikahda olduğunu və birgə uşaqlarına xar olduğunu, iddiaçın isə tələbinə və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə görə ailəli olduqlarına baxmıyaraq onun başqa bir evdə yaşamalı olduğunu, yoladaşının isə başqa, və beləliklə məhkəmənin qətnaməsi onun ailə stabiliyinə mühüm zərər vurduğunu qeyd etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, maddi hüquq normaları düzgün tətbiq olunmadığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalı Cavabdeh1 İddiaçı Mehman qızının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 18, 25 saylı mənzilə olan istifadə hüququna xitam verilməli və o, həmin mənzildən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, mənzil 25 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışına əsasənİddiaçı və Cavabdeh2 ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli sorğusuna əsasən ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, Nəsimi rayon İcra Hakimiyyətinin xx xxxxxx 1992ci il tarixli Sərəncamı ilə İddiaçı 8 nəfər ailə üzvləri, o cümlədən Cavabdeh2 ünvan 1 ünvana daimi qeydiyyata alınmalarına icazə verilmişdir, xx.xx.1997-ci il tarixli Forma-2 Arayışına əsasən Cavabdeh2 xx.xx.1992-ci il tarixdən həmin ünvanda qeydiyyatdadır. Beləliklə, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, mənzil 25 İddiaçı xüsusi mülkiyyətindədir. cavabdehlər isə iddiaçının mülkiyyətində olan mənzildə yaşayırlar. İşin göstərilən halları ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci vəAzərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cümaddələrinin şərh edilməsinə dairx xxxxxxx 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh1 İddiaçı oğlu Cavabdeh2 ilə ailə quraraq 2012-ci ildə mübahisəli mənzilə gəlin gəlmişdir.Belə halda Kollegiya hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilə dair hüquq münasibətləri 2012-ci ildə əmələ gəlmişdir, odur ki, mübahisənin həlli ilə bağlı 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin30.4.-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Kollegiya İddiaçı oğlu Cavabdeh2 qarşı tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Qeyd edilən Məcəllənin 228.5-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir Göstərilənlərə görə məhkəməkollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 18, 25 saylı mənzilə olan istifadə hüququna xitam verilməli və o, həmin mənzildən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1055/2020 nömrəli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 18, 25 saylı mənzilə olan istifadə hüququna xitam verilsin və o, həmin mənzildən çıxarılsın. İddia qalan hissədə rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4739/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4739/2020
10.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver