Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4739/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Bakı Şəhəri Təcili və X4 Stansiyasına (bundan sonra – TTTYS) və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X10 (bundan sonra – Agentlik) qarşı “tibbi işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi və ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 mart 2021-ci il tarixli qətnamədən iddiaçıların birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, iddiaçılar Rəşid Əliyevin, İddiaçı5, İddiaçı6 və iddiaçıların vəkili, eyni zamanda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı3 həm də nümayəndəsi olan Vəkil, cavabdeh TTTYS-nın nümayəndəsi X3 və cavabdeh Agentliyin nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: TTTYS-nın Ruhi Briqadasında işləyən iddiaçılar iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onların cavabdehlər tərəfindən 2020-ci ilin mart ayından başlayaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü üçün aylıq vəzifə (tarif) maaşının 4 mislinədək miqdarda əmək haqlarına müddətli əlavələrin hesablanıb cavabdehlər tərəfindən onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar TTTYS-nın Ruhi Briqadasında işləyirlər. Həkimlər və digər tibb işçiləri koronavirus infeksiyası ilə mübarizə tədbirlərində yaxından iştirak etsələr və bu virusa yoluxmuş xəstələrlə əlaqədə olsalar da, cavabdehlər maaşlarına olan əlavələri vermir. Halbuki, TTTYS-nın bütün əməkdaşları, yəni tibb və qeyri-tibb işçilərinin hamısı əmək haqlarına müddətli əlavəni alırlar. Baxmayaraq ki, qeyritibb işçilərinin əksəriyyəti yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmirlər. Azərbaycan Respublikası Prezidentinin 18.03.2020-ci il tarixli, 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.03.2020ci il tarixli 112 nömrəli qərarına uyğun olaraq cavabdeh Agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə 01.03.2020-ci il tarixdən 01.10.2020-ci il tarixədək olan müddət üçün əmək haqlarına ayliq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavələrin ödənilməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin 25.03.2020-ci il tarixli 112 nömrəli qərarına əsasən X11 xidməti göstərən tibb işçilərinə - ayliq vəzifə (tarif) maaşının 4 misli məbləğində əmək haqlarına müddətli əlavənin məbləği müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.03.2020-ci il tarixli 112 nömrəli qərarına əsasən Agentlik tibbi profilaktik tədbirləri həyata keçirən tibb işçilərinin əhatə dairəsinə X11 Xidmətinin və X5 sürücüləri də salınmışdır. TTTYS-nın Ruhi Briqadanın əməkdaşları bu ilin mart ayından başlayaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə lazımi qoruyucu vasitələrlə təmin olunmamaqla cəlb edilmələrinə baxmayaraq, briqadanın əməkdaşlarına Nazirlər Kabinetinin müvafiq qərarına zidd olaraq əmək haqlarına müddətli əlavənin məbləği TTTYS və Agentlik tərəfindən bu günədək ödənilmir. TTTYS-nın Ruhi Briqadanın əməkdaşlarının qeyd olunan məsələ ilə əlaqədar bu ilin may ayında Azərbaycan Respublikasının Prezidentinə və müvafiq dövlət orqanlarına müraciətləri olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 12.05.2020-ci il tarixli, 16/1- 1592-189 nömrəli və 19.05.2020-ci il tarixli 16/1-189/2 nömrəli, müşayiət məktubları ilə Agentliyə göndərilmişdir. Agentlik həmin müraciətə baxaraq, TTTYS-nın rəhbərinin cavabına əsasən həmin stansiyanın ruhi briqadasının mart ayı ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmədiyini və ruhi briqadanın əməkdaşlarının qeyd olunan tədbirlərdə iştirakı müəyyən olunduğu halda həmin aylar üçün müddətli əlavənin ödənişini nəzərə alacaqlarını bildirmişdir. Buna baxmayaraq, TTTYS-nın tibb və qeyri-tibb işçiləri hər gün çağırışlara gedərək, koronavirus təhlükəsi ilə üzləşməklərinə baxmayaraq, müvafiq qurumların rəhbərləri 18.03.2020-ci il tarixli, 1947 nömrəli Sərəncamın icrasını lazımi qaydada təmin etmirlər. Halbuki, Respublika Prezidenti həmin Sərəncamla koronavirusa qarşı mübarizədə xüsusi mövqeyini və təhlükəsizlik məsələlərində necə həssas olduğunu nümayiş etdirmişdir. Agentliyin TTTYS-nın Ruhi Briqadasının əməkdaşlarına ünvanladığı 22.07.2020-ci il tarixli məktubda iddiaçıların işlədiyi Ruhi Briqadanın yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunduqları iş günlərindən asılı olaraq bəzi tibb işçilərinə mart-may aylarında müddətli əlavələr hesablanaraq, ödənildiyi qeyd olunmuşdur. TTTYS-nın yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunan tibb işçiləri barədə Agentliyə təqdim etdiyi məlumatda onların da adları göstərilməli idi. Müvafiq məsələ ilə əlaqədar stansiyanın rəhbərliyi tərəfindən Agentliyə təqdim olunan məlumat Agentlik tərəfindən yoxlanılmalıdır. Belə ki, Agentliyin nizamnaməsinin 4.5.9-cu maddəsinə əsasən Agentliyin büdcəsinin, strateji məqsədlərinin və planlarının icrasına nəzarət edir. Ruhi Briqadanın əməkdaşlarının müvafiq dövlət orqanlarına və Agentliyə bir neçə dəfə qeyd olunan məsələ ilə bağlı müraciət etməsinə baxmayaraq, Agentlik bununla əlaqədar TTTYS-da heç bir monitorinq etməmiş, TTTYS-nın rəhbəri tərəfindən təqdim olunan məlumatları almaqda davam etmişdir. Ruhi Briqadanın əməkdaşlarına Səyyar Briqadalardan fərqli olaraq cəlb etdikləri saatlara uyğun əmək haqlarına müddətli əlavələr hesablanıb ödənilmişdir. Eyni zamanda Ruhi Briqadanın işçiləri çağırışlara gedərkən tez-tez koronavirus xəstələri və onların ailə üzvləri ilə təmasda olur, xəstələrin hərarətlərinin ölçülməsi, yaxmaların götürülməsi, yoluxmuş xəstələrin təxliyə edilməsi işlərini həyata keçirir və beləliklə koronavirus təhlükəsi ilə üzləşirlər. Belə olduğu halda, Ruhi Briqadanın əməkdaşları tez-tez yoluxma riski ilə üzləşdiyi üçün əmək haqlarına müddətli əlavələr onlara da şamil edilməlidir. Azərbaycan Respublikasında səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illər həyata keçirilən islahat nəticəsində dövlətin iqtisadi potensialının daha da artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaratmışdır. Azərbaycan dövlət həkimlərinin fədakarlığını yüksək qiymətləndirməklə infeksiyanın yayılmasına qarşı sistemli və effektiv fəaliyyət həyata keçirdiyini nümayiş etdirmişdir. Nəzərə almaq lazımdır ki, həkimlər xəstə yaxınlarının ümid yerinə çevrilirlər və eyni zamanda bir qədər təzyiq altında olurlar. Belə vəziyyətdə, tibbi xidmət sahəsində fədakar əmək sərf edən, özünün və ən azından ailəsinin sağlamlığına münasibətdə təhlükə ilə üzləşən tibb işçilərinin əməklərinin maddi qarşılığını almalı, gündəlik qayğılardan azad olmalıdırlar. Müddətli əlavələrin bu ilin mart-avqust aylarına nəzərdə tutulan hissəsinin digər şəhər və rayonlarda olan Təcili və X4 Stansiyaların bütün tibb və qeyri-tibb işçilərinə hesablanaraq ödənilmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 03.03.2021-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçılar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Əsasları iddia tələbinin məzmununa uyğun olaraq əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı5 və İddiaçı6 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. İddiaçıların vəkili, həmçinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6 və İddiaçı3 vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddiaçı tərəf bildirdi ki, iddiaçılar ruhi xəstələrə xidmət göstərən yeganə briqada çalışırlar, yəni ruhi xəstələrlə bağlı bütün çağırışlara iddiaçılar gedirlər. Həmin xəstələr arasında koronavirus infeksiyasına yoluxmuş şəxslər də ola bilər. Xəstənin koronavirus infeksiyasına yoluxmasına şübhə olduğu zaman o xüsusi yerdə ayrıca saxlanılır. Bundan sonra test nəticələri çıxdıqdan sonra ümumi şöbəyə yerləşdirilir. Test nəticələri çıxana kimi iddiaçılar xəstələrlə ünsiyyətdə olurlar. Bu isə onların da sağlamlıqlarını təhlükəyə atır. Ona görə də, hesab edirlər ki, nəinki virus aşkar olunan xəstələrə görə getdikləri çağırışlar, həm də bütün çağırışlar nəzərə alınmalı və mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü üçün aylıq vəzifə (tarif) maaşının 4 mislinədək miqdarda əmək haqlarına müddətli əlavələr hesablanmalıdır. Cavabdeh TTTYS-nın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, Ruhi Briqadanın işçisinə bütün çağırışlara görə əlavələr ödənilmir. Yalnız hansı xəstələrdə koronavirus infeksiyası aşkar olunursa, həmin çağırış üzrə əlavələr hesablanır. Cavabdeh Agentliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, iddiaçılara əlavələr ödənilir. Lakin əlavələrin hesablanması zamanı koronavirus infeksiyası aşkar edilmiş xəstələrlə onların ünsiyyətdə olduqları müddətə saat hesabı hesablanır. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, TTTYS-nın baş həkimi X8 ilə iddiaçılar arasında bağlanmış “Əmək müqavilələrindən” və işdə olan digər sənədlərdən görünür ki, iddiaçılar TTTYS-nın Ruhi Briqadasının əməkdaşlarıdır. İddiaçılar hesab edirlər ki, koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün onlara 01.03.2020-ci il tarixdən 01.10.2020-ci il tarixədək olan müddət üçün əmək haqlarına ayliq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavələr ödənilməlidir. Baxmayaraq ki, onlar Ruhi Briqadanın əməkdaşlarıdır, onlar da koronavirus infeksiyasına yoluxmuş xəstələr ilə ünsiyyətdə olmuşlar. Çünki çağırışa getdikləri ruhi xəstələr arasında bu infeksiyaya yoluxmuş xəstələr də olmuşdur. Cavabdehlərin isə iddia tələbinə etirazı ondan ibarətdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18.03.2020-ci il tarixli, 1947 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarında, eləcə də Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 21.04.2020-ci il tarixli 01/163 nömrəli əmrində koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində bilavasitə iştirak edən tibb işçilərinə əlavələrin ödənilməsi nzərədə tutulmuşdur. İddiaçılar isə hər zaman bu xəstələr ilə ünsiyyətdə olmurlar. Onların çağırışa getdikləri ruhi xəstələrdə koronavirus infeksiyası aşkar olunduqda isə iddiaçılar əlavələr ödənilir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqında” Azərbaycan Respublikası Prezidentinin 18.03.2020-ci il tarixli sərəncamının yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alınmışdır: 1.Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqqılarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmiş; 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1-ci bəndinə əsasən bu sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən edilməsi; 2.2-ci bəndinə əsasən yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən edilməsi; 2.3-cü bəndinə əsasən, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavənin müəyyən edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18.03.2020-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarının 1-ci maddəsinə görə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqqılarına müddətli əlavənin məbləği 1.1-ci bəndinə əsasən, tibbi profilaktik tədbirləri həyata keçirən işçilərəaylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; 1.2-ci bəndinə əsasən, X11 xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X2 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə-aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; 1.3-cü bəndinə əsasən pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə-aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müəyyən edilməsi. 2-ci maddəsinə əsasən, bu qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilməsi. 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyinə tapşırılmışdı ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirlər həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərin 5 (beş) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməsi. 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etməsi qərara alınmışdır. İş üzrə cavabdeh olan Agentliyin 21.04.2020-ci il tarixli, 01/163 nömrəli əmri aşağıdakı qaydalar müəyyən edilmişdir: 1. Müəyyən edilsin ki, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqqılarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.03.2020-ci il tarixli, 112 nömrəli Qərarının 1.1-ci yarımbəndinə və 3-cü hissəsinə müvafiq olaraq tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsi dedikdə tibb müəssisələrində yaradılmış çağırış üzrə qeydiyyat jurnallarında qeydə alınmış sorğuya əsasən tibbi xidmətləri göstərən ailə həkimləri, sahə həkim-terapevtlər, sahə həkimi-pediatrlar və orta tibb işçiləri, habelə X11 Xidmətinin və X5 sürücüləri, tibb müəssisələrinin rəhbərləri, stasionar tibbi xidmətə cəlb edildiyi hallar istisna olmaqla tibb müəssisəsi rəhbərinin müavini-baş həkimlər, COVİD-19 infeksiyasına yoluxma ehtimalı yüksək olan xəstələrin təcrid edilməsi üçün istifadə olunan tibb müəssisələrində (qurumlarda, müəssisələrdə, təşkilatlarda) tibbi xidmət göstərən tibb işçiləri nəzərdə tutulur. 2. Tibb müəssisələrinin rəhbərliyinə tapşırılsın ki, bu Əmrin 1-ci hissəsində nəzərdə tutulan işçilərin, koronavirusla mübarizə tədbirlərinə cəlb edilən X11 xidməti göstərən tibb işçilərinin, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinin, pasiyentlərə stasionar tibbi xidmət göstərən tibb işçilərinin əmr ilə təsdiq edilmiş siyahılarını (hesablanmış müddətli əlavələrin məbləğləri göstərilməklə) təsdiqedici sənədlərlə birlikdə 2020-ci ilin mart, aprel və may ayları üzrə hər növbəti ayın 20-dən gec olmayaraq Agentliyə təqdim edilməsin təmin etsinlər”. TTTYS tərəfindən verilmiş məktubda qeyd edilir ki, “COVİD 19”-a yoluxan və yoluxmaya şübhəli ruhi xəstələrə yardım edən ruhi briqadanın əməkdaşlarının aprel, may, iyun, iyul aylarında əmək haqlarına əlavələr saat hesabı ilə TTTYS tərəfindən ödənilmişdir. 04.09.2020-ci il tarixdə İcbari Tibbi Sığorta üzrə X6 Departamentinin əməkdaşı, BŞT və TTYS-nın rəhbər heyəti və Həmkarlar İttifaqı Komitəsinin sədrinin ruhi briqadanın işçiləri ilə görüşü keçirilərək Azərbaycan Respublikasının 18 mart 2020-ci il tarixli 1947 saylı Sərəncamına və Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 saylı “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqların müddətli əlavənin müəyyən edilməsi barədə” qərarının tələbləri və ödəniş qaydaları ətraflı izah olundu. Cədvəllər məktuba əlavə edilir. Hazırda tərəflər arasında mübahisə doğuran hal yuxarıda qeyd olunan aktlarla nəzərdə tutulan əlavələrin iddiaçılara şamil edilib edilməməsi məsələsidir. Həmin məsələnin araşdırılması məqsədi ilə Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə sorğu göndərmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 08.07.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, müddətli əlavələrin ödənilməsində əsas meyar işçinin yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktika tədbirlərinə cəlb edilməsi və iş vaxtına münasib olaraq ödənişlərin edilməsidir ki, bu da müəssisə rəhbərliyi tərəfindən verilmiş müvafiq əmrlə təsdiq olunur. Həmçinin məktubda o da qeyd olunmuşdur ki, həyata keçirilmiş ödənişlərin məbləğinin nə qədər təşkil etməsi ilə bağlı suallar cavabdeh Agentlik tərəfindən cavablandırıla bilər. Məhkəmə qeyd edir ki, baxmayaraq ki, Agentlik hazırki iş üzrə cavabdeh qismində iştirak edir, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məktubundan da görünür ki, ödənişlərin hansı məbləğdə tibb işçilərinə ödənilməsi məsələləri Agentliyin səlahiyyətinə aiddir. Agentliyin nümayəndəsi isə apellyasiya baxışı iclasında iştirak edərək, bildirir ki, Ruhi Briqadanın tibb işçilərinə koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavələr o halda ödənilir ki, onların tibbi yardım göstərdiyi xəstələrdə koronavirus infeksiyası aşkar olunsun. İddiaçıların əmək haqlarına hesablanmış “covid pulu” saat hesabı hesablanaraq onlara ödənilmişdir. İddiaçılar ödənilmiş məbləği mübahisələndirmirlər, lakin hesab edirlər ki, əlavələr saat hesabı hesablanmalı deyil, əlavələr aylıq əmək haqlarının 4 misli miqdarında müəyyən olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçıların dəlili əsaslı deyil. Çünki əlavələrin aylıq əmək haqqının 4 misli miqdarında hesablanmalı olması məhkəmə araşdırması ilə öz təsdiqini tapmır. Əlavələrin hesablanması səlahiyyətini icra edən Agentlik bu halı təsdiq etmir. Əksinə Agentlik bildirir ki, ruhi briqada işçilərinin əmək haqlarına “covid pulu” bilavasitə koronavirus infeksiyasına yoluxmuş şəxslərlə ünsiyyətdə olmaları nəzərə alınaraq saat hesabı hesablanır. Agentlik tərəfindən isə iddiaçılara yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri aprel, may, iyun və iyul ayları üzrə əlavələr saat hesabı hesablanaraq ödənilmişdir. İddiaçıların göstərdikləri dəlillər öz təsdiqini tapmır, nə Rayon Məhkəməsi tərəfindən, nə də apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırmalar ilə iddiaçıların dəlillərinin əsaslı olduğunu təsdiq edilmir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddiaçılar tərəfindən cavabdeh təşkilatlara qarşı irəli sürülmüş iddia tələbi əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianın əsassız olmasını nəzərə alaraq iddianı təmin etməməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 mart 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4739/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4739/2021
23.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver