Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4739/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), un katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-677/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, X3, cənub-qərb hissəsində yerləşən sahəsi 0.025 ha torpaq sahəsi 5.000 manata alıcı Cavabdeh2 satmış, torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)- 4873/2019 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, X3nin cənub-qərb hissəsində yerləşən 0.025 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçı Cavabdeh2 sahibliyinə verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 467/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 13 nömrəli notariat ofisinə və İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş hallar pozulduğu üçün işin Prukurorluq tərəfindən araşdırılması və cinayət işinin qaldırılması, Bakı şəhəri, Suraxanı rayonu, X3 ünvanında yerləşən 0.025 ha torpaq sahəsi üzərində tikilmiş evin və mağazanın dəyəriylə bağlı mübahisə nəticəsində dəymiş zərər 79.000 manat maddi, 21.000 manat isə mənəvi zərərin, ümumilikdə cəm olaraq 100.000 manat pul məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci ildə Cavabdeh1 X3 7-də yerləşən 0.025 ha (YH: 16512H kod:********) torpaq sahəsinin üzərində tikilmiş 1 mərtəbəli, 3 otaqdan, 1 zal, mətbəx, hamam-tualet, güşəli eyvan, evə bitişik əl damı və evin qabağında 50 kv.m mağazanı, yəni ümumilikdə mülki razılıq yolu ilə 59.000 ABŞ dollarına almışdır. Cavabdeh1 ilə ailəvi dost olduğu üçün alqı-satqı müqaviləsini notarial qaydada bağlamamış və mülkiyyətlə bağlı sənədlər onda qalmışdır. xx.xx.2016-cı il tarixində onunla həmyerlisi Cavabdeh2 arasında X3 7-də yerləşən mülkiyyətilə bağlı danışıq olmuş, evlə birlikdə mağazanı almağını istəmişdir. O, Cavabdeh2 ilə sövdələşəndən sonra 84.000 manata razılaşmışlar. Bir neçə gündən sonra Cavabdeh2 ona 5.000 manat pul məbləğini beh qismində notarial qaydada ödəmişdir. Pul məbləğinin qalıq hissəsini tam olaraq ödəyəndən sonra alqı-satqı müqaviləsini notarial qaydada imzalanmasına vəd vermişdir. Evlə mağazanın satılması barədə razılaşmanın olmasını Cavabdeh1 bildirmişdir. Pul məbləğinin tam olaraq ona verilməməsini bilən Cavabdeh1 ona qarşı hiylə işlədib pul qazanmaq məqsədi ilə onun xəbəri olmadan ailəliklə yaşadığı mülkiyyəti - evi Cavabdeh2 üzərinə notarial qaydada daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamışdır. Alqı-satqı müqaviləsinin bağlanılmasını təxminən 8-12 ay keçəndən sonra bilmişdir. Hadisəni araşdırarkən Cavabdeh2ı tapa bilməmişdir. Cavabdeh1 isə alqı-satqı müqaviləsinin onun icazəsi olmadan niyə imzaladığını ona izah edə bilməmişdir. O, iki nəfər yaxşı tanıdığı insanların hiyləsi ilə evindən məhrum edilimişdir. Hazırda Cavabdeh2 Azərbaycan Respublikasında olmamasını bilir və Cavabdeh1 ondan gizlənmir. Ona 79.000 manat ziyan dəymiş, yəni pul məbləğini vermədən və onun razılığı olmadan ev Cavabdeh2 adına sənədləşdirilmişdir. Cavabdeh2 qərəzli formada ondan gizlənir. Telefonuna cavab vermir. Cavabdeh1 isə cavabdehlik daşımağa və məhkəmədə iştirak edib həqiqəti məhkəməyə bildirməyə, yəni Cavabdeh2 ona borclu olmasını təsdiqləməyə hazırdır. Cavabdeh2 ona qarşı “qanunsuz zəbt edilmiş torpaqdan çıxarılması və sahibliyinə verilməsi” iddiası ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və iddiaçının xeyrinə məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmədə iclas keçirilərkən məhkəmənin hakimi onu dinləmək istəməyib iddiaçının tələbini təmin etmişdir. Onun apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdehlər könüllü olaraq ona borclu olduqları 79.000 manat pul məbləğini qaytarmaqdan imtina edirlər. O isə öz növbəsində məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü Kadastr kitabında uçota alınıb. İstifadə etdiyi torpağın vergisini o qohumlarının vasitəsiylə ödəmişdir. Qeyd etdiyi hadisələrlə bağlı, yəni özbaşınalığın nəticəsində xeyli əsəb və gərginlik keçirmişdir.
6. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)- 677/2023 nömrəli qətnaməsi ilə (hakim G.F.Aslanova) iddia tələbi təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair qanunla müəyyən edilmiş qaydada etibarlı müqavilə bağlanması faktı mövcud olmadığından (Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir) iddia tələbinin 79.000 maddi ziyanın ödənilməsi hissəsinin qanuni əsası kimi deliktdən və ya əsassız varlanma çıxış edə bilər.
8. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə cavabdehlərin hüquqazidd hərəkət etməsini və bu zaman təqsirli olmasını yoxlamazdan əvvəl ümumiyyətlə əməlin baş veribvermədiyi araşdırılmalıdır. Həmin əməl şüurlu və iradəvi xarakter daşımalıdır. Qeyd edilən məhkəmə qətnamələrindən də aydın olduğu kimi, Cavabdeh2la Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsızlığına qiymət verilmiş və Cavabdeh2 İddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı borclu olması faktı məhkəmə araşdırması zamanı öz hüquqi təsdiqini tapmamışdır. Belə ki, İddiaçı pulunun ödənilmədiyini və nəticədə ona maddi ziyan vurulduğunu iddia etdiyi torpaq sahəsi və onun üzərində tikilmiş ev və mağazanın Cavabdeh2 satılması ilə bağlı sübutetmə yükünü yerinə yetirməmişdir.
9. İddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı Cavabdeh2 ilə aralarında müqavilə bağlanması, sonuncunun müqavilə öhdəliyini yerinə yetirməyərək pul ödəməməsi faktının təsdiqi üçün yeganə sübut kimi Cavabdeh1 izahatına istinad edir. Məhkəmə cavabdeh bununla bağlı onu qeyd edir ki, həmin izahatında Cavabdeh1 mübahisəli əmlakla bağlı Cavabdeh2la notarial qaydada alqı-satqı müqaviləsi bağladığını, lakin əmlakın faktiki sahibinin İddiaçı olduğunu qeyd etmişdir və göstərilən izahat Cavabdeh2 iddiaçıya borclu qalmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
10. Beləliklə, yuxarıda qeyd edilən maddələrdə təsvir edilmiş mənada “əməl” olmadığından cavabdehlər mülki hüquq pozuntusu ilə bağlı məsuliyyət daşımırlar. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi deliktlə bağlı qeyd edilən norma ilə nəzərdə tutulmuş birinci tərkib elementinə (əməl) görə yarana bilmədiyindən, hüquqaziddlik və yaxud təqsirin olub-olmaması artıq prosessual qənaət prinsipi baxımdan məhkəmə tərəfindən yoxlanılmır.
11. Məhkəmə tələbin əsassız varlanmadan irəli gəlməsi ilə bağlı yoxlama apararaq qeyd etmişdir ki, həmin tələbin dispozisiya şərtləri bir şəxsin əmlak əldə etməsi; həmin əmlakın kreditorun əmlakı hesabına əldə edilməsi; bu əldəetmə üçün heç bir hüquqi əsasın olmamasından ibarətdir. Hazırkı işin hallarında Cavabdeh2 əmlak əldə etməsi, Cavabdeh1 isə alqı-satqı müqaviləsinə əsasən pul əldə etməsi faktı təkzib edilmir. Tələbin digər şərti olan həmin əmlakların kreditorun (hazırkı işdə iddiaçı) əmlakı hesabına əldə edilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərində olmasına baxmayaraq, həmin hallar yuxarıda göstərildiyi kimi hazırkı işdə sübut edilmir.
12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi 79.000 manat maddi ziyanın ödənilməsi hissəsində əsassızdır.
13. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tələbində cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı və psixoloji iztirablar keçirməsini, sarsıntı və iztirabların nədə ifadə olunmasını təsdiq edən heç bir əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində əsassız olmaqla, təmin edilməməlidir.
14. Məhkəmə iddia tələbinin “xüsusi qərardad çıxarılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsində nəzərdə tutulmuş əsaslar hazırkı işdə aşkar edilməmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.6, 21.1, 21.2, 1091.1, 1091.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarlarına, S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006cı il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 88, 106.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində onun mübahisəli torpağın üzərində olan mülkü ilə bağlı hissəyə münasibət bildirilməmişdir. Amma torpağın üzərində həm mənzili, həm də obyekti var. Onun bu torpaqdan çıxarılması mənzil hüququnu pozur. Qətnamədə onun xərclədiyi pullar barədə də münasibət bildirilməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alqı-satqı müqaviləsinə əsasən pul əldə etməsini təkzib etmirlər. Amma məhkəmə bunun üçün digər sübutlar da tələb edib. Bir halda ki, özləri hakim qarşısında etiraf ediblər, amma məhkəmə ona dəymiş ziyanı yenə qəbul etmir. Cavabdeh2la Cavabdeh1 arasında olan alqı satqı düz olsa da belə, ona dəymiş ziyan elə bu alqı-satqının nəticəsindən yaranmışdır. Yəni öncə ona satılan torpaq daha sonra başqasına satılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi, suallara cavab olaraq bildirdi ki, Cavabdeh1 35.000 dollara evi, 20.000 manata isə mağazanı almış, daha sonra orada təmir işləri görmüşdür. Daha sonra Cavabdeh2 evi almaq niyyətilə ona 5.000 beh vermişdir. Etibarnamə verilmiş, pulu tam ödədikdən sonra alqı-satqı edilməsi barədə razılaşmışlar. Cavabdeh2 bir müddət sonra Türkiyəyə getmişdir. Üç il ərzində ondan xəbər çıxmadığından etibarnaməni ləğv etdirmək üçün Cavabdeh1 yaxınlaşanda evi alqı-satqı etdiyini bildirmişdir. Bu illər ərzində sözügedən alqı-satqıdan onun xəbəri olmamışdır.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
21. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə iddianı rədd edərkən düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
28. İşdən müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 arasında sonuncuya məxsus X3ndə yerləşən 0.025 ha torpaq sahəsinin, onun üzərində yerləşən fərdi yaşayış evi və mağazanın alqı-satqısı barədə razılıq olmuş, bununla bağlı iddiaçı cavabdehə 35.000 ABŞ dolları və 20.000 manat ödəniş etmiş, lakin alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməmişdir.
29. Cavabdeh1 həmin məbləğdə pulu iddiaçıdan aldığını birinci instansiya məhkəməsində məhkəmə iclasında etiraf etmişdir.
30. Sonradan Cavabdeh1 torpaq sahəsini xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmış, sonuncunun mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında torpaq sahəsi və üzərindəki tikililərin alqı-satqısı barədə razılaşma qanunvericiliyin tələblərinə uyğun formada rəsmiləşdirilmədiyindən, yəni tərəflər arasında etibarsız əqd bağlandığından Cavabdeh1 iddiaçıdan aldığı vəsaiti ona qaytarmalıdır. Belə ki, Cavabdeh1 həmin vəsaiti özündə saxlamaqla əsassız varlanmış olur.
32. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh1 ödənilmiş 35.000 ABŞ dolları (35.000x1.7=59.500 manat) və 20.000 manat hazırda 79.500 manat təşkil edir, lakin iddiaçı cavabdehlərdən ona dəymiş ziyanın əvəzi olaraq 79.000 manat tələb edir. Kollegiya Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə tutulacaq məbləğ tələb həcmində, yəni 79.000 manat müəyyən edilməlidir.
33. Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh2 mübahisəli torpaq sahəsini mülkiyyətçi Cavabdeh1 qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməklə əldə etmişdir və onun iddiaçıya münasibətdə hər hansı hüquqazidd hərəkətinin olması iş materialları ilə öz təsdiqini tapmır. Eyni zamanda, iddiaçı onunla Cavabdeh2 arasında razılaşmanın olduğu, ondan beh aldığı barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, birinci instansiya məhkəməsi maddi zərərlə bağlı iddia tələbini Cavabdeh2 münasibətdə rədd edərkən haqlı olmuşdur.
34. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, tələbin mənəvi zərərlə bağlı hissəsində birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Belə ki, iddiaçı tərəfindən ona vurulmuş mənəvi zərərlə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
35. Kollegiya onu da qeyd edir ki, hazırki mülki iş üzrə Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilməmişdir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)- 677/2023 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi Cavabdeh1 münasibətdə qismən təmin edilsin. Cavabdeh1 79.000 manat məbləğində pul, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 195 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 195 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: