Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4744/2025 29.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Fuad Abdıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi barədə” iddiasına və iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-496/2025 nömrəli qətnaməsindən cavabdeh-iddiaçılar Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı-cavabdeh İddiaçı başqa şəxs - Rahib Budaqov 162.000 ABŞ dolları məbləğində maddi zərər vurub. Rahib Budaqov hazırkı iş üzrə cavabdeh-iddiaçı Cavabdeh2 atası, cavabdeh-iddiaçı Cavabdeh1 isə əridir. 2.Zərərin vurulması faktı məhkəmə hökmü ilə müəyyən edilib. Rahib Budaqov Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-220/2021 nömrəli hökmünə əsasən, CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmlə müəyyən edilib ki, təqsirləndirilən şəxs Rahib Budaqov zərər çəkmiş şəxs İddiaçı 162.000 ABŞ dollarını ələ keçirməklə ona qarşı dələduzluq edib. 3.Cinayət işi üzrə icraat zamanı – xx.xx.2021-ci il tarixdə İddiaçı ilə Arzu və Cavabdeh1lar arasında sadə yazılı formada müqavilə bağlanıb. Müqaviləyə görə, Arzu və Cavabdeh1lar öhdəlik götürüblər ki, Rahib Budaqovun vurduğu 162.000 ABŞ dolları məbləğində zərəri İddiaçı ödəyəcəklər. 4.Müqaviləyə görə, 162.000 ABŞ dollarının ödənilməsi göstərilən qaydada həyata keçirilməlidir: Birinci, İddiaçı 11.700 ABŞ dollarının Cavabdeh1 tərəfindən ona ödənildiyini etiraf edir, qalan ümumi borc 150.300 ABŞ dolları təşkil edir (162.000 - 11.700 = 150.300). İkinci, müqavilə bağlandığı gündən 1 ay müddətində ünvan 1 ünvanında yerləşən, "xxxx" MTK tərəfindən Arzu və Cavabdeh1ların adına rəsmiləşdirilmiş, ümumi dəyəri 97.000 ABŞ dolları qiymətləndirilən yaşayış və ya qeyri-yaşayış sahəsindən həmin şəxslər İddiaçı xeyrinə imtina edəcək və bu əmlakın İddiaçı adına rəsmiləşdirilməsini təmin edəcəklər. Üçüncü, qalıq 53.300 ABŞ dolları müqavilə bağlandığı gündən 12 ay ərzində hər ay minimum 2.000 ABŞ dollarından az olmayaraq ödənilir. Dördüncü, Arzu və Cavabdeh1lar qeyd olunan daşınmaz əmlakdan İddiaçı xeyrinə imtina edərək əmlakı onun adına sənədləşdirməyəcəkləri təqdirdə 150.300 ABŞ dolları bu müqavilə bağlandığı gündən 12 ay ərzində hər ay minimum 6.000 ABŞ dollarından az olmayaraq ödənilir. 5.İddiaçı həmin müqaviləyə əsaslanaraq cinayət işi üzrə məhkəmə baxışı zamanı bildirib ki, Rahib Budaqovun ona vurduğu maddi zərər tam şəkildə ödənilib. O, bu barədə notariat qaydasında tədiq olunmuş ərizəni, habelə mülki iddiadan imtina barədə ərizəni cinayət işinə baxan məhkəməyə təqdim edib (iş v. 73). Məhkəmənin hökmündə hökm edilib ki, mülki iddiadan imtina qəbul edilsin və mülki iddia üzrə icraata xitam verilsin. Birinci instansiya məhkəməsində icraat 6.Birinci instansiya məhkəməsinə iki iddia verilib. 7.Birinci iddia İddiaçı tərəfindən xx.xx.2024-cü ildə verilib. İddia ərizəsində tələb olunub ki, 249.390 manat (146.700 ABŞ dolları) Arzu və Cavabdeh1lardan müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Tələb onunla əsaslandırılıb ki, Arzu və Cavabdeh1lar müqavilənin şərtlərini tam yerinə yetirməmiş, borclu qaldıqları həmin məbləği ödəməmişlər. 8.İkinci iddia Arzu və Cavabdeh1lar tərəfindən xx.xx.2025-ci ildə verilib. İddia ərizəsində tələb olunub ki, tərəflərin arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab olunsun. Tələb onunla əsaslandırılıb ki, İddiaçı Arzu və Cavabdeh1lara heç bir pul vəsaiti verməyib, cinayət işi üzrə icraatın davam etməsindən, təqsirləndirilən şəxsin yaxınlarının isə çıxılmaz vəziyyətdə olmasından istifadə edərək onları ağır şərtlərlə əqd bağlamağa məcbur edib. 9.Hər iki iddianın əsasında ayrı-ayrı iki mülki iş başlanıb. Birinci instansiya məhkəməsində icraat zamanı həmin mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilib. 10.Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, İddiaçı “pul tələbi barədə” iddiası təmin edilsin, 146.700 ABŞ dolları məbləğində pul ödəniş anında ödəniş yerinin məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə Arzu və Cavabdeh1lardan müştərək qaydada İddiaçı xeyrinə tutulsun, Arzu və Cavabdeh1ların “müqavilənin etibarsız hesab edilməsi barədə” iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 11.Arzu və Cavabdeh1ların apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, İddiaçı iddiası rədd olunsun, Arzu və Cavabdeh1ların iddiası təmin olunsun. 12.Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. 13.Cavabdeh-iddiaçılar Arzu və Cavabdeh1lar məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 14.Birinci iddianın (İddiaçı iddiasının) həlli ikinci iddianın (Arzu və Cavabdeh1ların iddiasının) həllindən asılı olduğuna görə, əvvəlcə qətnamənin ikinci iddiaya aid hissəsinə, daha sonra birinci iddiaya aid hissəsinə qiymət verilməlidir. Arzu və Cavabdeh1ların iddiası barədə 15.Məhkəmə bu iddianı rədd etməklə düzgün nəticəyə gəlib. 16.Arzu və Cavabdeh1lar iddianı onunla əsaslandırıb ki, ağır vəziyyətə düşüblər, əks tərəf bundan istifadə edib, nəticədə isə son dərəcədə əlverşisiz şərtlərlə müqavilə bağlamağa məcbur olublar. Onlar hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinin göstərişinə istinad edib. Bu maddəyə görə, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Lakin göstərilən maddənin tətbiqi üçün əsas yoxdur. Məhkəmə bunu aşağıda qeyd olunanlarla əsaslandırır. 17.Birinci, məhkəmənin icraatında Rahib Budaqovun barəsində cinayət işinin olması onun yaxınlarının - Arzu və Cavabdeh1ların ağır vəziyyətə düşməsi kimi qiymətləndirilmir. 18.İkinci, şərti olaraq hesab olunsa ki, məhkəmənin icraatında cinayət işinin olması nəticəsində Rahib Budaqovun yaxınları ağır vəziyyətə düşüb, belə halda İddiaçı bundan istifadə etməsi və Rahib Budaqovun yaxınlarının özləri üçün son dərəcə əlverişsiz şərtlərlə əqd bağlamağa məcbur olması müəyyən edilmir. X1 Gülüşova 162.000 ABŞ dolları məbləğində zərər vurması məhkəmə hökmü ilə müəyyən edilib. Arzu və Cavabdeh1lar məhz həmin zərəri ödəyəcəklərini könüllü olaraq öhdələrinə götürməklə müqavilə bağlayıblar. 19.Hazırda Arzu və Cavabdeh1lar müqaviləni ona görə mübahisələndirir ki, cinayət iş üzrə icraat onların ümid etdiyi kimi yekunlaşmayıb, yəni Rahib Budaqova azadlıqdan məhrum etmə növündə cəza təyin edilib. Halbuki, müqaviləyə görə, İddiaçı cinayət işinə baxan məhkəməyə ərizə ilə müraciət edərək 162.000 ABŞ dolları məbləğində zərərin ödənildiyini, mülki iddiasının olmadığını bildirməli və təqsirləndirilən şəxsin barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etməlidir. Müqavilə bağlandıqdan sonra İddiaçı cinayət işinə baxan məhkəməyə ərizə verib, zərərin ödənildiyini və mülki iddiadan imtina etdiyini bildirib. Təqsirləndirilən şəxsin barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilib-edilməməsi isə məhkəmənin səlahiyyətinə aid olan məsələdir, zərər çəkmiş şəxs həmin maddənin tətbiq edilməsini məhkəmədən tələb edə bilməz. 20.Nəzərə alınmalıdır ki, İddiaçı müqaviləyə güvənərək mülki iddiadan imtina etdiyinə və buna əsasən mülki iddia üzrə icraata xitam veridiyinə görə, onun Rahib Budaqova qarşı “cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” iddianı yenidən məhkəməyə verməsi mümkün deyil (MPM, maddə 153.2.2). Əgər müqavilə etibarsız sayılsa, İddiaçı özü ağır vəziyyətə düşəcək. İddiaçı iddiası barədə 21.Məhkəmə bu iddianı təmin etməklə düzgün nəticəyə gəlib. 22.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İddiaçı ilə Arzu və Cavabdeh1ların arasında bağlanmış müqavilə Mülki Məcəllədə nəzərdə tutulmasa da, ona zidd deyil. 23.Müqaviləyə görə, Arzu və Cavabdeh1ların İddiaçı 150.300 ABŞ dolları ödəmək öhdəliyi var. Öhdəliyin icrası müddəti bitib, lakin 146.700 ABŞ dolları ödənilməmiş qalıb. Belə ki, İddiaçı 146.700 ABŞ dollarının ödənilmədiyini bildirir. Öhdəliyin icra ediliyini sübutetmə yükü borclunun üzərinə düşür, lakin Arzu və Cavabdeh1lar 146.700 ABŞ dollarının ödənildiyini təsdiq edən sübut təqdim etməyiblər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, İddiaçı həmin məbləğin ödənilməsini tələb etməyə haqlıdır. 24.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-496/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4744/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4744/2025
29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver