Məhkəmə qərarları › İş №2(103)-4747/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4747/2022

07.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4747/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə QƏRARİ İş № 2(103)-4747/2022 Açar sözlər ( mənzil tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi) Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(006)-1073/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Tərəflər arasında mübahisə Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində, 3 otaqlı, 3 №-li, 140,6 kv.m. mənzillə bağlıdır. 2.Həmin mənzillə bağlı 11 fevral 2011-ci ildə Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən MMC mənzilini tikib, mənzili daxili naxış, cihaz və daxili qapılar olmamaq şərti ilə İddiaçı təhvil verilməsini, sonuncu isə mənzili qəbul edib, ümumi dəyəri olan 89725 manatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.

3. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 44 saylı X16 əsasən İddiaçı tərəfindən MMC-yə mənzilə görə 89725 manat məbləğində pul ödənilmişdir. 4.xx.xx.2013-cü ildə Cavabdeh MMC ilə X10 arasında bağlanmış müqaviləyə əsasən MMC mənzilini tikib, mənzili daxili naxış, cihaz və daxili qapılar olmamaq şərti ilə X6 təhvil verilməsini, sonuncu isə mənzili qəbul edib, ümumi dəyəri olan 175750 manatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 5.Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışı və həmin tarixli, 122 saylı X16 əsasən X10 tərəfindən MMC-yə mənzilə görə 175750 manat məbləğində pul ödənilmişdir.

6. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli razılaşmaya əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa olunan çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində, 3 otaqlı, 3 №-li, 140,6 kv.m. mənzillə bağlı xx.xx.2011-ci il tarixli müqaviləni geri qaytarır və şirkətlən 1 kv.m-1000 manat olmaqla, 10000 manat məbləğini xx.xx.2014-cü il tarixdə alır, 130600 manat məbləğini xx.xx.2014-cü il tarixinə qədər alır və müqaviləyə xitam verir. 7.Mübahisəli mənzil xx.xx.2017-ci il tarixli akt əsasında X6 təhvil verilmiş, həmin tarixdə onunla kommunal xidmətlərə görə müqavilə bağlanmışdır. 8.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində, 3 otaqlı, 3 nömrəli mənzilin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

9.İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində, 717-ci məhəllədə Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində, 3 otaqlı, 3 №-li 140,6 kv.m. mənzilin iddiaçıya təhvil verilməsi öhəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 10.İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində, 717-ci məhəllədə Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində, 3 otaqlı, 3 №-li 140,6 kv.m. mənzili xx.xx.2011-ci il tarixdə mənzili almaq məqsədi ilə podratçı Cavabdeh MMC ilə aralarında müqavilə bağlanmışdır. xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilədə qeyd olunmuş Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717, ev 3 №-li mənzilinə görə 89725 manat Cavabdeh MMC-nin hesabına ödənilsə də, bu günədək Cavabdeh MMC müqavilənin öhdəliklərini yerinə yetirmir. Müqavilənin şərtlərinə əsasən podratçı müqavilədə göstərilən bütün şərtləri icra edib mənzili, daxili naxış, cihaz və daxili qapılar olmamaq şərtilə sifarişçiyə təhvil verməlidir. Buna baxmayaraq, çoxmənzilli yaşayış binası tam hazır olub istifadəyə verilsə də, iddiaçıya məxsus olan mənzili MMC-dən ala bilmir. 11.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(006)-1073/2021 saylı qətnaməsi (sədrlik edən-Ramin Xəlilov) ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 140,6 kv.m. olan 3 nömrəli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdehnə həvalə edilməsi qət edilmişdir. 12.Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh MMC müqavilə üzrə mənzilin tikilib iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik onun tərəfindən yerinə yetirilməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqavilədən görünür ki, Cavabdeh MMC tərəfindən mənzilin hansı müddət ərzində təhvil verilməsi konkret müəyyən olunmamışdır. Cavabdeh həmin müddətdən 10 ildən çox müddət keçməsinə baxmayaraq hal-hazırki vaxtadək üzərinə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. 13.Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 178.8, 385.1, 386.1, 425.1, 442-ci, Mülki Prosesual Məcələnin 14.2, 76.1, 76.2, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi işə səthi yanaşmış, cavabdehin məhkəmədə iştirakını qanunla müəyyən edilmiş qaydada təmin etmək üçün zəruri tədbirlər görməməklə yanaşı, dəlilləri tam, hərtərəfli və obyektiv araşdırmadan, iddiaçının həqiqəti əks etdirməyən fərziyyələri əsasında qanunsuz, ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. Yuxarıda qeyd edilən işin faktiki halları məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsini və qanunvericiliyin tələblərinin pozulmasını sübut edir. Bunun nəticəsində iş üzrə Cavabdeh MMC-nin, həmdə maraqlarına toxunulan şəxs X3 hüquqlarının kobud şəkildə pozulmasına səbəb olan ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı işə baxılarkən məhkəmədən məlumatları gizlədib. Tərəflər arasında xx.xx.2014-cü ildə razılaşma bağlanmış, həmin razılaşmaya görə iddiaçı mənzili cavabdehə geri qaytarmış, şirkətlən 1 kv.m- 1000 manat olmaqla, 10000 manat məbləğini xx.xx.2014-cü il tarixdə almış, 130600 manat məbləğini xx.xx.2014-cü il tarixinə qədər almaqla, müqaviləyə xitam verilmişdir. Məhkəmə mübahisənin həlli ilə bağlı düzgün olmayaraq Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsini tətbiq etmişdir. Qətnamədə qeyd edilir ki, “Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konistutsiya Məhkəməsinin Plenumun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi qanunvericiliyin bu tələblərinə əsasən iddiaçı tərəfindən mübahisəli mənzilin pay haqqı tam ödənildikdən sonra o, həmin mənzil üzərində istifadə və sahiblik hüquqları əldə etmişdir. Lakin buna baxmayaraq iddiaçı mübahisəli mənzilin ona təhvil verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu mənzili təhvil verməkdən imtina etmiş və iddiaçıya mənzil üzərində olan istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneçilik törətmişdir.” Birincisi, müqavilə bağlandığı vaxt qüvvədə olmuş Mülki Məcəllənin 178.8-ci maddəsinin tələbindən göründüyü kimi norma Kooperativin verdiyi mənzillər üzərində əmlak pay haqqının tanınmasını tənzimləyir, MMC-nin deyil. Mülki Məcəllənin 109.1-ci maddəsinə görə Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2-ci maddəyə görə Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ olan fiziki və (və ya) hüquqişəxsdir. 109.4. Kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıdır. Mülki Məcəllənin 139-1.1.6-cımaddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi Kooperativ üzvlüyə əsaslanan birlikdir və pay haqqı tam ödənildikdə yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı hüquqların əmələ gəlməsi üçün əsasdır. Halbuki hazırkı müqavilə üzrə tərəf “Kooperativ” deyil, “Məhdud MəsuliyyətliCəmiyyət”dir. Buna uyğun olaraq tərəflər arasında imzalanan müqavilə də “Podrat” müqaviləsi olub, podratçı qismində Cavabdeh MMC, sifarişçi qismində İddiaçı çıxış edir. Mülki Məcəllənin 752.1-cimaddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Tərəflər arasında imzalanmış müqaviləyə görə “Sifarişçinin Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən Podaratçı Cavabdeh MMC tərəfindən müvafiq mənzilin tikilib “Sifarişçi”yə təhvil verilməsi, “Sifarişçi” (İddiaçı) isə öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öhdəsinə götürürlər”. Göründüyü kimi müqavilədə Podratçı və Sifarişçidən və onların öhdəliklərindən bəhs edilməklə müqavilənin podrat müqaviləsi olduğu təsdiq edilmişdir. Qeyd edək ki, məhkəmə də iddiaçının bacısının eyni məzmunlu iddia tələbi üzrə iddianı rədd edərkən həmin qətnaməni məhz podrat müqaviləsinə dair normalara istinad edərək əsaslandırmışdır. Məhkəmə o qətnamədə qeyd edir ki, “Hazırki halda podratçı Cavabdeh MMC tərəfindən sifarişçi X2 təhvil verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.1-ci maddəsinə müvafiq olaraq həyata keçirilməmiş, podratçı eyni mənzili X7 təhvil vermişdir. İddiaçı X8 podratçı ilə 24 iyun 2011-ci ildə müqavilə bağlamasına baxmayaraq, bu günədək (10 ilərzində) mübahisəli mənzilin tikintisinin başa çatıb-çatmadığı və mənzilin hansı vəziyyətdə olduğu ilə maraqlanmamışdır.” Buna baxmayaraq eyni hakim hazırki iş üzrə heç bir əsaslandırma etmədən nədənsə qanunsuz və əsassız olaraq fərqli mövqe sərgiləmişdir. İkincisi, Mülki Məcəllənin tələbinə görə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqimüqəddəratını təyin etməyin hüquqicəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 178.1, 139.1, 152, 159 və 394-cümaddələri). Mənzil iddiaçının sahibliyinə və istifadəsinə verilməyib. Mənzil xx.xx.2013-cü il tarixli müqavilə ilə X6 verilib. Sonuncu orada təmir işləri aparıb. Tərəflər arasında razılaşma olub, müqavilə ləğv olunub. İddiaçı özü könüllü müqavilənin ləğvinə razılıq verib. Mülki Məcəllənin 452.1ci maddəsinə istinad olunmalıdır. İddia müddəti keçib, xx.xx.2014-cü il tarixə ödəniş edilməsi qərarlaşdırılsa da, müəyyən edilmiş müddət keçəndən sonra məhkəməyə müraciət olunub.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, MMC tərəfindən mənzil X4 təhvil verilmiş, sonuncu mənzili təmir edərək, hal-hazırda da orada yaşayır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli razılaşma əsasında 11 fevral 2011-ci il tarixli müqavilə ləğv olunmuşdur. Tərəflər arasında pul öhdəliyi yaranmış, 10000 manat cavabdeh tərəfindən iddiaçıya ödəniş olmuşdur. 18.Məhkmə kollegiyasının əvvəlki iclasında cavabdeh İddiaçı apellyasiya şikayətini qəbul etməmiş, izahatında qeyd etmişdir ki, iddiaçı ilə onun arasında 11 fevral 2011-ci il tarixdə mübahisəli mənzillə bağlı müqavilə bağlanmış, o, ödəniş etmişdir. Cavabdeh MMC ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli razılaşmaya əsasən o, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa olunan çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində, 3 otaqlı, 3 №-li, 140,6 kv.m. mənzillə bağlı xx.xx.2011-ci il tarixli müqaviləni geri qaytarmış və şirkətdən 1 kv.m-1000 manat olmaqla, 10000 manat məbləğini xx.xx.2014-cü il tarixdə almışdır. 130600 manat məbləğini xx.xx.2014-cü il tarixinə qədər almalı idi. Həmin razılaşmada qərara gəlmişlər ki, müqaviləyə xitam verilir. Hazırki iddia ərizəsini onun vəkili hazırlamışdır. 19.Cavabdeh İddiaçı növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 20.Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, izahatında qeyd etdi ki, xx.xx.2013-cü ildə Cavabdeh MMC ilə X10 arasında bağlanmış müqaviləyə əsasən MMC mənzilini tikib, mənzili daxili naxış, cihaz və daxili qapılar olmamaq şərti ilə X6 təhvil verilməsini, sonuncu isə mənzili qəbul edib, ümumi dəyəri olan 175750 manatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışı və həmin tarixli, 122 saylı X16 əsasən X10 tərəfindən MMC-yə mənzilə görə 175750 manat məbləğində pul ödənilmişdir. Cavabdeh MMC ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli razılaşmaya əsasən X5 Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa olunan çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində, 3 otaqlı, 3 №-li, 140,6 kv.m. mənzillə bağlı xx.xx.2011-ci il tarixli müqaviləni geri qaytarır və şirkətdən 1 kv.m-1000 manat olmaqla, 10000 manat məbləğini xx.xx.2014-cü il tarixdə alır, 130600 manat məbləğini xx.xx.2014-cü il tarixinə qədər alır və müqaviləyə xitam verir. Mübahisəli mənzil xx.xx.2017-ci il tarixli akt əsasında X6 təhvil verilmiş, həmin tarixdə onunla kommunal xidmətlərə görə müqavilə bağlanmışdır. X10 mənzili təmir etmiş, hal-hazırda da həmin mənzildə yaşayır. İşdə çoxsaylı məhkəmə qətnamələri vardır ki, həmin mənzil üzrə X3 hüquqları tanınmışdır. Xahiş etdi ki, iddia əsassız olduğundan rədd olunsun.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 22.Maddə 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 23.Maddə 421.1.Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 24.Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 25.Maddə 424.3.Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 26.Maddə 452.1.Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 27.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 28.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 29.Maddə 387.2.4. Məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

Apellyasiya baxışının hədləri

30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 31.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə prosesinə cəlb edilməmiş, nəticədə onun hüquqlarına toxunması ilə nəticələnən məhkəmə qətnaməsi qəbul edilmişdir. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. 33.Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, mübahisəli mənzillə bağlı 11 fevral 2011-ci ildə Cavabdeh MMC ilə X5 arasında bağlanmış müqaviləyə əsasən MMC mənzilini tikib, mənzili daxili naxış, cihaz və daxili qapılar olmamaq şərti ilə Cəlaləddin Ələsgərova təhvil verilməsini, sonuncu isə mənzili qəbul edib, ümumi dəyəri olan 89725 manatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 44 saylı X16 əsasən İddiaçı tərəfindən MMC-yə mənzilə görə 89725 manat məbləğində pul ödənilmişdir. xx.xx.2013-cü ildə Cavabdeh MMC ilə X10 arasında bağlanmış müqaviləyə əsasən MMC mənzilini tikib, mənzili daxili naxış, cihaz və daxili qapılar olmamaq şərti ilə X6 təhvil verilməsini, sonuncu isə mənzili qəbul edib, ümumi dəyəri olan 175750 manatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışı və həmin tarixli, 122 saylı X16 əsasən X10 tərəfindən MMC-yə mənzilə görə 175750 manat məbləğində pul ödənilmişdir. Cavabdeh MMC ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli razılaşmaya əsasən X5 Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa olunan çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində, 3 otaqlı, 3 №-li, 140,6 kv.m. mənzillə bağlı xx.xx.2011-ci il tarixli müqaviləni geri qaytarır və şirkətdən 1 kv.m-1000 manat olmaqla, 10000 manat məbləğini xx.xx.2014-cü il tarixdə alır, 130600 manat məbləğini xx.xx.2014-cü il tarixinə qədər alır və müqaviləyə xitam verir. Mübahisəli mənzil xx.xx.2017-ci il tarixli akt əsasında X6 təhvil verilmiş, həmin tarixdə onunla kommunal xidmətlərə görə müqavilə bağlanmışdır. Mənzil X10 tərəfindən təmir olunmaqla, hal-hazırda həmin mənzildə Zülfüqar Baxışov yaşayır. 34.Göründüyü kimi, mübahisəli mənzillə bağlı tərəflər iradə ifadələri olaraq xx.xx.2014-cü il tarixli razılaşma bağlayaraq, 11 fevral 2011-ci ildə bağladıqları müqaviləni ləğv etmişlər. Həmin razılaşma bağlandığı andan 11 fevral 2011-ci ildə bağlanmış müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixli razılaşma əsasında cavabdeh tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdə 10000 manat məbləğində ödəniş olunmuşdur. Mübahisəli mənzil xx.xx.2017-ci il tarixli akt əsasında X6 təhvil verilmiş, həmin tarixdə onunla kommunal xidmətlərə görə müqavilə bağlanmışdır. Mənzil X10 tərəfindən təmir olunmaqla, hal-hazırda həmin mənzildə Zülfüqar Baxışov yaşayır. 35.Kollegiya hesab edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilə onların qarşılıqlı razılığı əsasında ləğv olunmaqla, həmin müqavilə üzrə öhdəliklərinə xitam verildiyindən, iddia tələbi əsassız olmaqla rədd olunmalıdır. 36.Digər tərəfdən Mülki Məcəllənin 425.1-ci maddəsi ilə fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri izah edilmişdir. Həmin maddənin tələblərinə görə, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulmuş şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Deməli, mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə” anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələbinə görə mənzil müstəqil tələb irəli sürməyən 3-cü şəxsin sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb etmək hüququ aradan qalxmış olur. 37.Kollegiya apellyatorun iddia müddətinin tətbiqi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, əvvəla iddia müddəti ilə bağlı ərizə birinci instansiya məhkəməsinə verilməlidir. Digər tərəfdən iddiaçı tərəfindən pul tələbi irəli sürülməmişdir. Bundan əlavə iddia əsasız olduğuna görə iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verililməsinə lüzum yoxdur. Çünki Mülki Məcəllənin 372 və 377-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verilməsi üçün ilk olaraq hüququn pozulması, sonra isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün müəyyən edilməlidir. Hazırki işdə də cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozması halı müəyyən edilməmişdir. 38.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(006)-1073/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Namiq Cəfərov

Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar