Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4747/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər:yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 13 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları yaşayış massivində 117.00 kvm torpaq sahəsində yerləşən və sahəsi 64.00 kvm olan ev özbaşına tikilidir. Nə evin, nə də torpaq sahəsinin hüquqmüəyyənedici sənədi yoxdur. Cavabdeh 2014-cü il tarixdən bu günə qədər həmin evdə yaşayır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları yaşayış sahəsində 117 kv.m torpaq sahəsində yerləşən 64 kv.m sahəsi olan tikilinin cavabdeh tərəfindən istifadə edilən yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin qardaşı X4 ilə aralarında şifahi qaydada bağlanmış müqaviləyə əsasən sözügedən əmlak 30000 manata ona satılmışdır. X1 tərəfindən 27 iyul 2022-ci il tarixində Suraxanı rayonu, Zığ Bələdiyyəsinin sədri E.H.Quliyevə ərizə ilə müraciət edilmiş, ərizədə Zığ Bağları yaşayış massivində yerləşən 0,2 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən 90 kv. metr əmlakın əmlak və torpaq vergisinin ödənilməsinə dair vergi ödəyicisi kimi onun qeydiyyata alınmasını xahiş etmişdir. Bu barədə Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinə sorğu göndərilmiş, xx.xx.2022-ci il tarixli, 101 nömrəli cavabla bu hal təsdiq edilmişdir. Həmçinin, "xxxx" MMC-nin fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair hesabat cədvəlində tikilinin sahibi və mülkiyyətçisi olaraq o qeyd olunmuşdur. Sözügedən əmlak üzrə qaza dair istehlakçı olaraq tanınmış, şəxs abonent kodu ilə qeydə alınmışdır. Lakin aparılan bütün sənədləşmə işləri sözügedən əmlakın iddiaçıya məxsus olduğunu təsdiq etdiyi halda, cavabdeh Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları yaşayış massivində yerləşən iddiaçının gözlənilən mülkiyyət hüququ ilə ona aid olan həmin tikilini zəbt edərək özbaşına məskunlaşmışdır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1158/23 saylı iş üzrə 26 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ü.Mirrzəyeva) iddia rədd edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçını hazırki iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iddiaçı mübahisəli özbaşına tikili üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada qanuni istifadəsinə verilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 178.1, Torpaq Məcəlləsinin 66.2, 67.4, 68-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, cavabdehin qardaşı sözügedən fərdi yaşayış evini satmaqla, əslində həmin fərdi yaşayış evinə olan hüququnu ona ötürmüşdür. Belə ki, cavabdehin qardaşı X4 həmin haqqı devr eləməklə dolayı yolla həmin evin boşaldılması tələbini də devr eləmişdir. Əks təqdirdə hüququn təməlində duran nizam-intizamın yaradılması cəmiyyətdə mümkün ola bilməz. Belə ki, mülkiyyətin belə formada özgəninkiləşdirilməsini dövlət də tanımışdır. İddiaçı vergi ödəyicisisi kimi qeydiyyat alınmış, daha sonra iddiaçı qaz və işıqla bağlı dövlətlə müqavilə bağlamış, hələ bu azmış kimi, bələdiyyə həmin əmlakın eskiz planını təsdiq eləməklə iddiaçının haqlarını tanımışdır. Lakin məhkəmə bu hallara qiymət verməyərək, sadəcə MM-in 139-cu maddəsinə istinad eləməklə, iddianı rədd eləmişdir ki, bu da hüququn təməlinə ziddir. Azəriqaz və Azərişığın iddiaçını həmin evin sahibi kimi tanıması da, bir daha təsdiq edir ki, iddiaçı həmin fərdi yaşayış evini AİHM-in yanaşması ilə mülkiyyət kimi əldə etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
13. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
14. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
15. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
16. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
22. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli torpaq sahəsinə və tikiliyə mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi. Qanunun yuxarıda qeyd olunan normalarının mənasından müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqlar yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir.
23. Bu baxımdan iddiaçı mübahisəli torpaq sahəsinə dair hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbini irəli sürməklə bağlı müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz.
24. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1158/23 saylı iş üzrə 26 may 2023-cü il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.