Məhkəmə qərarları › İş №2(103)-4750/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4750/2023

19.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4750/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İlk iddia üzrə İddiaçı Cavabdeh1 qarşı “naturada payın ayrılması, bu mümkün olmadıqda əmlakın hərracdan satılması, pulun mütənasib qaydada bölünməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə avtomobilin sahiblik və istifadəyə verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 811/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərardadından müstəqil tələb irəli sürən üçüncü şəxs X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı “naturada payın ayrılması, bu mümkün olmadıqda əmlakın hərracdan satılması, pulun mütənasib qaydada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu 802-803-cü məhəllə, Kazımzadə küçəsi ev 30 D blok D1 mənzil 54-ün açıq hərracdan qiymətləndirilərək satılması və satışdan əldə edilən pulun iddiaçı ilə Cavabdeh1 arasında paylarına mütənasib surətdə 1/2 nisbətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu 802- 803-cü məhəllə, Kazımzadə küçəsi ev 30 D blok D1 mənzil 54-ün iddiaçı ilə Cavabdeh1 arasında paylarına mütənasib surətdə 1/2 nisbətdə naturada bölünməsi, bu mümkün olmadıqda həmin daşınmaz əmlakın açıq hərracdan qiymətləndirilərək satılması və satışdan əldə edilən pulun iddiaçı ilə Cavabdeh1 arasında paylarına mütənasib surətdə 1/2 nisbətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi təqdim edərək, qarşılıqlı iddia ərizəsi təmin edilərək, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən nəqliyyat vasitəsinin dəyərini aşan hissə (kompensasiya şəklində) və “Mitsubishi L200” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə verilməklə, “X4” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh1 sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ilkin iddia ərizəsi ilə birlikdə baxılması qərara alınmışdır. Sonradan müstəqil tələb irəli sürən üçüncü şəxs qismində X3 cavabdehlər İddiaçı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinənə qarşı “qeydiyyatın ləğv edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərardadı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinənə qarşı “qeydiyyatın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu geri geri qaytarılmışdır. Həmin qərardaddan müstəqil tələb irəli sürən üçüncü şəxs X3 şikayət verərək qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ərizəsində öz tələbini kıfayət qədər əsaslandırmış və tələbini əsaslandırdığı hallar bilavasitə ərizədə yazılmışdır. İş üzrə cavabdeh onun doğma qızıdır. Tərəflər bütün sübut və sənədləri məhkəməyə təqdim etmişlər, onun təkrar olaraq, eyni sənədləri təqdim etməyinə ehtiyac yoxdur. Onun Nigarın atası ilə nikaha daxil olduğum tarix və əmlakın alınma tarixi sistemdə mövcuddur. Məhkəmənin 21 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.3-ci maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərkən, həmin tələblərini əsaslandırdığı hallar göstərilməmiş, habelə iddia tələbini əsaslandırdığı hallara dair müvafiq sənədlər (mübahisə edilən mənzilin məhz onun ərinin vəsaiti, habelə həmin mənzilin onların nikahda olduqları müddətdə əldə edildiyini və s.ni təsdiq edən müvafiq sübutlar) təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarını və sadalanan prosessual hüquq normalarını nəzərə almaqla iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin ediməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 saylı, 09 iyun 2023-cü il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar