Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4759/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, İddiaçının vəkili-nümayəndəsi Vəkil3, Cavabdehin prosessual hüquq varisi X2, Cavabdehin prosessual hüquq varisi X7 vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh prosessual hüquq varisləri X4, X14 və X8 qarşı “mənzilə köçürülmə və mənzildən istifadəyə qoyulan manelərin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-cu il tarixli, 2(001)-929/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadəyə qoyulan manelərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun və azyaşlı X3 ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə köçürülmələri və cavabdehin üzərinə qeyd edilən mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə maneə yaratmamaq öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 14 mart 2017-ci il tarixdə X12 ilə rəsmi nikaha daxil olaraq cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 4 otaqdan ibarət 37 saylı mənzilə gəlin köçmüşdür. Hazırda həmin ünvanda rəsmi qeydiyyatdadır. Bütün cehiz əmlakları ilə birlikdə gəlin köçərkən, cavabdeh tərəfindən bir ailə üzvü kimi qəbul edilmiş, onunla həyat yoldaşına otaq ayrılmış və onlar bir ailə kimi orada yaşamışlar. 03 fevral 2018-ci il tarixdə həmin mənzildə yaşayarkən Məhəmməd adlı oğlu anadan olmuşdur. Bu illər ərzində ailə kimi yaşamaqlarına baxmayaraq cavabdeh onu dəfələrlə evdən çıxmağa və ayrı yaşamağa məcbur etmişdir. Bir neçə ay bundan əvvəl yoldaşı Orxan Dünyamalıyevlə araları kəskinləşmiş və cavabdeh onu oğlu ilə birlikdə evdən qovmuşdur. Bunun ardınca dərhal cavabdehin oğlu Orxan Dünyamalıyev ona qarşı məhkəmədə nikahın pozulması ilə bağlı iddia qaldırmışdır. Hazırda həmin mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatındadır. Onun məhkəmədə iddia qaldırmaqda məqsədi, uşaqla birlikdə həmin evdən istifadə hüquqlarının olmasını məhkəmə qaydasında tanıtmaq, məhkəmə qərarı əsasında evə köçürülmək və bununla da gələcəkdə cavabdeh tərəfindən onun mənzil hüquqlarının pozulmasının qarşısını almaqdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-cu il tarixli, 2(001)-929/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı X4, X14 və X1 İlqar Məhəmməd oğlunun prosessual hüquq varisi kimi mülki işə cəlb edilmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh oğlu Orxan Dünyamaliyev ilə 14.03.2017-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuş və ünvan 2 ünvanında yerləşən 4 otaqdan ibarət olan 37 saylı mənzilə gəlin köçmüşdür. Həmin evlilikdən onların bir övladı dünyaya gəlmişdir. Sonradan ailə daxili münasibətlər gərginləşmiş və nəticədə nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda İddiaçı və övladının yaşayış yeri olmadığından qeyd olunan mənzilə köçürülməyi və həmin mənzildə istifadə hüququnun tanınması zəruridir. Bundan başqa işin 1-ci instansiya məhkəməsinin icraatında olduğu zaman Cavabdeh 20.02.2021-ci il tarixdə vəfat etmişdir. Halbuki cavabdehin vəkili və nümayəndəsi bu barədə məlumatlı olmuş, lakin məhkəməyə heç bir məlumat verilməmişdir. Cavabdeh vəfat etməsəydi sonuncu məhkəmə iclası zamanı iddiaçı ilə razılıq əldə edə və yaxud iş üzrə icraat dayandırıldıqdan sonra cavabdehin hüquq varisi müəyyən olunduqdan sonra bəlkədə məhkəmədə həmin şəxslə iddiaçı arasında razılıq əldə oluna bilərdi. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin prosessual hüquq varisi X4 və cavabdehin prosessual hüquq varisi X7 vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin digər prosessual hüquq varisi G.Rəhimova məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 37 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçirilmiş və bu barədə 28 aprel 2017-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(001)- 4723/2020 saylı qətnaməsindən görünür ki, X12 ilə Dünyamalıyeva (Xəlilova) Sevinc Əli qızı arasında 14 mart 2017-ci il tarixdə 724 nömrəli akt qeydi ilə 5 saylı Bakı "Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 03 fevral 2018-ci il təvəllüdlü X3 anası Dünyamalıyeva (Xəlilova) Sevinc Əli qızının yanında saxlanılması, 24 avqust 2020-ci il tarixdən başlayaraq, 03 fevral 2018-ci-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay X5 aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin cavabdeh Dünyamalıyeva (Xəlilova) Sevinc Əli qızının xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, yaşayış sahəsi mülkiyyətçisinin, yəni Cavabdehun arvadı, uşaqları və valideynləri və digər qohumlar (Ailə Məcəlləsinin 15-ci fəslində göstərilən) ona məxsus yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. İddiaçı isə həmin şəxslərin siyahısına aid deyil, yəni onun cavabdehə məxsus mənzildən istifadə etmək hüququ yoxdur. İlk öncə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, birinci instansiya məhkəməsinə iddia tələbinə baxılan zaman, yəni, 21.02.2021-ci il tarixdə Cavabdeh ölmüşdür. Birinci instansiya məhkəməsi mərhumun prosessual hüquq varislərini müəyyən etməli olduğu halda, bunu etməmiş və qətnamə qəbul etmişdir. Apellyasiya baxışı zamanı X4, X14 və X1 İlqar Məhəmməd oğlunun prosessual hüquq varisi kimi mülki işə cəlb edilmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməlidir. Bundan başqa kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, hazırkı mübahisə üzrə iddiaçı ilə cavabdeh O.Dünyamalıyev 14.03.2017-ci il tarixdə nikaha daxil olmuş, lakin, tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(001)- 4723/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Belə olan halda tərəflər arasında olan hüquq münasibətlərinin 01 oktyabr 2009-cu ildən sonrakı dövrdə yarandığı müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən iddiaçının və onun azyaşlı uşağının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması, habelə yaranmışdırsa itirilib-itirilməməsi məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən, iddiaçı mübahisəli mənzilə gəlin köçərkən həmin mənzil mərhum Cavabdeh mülkiyyətində olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(001)-4723/2020 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh O.Dünyamalıyev arasında bağlanmış nikah pozulduğundan, İddiaçı mərhum və əvvəlki Cavabdeh ailə üzvü hesab edilmir. Belə olan halda, onun həmin mənzildən istifadə hüququ yaranmır. Odur ki, kollegiya hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ olmadığından onun həmin mənzilə köçürülməsi tələbi təmin edilə bilməz. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(001)- 4723/2020 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulduqdan sonra 03 fevral 2018-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanmışdır. İddiaçı isə mübahisəli mənzilə istifadə hüququ olmadığından onun həmin mənzilə köçürülməsi tələbi təmin edilə bilmədiyindən, iddia tələbi birgə nikahlarından olan uşağa münasibətdə də, təmin edilə bilməz. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və iddiaçının subyektiv mülahizələrinə əsaslanır. Məhkəmə qətnaməsi isə formal dəlillər və ehtimallar üzərindən ləğv edilə bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-cu il tarixli, 2(001)-929/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-cu il tarixli, 2(001)-929/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4759/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4759/2021
25.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver