Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4761/2022 15.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-50/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi, 121,4 kv.metr olan qeyri-yaşayış sahəsini xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən 1 il müddətinə qanuni təmsilçisi Cavabdeh2 olan Cavabdeh1 MMC-yə icarəyə vermiş, müqavilə şərtlərinə əsasən aylıq icarə haqqı 800 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi, iddia tələbinin artırılmasına dair ərizələrlə məhkəməyə müraciət edərək yekun olaraq məhkəmədən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair xx.xx.2019-cu il tarixdə 41 saylı Notariat Kontorunda təsdiq edilmiş müqaviləyə xitam verilməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan qeyri-yaşayış sahəsindən Cavabdeh1 MMC-nin və onun qanuni təmsilçisi Cavabdeh2 məcburi qaydada öz hesablarına çıxarılması və həmin sahənin iddiaçıya təhvil verilməsi, həmçinin cavabdehlərdən 9600 manat icarə haqqının, əldən çıxmış faydaya görə 11200 manat, icarə haqqının qanunsuz olaraq gecikdirilməsinə görə illik 5% nəzərə alınmaqla 2 il üçün 2080 manat və 30 manat dövlət rüsumunun tutulması və İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiada göstərilir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi, 121,4 kv.metr olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. xx.xx.2019-cu il tarixdə qeyd edilən qeyri-yaşayış sahəsi 1 il müddətinə Cavabdeh1 MMC-yə icarəyə vermişdir. Bu zaman icarə müqaviləsi 41 saylı Notariat Kontorunda təsdiq edilmiş və Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Cavabdeh2 tərəfindən imzalanmışdır. Müqavilə şərtlərinə əsasən aylıq icarə haqqı 800 manat müəyyən edilmişdir və müqavilə 1 il müddətinə imzalanmışdır. Bütün bu müddət ərzində cavabdeh nə aylıq icarə haqqını ödəmişdir, nə də müqavilə müddəti bitdiyi an sahəni könüllü surətdə tərk etmişdir. Əksinə iddiaçıya qarşı müxtəlif iradlar bildirmişdir. Halbuki, cavabdehin icraçı qismində 1 il üçün ödəməli olduğu icarə haqqı üzrə borcu 9600 manat təşkil edir və həmin borc bu günə qədər ödənilməmişdir. Bundan başqa icarə müddəti bitdiyinə və icarəçinin sahəni tərk etməməsinə görə iddiaçı hər ay ən azı 800 manat olmaqla vəsait itirir. Çünki həmin sahəni başqa bir şəxsə icarəyə vermək imkanından məhrum olur. Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən qeyri-yaşayış sahəsinə çəkilən xərclərin əvəzi olaraq 206000 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiada göstərilir ki, iddiaçı və anası X1 Bakı şəhər sakini İddiaçı ilə ona məxsus ünvan 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 121.4 kv.metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair razılığa gəlmişlər. Razılığa əsasən qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən təmir edilməli, bundan sonra icarə müqaviləsi bağlanaraq istifadəyə verilməlidir. İddiaçı da icarəyə verənlə razılaşdıqları kimi qeyriyaşayış sahəsində yüksək keyfiyyətli təmir işləri aparmışdır. Təmirdən sonra qeyri-yaşayış sahəsi tamamilə təzələnmiş və dəyəri də əvvəlkinə nisbətdə əhəmiyyətli dərəcədə qalxmışdır. Qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair cavabdehlə 2019-cu ilin sentyabr ayında notariat qaydada müqavilə bağlanmışdır. İcarə müqaviləsi cavabdeh İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmışdır. Cəmiyyətin direktoru və təsisçisi iddiaçı Cavabdeh2dır. İddiaçı cavabdehə etibar etdiyindən onun dediklərinin hamısına əməl etmişdir. Cavabdeh müqavilənin hər il uzadılacağına iddiaçını əmin edərək hazırkı müqaviləni 1 il müddətinə bağlamaqla qeyri-yaşayış sahəsinə külli miqdarda sərmayə qoyulmasına nail olmuşdur. Hazırda isə cavabdeh icarə müqaviləsinin müddətini uzatmaq istəmir və yaranmış vəziyyətdən istifadə edərək iddiaçını qeyri-yaşayış sahəsindən çıxarmaq niyyətindədir. Qeyri-yaşayış sahəsi əsaslı təmir olunub, ora bahalı avadanlıqlar yerləşdirilib və artıq bir ildən çoxdur ki, restoran kimi fəaliyyət göstərir. Hazırda icarəyə verən iddiaçıya səbəbsiz olaraq qeyri-yaşayış sahəsinin boşaldılmasına dair bildiriş göndərmişdir. Eyni zamanda iddiaçını qeyri-yaşayış sahəsindən çıxarmaq üçün müxtəlif üsullardan istifadə edir. Bunun üçün gah elektrik enerjisinin, gah da, qazın dayandırılması ilə bağlı “Azərişıq” və “Azəriqaz”a yazılı müraciətlər göndərmişdir. Qeyri-yaşayış sahəsinin təmirinə iddiaçı tərəfindən 206000 manatdan çox vəsait qoyulmuşdur. İcarə müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlansa da, qeyri-yaşayış sahəsi pandemiya ilə bağlı 6 aydan çoxdur ki, işləməmişdir. Buna baxmayaraq icarə haqqı mütəmadi olaraq artıqlaması ilə ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-50/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilərək Cavabdeh1 MMC və onun qanuni təmsilçisi Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan qeyriyaşayış sahəsindən məcburi qaydada öz hesablarına çıxarılması və həmin sahənin İddiaçı təhvil verilməsi, Cavabdeh1 MMC-dən 9146,6 (doqquz min yüz qırx altı manat altmış qəpik) manat icarə haqqı, 11200 (on bir min iki yüz) manat əldən çıxmış fayda və 2034,66 (iki min otuz dörd manat altmış altı qəpik) manat illik 5% olmaqla hesablanmış faiz borcu olmaqla, cəmi 22381,26 (iyirmi iki min üç yüz səksən bir manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilərək İddiaçı 22165,5 (iyirmi iki min yüz altmış beş manat əlli qəpik) manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh2 ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-dən, 100 (yüz) manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ilk İddiaçı ilə ilk Cavabdeh1 MMC arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən müqavilə xx.xx.2019- cu il tarixdən qüvvəyə minməli və xx.xx.2019-cu il tarixdə müqavilənin müddəti bitməli idi. Müqaviləyə görə İddiaçı özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 nömrəli binanın 1-ci mərtbəsində yerləşən, ümumi sahəsi 121,4 kv.metr olan qeyri-yaşayış sahəsini Cavabdeh1 MMC-yə icarəyə vermişdir. İcarə müqaviləsi üzrə aylıq icarə haqqı 800 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk iddia tələbinin “xx.xx.2019-cu il tarixdə 41 saylı Notariat Kontorunda təsdiq edilmiş müqaviləyə xitam verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsassızdır. Ona görə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədə icarə müddətinin son tarixi xx.xx.2020-ci il olaraq müəyyən edilmişdir Məhkəmə ilk iddia tələbinin “ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan qeyri-yaşayış sahəsindən Cavabdeh1 MMC-nin və onun qanuni təmsilçisi Cavabdeh2 məcburi qaydada öz hesablarına çıxarılması və həmin sahənin iddiaçıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, ilk iddia qeyd edilən hissədə əsaslıdır. Belə ki, bağlanmış icarə müqaviləsi üzrə müəyyən edilmiş icarə müddəti xx.xx.2020ci il tarixdə bitdiyindən, cavabdehlər Cavabdeh1 MMC və onun qanuni təmsilçisi Cavabdeh2 tərəfindən icarə predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan İddiaçı məxsus qeyri-yaşayış sahəsi sonuncuya təhvil verilməli idi. Lakin ilk cavabdehlər müqavilə üzrə müəyyən edilmiş müddət bitdikdən sonra da icarə predmetini təhvil verməmişdirlər. Odur ki, ilk İddiaçı özünə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən öz hesablarına boşaldılmasını və sahənin ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia qeyd edilən hissədə əsaslı olduğundan, təmin edilməlidir. Bundan başqa müqavilə müddəti bitdikdən sonra cavabdehlər icarə predmetini iddiaçıya təhvil verməmiş və bununla da iddiaçı əldə edə biləcəyi mümkün gəlirdən məhrum olmuşdur. Odur ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (ilk iddiaçının tələb etdiyi vaxta) keçən 1 il 2 ay müddətində ödənilməli olan icarə haqqı nəzərə alınmaqla icarə haqqının məbləği 11200 manat (800x14=11200) Cavabdeh1 MMC-dən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, ilk iddiaçı icarə haqqının ödənilməməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% olmaqla faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, cavabdehlər tərəfindən ödənilməmiş icarə haqqının ümumi məbləği 20346,6 manat, gecikdirilmiş müddət isə 2 il olmaqla, həmin dövr üçün ödənilməli olan gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablanmış faiz borcu 2034,66 manat ((((9146,6+11200)x5)/100)x2)=2034,66) Cavabdeh1 MMC-dən alınaraq iddiaçıya ödənilməlidir Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qeyd edilən hissədə Cavabdeh2 münasibətdə ona görə təmin edilməməlidir ki, qeyd edilən icarə obyektində Cavabdeh1 MMC hüquqi şəxs kimi fəaliyyət göstərmiş, Cavabdeh2 isə hüquqi şəxsin təmsilçisi olmuşdur. Odur ki, iddia qeyd edilən hissədə Cavabdeh1 MMC-yə münasibətdə təmin edilərək, göstərilən pul vəsaitləri də ondan tutulmalıdır. Məhkəmə qarşılıqlı iddianın “cavabdehdən qeyri-yaşayış sahəsinə çəkilən xərclərin əvəzi olaraq 206000 manat pulun alınıb iddiaçıya ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları, tərəflərin izahatları və şahid ifadələri ilə müəyyən edilir ki, icarə obyekti olan qarşılıqlı cavabdeh İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan qeyri-yaşayış sahəsi qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən təmir edilmişdir. Məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən təmir edilməsi nəticəsində İddiaçı əsassız varlanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 hazırkı iddia tələbi əsaslı olsa da, lakin həcminə görə qismən əsaslıdır. Belə ki, qarşılıqlı iddiaçı qeyri-yaşayış sahəsinin təmirinə ümumilikdə 206000 manat xərc çəkdiyini bildirsə də, lakin qarşılıqlı iddiaçı özü də həmin qeyri-yaşayış sahəsindən restoran kimi istifadə etmiş və orada fəaliyyət göstərmişdir. Qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərclərin amortizasiya dəyəri nəzərə alınmaqla ümumi dəyərinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Məhkəmə Eksperizası Mərkəzi tərəfindən təqdim edilən 9/93xx-xx/6921 saylı ekspert rəyinə əsasən, mübahisəli ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan qeyri-yaşayış sahəsinin təmirinin və ondan ayrıla bilməyən avadanlıqların hazırkı vaxta olan ümumi dəyərinin 22165,5 manat olması müəyyən edilmişdir. Məhkəmə əlavə olaraq, qeyd edir ki, iş üzrə verilmiş iki ekspert rəyindən “9/9367- 10/6921 saylı” rəydə qeyri-yaşayış sahəsində aparılmış təmir işlərinin və həmçinin orada olan ayrıla bilməyən avadanlıqların dəyəri sonradan məhkəmə araşdırılması zamanı təqdim edilmiş qaimə-fakturalar nəzərə alınmaqla, müəyyən olunduğuna görə, məhz bu rəy vurulmuş maddi zərərin miqdarının müəyyən edilməsi üçün məhkəmə tərəfindən mötəbər sübut növü kimi qiymətləndirilir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) İddiaçı apellyasiya şikayətinin dəlilləri İlk İddiaçı apellyasiya şikayətində qətnamənin qismən, qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilməsi və qarşılıqlı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini, iddia tələb ilə eyni məzmunda əsaslandırmış, həmçinin göstərir ki, məhkəmə maddi hüquq normalarına istinad edərək ilkin iddianı haqlı olaraq təmin etmişdir. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 20-si icarə haqqı ödənilməli idi. Lakin məhkəmə araşdırması zamanı cavabdeh "xxxx" MMC tərəfndən müqavilənin qüvvədə olduğu müddət ərzində icarə haqqı ödənilməsi sübuta yetirilməmişdir. Bundan başqa müqavilə müddəti bitdikdən sonra cavabdehlər icarə predmetini iddiaçıya təhvil verməmiş və bununla da iddiaçı əldə edə biləcəyi mümkün gəlirdən məhrum olmuşdur. Xətai rayon Məhkəməsi qeyd edilən normalara əsasən, qarşılıqlı iddianı da qismən təmin edərək belə qənaətə gəlmişdir ki, qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfmdən təmir edilməsi nəticəsində İddiaçı əsassız varlanmışdır. Halbuki məhkəmənin gəlmiş olduğu bu nəticə məhz mülki hüquq münasibətləri baxımından əsassızdır. Belə ki, məhkəmə, Mülki Məcəllənin əqdlərlə bağlı və öhdəliklərlə bağlı müəyyən edilmiş normalarına düzgün istinad etməmiş, nəticə etibarı ilə qarşılıqlı iddianı təmin etməklə əsassız qətnamə qəbul etmişdir. Belə ki, tərəfər arasında yazılı əqd (icarə müqaviləsi) bağlanmışdır. Bu zaman həmin əqd notarial qaydada təsdiq edilmişdir və müqavilənin şərtləri tərəflərin iradə ifadəsini əks etdirmişdir. Həmin icarə müqaviləsinin şərtlərinə (8-ci bənd) əsasən icarəçiyə təmir işlərinin aparılması yalnız əmlak sahibinin razılğı ilə yol verilməsi göstərilmişdir. Əks halda təmir tikinti işlərinin aparılması qadağan edilmişdir. Ancaq icarəçi qeyd edilən bəndin pozulması ilə hansısa təmir işləri aparmışdır. Bu isə müqavilə öhdəliklərinin pozulması ilə nəticələnmişdir. Belə olan halda, məhkəmənin qarşılıqlı iddiaçının guya təmir işləri aparması nəticəsində əmlak sahibinin əsassız olaraq varlanması ilə bağlı maddi hüquq normalarına istinad etməsi tamamilə qanunsuzdur. Bundan başqa, məhkəmə digər bir halı da nəzərdən qaçırmışdır ki, icarə müqaviləsi İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmışdır. Belə olan halda məhkəmə ilkin iddianı da qismən təmin edərək tələbin Hasly MMC-yə qarşı yönəlməsini əsaslı hesab etmişdir. Belə olan halda, təmir işlərinin qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən hansı əsaslarla aparılması qeyri-müəyyən qalır. Təmir işləri fiziki şəxs Cavabdeh2 tərəfindən aparılması tamamilə qanunsuzdur. Əgər icarə müqaviləsinin tələblərindən irəli gəlsək, bu zaman təmir işlərini "xxxx" MMC apara bilər ki, belə olan halda məhkəmə Cavabdeh2 subyektiv hüququna qiymət verməli və onun öz adından deyil, "xxxx" MMC adından iddia irəli sürmək hüququnun olmasını nəzərə alaraq hazırki halda qarşılıqlı iddia tələblərini rədd etməli idi. b)Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətində qətnamənin ləğv edilərək ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətində göstərir ki, məhkəmə hazırki iş üzrə Mülki Məcəllənin 157.2-ci maddəsi, icarə hüquq münasibətləri ilə bağlı 700, 705-ci maddələri, əsassız varlanma ilə bağlı 1091 və 1092-ci maddələri tətbiq etmişdir. Qətnamə ilə razılaşmır. Belə ki, məhkəmə aralarındakı münasibətləri düzgün olaraq icarə münasibətləri kimi müəyyən etsə də, çəkilən xərclərin dəyəri ilə bağlı ekspert rəyi ilə razılaşmaqda haqlı olmamışdır. Məhz bunun nəticəsi olaraq Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarını onların ziyanına tətbiq etmişdir. Bununla yanaşı onu da qeyd edir ki, Xətai Rayon Məhkəməsi qarşı tərəfin xeyrinə əldən çıxmış fayda tutmaqda haqlı olmamışdır. Hamıya yaxşı bəllidir ki, pandemiya ilə bağlı qeyri-yaşayış sahələri uzun müddət işləməmişdir. Xətai Rayon Məhkəməsi həm növbəti illər üçün icarə pulunun, həm də, əldən çıxan fayda və ödənilməyən pul məbləğinin illik 5 faizi müəyyən etməklə tutulmasını qərara almışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə barışmaq mümkün deyildir. Belə ki, ödənilməyən icarə haqqına görə 9100 manat, əldən çıxmış faydaya görə 11200 manat pulun müəyyən eilməsini heç cür əsaslandırmamışdır. O və anası X1 Bakı şəhər sakini İddiaçı ilə ona məxsus ünvan 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 121.4 kv.metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair razılığa gəliblər. Razılığa əsasən qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən təmir edilməli, bundan sonra icarə müqaviləsi bağlanaraq istifadəyə verilməlidir. İddiaçı da icarəyə verənlə razılaşdıqları kimi qeyri-yaşayış sahəsində yüksək keyfiyyətli təmir işləri aparmışdır. Təmirdən sonra qeyri-yaşayış sahəsi tamamilə təzələnmiş və dəyəri də əvvəlkinə nisbətdə əhəmiyyətli dərəcədə qalxmışdır. Qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair cavabdehlə 2019-cu ilin sentyabr ayında notariat qaydada müqavilə bağlanmışdır. İcarə müqaviləsi cavabdeh İddiaçı ilə "xxxx" MMC arasında bağlanmışdır. Cəmiyyətin direktoru və təsisçisi o, Cavabdeh2dır. İddiaçı cavabdehə etibar etdiyindən onun dediklərinin hamısına əməl etmişdir. Cavabdeh müqavilənin hər il uzadılacağına iddiaçını əmin edərək hazırkı müqaviləni 1 il müddətinə bağlamaqla qeyri-yaşayış sahəsinə külli miqdarda sərmayə qoyulmasına nail olmuşdur. Hazırda isə cavabdeh icarə müqaviləsinin müddətini uzatmaq istəmir və yaranmış vəziyyətdən istifadə edərək onları qeyri-yaşayış sahəsindən çıxarmaq niyyətindədir. Qeyri-yaşayış sahəsi əsaslı təmir olunub, ora bahalı avadanlıqlar yerləşdirilib və artıq bir ildən çoxdur ki, restoran kimi fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsinin təmirinə tərəflərindən 206000 manatdan çox vəsait qoyulmuşdur. İcarə müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlansa da, qeyri-yaşayış sahəsi pandemiya ilə bağlı 1 ildən çoxdur ki, işləməmişdir. Buna baxmayaraq icarə haqqı mütəmadi olaraq artıqlaması ilə ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC Qiymətləndirmə Şirkətinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli N MB 13/1042 saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektində (Hasly restoran) aparılmış təmirbərpa işlərinin və avadanlıqların xx.xx.2020-ci il tarixinə hesablanmış bazar dəyəri 206709 manat təşkil edir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertlərin xx.xx.2021-ci il tarixli 10/2915 saylı rəyləri ilə müəyyən edilən qiymətlər işin həqiqi hallarına uyğun deyildir. Belə ki, mütəxəssis tərəfindən verilmiş hesabatda çəkilən xərclər 206709 manat təşkil etdiyi halda ekspert rəylərində qeyri-yaşayış sahəsinin təmirinə çəkilən xərclər on dəfə az, yəni 20865.50 manat məbləğində müəyyən edilmişdir. Hesab edirlər ki, işin hazırki halında onların qeyri-yaşayış sahəsinin təmirinə çəkdikləri xərclərin hesabına İddiaçı əsassız olaraq varlanmışdır. a) Apellyasiya şikayətlərinə qarşı etiraz olmadı b) Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, qarşı tərəfin apellyasiya şikayətinə isə etiraz edərək qətnamənin qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 vəsatətlə məhkəməyə müraciət edərək təyin olunmuş məhkəmə iclasında nə iddiaçının, nədə onun iştirakının mümkün olmadığını, məhkəmə baxışının təxirə salınmasını xahiş etmiş, lakin iştirakının mümkün olmamasının səbəbləri barədə vəsatəində heç bir arqument göstərməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilməsi nəzərdə tutulan hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 700-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. İlk iddiaçının apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni qarşılıqlı iddianın təmin edilən hissəsi, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin nəticə hissəsində isə qətnamənin ləğv edərək ilkin iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi xahiş edilsə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ilkin iddianın təmin edilən, qarşılıqlı iddianın təmin edilməyən hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Hər iki iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisələndirilən hissələrdə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə hər iki iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə qismən uzlaşdığından, üstəlik qarşı tərəfin etiraz və müdafiə hüquqlarına görə aradan tam qalxmadığı üçün də iddialar qismən haqlı sayılırdı. İlk iddiaçı şikayətində yalınz qarşılıqlı iddianın təmin edilən hissəsini mübahisələndirir. Belə ki, tərəfər arasında olan icarə müqaviləsinin şərtlərində (8-ci bənd) icarəçiyə təmir işlərinin aparılmasına yalnız əmlak sahibinin razılğı ilə yol verilməsi göstərilsə də təmir işlərini icarəçi deyil məhz onun qanuni təmsilçisi olan Cavabdeh2, özü də icarə müqaviləsi bağlananadək aparması işin mübahisəsiz halıdır. Deməli, təmir işləri icarə müqaviləsi bağlananadək, özü də icarəçi tərəfindən yox, onun qanuni təmsilçisi tərəfindən aparıldığından bu münasibətlərin qarışdırılması düzgün deyildir. Başqa sözlə icarə müqaviləsi bağlandıqdan sonra icarəçi yaxud hansısa şəxs tərəfindən təmir işləri aparılmamışdır. Buna görə də müqavilə öhdəliklərinin pozulmasından söhbət gedə bilməz. Bundan əlavə, ilk iddiaçı ilə Cavabdeh2 arasında icarə müqaviləsi bağlananadək qeyriyaşayış sahəsinin təmiri ilə bağlı razılaşma olmasaydı, yəqin ki, bu təmir işlərinə etiraz edərdi, ancaq etməmiş, etməsinə dair məhkəməyə sübut da təqdim etməmişdir. Demək ki, Cavabdeh2 bu işləri görməsi ilk iddiaçı ilə qarşılıqlı razılıq əsasında baş vermişdi. İlk iddiaçı da bu faktı təkzib etmir. Buna görə də Cavabdeh2 qarşılıqlı iddianı irəli sürməkdə subyektiv hüququ olmuş və bu iddianın "xxxx" MMC-nin adından irəli sürülməməsi onun əsassızlığına dəlalət etmir, həmçinin rədd edilməsi üçün də əsas deyildir. Ona görə də məhkəmənin qarşılıqlı iddiaçının təmir işləri aparması nəticəsində əmlak sahibinin əsassız olaraq varlanması ilə bağlı maddi hüquq normalarına istinad etməsi qanunsuz olmamışdır. Qarşılıqlı iddiaçı şikayətində həm ilkin iddianın təmin edilən hissəsini, həm də qarşılıqlı iddianın tam təmin edilməməsini mübahisələndirir. Belə ki, qarşılıqlı iddiaçı məhkəmənin qarşı tərəfin xeyrinə əldən çıxmış fayda tutmaqda haqlı olmadığını bəyan etsə də bunun qanuni əsası yuxarıda qeyd olunan Mülki Məcəllənin 705-ci maddəsində nəzərdə tutulmuşdur. Pandemiya ilə bağlı qeyri-yaşayış sahələrinin uzun müddət işləməməsi də, o hissədə iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Ona görə də icarə haqqının və əldən çıxmış faydanın müəyyən eilməsinin heç cür əsaslandırmaması dəlili əsaslı deyildir. Çünki, icarə haqqının məbləği icarə müqaviləsində müəyyən edilmişdir. Əldən çıxmış faydanın məbləği də məhz icarə haqqının məbləğinə uyğun məhkəmə tərəfindən təmin edilmişdir. Qeyri-yaşayış sahəsinin təmirinə 206000 manatdan çox vəsait qoyulmasının müəyyənləşdirilməsi xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə həm müstəqil qiymətləndiricinin rəyini almış, həm də iki dəfə məhkəmə tikinti-texniki ekspertiza keçirmişdir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli N MB 13/1042 saylı qiymətləndirmə hesabatında ünvan 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektində (Hasly restoran) aparılmış təmirbərpa işlərinin və avadanlıqların xx.xx.2020-ci il tarixinə hesablanmış bazar dəyərinin 206709 manat təşkil etməsi qeyd olunsa da qiymətləndirici qeyri-yaşayış sahəsində yerləşən avadanlıqların bazar dəyərini də hesablamışdır. Lakin məhkəmə tikinti-texniki eksprertizası tərəfindən qeyriyaşayış sahəsinin təmirinə çəkilən ümumi xərcin 20865,5 manat olduğu, ayrıla bilməyən əşyaların orta bazar qiyməti isə 1300 manat müəyyən edilmişdir. Demək, qarşılıqlı iddiaçının ayrıla bilməyən əşyalardan başqa ayrıla bilən avadanlıqların üzərində hüquqları mövcuddur və bunun dəyərini qarşı tərəfdən tələb edə bilməz. Ona görə də ekspert rəylərində qeyri-yaşayış sahəsinin təmirinə çəkilən xərclərin on dəfə az, yəni 20865.50 manat məbləğində müəyyən edilməsi əsassız olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən təmir-tikinti işlərinin dəyərinin yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertlərin köməyindən iki dəfə istifadə edilmişdir. Ekspertlər də də iş materialına əlavə edilmiş sübutlardan, o cümlədən tədqiqat obyektinə baxış keçirməklə rəy vermişdir. Lakin iddiaçı ekspert rəylərinin özünü mübahisələndirir. Ekspert bilə-bilə yalan verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz.Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Ancaq apellyasiya instansiyası məhkəməsi ekspert rəylərinin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsas görmür. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, ilk və qarşılıqlı iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda icarə münasibətləri, əsassız varlanma institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-50/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Aapellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-50/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumları apellyasiya şikayəti verən şəxslərə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4761/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4761/2022
15.08.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver