Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-669/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-2(113)-495/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələblərinin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, icarə müqaviləsinin müddəti üçün aylıq 2500 hesablanaraq icarə haqqının, xx.xx.2019-cu il tarixdən məhkəmə yekununa qədər torpaqdan istifadəyə görə icarə haqqının aylıq 300 manat hesablanaraq ödənilməsi, yararsız hala salınmış icarə obyektinin bərpasına görə 25.000 manat, kommunal xidmətlərdən istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqlarının hesablanaraq ödənilməsi barədə qətnamə və cavabdeh barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-2(113)-495/2022 nömrəli qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-2(113)-495/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində apellyasiya şikayəti verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-2(113)-495/2022 nömrəli qərardadı ilə, Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-2(113)- 495/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı Bakı Kommersiya Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-2(113)-495/2022 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və qətnamədən verilmiş apellyasiya şikayətinə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 2-2(113)-495/2022 nömrəli qətnaməsi barədə məlumat ona ötürülməmişdir, bu barədə Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli 19A-16- 10 nömrəli məktubu ilə ona məlumat verilmişdir. İddiaçı onun adına xx.xx.2022-ci il tarixdə elektron kabinet açılması bərabər yazılı məlumatı məhkəməyə (hakimə) təqdim etmişdir. Bütün lazım olan sübutları apellyasiya şikayəti ilə məhkəməyə təqdim etmişdir. O Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 2-2(113)-495/2022 nömrəli qətnaməsini yeni açılmış elektron kabinetdən xx.xx.2022-ci il tarixdə əldə etmiş və xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-664/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-2(113)-495/2022 nömrəli qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.8-ci maddəsinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Hazırkı halda iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi iddiaçının elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilsə də, iddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasıya texnologiyaları İdarəsinin Əməliyyatlar və texniki xidmət şöbəsinin iddiaçının sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ona bu barədə məlumat sistem vasitəsilə elektron qaydada ötürülməmişdir. Məktubda göstərilir ki, iddiaçı elektron kabinet yaradarkən şəxsi məlumatlar hissəsində bildirişlərin çatdırılması üçün məlumatlandırma vasitəsi olaraq hər hansı e-poçt və ya telefon nömrəsi qeyd olunmadığından məhkəmə qətnaməsi elektron kabinetə yerləşdirilsə də, onunla bağlı məlumat iddiaçıya ötürülməmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə müraciət edərək qətnamənin elektron kabinetə yerləşdirilməsinin təmin edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixdə iş materialları ilə tanış olmuş, iddiaçı tərəfindən apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarından iddiaçıya məhkəmə qətnaməsinin elektron kabinetə yerləşdirilməsi barədə məlumatın hansı tarixdə verildiyi aydın olmadığından apellyasiya şikayəti verilməsi üçün müddətin axımı onun iş materialları ilə tanış olduğu tarixdən hesablanarsa müddətin ötürülmədiyi müəyyən edilir. Birinci instansiya məhkəməsi qərardadında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında” Əsasnamənin 9.2.3-cü bəndinə istinad edərək qeyd etmişdir ki, sahib tərəfindən İnformasiya sisteminə daxil edilən və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumat və sənədləri daim izləmək informasiya sistemi iştirakçısının vəzifəsi olduğundan iddiaçı hazırki işlə bağlı onun elektron kabinetinə daxil olan bütün yeni məlumat və sənədləri daim izləməli idi. Qeyd edilən Əsasnamənin 2.1.2-ci bəndinə əsasən Əsasnamədə iştirakçı – hakimlər və məhkəmə aparatı işçiləri nəzərdə tutulur. Buna görə də, birinci instansiya məhkəməsi düzgün olmayaraq Əsasnamənin 9.2.3-cü bəndinə istinad etməklə iddiaçının apellyasiya şikayətini qaytarmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-2(113)-495/2022 nömrəli qərardadı ləğv edilməli, apellyasiya şikayəti mümkün sayılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-2(113)-495/2022 nömrəli qərardadı ləğv edilərək apellyasiya şikayəti mümkün sayılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-669/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-669/2022
24.06.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver