Məhkəmə qərarları › İş №2(103)-5522/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5522/2022

12.10.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5522/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-nə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi barədə ilkin; İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddiasına mülki iş üzrə QƏRARİ İş № 2(103)-5522/2022 Açar sözlər (zərərin ödənilməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(011)-194/2022 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh MMC arasında 14 fevral 2020-ci ildə notariat qadasında təsdiq olunmaqla icarə müqaviləsi bağlanmışdır. 2.Həmin icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 450 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixədək icarəyə verilmişdir. 3.Hazırda tərəflər həmin müqavilədən irəli gələn bir-birlərinə qarşı tələblər irəli sürmüşlür. a) Birinci instansiya məhkəməsində icraat 4.İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı Cavabdeh MMC-nə qarşı – Cavabdeh MMC-dən 48840 manat icarə haqqı, müqavilənin birtərəfli qaydada vaxtından əvvəl pozulmasına görə təzminat olaraq 48840 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 97710 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 5.İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 450 kv.metr olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və onun həmin əmlaka dair xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır (qeydiyyat № **********, reyestr № **********97-05301-083011). İddiaçı Cavabdeh MMC ilə bağladığı, xx.xx.2020-ci ildə Bakı şəhəri 23 saylı Notariat Ofisində reyestrdə 3M-259 № ilə qeyd olunmaqla təsdiq olunmuş icarə müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan qeyri-yaşayış sahəsini (215 kv.metr birinci mərtəbə və 235 kv.metr zirzəmi) cavabdehə icarəyə vermiş, cavabdeh isə icarə sahəsini qəbul edib ondan təyinatına uyğun istifadə etməyi və müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən icarənin müddəti xx.xx.2025-ci ilədək, aylıq icarə haqqı 8140 manat müəyyən olunmuşdur (icarə müqaviləsinin 4.1 və 5.1-ci bəndi). İcarə müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq icarə sahəsi icarəçiyə təmirsiz vəziyyətdə verilmişdir. Ona görə də razılaşmaya əsasən icarəçi müqavilənin qüvvəyə mindiyi tarixdən ilk 6 ayın haqqını ödəmişdir və sonrakı 6 ay isə icarə sahəsinin icarəçi tərəfindən təyinatı üzrə hazırlanması üçün ayrılmış və bu müddət hesabat dövrünə daxil edilməmiş, yəni sonrakı 6 ay üçün icarə haqqı hesablanmamışdır (müqavilənin 3.2 və 5.5-ci bəndləri). Cavabdeh icarə müddətinin ilk 6 ayının icarə haqqını ödəsə də, lakin icarə sahəsinin təmirini həyata keçirməmiş, icarə sahəsini iddiaçıya lazımı qaydada təhvil vermədən müqaviləni faktiki olaraq vaxtından əvvəl pozmuşdur. Halbuki, müqaviləyə görə icarəçi öz hesabına icarə sahəsini təmir etmək öhdəliyi götürdüyü üçün sonrakı 6 ayın icarə haqqından azad edilmişdir. İddiaçı bu öhdəliyini icra etmədiyi üçün xx.xx.2020ci ildən xx.xx.2021-ci ilədək olan 6 ay üçün 48840 manat (8140x6) icarə haqqını iddiaçıya ödəməlidir. Bundan başqa, müqavilənin 6.3.15-ci bəndinə görə müqavilə icarəçi tərəfindən birtərəfli qaydada vaxtından əvvəl pozulduğu halda təzminat olaraq 6 ayın icarə haqqını icarəyəverənə ödəməlidir. Müqavilənin 6.2.3-cü bəndinə görə icarəyəverən icarəçi tərəfindən bu müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini icarəçidən tələb edə bilər. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdeh xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan 6 ay üçün 48840 manat icarə haqqını və müqaviləni birtərəfli qaydada vaxtından əvvəl pozduğu üçün təzminat olaraq 48840 manat pulu iddiaçıya ödəməlidir. 6.Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh MMC cavabdeh İddiaçı qarşı – İddiaçı Cavabdeh MMC-nə qarşı iddiasının rədd edilməsi, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv olunması və İddiaçı icarə haqqı qismində ödənilmiş 42000 Azərbaycan manatı və ilkin təmir üçün xərclənmiş 7500 Azərbaycan manatının və məhkəmə rüsumu kimi ödənilmiş 30 manat olmaqla, ümumilikdə 49530 Azərbaycan manatı həcmində pul vəsaitinin tutularaq Cavabdeh MMC-nə ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 7.Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixində ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq 6 aylıq icarə haqqı (42000 Azərbaycan manatı) dəyərində pul vəsaiti cavabdehin bank hesabına köçürülmüşdür. İcarə müqaviləsi bağlamaqda Cavabdeh MMC olaraq iddiaçının məqsədi müvafiq qeyri-yaşayış sahəsinin təmir edilməsi olmayıb, həmin qeyri-yaşayış sahəsini öz biznes konseptinə uyğun şəkildə təmir etməklə və zəruri mal-material, avadanlıqlar almaqla biznes konseptinə uyğun olaraq kommersiya fəaliyyətini həyata keçirərək gəlir əldə etmək olmuşdur. Bu məqsədlə icarə müqaviləsi bağlandıqdan dərhal sonra qeyri-yaşayış sahəsinin interyer dizaynının hazırlanması və təmirinin həyata keçirilməsi üzrə fəaliyyətə başlanılmışdır. İcarə müqaviləsi bağlandıqdan cəmi iki həftə sonra (xx.xx.2020-ci il tarixində) Azərbaycan Respublikasında “Covid-19” virusuna ilk yoluxma faktı qeydə alınmışdır. Keçən ilin mart ayından etibarən isə bütün ölkə miqyasında “Covid- 19” virusunun yayılmasının qarşısının alınması məqsədilə məhdudiyyətlər tətbiq olunmağa başlanılmışdır. Eləcə də, “X6” tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhərində yerləşən bütün qeyri-yaşayış sahələrində həyata keçirilən bütün təmir işlərinin dayandırılması ilə bağlı tapşırıq verilmiş və bu tapşırıq ötən ilin may ayına qədər qüvvədə qalmışdır. Pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərin zaman etibarilə daha da sərtləşdirilməsi və əlavə məhdudiyyətlərin tətbiqi (sosial məsafə, ictimai iaşə obyektlərinin iş qrafiki ilə bağlı məhdudiyyətlər, biznes konseptinin əsas hissəsi olan qəlyan xidmətləri ilə bağlı nəzərdə tutulmuş əlavə məhdudiyyətlər) və sonradan müharibənin başlanması nəticəsində şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, mövcud şəraitlə bağlı yaranmış maliyyə itkiləri, eləcə də mövcud şərait daxilində biznesin müvafiq layihə üzrə gəlir əldə etmək perespektivinin olmaması səbəbindən tərəfindən müvafiq layihənin icrasının ağlabatan olmaması qənaətinə gəlinmiş və bununla bağlı İddiaçı məlumat verilmişdir. İlkin iddia üzrə iddiaçı arasında bağlanmış icarə müqaviləsinin 6.2.3 və 6.3.15 bəndlərini rəhbər tutmaqla öz tələblərini AR Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələri ilə əsaslandırmışdır. Mülki Məcəllənin sözügedən maddələrində müvafiq olaraq qeyd olunmuşdur: “Zərərin əvəzinin tələb edilməsi hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Cari münasibətlər çərçivəsində İddiaçı MM-in 21.2-ci maddəsinə əsaslanaraq hər hansı pul vəsaitinin onlardan tələb etməsi ilə bağlı iddiası tamamilə əsassızdır. Belə ki, həmin maddəyə bir daha diqqət etdikdə aydın olur ki, İddiaçı heç bir real zərər dəyməmişdir (hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi). Onun əmlakı zədələnməmiş, əldən çıxmamış və yaxud da real maliyyə itkisi ilə üzləşməmişdir. Buradan məlum ola bilər ki, İddiaçı tələbi real zərərlə bağlı olmayıb, əldən çıxmış fayda ilə bağlıdır. Mülki Məcəllənin müvafiq maddəsinə bir daha diqqət yetirərək “Əldən çıxmış fayda” anlayışı ilə bağlı verilmiş açıqlamaya baxdıqda Mülki Məcəllənin müvafiq maddəsində qeyd olunur ki, “Əldən çıxmış fayda dedikdə şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər basa düşülür”. Yəni şəxs adi mülki-iqtisadi münasibətlər çərçivəsində əldə edəcəyini ehtimal etdiyi gəliri onlardan tələb edir. Ancaq burada əsas nüanslardan biri unudulur. Keçən ilin mart ayından etibarən bu günədək davam etməkdə olan pandemiya adi mülki dövriyyə münasibətlərinə nə dərəcədə təsir edib? Ümumiyyətlə şəxs müqavilə münasibətlərinə daxil olduqdan sonra bu günədək adi mülki-iqtisadi münasibətlər faktiki olaraq mövcud olubmu? Təbii ki, “COVİD-19” virusunun yayılması, bununla bağlı tətbiq olunan və hələ də davam edən məhdudiyyətlər iddiaçıya deməyə əsas verir ki, sözügedən müqavilə bağlanan zaman mövcud olan münasibətlər adi mülki münasibətlər olsa da, dərhal sonra cari pandemiyanın yayılması bu münasibətlərin adi mülki münasibətlər olmaması ilə nəticələnmişdir. Bu baxımdan, İddiaçı adi mülki münasibətlərə əsaslanmaqla iddiaçıya qarşı hər hansı pul tələbinin olması tamamilə əsassızdır. 8.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 04 may 2022-ci il tarixli, 2(011)-194/2022 saylı qətnaməsi (sədrlik edən-Lalə Rəhimli) ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 14 fevral 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 9.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. 10.İş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh MMC adından X2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi öhdəsinə götürmüşdür. 11.Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə sahəsi icarəçi tərəfindən müxtəlif (mağaza, ofis, serviç mərkəzi, satış sahəsi, anbar, kafe və.s) fəaliyyət məqsədləri üçün istifadə edilə bilər. Tərəflərin qarşılıqlı razılığı ilə icarə sahəsinin digər funksional təyinatı məyyən edilə və bu müqavilədə dəyişdirilə bilər. 12.Həmin müqavilənin 3.1 və 3.2-ci bəndlərinə əsasən icarə sahəsi icarəçiyə təmirsiz halda təhvil verilir; icarə müqaviləsi qüvvəyə mindiyi tarixdən, növbəti 6 təqvim ayı üçün icarə haqqı ödənilicək, sonrakı 6 təqvim ayı isə icarə sahəsinin icarəçi tərəfindn təyinatı üzrə hazırlanması üçün ayrılır və bu müddət hesabat dövrünə daxil daxil olmayacaqdır. 13.Həmin müqavilənin bu müqavilə akspt (hər iki tərəfdən qeyd-şərtsiz imzalanaraq təsdiq edildiyi) andan qüvvəyə minir və xx.xx.2025-ci il tarixədək qüvvədədir. 14.Həmin müqavilənin 5.1-ci bəndinə əsasən aylıq icarə haqqı 8140 AZN müəyyən edilir. İcarəçi Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq, icarə haqqının 14%-ni ÖMV (X3) kimi- 1140 AZN məbləği büdcəyə, 86%-ni, yəni 7000 manat AZN məbləği icarəyə verənin hesabına ödəyəcək. 15.Həmin müqavilənin 5.5-ci bəndinə əsasən bu müqavilənin 3.2-ci bəndinin tələblərinə uyğun olaraq icarə müddətinin ilk 6 ayından sonrakı 6 ay üçün icarə haqqı hesablanmayacaqdır. 16.Həmin müqavilənin 6.2.3-cü bəndinə əsasən icarəçi tərəfindən bu müqavlədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini icarəçidən tələb etmək icarəyə verənin hüququdur. 17.Həmin müqavilənin 6.3.15-ci bəndinə əsasən bu müqavilə icarəçi tərəfindən birtərəfli qaydada vaxtından əvvəl poxuzulduğu halda, icarəçi obyektin obyektin və onun hissələrinin qanunla müəyyənləşdirilmiş qaydada aşınması (normal köhnəlməsi) nəzərə alınaraq, saz vəziyyətdə, quraşdırılmış olduğu bütün daşınabilən avadanlıqları götürməklə, icarəyə verənə təqdim edir. Eyni zamanda, icarəçi icarə obyektini təhvil-təslim aktı ilə icarəyə verənə təhvil verdikdən 5 gün qabaq təzminat olaraq 6 ayın ümumi icarə haqqını ödəyir. 18.İş materiallarında olan xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, X2 (Cavabdeh MMC-nin təsisçisi) tərəfindən İddiaçı hesabına ümumilikdə 42000 manat pul vəsaiti köçürülmüşdür. 19.İş materiallarında olan xx.xx.2021-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nə icarə haqqının ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 20.İş materiallarında olan xx.xx.2020-ci il tarixli № CL-02 saylı məktubun surətindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı icarə müqaviləsinin qarşılqılı razılıq əsasında ləğv olunması və pul vəsaitinin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 21.İş materiallarında olan xx.xx.2021-ci il tarixli № CL-003 saylı məktubun surətindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı icarə müqaviləsinin qarşılqılı razılıq əsasında ləğv olunması barədə xəbərdarlıq edilmişdir. 22.İş materiallarında olan xx.xx.2021-ci il tarixli № CL-005 saylı məktubun surətindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı icarə müqaviləsinin qarşılqılı razılıq əsasında ləğv olunması və pul vəsaitinin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 23.İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5945 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 450 kv.metr olan qeyri-yaşayış sahəsinin daxilində əlavə tikinti işləri aparılaraq ilkin vəziyyəti saxlanılmamışdır. Lakin mülki iş materiallarından olan və baxış zamanı təqdim olunmuş foto şəkillərdən görünür ki, qeyri-yaşayış sahəsinin birinci və zirzəmi mərtəbəsinin divarlarına şpaklyovka çəkilmişdir. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin 2020-ci il fevral ayı üçün mövcud olan bazar qiymətləri nəzərə alaraq ümumi dəyəri təqribən 2486 manatməbləğində müəyyən olunur. Aparılmış təmir işlərinə çəkilmiş xərclərin amortizasiya (köhnəlmə) əmsalı tədbiq olunmaqla dəyərini müəyyən olunmasına dair metodika olmadığı üçün, təmir işlərinə amortizasiya (köhnəlmə) əmsalı tədbiq olunmaqla dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır. Tədqiq olunan mənzildə aparılmış tikinti-təmir işlərinin nədən ibarət olması, həmin tikinti işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyin tədqiqat hissəsində göstərilən smetada ətraflı göstərilmişdir. 24.Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən İddiaçı tərəfindən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh MMC-nə icarəyə verilmiş, müqavilə təsdiq edildiyi andan xx.xx.2025-ci il tarixədək qüvvədə olmasına dair tərəflər razılaşmış və 6 aylıq icarə haqqı əvvəlcədən icarəçi tərəfindən ödənilmiş, növbəti 6 təqvim ayı üzrə icarə haqqı icarəçi tərəfindən icarə obyektinin təyinatı üzrə hazırlanması üçün ayrılmışdır və bu müddət hesabat dövrünə daxil olmamışdır. Müqavilədə aylıq icarə haqqı 8140 manat müəyyən edilmişdir. 25.Məhkəmə qeyd etmişdir ki, həmçinin mübahisəsiz qaydada müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası ərazisində “Covid-19” virusu ilə bağlı məhdudlaşdırılmalar başlanmış, bununla bağlı icarəçi Cavabdeh MMC tərəfindən göstərilən ünvanda təmir işləri tam aparılmamış, həmçinin icarə obyektindən təyinatı üzrə istifadə edilməmişdir. Digər tərəfdən, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, X2 (Cavabdeh MMC-nin təsisçisi) tərəfindən İddiaçı hesabına ümumilikdə 42000 manat pul vəsaiti (icarə haqqı) köçürülmüşdür. 26.Məhkəmə ölkə ərazisində baş vermiş pandemiya şəraiti ilə əlaqədar hesab etmişdir ki, icarə müqaviləsi üzrə götürülən öhdəliklər tərəflərin iradəsindən aslı olmayan səbəblərdən icra edilməmişdir. 27.Hər iki tərəfin məhkəmədə verdikləri izahatlardan göründüyü kimi, tərəflər aralarında bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə qarşılıqlı razıdırlar. 28.Məhkəmə ilk növbədə “icarə müqaviləsinin ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, hər iki tərəf müqavilənin ləğv edilməsinə qarşılıqlı şəkildə razı olduqlarından, tərəflər arasında bağlanmış icarə müqaviləsi Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, ləğv edilməli və qarşılıqlı iddia göstərilən hissədə təmin edilməlidir. 29.Məhkəmə həm ilk iddia tələblərinə, həm də qarşılıqlı iddia tələbinin pulun tutulması ilə bağlı hissələrinə hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin onun tərəfləri olan icarəyə verən İddiaçı və ya icarəçi Cavabdeh MMC tərəfindən əhəmiyyətli dərəcədə pozulması müəyyən edilmədiyindən, onlar müqavilə üzrə icra etdiklərini Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən geri ödənilməsini tələb edə bilməzlər. Odur ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia göstərilən hissələrdə əsassız olduğundan, təmin edilməməlidir. 30.Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 31.Məhkəmə hesab etmişdir ki, ilkin və qarşılıqlı iddia tələbləri üzrə ödənilmiş dövlət rüsumu ödəyən tərəflərin özlərinə aid edilməli, ilkin iddia təmin edilmədiyindən və qarşılıqlı iddia qismən təmin edildiyindən, məhkəmə xərclərinə daxil olan ekspertiza tədqiqatının dəyəri olan 100 manat ilk Cavabdeh MMC-dən tutularaq, dövlət nəfinə ödənilməlidir. 32.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 448.2, 448.2, 739.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 472.1, 472.2 və 472.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 33.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən-ilk iddianın təmin olunmaması və qarşılıqlı iddianın təmin olunmasına dair hissədə ləğv edilməsini, ilk iddianın təmin və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 34.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi ilkin iddia üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “tərəflər arasında icarə müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası ərazisində “Covid-19” virusu ilə bağlı məhdudlaşdırılmalar başlanmış, bununla bağlı icarəçi Cavabdeh MMC tərəfindən göstərilən ünvanda təmir işləri tam aparılmamış, həmçinin icarə obyektindən təyinatı üzrə istifadə edilməmişdir.Ölkə ərazisində baş vermiş pandemiya şəraiti ilə əlaqədar icarə müqaviləsi üzrə götürülən öhdəliklər tərəflərin iradəsindən aslı olmayan səbəblərdən icra edilməmişdir”. İcarə müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq icarə sahəsi icarəçiyə təmirsiz vəziyyətdə verilib. Razılaşmaya əsasən icarəçi müqavilənin qüvvəyə mindiyi tarixdən ilk 6 ayın (2020-ci il fevralın 14-dən avqustun 14-dək olan dövrün) icarə haqqını ödəyib və sonrakı 6 ay (xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan dövr) isə icarə sahəsinin icarəçi tərəfindən təyinatı üzrə hazırlanması üçün nəzərdə tutulub və bu müddət hesabat dövrünə daxil edilməyib, yəni sonrakı 6 ay üçün icarə haqqı hesablanmayıb (müqavilənin 3.2 və 5.5-ci bəndləri). Ölkədə “Covid-19” virusu ilə bağlı tətbiq olunan məhdudiyyətlər arasında xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək təmir-tikinti işlərinin dayandırılması olmayıb. Bu dövrdə qapalı məkanlarda gözlənilməli olan tələblərə əmək etməklə müvafiq işlər aparıla bilərdi. Odur ki, cavabdehin icarə obyektinin təmiri üzrə öhdəliyini icra etməməsi onun iradəsindən asılı olmayan halla bağlı olmayıb. Qətmanədə göstərilən “pandemiya ilə əlaqədar icarə obyektindən təyinatı üzrə istifadə edilməməsi” də cavabdehi öz öhdəliyinin icrasından azad etmir. Belə ki, cavabdehin öhdəliyi elə icarə oyektini təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirmək olub və məhz bunun müqabilində o, 6 aylıq icarə haqqının ödənilməsindən azad edilib. Mübahisə bu öhdəliyin yerinə yetirilməməsi və ya əvəzində həmin dövrün icarə haqqının ödənilməməsi ilə bağlıdır. Bundan başqa, müqavilədə icarə haqqının ödənilməsini icarə obyektindən təyinatı üzrə istifadədən götürüləcək gəlirdən asılı edən hər hansı şərt nəzərdə tutulmayıb. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almayıb. instansiya məhkəməsi bir tərəfdən icarə müqaviləsinin şərtlərinin pozulmadığını göstərərək tərəflərin bir-birinə qarşı pul tələbi barədə iddiasını rədd edib, digər tərəfdən isə müqaviləni ləğv edib. Halbuki məhkəmə tərəflərdən birinin tələbi ilə müqaviləni yalnız digər tərəf onu əhəmiyyətli dərəcədə pozduqda ləğv edə bilərdi. Beləliklə, məhkəmə ziddiyyətli nəticəyə gəlməklə AR MM-in 421.2 maddəsini pozub. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 35.Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 36.Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. 37.Növbəti məhkəmə iclasının vaxtı və yeri bardə İddiaçı nümayəndəsi və vəkili Vəkil lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 38.Maddə 60-ın 1-ci hissəsi. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təmnat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 39.Maddə 6.2 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 40.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 41.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 42.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 43.Maddə 422.1.Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 44.Maddə 422.2.Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: -422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; -422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; -422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; -422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 45.Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 46.Maddə 442.1.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 47.Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 48.Maddə 443.2.Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 49.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 50.Maddə 448.4.Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 51.Maddə 700.1.İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 52.Maddə 700.2.İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respblikası Mülki Prosessual Məcəlləsi: 53.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 55.Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 56.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 57.Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 58.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 59.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 60.Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 61.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 62.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 63.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 64.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini ilk iddianın təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki apellyator qətnaməni qeyd olunan hissələrdə mübahisələndirməklə, cavabdeh qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 65.Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndlirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə mübahisələndirilən hissədə ləğv olunmalı, həmin hissələrdə yeni qətnamə qəbul olunmalıdır. 66.Kollegiya ilk olaraq qeyd edir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. 67.Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 68.Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. 69.Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. 70.Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 71.Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. 72.Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. İcarə müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf – icarəyə vərən mülkiyyətində olan daşınmaz əmlakı icarəçinin istifadəsinə verməklə, müqavilədə nəzərdə tutulan icarə haqqı məbləğindən, digər tərəf – icarəçi icarəyə götürdüyü sahəni öz biznes məqsədləri üçün istifadə etməklə, gəlir əldə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. 73.Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə icarəçi Cavabdeh MMC adından X2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə sahəsi icarəçi tərəfindən müxtəlif (mağaza, ofis, serviç mərkəzi, satış sahəsi, anbar, kafe və.s) fəaliyyət məqsədləri üçün istifadə edilə bilər. Tərəflərin qarşılıqlı razılığı ilə icarə sahəsinin digər funksional təyinatı məyyən edilə və bu müqavilədə dəyişdirilə bilər. Müqavilənin 3.1 və 3.2-ci bəndlərinə əsasən icarə sahəsi icarəçiyə təmirsiz halda təhvil verilir; icarə müqaviləsi qüvvəyə mindiyi tarixdən, növbəti 6 təqvim ayı üçün icarə haqqı ödənilicək, sonrakı 6 təqvim ayı isə icarə sahəsinin icarəçi tərəfindn təyinatı üzrə hazırlanması üçün ayrılır və bu müddət hesabat dövrünə daxil daxil olmayacaqdır. Müqavilənin bu müqavilə akspt (hər iki tərəfdən qeyd-şərtsiz imzalanaraq təsdiq edildiyi) andan qüvvəyə minir və xx.xx.2025-ci il tarixədək qüvvədədir. Müqavilənin 5.1-ci bəndinə əsasən aylıq icarə haqqı 8140 AZN müəyyən edilir. İcarəçi Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq, icarə haqqının 14%-ni ÖMV (X3) kimi-1140 AZN məbləği büdcəyə, 86%-ni, yəni 7000 manat AZN məbləği icarəyə verənin hesabına ödəyəcək. Müqavilənin 5.5-ci bəndinə əsasən bu müqavilənin 3.2-ci bəndinin tələblərinə uyğun olaraq icarə müddətinin ilk 6 ayından sonrakı 6 ay üçün icarə haqqı hesablanmayacaqdır. Müqavilənin 6.2.3-cü bəndinə əsasən icarəçi tərəfindən bu müqavlədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini icarəçidən tələb etmək icarəyə verənin hüququdur. Müqavilənin 6.3.15-ci bəndinə əsasən bu müqavilə icarəçi tərəfindən birtərəfli qaydada vaxtından əvvəl poxuzulduğu halda, icarəçi obyektin obyektin və onun hissələrinin qanunla müəyyənləşdirilmiş qaydada aşınması (normal köhnəlməsi) nəzərə alınaraq, saz vəziyyətdə, quraşdırılmış olduğu bütün daşınabilən avadanlıqları götürməklə, icarəyə verənə təqdim edir. Eyni zamanda, icarəçi icarə obyektini təhvil-təslim aktı ilə icarəyə verənə təhvil verdikdən 5 gün qabaq təzminat olaraq 6 ayın ümumi icarə haqqını ödəyir. 74.Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. 75.Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 76.Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. 77.Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. 78.Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 79.Maddənin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. 80.Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur. 81.Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar. 82.Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. 83.Lakin müqavilənin bu əsas üzrə məhkəmə tərəfindən ləğv edilməsi üçün əlavə tələblər nəzərdə tutulmuşdur: 1) müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 2) şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 3) müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 4) işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir (Mülki Məcəllənin 422.2-ci maddəsi). 84.Kollegiya qeyd edir ki, koronovirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində 2020-ci ilin mart ayından başlayaraq Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiq edilməsi, ayrı-ayrı vaxtlarda insanların hərəkətinin məhdudlaşdırılması və iqtisadiyyatın bəzi sahələrində fəaliyyətin dayandırılması hamıya bəlli olan hallardır və Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən bu halların sübut olunmasına zərurət yoxdur. 85.İşin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2020-ci ildə tərəflər arasında icarə müqaviləsi bağlanır, cavabdeh xx.xx.2020-xx.xx.2020-ci illər üçün 6 aya görə 42000 manat icarə haqqını ödəyir. 30 mart 2020-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 120 saylı Qərarının 4.6.2-ci bəndinə əsasən Azərbaycan Respublikası ərazisində ictimai iaşə obyektlərində, o cmlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər, həmçinin evə götürmə, çatdırma xidmətləri, onlayın satışlar dayandırılmışdır. Müqavilədə xx.xx.2020-xx.xx.2021-ci illər cavabdehə icarə sahəsi təyinatı üzrə hazırlanması üçün ayrılmaqla, həmin müddət hesabat dövrünə daxil olmamala, 6 ayın icarə haqqının hesablanmaması nəzərdə tutulmuşdur. 86.İş materiallarında olan cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş bizneç-plan və vergi məlumatlarına əsasən cavabdehin bizneslə bağlı fəaliyyəti çayxana fəaliyyəti olmaqla, əsas gəlir mənbəyinin 80%-ni qəlyan təşkil etmişdir (i/v 76-79). 87.Göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinə geniş anlamda yanaşılmaqla qeyd olunmalıdır ki, cavabdeh icarə sahəsini təmir üçün deyil, təmir edib, istifadə nəticəsində gəlir əldə etmək üçün götürmüşdür. 88.Çayxanalarda qəlyanla bağlı fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları əsasında xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə kimi dayandırılmışdır. 89.Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə bağlandıqdan sonra şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. 90.Kollegiya qeyd edir ki, şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri cavabdeh müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməzdi. 91.Cavabdehin biznes fəaliyyətinin əsası olan çayxanadan əldə edilən gəlirin 80%-ni təşkil edən qəlyan fəaliyyətinin karantin rejimi ilə bağlı dayandırılmasını cavabdeh tərəf müqavilə bağlanarkən, yəni xx.xx.2020-ci ildə görə bilməzdi. Əgər cavabdeh bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görsəydi, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənin şərtlərlə bağlayar və ya ümumiyyətlə müqaviləni bağlamaqdan imtina edərdi. 92.Cavabdehin icarə haqqını ödəməkdən azad olduğu xx.xx.2020-xx.xx.2021-ci il ərzində cüzi olaraq təmir işlərinin aparılması işin mübahisəsiz halıdır. Cavabdeh şərait əməmiyyətli dərəcədə dəyişdiyindən, xx.xx.2020-ci ildə müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıya məktub gönldərmişdir. Bundan sonra xx.xx.2021 və xx.xx.2021-ci illərdə cavabdeh iddiaçıya yenidən məktublar göndərmişdir. 93.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 sentyabr 2018-ci il tarixli Qərarında qeyd olunur ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir. 94.Göründüyü kimi, müvafiq qeyri-yaşayış sahəsinin təmirsiz olması və təmiri üçün külli miqdarda pul vəsaitinin tələb olunması şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında, cavabdeh üçün öhdəliyin ağır şərtlərlə icrasına gətirib çıxartmış olardı. 95.Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 448.4-cü maddəsi borclunun öhdəliyinin pozulmasına görə məsuliyyəti daşımamasının əsaslarını müəyyən etmişdir. Həmin maddənin 1-ci cümləsinə görə borclunun öhdəliyin pozulmasına görə məsuliyyətdən azad olunması üçün 1.pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, 2.yaxud da bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirməlidir. 96.Beləliklə, tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi qismən icra etsə də, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində öhdəliyinin qalan hissəsini icra edə bilməmişdir. Kollegiya hesab edir ki, qeyd olunanlar cavabdehin öhdəliyinin pozulmasına görə onun məsuliyətinə səbəb olmur. 97.Beləliklə, kollegiya hesab edir ki, müqavilə şərtlərinin pozulmasına görə cavabdehin məsuliyyəti yaranmadığından, mübahisələndirilən hissədə ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. 98.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(011)-194/2022 saylı qətnaməsi mübahisələndirilən-ilk iddianın rədd, qarşılıqlı iddianın qismən təmin edilən hissələrində ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia mübahisələndirilən hissədə təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 14 fevral 2020-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar