Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4764/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı hüquqi varisi X6, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı (Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli 2(004)-1228/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X5 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12000 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 18 mart 2005-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 1 otaqlı evini ona satacağını bildirərək bu məqsədlə ondan 3000 ABŞ dolları məbləğində pulunu almışdır. O, həmin ünvana pasport qeydiyyatına da alınmış, lakin cavabdeh hazırda həmin 1 otaqlı mənzili (söküntü ərazisində olduğu üçün) ona verməkdən imtina edir. Cavabdeh 18.03.2005-ci il tarixdə yazdığı öz əlyazması ilə də bu halı təsdiq etmişdir. Hazırda Yasamal rayonunda söküntü ərazisində minimum hər kv.m üçün 1500 manat müəyyən edildiyindən, 8 kv.m yaşayış sahəsinə görə ödəniləcək kompensasiyanın məbləği 12000 manat müəyyən edilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(006)- 1734/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 3000 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun) məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv olunmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı 3000 ABŞ dolları beh ödəmişdir. Daha sonra iddiaçı mənzili almaqdan imtina etdiyini bildirmiş və bundan sonra onun sonuncu ilə ünsiyyəti olmamışdır. Məhkəmənin hazırlıq iclasında iştirak etsə də, baxış iclası barədə ona məlumat verilməmişdir. İddiaçı 2019-cu ildə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. İddiaçı pulu ona beh kimi verdiyinə görə, həmin pulu qaytarmaq kimi öhdəliyi yoxdur. Kollegiyanın iclasında X6 ərizə verərək, bacısı İddiaçı Naməd qızının vəfat etdiyini və iş üzrə iddiaçının hüquqi varisi kimi onunla əvəz olunmasını xahiş etmişdir. Təqdim edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı Naməd qızı 11.11.2019-cu il tarixdə ölmüşdür. 26.08.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki, İddiaçı Naməd qızının vərəsəsi bacısı X4r. Kollegiya tərəfindən 11.11.2019-cu il tarixdə vəfat etmiş İddiaçı Naməd qızı prosessual hüquq varisi – bacısı X6 ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin göstərdi ki, tərəflər arasında 18.03.2005-ci il tarixdə evin satılması ilə bağlı anlaşma olub, bu məqsədlə 3000 ABŞ dolları beh verilmişdir, sonra iddiaçı fikrini dəyişib evi almaqdan imtina etmişdir, cavabdeh isə pulu qaytarmağa imkanı olmadığını bildirmişdir, həmçinin beh verildiyi üçün belə bir öhdəliyi də olmamışdır. İddiaçı 14 ildən sonra iddia qaldırıb, həmin pulu istəmişdir. Cavabdeh hazırlıq iclasında iştirak edib, lakin baxış iclası barədə məlumat verilməyib. İddia müddəti ötürülmüşdür, məhkəmə iclasında iştirak etmədiklərindən bu barədə birinci instansiya məhkəməsində ərizə verə bilməmişlər. Mübahisəli ev sənədsiz olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının hüquqi varisi şikayətin dəlilləri ilə razılaşmayaraq, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin göstərdi ki, cavabdehlə qonşu olmuşdur, həmin 3000 ABŞ dollarının verilməsi ilə bağlı 18.03.2005-ci il tarixli qəbz də onun evində yazılmışdır. Cavabdeh ümumi həyətdə özünə məxsus sənədsiz bir otağı satırdı. Evin sənədi yox idi. Cavabdeh 6000 ABŞ dollarına otağı satdığını, 3000 ABŞ dollarının əvvəldən verilməsini, həmin pulun bir hissəsi ilə başqa borcunu ödəməli olduğunu, qalan hissəsi ilə öz evini sənədləşdirəcəyini, bundan sonra da alqı-satqı edəcəklərini bildirmişdir. 3000 ABŞ dolları beh kimi verilməmişdir, evin dəyərinin yarısı olaraq ödənilmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh onları aldadır, evi daha əvvəl də başqa adama satmışdır. Hətta bacısı bir müddət qardaşı oğlu ilə birlikdə həmin otaqda yaşamışdır ki, cavabdeh ya pulu qaytarsın, ya da otağı təhvil versin. Aldadıldıqlarını bildikdən sonra polisə şikayət etmişlər, həmin vaxt cavabdeh bildirmişdir ki, ev söküləndə pulu qaytaracaqdır. Buna görə 14 il gözləyiblər ki, cavabdeh pulu ev söküləndə qaytaracaq, lakin sonradan bilmişlər ki, həmin ərazidə söküntü ilə bağlı cavabdehin onun bacısına satdığı otaq da sökülmüş və cavabdeh kompensasiya almışdır, amma onların pulunu qaytarmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi icraya yönəldikdən sonra cavabdehin pensiyasından 30% tutulmağa başlamış, sonuncu da ərizə ilə müraciət edərək 25% tutulmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 18.03.2005-ci il tarixli əlyazmada qeyd edilmişdir ki, Cavabdeh mənə İddiaçı Neymət qızı evin satılması üçün 3000 ABŞ dolları verdi. “Verdim- İddiaçı və aldım-Sadıxova N.H.” qeyd edilərək imzalanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Natəvan Sadıqova tərəfindən sözügedən mənzilin satışına görə ödəniş olaraq, İddiaçı 3000 ABŞ dolları məbləğində pul götürülmüş, iddiaçı tərəfindən mənzilin alışı məqsədi ilə etdiyi ödəniş ona geri qaytarılmamışdır. Mənzilin sənədi olmamışdır. Cavabdeh məhkəmənin 23.01.2019-cu il tarixli hazırlıq iclasında iştirak edərək, iddiaçıdan 3000 ABŞ dolları pul aldığını və bu hissədə iddianı qəbul etdiyini, lakin iddiaçının 12000 manat tələbi ilə razı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Odur ki, cavabdeh Natəvan Sadıqova tərəfindən pulun İddiaçı alınması və geri qaytarılmaması işin mübahisəsiz hallarını təşkil edir. İddiaçı tələbində cavabdehin evi ona vermədiyinə görə, hazırda isə Yasamal rayonunda söküntü ərazisində minimum hər kv.m üçün 1500 manat olduğundan, 8 kv.m yaşayış sahəsinə görə ödəniləcək kompensasiyanın məbləği olan 12000 manatı tələb etmişdir. Cavabdeh isə iddiaçının 3000 ABŞ dollarını beh kimi verdiyini, qaytarmaq öhdəliyinin olmadığını və iddiaçının müddəti ötürdüyünü qeyd etmişdir. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmadığından, məhkəmə mübahisənin əsassız varlanma haqqında normalara əsasən həll edilməli olması və cavabdehin iddiaçıdan aldığı 3.000 ABŞ dollarının hüquqi əsası olmadığından cavabdehin həmin məbləğ həddində iddiaçının hesabına əsassız varlanması qənaətinə gəlmişdir. Cavabdehin pulun beh kimi verilməsi barədə dəlilləri əsassızdır. Müəyyən edilmişdir ki, mübahisəli ev qeydiyyata alınmamış, özbaşına tikili olmuşdur. Tərəflər arasında evin alqı-satqı barədə razılıq olmuş, 3000 ABŞ dolları da evin dəyərinin yarısı kimi cavabdehə verilmişdir, lakin cavabdeh evi iddiaçıya təhvil verməmiş, nə də pulu qaytarmamışdır. Belə olan halda cavabdeh 3000 ABŞ dolları pulu hüquqi əsas olmadan əldə etməklə əsassız varlanmışdır və əsassız varlanma nəticəsində əldə etdiklərini qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlillərini əsassız hesab edən Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Kollegiya qeyd edir ki, qeyd olunan müddət kəsici yox, iddia müddətidir və bu müddətin tətbiqi üçün cavabdeh işə baxan birinci instansiya məhkəməsinə ərizə verməlidir. Apelyasiya instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə yalnız o halda qəbul oluna bilər ki, cavabdeh obyektiv səbəblərdən birinci instansiya məhkəməsindəki icraatdan məlumatsız olsun. Cavabdehin məhkəmənin baxış iclası barədə məlumatının olmaması barədə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh məhkəmənin 23.01.2019-cu il tarixli hazırlıq iclasında iştirak etmiş, məhkəmənin baxış iclasının 04.02.2019-cu il tarixə təyin edilməsi barədə məhkəmə bildirişi X3 tərəfindən imza edilərək qəbul edilmiş (i.v.26), həmçinin bu barədə iş materiallarında qeyd olunan telefon nömrəsinə SMS bildiriş göndərilmiş (i.v.29), 04.02.2019-cu il tarixli məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə iclası 25.02.2019-cu il tarixə təxirə salınmış (i.v.31), bu barədə məhkəmə bildirişi də X3 tərəfindən imza edilərək qəbul edilmişdir (i.v.32). Göründüyü kimi cavabdehin qeyd olunan dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə cavabdeh tərəfindən apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1228/2019 saylı iş üzrə 25 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4764/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4764/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver