Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4765/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddaçı İddiaçı nümayəndəsi X1 və vəkili X6, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2, onun vəkili X8 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-594/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər X7, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 tərəfindən birgə və cavabdeh X7 tərəfindən ayrı verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X7 cavabdeh qismində cəlb edilməklə, oğlu X9 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, 121 saylı evə köçürülməsi, həmin evə iddiaçının istifadə hüquqlarının tanınması və cavabdehlər tərəfindən yaşayış sahəsindən istifadəyə edilən müdaxilələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-594/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunaraq İddiaçı 17.03.2005-ci il təvəllüdlü X9 ilə birlikdə Cavabdeh4 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, 121 saylı fərdi yaşayış evinə köçürülməsi və həmin evə İddiaçı istifadə hüququnun tanınması, İddiaçı və yetkinlik yaşına çatmayan 17.03.2005- ci il təvəllüdlü X4 Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, 121 saylı fərdi yaşayış evindən istifadəyə maneələrin yaradılması cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qadağan edilməsi qət edilmişdir. Cavabdehlər birgə və cavabdeh X7 ayrı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli evin mülkiyyətçisi 18.10.2014-cü ildən Cavabdeh3, 10.01.2015-ci ildən isə Cavabdeh4 olmuşdur, onların heç biri iddiaçının mübahisəli evə köçürülməsinə razılıq verməmiş, iddiaçının öz adına evi olmuş, ilin çox hissəsini Sanqaçal qəsəbəsində olan evində yaşamışdır. Onların iddiaçı ilə etibarlı ailə əlaqələri olmamışdır, mübahisəli evə mülkiyyət hüququ verən sənəd -çıxarış nə alınana, nə də ondan sonra iddiaçının birgə yaşayış qaydalarına riayət etməməsini, mübahisələr yaratmasını, ilin çox vaxtını qeydiyyatda olduğu Qaradağ rayonu Sanqaçal qəsəbəsində, əvvəl atasına, indi isə öz adına rəsmiləşdirdiyi evdə (Sanqaçal qəsəbəsi, massiv 2, ev №47, Türkiyədə onlara məlum olmayan məkanlarda) yaşamasını nəzərə alaraq onun yaşadıqları evə qeydiyyata almamışlar. Beləliklə iddiaçı ilə onların etibarlı ailə əlaqələri mövcud olmamışdır və onun yaşayış sahəsinə olan ehtiyacının mülkiyyətçinin -onların evdən istifadə etməklə qarşılamaq məcburiyyəti olmamışdır. İddiaçı mübahisəli evə gələndə cavabdeh analarını təhqir edir, Cavabdeh2 guya ona sataşması barədə polis şöbəsinə şikayət edib, lakin şikayətin əsassız olması müəyyən edilib.İddiaçıya həmin evdən istifadə hüququnun verilməsi qanunsuz olmaqla yanaşı, ailədə faciəli hadisələrin də baş verməsi ilə də nəticələnə bilər. Cavabdeh X7 həmçinin ayrı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mülkiyyət hüququnu pozmuşdur. Xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə orada yaşamayan iddiaçının istifadə hüququnu tanımışdır. Mübahisəli fərdi yaşayış evi 10.01.2015-ci ildən xüsusi mülkiyyətindədir. İddiaçı ümümiyyətlə mübahisəli evdə yaşamamışdır. Məhkəmə iclasında cavabdeh X7 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, evi atası tikib. Əvvəl evin texniki pasportu vardı. Sonra ev anasının adına oldu. İddiaçı onların evinə arada bir gəlir, söz-söhbət salır, polisləri oraya tökür, sonra gedir. İddiaçı əlinə nə keçsə, pəncərələrə atır. Hikmətə heç bir sözü yoxdur. Gəlsin, atası ilə evdə yaşasın. Amma anası ilə bir yerdə yaşamaq mümkün deyil. Evdə anası yaşayır, qardaşları da bir həyətdə yaşayır. İddiaçı hər dəfə bir qardaşını polisə şikayət edir, qardaşlarını polisə aparırlar. Onunla birlikdə olmaq qeyri-mümkündür. Məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı ilə bir yerdə yaşamaq mümkün deyil. İddiaçı evin pəncərələrini qırıq-qırıq edib. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, oğlu Hikmətin evdə yaşamasına etiraz etmir, lakin iddiaçı ilə bir yerdə yaşamaq mümkün deyil. Məhkəmə iclasında Cavabdeh X2 vəkili X12 bildrdi ki, iddiaçı və cavabdehlər arasında etibarlı əlaqələr yoxdur. Digər tərəfdən iddiaçının yaşamağa yeri var. Atasının evində yaşayır. Məhkəmə iclasında iddiaçının vəkili X10 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı mübahisəli evə gəlin köçüb və 16 il birgə təsərrüfat aparıblar. İddiaçı 2009-cu ilə qədər mübahisıli evə gəlin köçüb. Ev bağışlanandan, yəni mülkiyyətçi dəyişəndən sonra iddiaçı ilə gedib müqavilə bağlamayacaqdı. İddiaçının evdən istifadə hüququ Gülarənin mülkiyyət hüququndan əvvəl yaranıb. İddiaçının atasının evi Səngəçal qəsəbəsində yerləşir. Orada yaşamaq, tərəflərin uşağı Hikmətin məktəbi üçün də əlverişli deyil. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehlər onun qızına evdə yaşamağa imkan vermədilər. Sonra da qızını evdən çıxarmaq üçün evi Gülarənin adına keçirdilər. Qızı o evə gəlin köçüb, orada yaşayıb. İşə baxılması vaxtı və yeri haqqında Cavabdeh2 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəməyə gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 16.01.2004-cü il tarixdə nikah bağlanmış və həmin nikahdan tərəflərin 17.03.2005-ci il təvəllüdlü X9 adlı uşaqları vardır. Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, 121 saylı fərdi yaşayış evi 18.10.2014-cü il tarixdə Cavabdeh3 adına ilkin qeydiyyatdan keçmişdir. 10.01.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə, məhkəmə 1986-cı il tarixli Mənzil Məcəlləsinin 53 və 123 maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 16.01.2004-cü ildə nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə ailə həyatından bir övladları olmuşdur. Tərəflərin nikaha daxil olduğu tarixdən 18.10.2014-cü il tarixədək mübahisəli fərdi yaşayış evi isə özbaşına tikili olmuşdur. Ailədaxili münaqişələr səbəbindən iddiaçı oğlu ilə evi tərk etmiş, qohumlarının yanında müvəqqəti sığınacaq tapmış, indi isə mübahisəli mənzilə köçmək istəyir. İddiaçı cavabdehlərin yaşadığı evdə qeydiyyatsız yaşayıb cavabdehlərlə birgə təsərrüfat apararaq uzun müddət birlikdə yaşamışdır. Hazırda iddiaçı cavabdehlər tərəfindən qovulmuş olduğundan haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçını və onun azyaşlı oğlunu yaşadığı evdən məhrum edə bilməz. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı yetkinlik yaşına çatmayan oğlu ilə birlikdə mübahisəli evə köçürülməli, həmin evə istifadə hüquqları tanınmalı və cavabdehlər tərəfindən yaşayış sahəsindən istifadəyə edilən müdaxilələrə qadağa qoyulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Mülki Məcəllənin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istfadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. Konstitusiya Məhkəməsi Plenumu 8 oktyabr 2013-cü il tarixli qərarında göstərmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Beləliklə, bu Qərarda müəyyən edilmiş konstitusiya-hüquqi mənasına uyğun olaraq Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları özü-özlüyündə yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermənin hüquqi tənzimlənməsinə dair konstitusiya prinsipləri ilə uzlaşmayan və konstitusion hüquq olan mənzil hüququnun müdafiəsini təmin etməyən norma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsi Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, ..Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir. Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Cavabdehlərin apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Əvvəla, İddiaçı Cavabdeh1 ilə 16.01.2004-cü il tarixdə nikah bağlayaraq mübahisəli fərdi yaşayış evinə köçsə də həmin vaxt bu ev dövlət qeydiyyatına alınmamışdır. Mübahisəli ev ilk dəfə 18.10.2014-cü il tarixdə cavabdehlərdən Cavabdeh3, 10.01.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən isə X2 mülkiyyətinə keçmiş və hazırda da sonuncunun mülkiyyətindədir. Birinci instansiya məhkəməsi buna əsaslanaraq, yəni iddiaçının köçərkən mübahisəli evin özbaşına tikili olmasını və uzun müddət cavabdehlərlə birlikdə yaşayaraq birgə təsərrüfat aparmasını əsas götürərək mübahisəyə 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123 maddələrini tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə hazırki mübahisəyə Mənzil Məcəlləsinin 53 və 123 maddələrini tətbiq edərkən maddi hüquq normalarının tələblərini pozmuş və X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeni nəzərə almamışdır. Belə ki, hazırki mübahisənin də həmin qərarda göstərilən mübahisə ilə analoji olmasını nəzərə alaraq məhkəmə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etməli idi. Çünki, iddiaçının 2004-cü ildə köçdüyü, dövlət qeydiyyatına alınmayan mübahisəli fərdi yaşayış evi sonradan 18.10.2014-cü il tarixdə əvvəlcə cavabdehlərdən Cavabdeh3, 10.01.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən isə X2 adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Demək, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan yaxud yaşamış şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olmuşdur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaxud həmin evdə yaşamış başqa şəxslərin yaşayış hüququnun yaranması Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Ancaq məhkəmə bu halları nəzərə almadan Mənzil Məcəlləsinin 30-cu maddəsini hazırki mübahisəyə tətbiq etmədən iddianın tam həcmdə təmin edilməsi qənaətinə gəlmişdir. Belə ki, iddiaçının hazırda köçmək və istifadə hüququnun tanınmasını istədiyi fərdi yaşayış evi cavabdehlərdən Gülnarə Dadaşovanın mülkiyyətindədir və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının yaxud onunla rəsmi nikahda olmuş (işdən görünür ki, 24.05.2021-ci il tarixli Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları da pozulmuş) Cavabdeh1 hər hansı bir aidiyyətinin olubolmaması ilə bağlıdır. İddiaçının cavabdeh Gülnarə Dadaşova ilə yaxud hər hansı şəxslə mübahisəli evdən əvəzsiz istifadə, kirayə və.s. məsələrlə bağlı müqavilə bağlaması, mübahisəli evə hər hansı bir formada aidiyyəti, yəni həmin evin hansısa hüquqla ona və rəsmi nikahda olmuş Cavabdeh1 məxsusluğu təsdiq olunmamışdır. Qeyd olunan evdə əvvəllər faktiki yaşasa belə, bu hallar iddiaçının həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, iddiaçının hazırda cavabdeh Gülnarə Dadaşovanın mülkiyyətində olan evdə əvvələr müvəqqəti yaşaması onun hazırki iddiasının əsaslı olmasına dəlalət etmir. Belə ki, iddiaçının qeyd olunan evin mülkiyyətçisi olan cavabdeh Gülnarə Dadaşovanın ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli evin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi keçmiş baldızı olan cavabdeh Gülnarə Dadaşovanın bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından məhkəmənin yekun qənaəti, mahiyyət etibarı ilə də düzgün olmamışdır. Təbii ki, yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yeri valideynlərin yaşadığı yer hesab olunduğundan istər iddiaçı, istərsə də Cavabdeh1 yetkinlik yaşına çatmayan uşağını özlərinin yaşadığı evə köçürmək ixtiyarına malikdir. Bu mənada hazırki iddianın təmin olunmasından yaxud olunmamasından asılı olmayaraq tərəflərin övladları olan yetkinlik yaşına çatmayan Hikmət Bəşirovun valideynlərinin yaşadıqları evdən istifadə etmək səlahiyyəti mövcuddur və bu ona qadağan edilə bilməz.. Mülki Prosessual Məcəllənin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayətləri təmin edilsin. Hazırkı iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-594/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı mənzilə köçürülmə, istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə hüququna edilən müdaxilələrə qadağa qoyulması barədə iddiası təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4765/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4765/2021
07.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver