Məhkəmə qərarları › İş №2(103)-4765/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4765/2022

17.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4765/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1167/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məmmədova X10 Hökümə Əyyub qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X7 tərəfindən ona vəziyyətnamə üzrə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinə yaşayış hüququnun tanınması və həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci Mədən küçəsi, 8 saylı fərdi yaşayış evi atası X2 mülkiyyətində olmuşdur. Bu barədə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Hüquqları X20 daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışı vardır. xx.xx.1996-cı il tarixdə atası tərəfindən ona vəsiyyətnamə verilmişdir. Vəsiyyətnaməyə əsasən atası adına olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci Mədən küçəsi, 8 saylı fərdi yaşayış evini və mülkiyyətində olan bütün əmlakını ona və qardaşı X8 vəsiyyət etmişdir. Valideynlərinin yaşlı olması ilə əlaqədar o, daima onların yaşadığı ünvana gedib, onlara qulluq edib, çox zaman onlarla birlikdə qalmışdır. O uşaqlıqdan həmin mübahisəli mənzildə yaşamış və ailə qurduqdan sonra 1987-ci ildən 2004-cü ilə kimi yenidən həmin evdə yaşamışdır. 2004-cü ildən mübahisəli evdə faktiki yaşamamış, lakin valideynlərinə qulluq etmişdir. xx.xx.2013-cü il tarixdə anası X21 və xx.xx.2015-ci il tarixdə atası X7 vəfat etmişdir. Atasının vəfatından sonra Cavabdeh atasının yaşadığı evin giriş-çıxış qapısını bağlayıb və ona vəsiyyətnamə ilə verilən hissəyə gediş-gəlməsinə imkan verməmişdir. Bu barədə o Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə ərizə ilə müraciət etsə də, Polis Bölməsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda toplanmış materialın mülki xarakterli olduğu üçün işə alınmamış və bu məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Bu səbəbdən də o məhkəməyə müraciət edərək iddia qaldırmaqla həmin mənzilə köçmək niyyətindədir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1167/2022 saylı, 25 aprel 2022ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlilləri ilə əsaslandırılmış, həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsi birtərəfli olaraq işə yanaşmış, cavabdeh tərəfin verdiyi izahata əsaslanaraq, heç bir sübut araşdırmadan qanunsuz və əsassız nəticəyə gələrək iddianı rədd etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin eləcə də apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, atası - X7 tərəfindən ona vəsiyyətnamə üzrə verilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci Mədən küçəsi, 8 saylı fərdi yaşayış evinə yaşayış hüququnun tanınması və həmin fərdi yaşayış evinə köçürülməsi badərə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilmədən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X20 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli fərdi yaşayış evinin 1/7 hissədə X11, 1/7 hissədə X6, 1/7 hissədə X17, 2/7 hissədə X15 və 2/7 hissədə X2 məxsusdur. İş materiallarında olan xx.xx.1996-cı il tarixli vəsiyyətnamənin surətindən müəyyən olunur ki, X7 özünə məxsus olan bütün əmlakını, o cümlədən ünvan 1 ünvanda yerləşən yaşayış mənzilini İddiaçı və X8 vəsiyyət etmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Fərdi yaşayış evi üzrə Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci Mədən küçəsi, 6/8 saylı fərdi yaşayış evin hüquq subyekti X3r. İş materiallarında olan Azərbaycan Respublikası DİN Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubdan müəyyən olunur ki, vəfat etmiş atası X2 vəsiyyətnaməsi ilə verdiyi evin hissəsinin qapısını Cavabdeh bağlayıb evə buraxmaması barədə yazdığı ərizəsi əsasında araşdırma aparılan zaman toplanmış material mülki xarakterli olduğu üçün işə alınmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Birinci Mədən küçəsində yerləşən 6/8 saylı fərdi yaşayış evinin 1/7 hissəsi X9, 1/7 hissəsi X4, 2/7 hissəsi X2, 2/7 hissəsi X13, 1/7 hissəsi X16, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Birinci Mədən küçəsi, 6H saylı fərdi yaşayış evi X12, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Birinci Mədən küçəsi, 6Q saylı fərdi yaşayış evi X18 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2004-cu il tarixli bağışlama müqaviləsinə əsasən, X7 ona məxsus olan ünvan 4 ünvanda yerləşən evin 4/8 hissənin 2/8 hissəsindən ibarət yaşayış evini nəvəsi X15 bağışlamışdır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci Mədən küçəsi, 8 saylı fərdi yaşayış evi X2 mülkiyyətində olmuşdur. xx.xx.1996-cı il tarixli vəsiyyətnamə əsasında adına olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci Mədən küçəsi, 8 saylı fərdi yaşayış evini və mülkiyyətində olan bütün əmlakını qızı İddiaçı və oğlu X8 vəsiyyət etmişdir. Vəsiyyətnamədən sonra xx.xx.2004- cu il tarixli bağışlama müqaviləsinə əsasən X7 ona məxsus olan ünvan 4 ünvanda yerləşən evin 4/8 hissənin 2/8 hissəsindən ibarət yaşayış evini nəvəsi X15 bağışlamışdır. Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 saylı fərdi yaşayış evinin 2/7 hissəsi X5 məxsusdur və o xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Miras açıldıqdan sonra birinci dərəcəli vərəsələrdən olan X14 öz ailə üzvləri ilə birlikdə (hazırkı cavabdeh) həmin ünvanda yaşayaraq miras əmlakı faktiki olaraq qəbul etmişdir. X1 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İddiaçı atasının vəfat etməsindən sonra həmin yaşayış sahəsinə köçərək orada yaşamamış və bu niyyəti barədə qardaşı xəstə olduğundan ona bildirməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 saylı fərdi yaşayış evinin 2/7 hissəsi X5 məxsus olsa da, həmin şəxs xx.xx.2015-ci il tarixdə vəfat etdiyindən 2/7 hissə açıq almış və hal-hazırda həmin əmlakın mülkiyyətçisi yoxdur və həmin hissəyə dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınmamışdır. O cümlədən yerli baxış zamanı iddiaçının mübahisəli evə hər hansı sahiblik və istifadə hüququnun mövcudluğu təsdiq olunmamışdır. İddiaçı valideynləri vəfat etdikdən sonra həmin tikilidə faktiki olaraq yaşamamış və vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçının göstərilən ünvanda qeydiyyatda olması istifadə hüqunun yaranması üçün əsas deyildir. İddiaçı 2004-cü ildən həmin ünvanda faktiki yaşamadığından, daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyindən, faktiki olaraq miras əmlaka sahiblik etmədiyindən və miras qoyan vəsiyyətnamə qoysa da, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-11839/2018 saylı qətnaməsinə əsasən İddiaçı miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpası, vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbi rədd edildiyindən hazırkı İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq ilk olaraq qeyd edir ki, tərəflər arasında münasibətlər 1987-ci ildən əvvəl yarandığından birinci instansiya məhkəməsi düzgün olaraq həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına istinad etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa catmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin ücüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından cıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köcürmək ixtiyarına malikdir. Həddi-büluğa catmamış uşaqların öz valideynlərinin yanına köcürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köcmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin tələbinə görə şəxsi yaşayış yeri–tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Təbii ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Məhkəmə kollegiyası iddia tələbinin eləcə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı 2004-cü ildən daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməklə mübahisəli ünvanda faktiki yaşamamışdır, həmçinin miras əmlak kimi mübahisəli evi faktiki olaraq qəbul etməmişdir, eyni zamanda iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-11839/2018 saylı qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpası, vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi iddiaçı 2004-cü il tarixindən etibarən faktiki olaraq mübahisəli ünvandan daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməklə həmin ünvana dair istifadə hüquqlarını itirmiş, sonradan isə həmin ünvanda yaşdığını bildirsə də bu barədə hər hansı sübut təqdim edilməmiş, eyni zamanda iş materialları ilə iddiaçının 2004-cü ildən sonra mübahisəli evə dair istifadə hüquqlarının yaranması müəyyən edilməmişdir, həmçinin iddiaçının mübahisəli evə dair vərəsəlik hüququ da tanınmamışdır, belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1167/2022 saylı, 25 aprel 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar