Məhkəmə qərarları › İş №2(103)-4767/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4767/2024

08.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4767/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və s. tələbləri barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, son nəticədə, aşağıda qeyd edilən tələblərin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: - cavabdeh MMC-nin onun barəsində tərtib etdiyi xx.xx.2024-cü il tarixli "xxxx" aktın ləğv edilməsi; - MMC-nin onun barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli “İntizam tənbehinin verilməsi haqqında” 001/1223 saylı əmrin ləğv edilməsi; - həmin əmrin verilməsi ilə əlaqədar onun əmək haqqısından tutulmuş 30 manat məbləğində pulun cavabdeh MMC-dən alınaraq ona ödənilməsi; - onunla bağlanmış "xxxx" xitam verilməsi barədə MMC-nin xx.xx.2024-cü il tarixli, 1 saylı əmrin ləğv edilməsi; - onun əvvəlki vəzifəsinə - MMC-nin hüquqşünası vəzifəsinə əvvəlki əmək haqqı ilə bərpa edilməsi; - məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh MMCdən onun xeyrinə tutulması; - mediasiya təşkilatına müraciət ilə əlaqədar çəkdiyi xərcin ödənilməsi ilə bağlı cavabdeh MMC-dən 61 manat məbləğində pulun onun xeyrinə tutulması.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla MMC arasında bağlanmış "xxxx" əsasən xx.xx.2023-cü il tarixindən etibarən cavabdeh MMC-də hüquqşünas vəzifəsində işləmişdir. MMC-nin fəaliyyəti yerli və xarici hüquqi və fiziki şəxslərə konsaltinq xidmətinin göstərilməsindən ibarətdir. Xidmətin göstərilməsi ilə əlaqədar iddiaçı MMC-nin hüquqşünası olaraq mütəmadi olaraq notariat orqanlarına müraciət etməli olub. Bu cür müraciətlərdən biri də xx.xx.2023cü il tarixdə olmuşdur. Belə ki, MMC-nin baş direktoru X5 qeyd olunan tarixdə iddiaçıya ünvan 1 ünvanında yerləşən 23 saylı Notariat Ofisinə yaxınlaşmalı olduğunu və müştəri üçün "xxxx" bağlamalı olduğunu bildirmişdir. MMC-nin hüquqi ünvanı Yasamal rayonu ərazisində olsa da, faktiki olaraq ünvan 2 ünvanında fəaliyyət göstərir. MMC-nin yerləşdiyi ünvan ilə 23 saylı Notariat Ofisinin arasındakı məsafəsinin uzaq olması, həm də yollarda tıxac olması səbəbindən iddiaçı həmin Notariat Ofisinə nəzərdə tutulan vaxtdan gec çatmışdır. Gecikməyinə baxmayaraq, müqavilə elə həmin gün bağlanmışdır. Müqavilə bağlansa da, rəhbərlik tərəfindən şifahi qaydada iddiaçıya cərimə tətbiqi olunacağı və əmək haqqından tutulma ediləcəyi bildirilmişdir. Daha sonra dekabr ayının əmək haqqısı iddiaçının bank kartına köçürüldüyü zaman hər hansı bir tutulma edilməmişdir. Bu səbəbdən də iddiaçı məsələnin artıq unudulduğunu və bir daha baş vermiş halın müzakirə edilməyəcəyini düşünsə də, işəgötürən tərəfindən yanvar ayının əmək haqqı fevral ayının 6-da köçürüldüyü zaman əmək haqqından 30 manat tutulma edilmiş, 600 manat əvəzinə karta 570 manat məbləğində əmək haqqı köçürülmüşdür. İddiaçı bununla əlaqədar baş direktora müraciət etmiş və pulun tutulmasının səbəbini soruşmuş, sonuncu da iddiaçıya bildirmişdir ki, səbəbini iddiaçı özü bilir. İddiaçı, işəgötürənə dekabr ayında baş vermiş hadisə ilə əlaqədar fevral ayında köçürülmüş yanvar ayının əmək haqqısından tutulma edilməsinin nə məntiqi, nə də hüquqi çərçivəyə sığmamasını, tənbehin verilməsi ilə bağlı əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylı müddətinin pozulduğunu (tənbehin təxminən 50 gün sonra verilmişdir) bildirsə də, dediklərinə məhəl qoymamışdır. İddiaçı, işəgötürənə tutulmanın hüquqazidd olduğunu və X6 Xidmətinə şikayət edəcəyinə dair məlumat vermiş, lakin o, buna heç bir əhəmiyyət verməmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı, X6 Xidmətinə zəng edərək, pozulmuş hüquqlarının bərpa edilməsi ilə əlaqədar olaraq məlumat vermişdir (müraciət 3-17-5/1-Z-5113/2024 nömrəsi ilə qeydiyyata alınmışdır). Məlumatda işəgötürən tərəfindən əmək haqqısıdan tutulma aparıldığı zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin – “İntizam tənbehinin verilməsi qaydalarının” pozulduğunu demişdir. İddiaçı bildirir ki, işəgötürən tərəfindən əmək haqqıdan tutulma aparılmazdan əvvəl ona yazılı izahatın verilməsi üçün müraciət olunmayıb və yaxud da tərəfindən yazılı izahatın verilməsindən imtina edilməsi ilə bağlı hal olmayıb. Bununla yanaşı, intizam tənbehinin tətbiqi zamanı Əmək Məcəlləsinin 187-ci maddənin 2-ci bəndinin də tələbləri pozulmuşdur. MMC tərəfindən Əmək Məcəlləsinin 189.3-cü və 205.1-ci maddəsinin müddəaları da pozulmuşdur. Belə ki, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. MMC tərəfindən əmək haqqından tutulma edildiyi zaman heç bir əmr tərtib olunmamışdır. Elə bu səbəbdən də iddiaçı hər hansı əmrlə tanış edilməmiş və əmrin surətini əldə edə bilməmişdir. İşəgötürən yalnız şifahi qaydada cərimə tətbiq olunacağını bildirmiş və əmək haqqıdan tutulmanı həyata keçirmişdir. xx.xx.2024-cü il tarixində isə MMC tərəfindən "xxxx" akt və 001/1223 saylı “İntizam tənbehinin verilməsi haqqında” əmr verilmişdir. Əmrdə Əmək Məcəlləsinin 186.2-ci maddəsi nəzərə alınaraq 30 manat cərimənin tutulması nəzərdə tutulmuşdur. Göründüyü kimi əvvəlcə, yəni xx.xx.2024-cü il tarixində intizam tənbehi, yəni əmək haqqından 30 manat tutulma icra edilmiş, bundan 3 gün sonra isə, yəni xx.xx.2024-cü il tarixdə cəriməni hüquqi baxımdan əsaslandırmaq məqsədi ilə akt və əmr rəsmiləşdirlmişdir. Əmrdə iddiaçının işinə məsuliyyətsiz yanaşmağı səbəbindən MMC-yə həm maddi, həm də mənəvi ziyan vurduğu bildirilsə də, maddi və ya mənəvi ziyanın nədən ibarət olmağına dair məlumat verilməmişdir. Ziyanın məzmununun qeyri-müəyyən olmağı səbəbindən cərimənin hansı əsasla və hansı səbəbdən 30 manat məbləğində təyin edilməsi də bəlli deyil. xx.xx.2024-cü il tarixində iddiaçı ərizə ilə MMC-nin rəhbərinə müraciət edərək xx.xx.2024-cü il tarixindən öz xahişi ilə onunla MMC arasında bağlanılmış "xxxx" xitam verilməsini xahiş etmişdir. MMC-nin baş direktoru tərəfindən xx.xx.2024-cü il tarixində əmr verilmişdir ki, iddiaçı ilə bağlanmış "xxxx" xx.xx.2024-cü il tarixindən tərəflərdən birinin təşəbbüsü (Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndi) ilə xitam verilsin. Əmrdə qeyd edilmişdir ki, əmrin verilməsinə əsas iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsi olmuşdur. Göründüyü kimi işəgötürən iddiaçı ilə bağlanmış "xxxx" iddiaçının ərizəsində qeyd edilən xx.xx.2024-cü il tarixdən, deyil ərizənin yazıldığı xx.xx.2024-cü il tarixdən xitam verməklə Əmək Məcəlləsinin 69.1-ci maddəsinin tələbləri də kobud surətdə pozulmuşdur. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakları və məhkəmə baxışı iclasında iştirak etmiş şəxslərin izahatları barədə məlumat

3. İş üzrə iddiaçı məhkəmə baxışı iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir.

4. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) Nümayəndə məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbinə etiraz etmiş və Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçı öz xahişi ilə "xxxx" xitam verilməsi ilə bağlı işəgötürənə ərizə ilə müraciət etdikdən sonra, iddiaçının davranışında və işə münasibətində laqeydlik müşahidə edilmişdir. İddiaçının hərəkətləri kollektivin digər üzvlərinə neqativ təsir göstərmişdir. Rəhbərlik tərəfindən iddiaçının əmək karyerasının korlanmaması üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməməsi qərara alınmışdır. İddiaçının bir işçi kimi yol verdiyi kobud pozuntular aşkardır və iddia ərizəsində də qeyd edilib. İddiaçının barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akt və qərarla bağlı bildirir ki, o, həmin sənədlərin tərtib edilməsində iştirak etməmişdir. Onların hansı səbəbdən qeyri-iş günündə tərtib edilməsi ilə bağlı suala cavab verə bilmir.

5. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Rayon Məhkəməsi tərəfindən cəlb edilmiş X6 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Rayon Məhkəməsi işə həmin Xidmətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın tam həcmdə təmin olunmasını qət etmişdir.

7. Rayon Məhkəməsi Əmək Məcəlləsinin 68, 69, 83, 84, 186, 187, 189-cu maddələrinə istinad edərək, iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edilən hallar və işəgötürənin - cavabdeh MMC-nin yol verdiyi qanunpozuntuları məhkəmə baxışı zamanı öz təsdiqini tapdığı üçün iddia əsaslı hesab edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

8. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, dekabr ayında hadisə baş verdikdən sonra iddiaçıdan yazılı surətdə izahat verməsi tələb edilmiş, lakin o izahat verməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixli K 04 nömrəli əmrlə onun əmək fəaliyyətinin yoxlanılması ilə əlaqədar işçinin əmək funksiyaları və fəaliyyətinə dair araşdırma aparılması qərara alınmışdır. Barəsində görülmüş intizam tənbehindən sonra, onun davranışında, rəhbərliklə münasibətində və işə yanaşmasında kəskin dəyişiklik olmuşdur. Bu barədə ona rəhbərlik tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilmişdir. İddiaçı öz xahişi ilə tərəflər arasında bağlanılmış əmək müqaviləsinə xitamverilməsi barədə ərizə təqdim etdikdən sonra Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş əmək vəzifələrini kobud şəkildə pozaraq əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını keyfiyyətsiz və tam yerinə yetirməməklə yanaşı müdiriyyət və həmkarları ilə aqressiv davranaraq şirkətin iş mühitinə və işçi heyətinə mənfi təsir göstərməsi müəyyən edilmişdir. Həmin akta əsasən xx.xx.2024-cü il tarixdə işçidən izahat yazması tələb edilmiş, lakin işçi izahat yazmaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixli qərara əsasən iddiaçının öz əmək funksiyasını və müqavilə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq qiymətləndirilsə də iddiaçının bir işçi kimi gələcək iş fəaliyyəti nəzərə alınaraq humanist yanaşma göstərilmiş və işçinin öz vəzifəsindən vaxtından öncə azad edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixində isə MMC tərəfindən "xxxx" akt və 001/1223 saylı “İntizam tənbehinin verilməsi haqqında” əmr verilmişdir. Əmrdə Əmək Məcəlləsinin 186.2-ci maddəsi nəzərə alınaraq araşdırılmanın nəticəsi əsasında yanvar ayının maaşından 30 manat cərimənin tutulması qətiləşdirilmişdir. MMC-nin baş direktoru tərəfindən xx.xx.2024-cü il tarixində 1 saylı daha bir əmr verilmişdir ki, iddiaçı ilə bağlanmış "xxxx" xx.xx.2024-cü il tarixindən tərəflərdən birinin təşəbbüsü (Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndi) ilə xitam verilsin. MMC-nin hərəkətləri qanunazidd olmamış, əksinə qanuni və iddiaçıya münasibətdə humanist olmuşdur. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

10. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etmiş və şikayətin məzmununa uyğun izahat vermişdir.

11. MMC-nin vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya baxışının növbəti iclasın gəlməmişdir. O, ərizə ilə Məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

12. İş üzrə üçüncü şəxs olan X6 Xidməti apellyasiya baxışı iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Rayon Məhkəməsinə məlumat verməmişdir.

13. Yuxarıda qeyd edilən hallar işin baxılmasına mane olmadığından məhkəmə işə cavabdeh MMC-nin vəkilinin (nümayəndəsinin) və iş üzrə üçüncü şəxs olan Xidmətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

14. Apellyasiya baxışı iclasında iştirak etmiş iddiaçı, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində bağlanmış “Əmək müqaviləsindən”, işdə olan digər sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, iddiaçı, MMC-nin hüquqşünası vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixindən işə başlamışdır.

17. Satıcı olaraq X2 ilə alıcı olaraq Lzenka Sıarheı arasında bağlanmış və Bakı Şəhəri 23 saylı Notariat Kontoru tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilərək, qeydə alınmış “Təsis payının alğı-satqı müqaviləsindən” görünür ki, həmin müqavilənin bağlanmasında Günel Bayramavanı nümayəndəsi olaraq MMC-nin hüquqşünası olan iddiaçı təmsil etmişdir.

18. İddiaçı etiraf edir ki, o, həmin müqavilənin bağlanmasına gecikmişdir.

19. MMC üzrə xx.xx.2023-cü il tarixdə verilmiş “Əmək funksiyası və fəaliyyəti ilə əlaqədar araşdırma haqqında” K 04 nömrəli əmrində qeyd edilmişdir ki, MMC-nin hüquqşünası – iddiaçı, xx.xx.2023-cü il tarixində rəhbərliyə səhv məlumat təqdim etmişdir və daha öncə də oxşar hadisələr və pozuntular yaşanmışdır. MMC-nin iş mühitinə, işçi heyətinə mənfi təsir göstərərək, müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozması və işində verdiyi digər nöqsanları müəyyən etmək üçün əmək fəaliyyətinin yoxlanılması ilə əlaqədar işçinin əmək funksiyaları və fəaliyyətinə dair araşdırma aparılsın.

20. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, iddiaçının yuxarıda qeyd edilən müqavilənin bağlanmasına gecikməsi səbəbindən işəgötürən tərəfindən 2024-cü ilin yanvar ayı üçün iddiaçının hesabına əmək haqqı xx.xx.2024-cü il tarixdə köçürüldüyü zaman iddiaçının əmək haqqısınndan 30 manat tutulmuşdur.

21. MMC-nin xx.xx.2024-cü il tarixli "xxxx" görünür ki, MMC-nin hüquqşünası olan iddiaçı işinə məsuliyyətsiz yanaşaraq, müəssisənin rəhbərliyinə düzgün olmayan məlumatlar təqdim etmiş, MMC-yə həm maddi, həm mənəvi ziyan vurmuşdur. Bununla bağlı iddiaçıya şifahi xəbərdarlıq verilmiş və o, 30 manat məbləğində cərimə tətbiq ediləcəyi barədə məlumatlandırılmışdır.

22. İddiaçı həmin aktla xx.xx.2024-cü il tarixdə tanış olmuş və öz etirazına dair qeydlərini yazılı şəkildə akta qeyd etmişdir.

23. MMC üzrə verilmiş xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, iddiaçının, yuxarıda qeyd edilən akta əsasən 30 manat məbləğində cərimə edilməsi, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə cərimənin 2024-cü ilin yanvar ayı üzrə əmək haqqından tutulması əmr edilmişdir.

24. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı, xx.xx.2024-cü il tarixində ərizə ilə MMC-nin rəhbərinə müraciət edərək xx.xx.2024-cü il tarixindən öz xahişi ilə onunla MMC arasında bağlanılmış "xxxx" xitam verilməsini xahiş etmişdir. MMC-nin baş direktoru tərəfindən xx.xx.2024-cü il tarixində əmr verilmişdir ki, iddiaçı ilə bağlanmış "xxxx" xx.xx.2024-cü il tarixindən tərəflərdən birinin təşəbbüsü (Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndi) ilə xitam verilsin. Əmrdə qeyd edilmişdir ki, əmrin verilməsinə əsas iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsi olmuşdur.

25. MMC-nin “İşçinin iş yerində öz həmkarlarına və müdiriyyətə qarşı aqressiv davranışı haqqında” xx.xx.2024-cü il tarixli, 01 nömrəli aktında qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixində cəmiyyətin hüquqşünası olan iddiaçı öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsinə dair şəxsi ərizəsini təqdim etmişdir. Lakin təqdim etdikdən sonra əmək vəzifələrini kobud şəkildə pozaraq əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını keyfiyyətsiz və tam yerinə yetirməməklə yanaşı müdiriyyət və öz həmkarları ilə aqressiv davranaraq şirkətin iş mühitinə, işçi heyətinə mənfi təsir göstərmişdir.

26. MMC-nin xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının müəssisədaxili intizam qaydalarını pozması, özünün əmək funksiyasını və müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq qiymətləndirilir, lakin iddiaçının gələcək iş fəaliyyəti və xx.xx.2024-cü il tarixli işdən azad olma ərizəsi də nəzərə alınaraq humanitar yanaşma göstərilərək öz vəzifəsindən vaxtından əvvəl azad edilsin.

27. İddiaçı bildirir ki, o, MMC tərəfindən qanunsuz olaraq cərimə edilməsi barədə X6 Xidmətinə məlumat vermişdir.

28. Həmin Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, iddiaçının Xidmətə etdiyi müraciət əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının 2024-cü ilin yanvar ayı üzrə əmək haqqından Əmək Məcəlləsinin 205-ci maddəsinin birinci hissəsinin tələbləri pozularaq MMC-nin müvafiq xx.xx.2024-cü il tarixli əmrindən öncə, yəni xx.xx.2024-cü il tarixdə 30 manat məbləğində dəymiş ziyana görə vəsait tutulmuşdur. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixli işdənçıxma ərizəsinə əsasən Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozularaq xəbərdarlıq müddəti gözlənilmədən xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verildiyi, eyni zamanda xitamla əlaqədar elektron informasiya sistemində mövcud olan 01 nömrəli əmrdə istifadə edilməmiş 10 məzuniyyət gününə görə nəzərdə tutulan kompensasiyanın ödənilmədiyi müəyyən edilmişdir. Aşkar edilmiş faktlara görə MMC-nin rəhbərli barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN1931994 nömrəli inzibati xəta haqqında protokola uyğun olaraq həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən Xidmətin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2n14357/2024 nömrəli göstəriş məktubu ilə MMC-nin rəhbərliyinə 30 gün müddətində iddiaçının son haqq-hesabını düzgün hesablayaraq ödənilməsi, həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 01 nömrəli əmrin ləğv edilərək törədilmiş hüquq pozuntusunun aradan qaldırılmasını təmin edib, nəticəsi barədə Xidmətin Bakı Şəhər İdarəsinə məlumat verilməsi tapşırılmışdır.

29. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı, hazırkı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmək üçün mediasiya proseduruna əməl etmiş və Bakı Şəhəri 20 saylı Mediasiya Təşkilatına müraciət ilə əlaqədar həmin Təşkilata 61 manat məbləğində pul ödəmişdir.

30. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə görə:

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.

31. Əmək Məcəlləsinin 187-ci maddəsinə görə:

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır.

32. Əmək Məcəlləsinin 189.3-cü maddəsinə görə, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

33. Məcəllənin 205-ci maddəsinə görə:

1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir.

2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

3. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

34. Məhkəmə iddia tələbinin “cavabdeh MMC-nin "xxxx" Aktı “İntizam tənbehinin verilməsi haqqında” əmrin ləğv edilməsi, əmrin verilməsi ilə əlaqədar iddiaçının əmək haqqından tutulmuş 30 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinin təmin edilməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticəyə münasibət bildirərək qeyd edir ki, cavabdeh MMC tərəfindən "xxxx" akt xx.xx.2024-cü il tarixində tərtib edilmiş və həmin akt əsasında da xx.xx.2024-cü il tarixli, 001/1223 saylı “İntizam tənbehinin verilməsi haqqında” əmr verilərək iddiaçının 30 manat məbləğində cərimə edilməsi, cərimənin 2024-cü ilin yanvar ayı üzrə əmək haqqından tutulması əmr edilmişdir. Lakin iş materiallarında olan sübutlara nəzər yetirilsə, iddiaçının yanvar ayı üzrə əmək haqqından Əmək Məcəlləsinin 205-ci maddəsinin birinci hissəsinin tələbləri pozularaq işəgötürənin müvafiq xx.xx.2024-cü il tarixli əmrindən öncə xx.xx.2024-cü il tarixdə 30 manat məbləğində cərimənin tutulduğunu müəyyən etmək olur.

35. Odur ki, Əmək Məcəlləsinin işçiyə intizam tənbehinin tətbiq edilməsi ilə bağlı nəzərdə tutulmuş normaları baxımından iddiaçıya tətbiq edilmiş intizam tənbehi nəzərdən keçirilsə, görmək olur ki, işəgötürən tərəfindən qanunvericiliyin bir sıra tələbi pozulmuşdur. Çünki intizam tənbehi işəgötürənin əmri olmadan tətbiq edilmiş, işçi cərimə olunduqdan 3 gün sonra intizam tənbehi ilə bağlı əmr verilmişdir. Bununla yanaşı, işçinin xx.xx.2024-cü il tarixdə 30 manat məbləğində cərimə olmasına səbəb olan pozuntunun nədən ibarət olması birbaşa olaraq heç bir sənəddə göstərilməmişdir.

36. Cavabdeh MMC-nin apellyasiya şikayətində “İşçinin iş yerində öz həmkarlarına və müdiriyyətə qarşı aqressiv davranışı haqqında” aktında və qəbul etdiyi qərarında MMCnin hüquqşünasının – iddiaçının öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsinə dair ərizəsini təqdim etdiyi, lakin təqdim etdikdən sonra əmək vəzifələrini kobud şəkildə pozaraq əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını keyfiyyətsiz və tam yerinə yetirməməklə yanaşı müdiriyyət və öz həmkarları ilə aqressiv davranaraq şirkətin iş mühitinə, işçi heyətinə mənfi təsir göstərdiyi” fikrinə münasibətdə məhkəmə qeyd edir ki, həmin gün növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçki günü və qeyri-iş günü elan edilmişdir.

37. Əmək Məcəlləsinin 105-1-ci maddəsinə görə, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

38. Cavabdeh MMC-nin “İşçinin iş yerində öz həmkarlarına və müdiriyyətə qarşı aqressiv davranışı haqqında” 01 nömrəli aktı xx.xx.2024-cü il tarixində qeyr-iş günündə tərtib olunmuşdur.

39. Məhkəmə qeyd edir ki, cavabdeh MMC-nin ”İntizam tənbehinin verilməsi haqqında” əmrinə nəzər yetirdikdə görünür ki, müvafiq intizam tənbehi iddiaçıya işinə məsuliyyətsiz yanaşaraq müəssisənin rəhbərliyinə düzgün olmayan məlumatlar təqdim etməsi, şirkətə həm maddi, həm də mənəvi ziyan vurulması ilə əlaqədar olaraq verilmişdir.

40. Yuxarıda artıq qeyd edildiyi kimi, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Lakin işəgötürən qanunvericiliyin qeyd edilən normasını pozaraq, qeyd etdiyi intizam xətası baş verdiyi gündən bir aydan çox müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixində baş vermiş intizam xətasına görə xx.xx.2024-cü il tarixində intizam tənbehi vermişdir.

41. Bu baxımdan qəbul edilməlidir ki, cavabdeh MMC-nin "xxxx" aktı və “İntizam tənbehinin verilməsi haqqında” əmri ləğv edilməli və əmrin verilməsi ilə əlaqədar iddiaçının əmək haqqından tutulmuş 30 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə tələb də əsaslıdır.

42. Məhkəmə cavabdeh MMC-nin iddiaçını vaxtından əvvəl işdən azadetmə əmrinə münasibətdə gəldiyi qərarının ləğv edilməsi barədə tələbə münasibətdə də qeyd edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə görə, əmək müqaviləsinin tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər.

43. Məcəllənin 69-cu maddəsinin tələbinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər (hissə 1.). Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur (hissə 2.). Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur (hissə 4.).

44. Göründüyü kimi, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin “cavabdeh MMCnin iddiaçı barəsində tərtib etdiyi xx.xx.2024-cü il tarixli "xxxx" aktın ləğv edilməsi”; “MMCnin iddiaçının barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli “İntizam tənbehinin verilməsi haqqında” 001/1223 saylı əmrin ləğv edilməsi”; “həmin əmrin verilməsi ilə əlaqədar iddiaçının əmək haqqısından tutulmuş 30 manat məbləğində pulun cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsi”; “iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi barədə MMCnin xx.xx.2024-cü il tarixli, 1 saylı əmrin ləğv edilməsi”; “iddiaçının əvvəlki vəzifəsinə - MMC-nin hüquqşünası vəzifəsinə əvvəlki əmək haqqı ilə bərpa edilməsi” barədə hissələrini əsaslı hesab edərək təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızdır.

45. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə həmçinin qət etmişdir ki, iddianın “məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh MMCdən iddiaçının xeyrinə tutulması” və “mediasiya təşkilatına müraciət ilə əlaqədar iddiaçının çəkdiyi xərcin ödənilməsi ilə bağlı cavabdeh MMC-dən 61 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması” barədə hissəsi də təmin edilsin.

46. Məhkəmə Rayon Məhkəməsinin bu nəticəsilə də razılaşır. Çünki Əmək Məcəllənin 300.1-ci maddəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan, işə baxılması ilə əlaqədar olan məsrəflərdən, o cümlədən mediatora və ya mediasiya təşkilatına ödənilən haqdan ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. g) apellyasiya baxışının nəticəsi

48. Qeyd edilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi iddianın təmin edilməsi barədə nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

50. Odur ki, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

52. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

53. Cavabdeh MMC-nin isə apellyasiya şikayəti təmin edilmədiyi üçün o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

54. Beləliklə də göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar