Məhkəmə qərarları › İş №2(103)-4769/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4769/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4769/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(010)-2505/2022 saylı qətnaməsindən iddiaçı “X3 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə “X3 Azərbaycan” QSC) Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 79,07 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh ilə “X3 Azərbaycan” QSC arasında xx.xx.2014 cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və xx.xx.2020-tarixli 2(010)-3324/2020 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X3 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Azcollect MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixindəki 200 manat, xx.xx.2021-ci il tarixindəki 200 manat və xx.xx.2021-ci il tarixindəki 131.38 manat məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 79.07 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 79.07 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 4.19-cu bəndində qeyd edilmişdir ki, bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquq ixidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(010)-2505/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı “X3 Azərbaycan” QSC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə yenilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3324/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilərək, Cavabdeh xx.xx.2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik qarışıq müqaviləsi üzrə 231.14 manat məbləğində əsas borc, 23.38 manat məbləğində faiz borcu, 243.56 manat cərimə, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 1.30 manat bildirişlərin göndərilməsi üzrə poçt xərcləri, cəmi 501.38 manat məbləğində borcun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "YapıKredi Bank Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. "xxxx" QSC (Bank) ilə "xxxx" MMC (Büro) arasında bağlanmış xx.xx.2021-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin surətindən görünür ki, bu müqavilə istehlak kreditləri, Kredit Kartları və ya Kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci maddəsinə əsasən Bank, Müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənilməsindən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). Müqavilənin 5.1.2-ci bəndinə əsasən Büro qarşı tərəfdən (kredit/borc alanlardan) borclar ilə əlaqədar məhkəmə/icra işləri üzrə hüquqi xidmət (vəkalət) haqqı (xərci) və digər bank borclarına əlavə olaraq Bankın bütün xərclərini (məsrəfləri) almalı və alınan məbləğlər (borclar) Banka ödənilməlidir (QTS/YTS quraşdırıldıqdan sonra onun üzərindən avtomatik olaraq həyata keçiriləcək). Maliyyə arayışından görünür ki, “X3 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödənilən xx.xx.2021-ci il tarixindəki 200 manat, xx.xx.2021-ci il tarixindəki 200 manat və xx.xx.2021-ci il tarixindəki 131.38 manat “Azcollect" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də “X3 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 79.07 manat məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdeh Bank tərəfindən "xxxx" MMCyə köçürülmüş 79,07 manat məbləğində xidmət haqqının 5 iş günü müddətində ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" QSC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, Mülki Prosessual Məcəllənin 88, 217.4, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3-cü maddələrinə istinad edərək, qeyd etmişdir ki, qanunvericilik hüquqi yardıma görə çəkilən xərclərin həm işə mahiyyəti üzrə baxılan məhkmə çəkişməsi zamanı, həm də sonradan müstəqil tələb şəklində irəli sürülməsinə imkan verir. Bu baxımdan, iddiaçı qeyd edilən tələblə məhkəməyə müraciət etməyə haqlıdır. Lakin, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin surətindən görünür ki, bu müqavilə istehlak kreditləri, Kredit Kartları və ya Kredit kartları ilə bağlı qarışıq müqavilələr ilə bağlı borcun alınması proseslərində iddiaçıya hüquqi yardım göstərilməsi müqabilində haqq ödənilməsini nəzərdə tutur. Bu müqavilə mahiyyətinə görə ümumi xarakterlidir və hər hansı bir konkret işlə, o cümlədən hazırkı tərəflər arasında mövcud olmuş borc mübahisəsinə dair işdə hüquqi yardım göstərilməsi ilə bağlı deyil. Eyni zamanda, müqavilə şərtlərinə görə "xxxx" MMC-yə həm məhkəmədə hüquqi yardım göstərməsinə görə, həm də məcburi icra tədbirləri görülməsində iştirakına görə haqq ödənilməsi nəzərdə tutulur. Hazırkı işdə məcburi icra tədbirləri həyata keçirilməyib, cavabdeh məhkəmə qətnaməsi qəbul edildikdən sonra borcunu ödəyib. Belə olan halda, iddiaçı həmin müqavilə çərçivəsində məhz qeyd edilən borc mübahisəsi ilə bağlı "xxxx" MMC-nin ona hüquqi xidmət göstərib-göstərmədiyi, xidmətin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməli idi. Bununla yanaşı, iddiaçının təqdim etdiyi ödəniş qəbzindən onun hansı iş üzrə köçürüldüyünü, həmin məbləğin içində məhz qeyd edilən borc mübahisəsi ilə bağlı hüquq xidmətinə görə hesablanmış vəsaitin olub-olmadığını müəyyən etmək mümkün deyil. Göründüyü kimi hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3324/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasını təmin etmək qanunvericiliyə əsasən icra məmurunun səlahiyyətində idi və "xxxx" QSC ilə "xxxx" MMC arasında hüquqi xidmət haqqında müqavilənin bağlanması və borcun ödənilməsinin "xxxx" MMC tərəfindən həyata keçirilməsi, göstərilən xidmətə görə xidmət haqqı ödənilməsi və həmin xidmət haqqının məhz sonradan cavabdehdən tələb olunması yolverilməzdir. Çünki, iddiaçı öz könüllü iradəsi ilə qeyd olunan müqaviləni bağlamışdır və onlar arasında müqavilə bağlanmayacağı təqdirdə də iş üzrə məhkəmə tərəfindən verilmiş icra vərəqəsinin icrası icra məmuru tərəfindən təmin olunacaqdı. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinən əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 394-1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “X3 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(010)- 2505/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar