Məhkəmə qərarları › İş №2(103)-4769/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4769/2023

11.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4769/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «mənzildən çıxarılma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-995/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. ünvan 1 ünvanda yerləşən 16 saylı mənzil (yeni qaydalarla: AZ 1102, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 1, M9, m2) mülkiyyət hüququ ilə İddiaçı adına 31 oktyabr 2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-4678/2021 saylı qətnaməsi ilə Cavabdeh X3 qarşı nikahın pozulması və s. tələbinə dair iddiası qismən təmin edilmiş, X6 ilə Cavabdeh arasında 24 iyul 2016-cı il tarixdə 5 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində 3943 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş; xx.xx.2017-ci il təvəllüdlü X1 Səbinə İskəndər qızının yanında saxlanılmış; yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq X2 Cavabdeh xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulmuş; iddia qalan hissədə rədd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1, 16 saylı (yeni qaydalarla AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 1, M9, m2) mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiada göstərilir ki, cavabdeh onun keçmiş gəlinidir. Bu günə qədər də evində heç bir hüquqi əsası olmadan yaşayır və könüllü boşaltmaq istəmir. Mənzildən çıxması barədə dəfələrlə müraciət etsə də, bundan imtina edir. Bu səbəbdən, yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüququ pozulur. Məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki, mülkiyyətində olan mənzildən istifadə edə bilmir, mülkiyyət hüququ pozulur.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-995/2023 saylı, 09 mart 2023cü il tarixli qətnaməsi (hakim Anar İbadzadə) ilə iddia tələbinin təmin edilərək Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1, 16 saylı (yeni qaydalarla AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 1, M9, m2) mənzildən çıxarılması; ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Cavabdeh mübahisəli mənzildə qeydiyyatda deyil, həmin mənzildən istifadə hüququ yoxdur. İddiaçı keçmiş gəlini olan cavabdehə mənzilindən istifadə hüququ verməmiş, istifadə hüquqlarının olmasına dair daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeyd aparılmamışdır. Mənzilə müvəqqəti buraxılmışdır. İddiaçının mülkiyyətində olan mənzildən çıxması tələbinə məhəl qoymamış, mənzildən çıxaraq, boşaldıb iddiaçıya təhvil verməmişdir. Cavabdeh iddiaçının razılığı ilə müvəqqəti yaşamaq üçün mənzilə köçmüşdür, iddiaçı mülkiyyətində olan mənzilin boşaldılmasını və mənzildən çıxmasını Cavabdeh tələb etsə də, sonuncu mənzil üzərində heç bir hüququ olmadığı halda mənzildən çıxmır və iddiaçının mülkiyyət hüquqlarını pozur. İddiaçının qanunla təminat altında olan mülkiyyət hüququ qorunmalı, Cavabdeh həmin mənzildən çıxarılmalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək göstərib ki, məhkəmə iclasında iştirak etdiyi halda hakim qətnamədə onun iştirakını qeyd etməyib. Hətta məhkəmə iclasında qətnamə elan olunan gün ilk proses idi. O, vəkil tutmaq istədiyi üçün prosesin təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə işi təxirə salmamış və heç bir əsası olmadan qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən onun iştirakı təmin olunmamışdır. Bundan əlavə, onun həmin ünvandan istifadə hüququ yaranıb. Məhkəmə bu halların heç birini araşdırmayaraq qanunsuz qətnamə qəbul etmişdir. O, həmin mənzildə 2016-cı ildən keçmiş əri və uşağı ilə birlikdə yaşayır. Cavabdehin həmin mənzildən başqa yaşayış yerləri olsa da, onun başqa yaşayış yeri yoxdur. Cavabdeh mənzilə kupça alarkən o, həmin mənzildə yaşayırdı. Bu da cavabdehin ora mülkiyyət hüquq yaranmamışdan əvvəl onun orada istifadə hüququnun yaranması deməkdir. Ancaq məhkəmə tərəfindən bu halların heç biri araşdırılmadan bir tərəfli qaydada qətnamə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158.1 və 158.1.2. Əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır.

10. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsi Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki,...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Əvvəla, tərəflər arasında mübahisəli mənzillə bağlı ehtimal olunan mübahisəli hüquq münasibətləri 2016-cı ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməsi və mübahisə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun həll edilməlidir. 19.Belə ki, cavabdeh yaşamaq istədiyi mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla iddiaçının mülkiyyətindədir, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin mənzilə cavabdehin yəni iddiaçının oğlu ilə nikahda olmuş keçmiş gəlininin həmin mənzilə hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Qeyd olunan mənzildə faktiki yaşamış olsa belə, bu hallar cavabdehin həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir.

20. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, cavabdehin İddiaçı məxsus mənzildə müvəqqəti yaşaması iddianın əsaslı olmadığına dəlalət etmir. Belə ki, cavabdehin qeyd olunan mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, cavabdehin bu istəyi keçmiş qaynatası İddiaçı bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından məhkəmənin yekun qənaəti mahiyyət etibarı ilə düzgün olmuşdur.

21. Bununla yanaşı, apellyasiya şikayətinin dəlilləri də ziddiyyətlidir. Çünki, cavabdeh məhkəmə iclasında iştirak etdiyi halda, həm iştirakının qeyd edilmədiyini, həm də iştirakının təmin olunmadığını göstərir. Ancaq işdən görünür ki, qətnamə elan olunan gün ilk proses olmayıb. Cavabdeh 23 fevral 2023-cü il tarixli məhkəmə baxışı iclasında iştirak edib, məhkəmə iclası 09 mart 2023-cü il tarixə təxirə salındığından qəbzə imza etməklə növbəti, yəni qətnamə elan edilən məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılıb. Demək, vəkillə müqavilə bağlamaq üçün də vaxtı olmuşdur. Göründüyü kimi, cavabdehin bu cür dəlillərdən istifadə etməsi anlaşılan olmamışdır.

22. Bundan əlavə, cavabdeh şikayətində mübahisəli mənzilə istifadə hüququnun hansı əsasla yarandığını açıqlamır. Qeyd olunan mənzilə 2016-cı ildə gəlin köçməsi və başqa yaşayış yerinin olmadığı həqiqi olsa belə bu hallar iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki, bu vəziyyətdə də iddiaçının mülkiyyət hüququ pozulmuş olur. Cavabdehin mənzil iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alındığı vaxt orada yaşaması da heç nəyi dəyişmir və istifadə hüququnun yarandığını təsdiq etmir.

23. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin cavabdehin formal mülahizələri ilə ləğv edilməsi üçün heç bir əsas olmadığından apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-995/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-995/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar