Məhkəmə qərarları › İş №2(103)-4770/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4770/2021

20.05.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4770/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh “xxxx” QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “xxxx” QSC-nə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və ipoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bank) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 2009-cu il tarixli 15L000000829 nömrəli Kredit xətti müqaviləsinin təmin olaraq bağlanmış 29 dekabr 2011-ci il tarixli 26M000000172 nömrəli ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və ipoteka predmeti olan İsmayıllı şəhəri, Babək küçəsində yerləşən, 1146,2 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 15 sentyabr 2009-cu il tarixdə bankla arasında 120 ay müddətinə 800 000 ABŞ dolları limitində kredit xətti müqaviləsi bağlanmış, müqavilənin 1.3-cu bəndinə görə hər bir kreditin məbləğinin, faiz dərəcəsinin, müddətinin, məqsədinin və digər şərtlərinin hər dəfə tərəflər arasında bağlanacaq və müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən ediləcəyi təsbit olunmuşdur. Kredit xəttində göstərilən ümumi limit məbləğinin təminatı olaraq, tərəflər arasında imzalanmış 29 dekabr 2011-ci il tarixli 26M000000172 nömrəli İpoteka müqaviləsinə əsasən İsmayıllı şəhəri, Babək küçəsində dövlət istifadəsinə olan 0.1148 ha torpaq sahəsində yerləşən, xüsusi mülkiyyətindəki 1146.2 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası ipotekaya qoyulmuş, kredit xətti çərçivsində sonralar imzalanmış kredit razılaşmaları üzrə yenidən hər hansı öhdəliyin təminatı müqavilələri bağlanmamışdır. Bankla arasında kredit xətti çərçivəsində müxtəlif tarixlərdə cəmi olaraq təxminən 470 000 ABŞ dolları məbləğində bir neçə kredit razılaşmaları bağlanmışdır. Kredit xətti müqaviləsində öhdəliyin yalnız ümumi məbləği və müddəti nəzərdə tutulmuşd, kredit sazişlərinin mühüm şərtləri olan faiz dərəcəsi, valyutası, məqsədi və digər şərtləri göstərilməmişdir. Əsas öhdəlikdən aslı olan 29 dekabr 2011-ci il tarixli ipoteka müqaviləsində də əsas öhdəliyin dəqiq mahiyyəti və ölçüsü barədə heç bir qeyd əks etdirilməmişdir; halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5- ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan şərtlər sadalanmışdır. Həmin maddəyə əsasən, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu ver və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsünün əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli qərarını düzgün tətbiq etmədiyini, ədalətsiz nəticəyə gəldiyini irəli sürmüşdür. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil şikayətin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdeh bankın nümayəndəsi isə mülki işin Şəki Apellyasiya Məhkəməsinin icraatında olan işə birləşdirilməli olduğunu qeyt etməklə yanaşı, şikayətin əsassız olduğunu bildirmişdir. Kollegiya izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş halına görə, 15.09.2009-cu il tarixdə bankla İddiaçı arasında kredit xətti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank iddiaçıya 120 ay müddətinə 800 000 ABŞ dolları məbləğində kredit xətti açmış, bu müqaviləyə əsasən İddiaçı veriləcək məbləğin və müddətin ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunacağı təsbit olunmuş, onunla bank arasında 29.12.2011-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, iddiaçının mülkiyyətindəki İsmayıllı şəhəri, Babək küçəsində yerləşən, 1146,2 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası sözügedən kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini məqsədilə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsi ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti, İddiaçı, X4 və X3 arasında bağlanmış 15.09.2009-cu il tarixli 15L000000829 saylı kredit xətti, 17.09.2009-cu il tarixli 15S000001148 saylı və 17.09.2009-cu il tarixli 15S000001147 saylı zaminlik müqavilələrinə əsasən İddiaçı, X4 və X1 Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla 09 iyul 2013-cü il tarixli 26R000002740 saylı kredit razılaşması üzrə 228212 ABŞ dolları 40 sent əsas kredit borcunun, 32752,20 ABŞ dolları faiz borcunun və 1000 ABŞ dolları cərimənin, yəni cəmi 261 964,60 (iki yüz altmış bir min doqquz yüz altmış dörd) ABŞ dollarının və 20 noyabr 2014-cü il tarixli 26R********** saylı kredit razılaşması üzrə 25350 ABŞ dolları 34 sent əsas kredit borcu, 2210 ABŞ dolları 58 sent faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 27 610 (iyirmi yeddi min altı yüz on) ABŞ dolları 92 (doxsan iki) sentin və iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 27 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla cəmi 58 (əlli səkkiz) manatın, ümumilikdə 289 575 (iki yüz səksən doqquz min beş yüz yetmiş beş) ABŞ dolları 52 (əlli iki) sentin və 58 (əlli səkkiz) manatın müştərək qaydada alınaraq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, 29 dekabr 2011-ci il tarixli 26M000000172 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ismayıllı şəhəri, Babək küçəsində dövlət mülkiyyətində olan 0,1148 ha torpaq sahəsində yerləşən İddiaçı mülkiyyətindəki qeyriyaşayış sahəsinə tutma yönəldilməsi, əmlakın açıq hərracda satılması, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 715 000 (yeddi yüz on beş min) manat müəyyən edilməsi qət olunmuş, Şəki Apelyasiya Məhkəməsinin 30.01.2020-ci il tarixli qətnaməsi ilə X2 apelyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.08.2020-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv olunaraq həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kollegiya ilk növbədə qeyd edir ki, əslində qeyd olunan məhkəmə aktları ilə iddiaçının hazırda mübahisələndirdiyi ipoteka müqaviləsinə dolayısıyla qiymət verilmiş və tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Digər tərəfdən kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir və əqdin (o cümlədən ipoteka müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İddiaçı mübahisələndirdiyi ipoteka müqaviləsinin bağlanmamış hesab olunmasını, onun təmin etdiyi kredit xətti müqaviləsində kreditin mühüm şərtlərinin (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmədiyinə istinadla irəli sürmüş, iddia tələbini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli qərarlarındakı hüquqi mövqelərlə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəllənin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. İşin hallarından göründüyü kimi, İddiaçı həm kredit alan, həm də ipoteka qoyan şəxs olmuşdur; bu isə o deməkdir ki, onun ipoteka müqaviləsində kreditlə bağlı zəruri şərtlərin (faiz dərəcəsinin və s.) göstərilmədiyinə istinadla bu müqavilənin bağlanmamış hesab olunmasını tələb etməsi Konstitusiya Məhkəməsinin sözügedən Qərarlarının mənasına uyğun deyildir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair 11 oktyabr 2019-cu il tarixli Qərardadına görə, 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarda ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarından görünür ki, iddiaçının hazırda baxılan iddia ərizəsi 11.01.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, ipoteka müqaviləsi 29.12.2011-ci il tarixdə bağlanmışdır; bu isə o deməkdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli qərarları hazırki mübahisəyə tətbiq olunmamalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1480/2021 saylı iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar