Məhkəmə qərarları › İş №2(103)-4772/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4772/2025

06.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4772/2025 06.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7rşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin nümayəndəsi Qanuni nümayəndə, Üçüncü şəxs X8 Xidməti PHŞ-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7rşı (“X8 Xidməti” PHŞ mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-3675/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2003-cü il tarixdə “X13” X4 rayon X9 müəssisəsində İİ qaldırıcı n/s-ya maşinist peşəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin X5 İdarəsi bağlanmış əmək müqaviləsinə əsasən Füzuli Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun Zobcuq İİ qaldırıcı n/s-na 2-ci dərəcə ilə nasos qurğularının maşinisti peşəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə ləğv edilmişdir.

2. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X21 tərəfindən İddiaçı “ştat vahidinin ixtisara düşməsi barədə” xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi ünvanlanmışdır.

3. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 X5 İdarəsinin Həmkarlar komitəsinin xx.xx.2024-cü il tarixli 02 saylı protokolunun surətindən görünür ki, təsdiq edilmiş ştat cədvəlinə əsasən ştat vahidlərinin ixtisarı ilə əlqədar adları qeyd olunan işçilərinin – (İddiaçı) əmək müqavilələrinə ləğv edilməsinə etiraz edilmədiyi qərara alınmışdır.

4. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 002/f saylı, xx.xx.2025-ci il tarixli əmrinə əsasən Agentliyin tabeliyində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in strukturu və ştat cədvəli təsdiq olunması əmr edilmişdir. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X15 işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 160 ştat vahidi müəyyən edilmişdir. Yeni strukturda X5 idarəsi yoxdur.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 645/K saylı əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa edilməsini və məcburi işburaxma müddətinə görə əmək haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2003-cü il tarixdən 17 K №li əmrlə X16 X4 rayon kənd içməli su Təchizatı müəssisəsində 2-ci qaldırıcı n/s-ya maşinist vəzifəsinə qəbul edilmişdir. Düz 22 il müxtəlif vəzifələrdə cavabdeh təşkilatda qüsursuz və heç bir intizam tənbehi almadan işləmişdir. 2024-cü ilin oktyabr ayında X6 birləşdirilərək "xxxx" ASC-nin X17 İdarəsi adlandırılmış və bu zaman struktur dəyişiklikləri ilə əlaqədar olaraq həmin idarədə ştat ixtisarı aparılmışdır. O, həmin idarədə qüsursuz işlədiyinə baxmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi və 78-ci maddəsinin 1-ci bəndinin tələblərini pozan cavabdeh onu qanunsuz və əsassız olaraq əmək müqaviləsini ləğv etməklə ştatların ixtisarı adı ilə işdən çıxarmışdır. Onun əmək kitabçasında işdən çıxarılmanın tarixi xx.xx.2024-cü il tarix göstərilmişdir. Qeyd etmişdir ki, onun əmək kitabçası xx.xx.2024-cü il tarixdə yazılmış olsa da, o, təxminən 15 gün sonra İdarəyə gedərək əmək kitabçasını ala bilmişdir. Lakin, İdarə rəhbərliyi ona əmək kitabçasının nə vaxt təqdim olunması barədə arayış verməkdən imtina edir. O, xx.xx.2024-cü il tarixdə elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu qanunsuzluq barədə müraciət etmişdir. Həmin təşkilatdan xx.xx.2024-cü il tarixli 3-17-5/2-D-93293/2024 saylı məktubla ona bildirilmişdir ki, “müraciəti ilə əlaqədar işəgötürən tərəfindən cavab ala bilmədiklərindən bu barədə ona əlavə məlumat veriləcəkdir və o, məhkəməyə müraciət edə bilər”. O, məhkəməyə müraciət etmək məqsədi ilə əvvəlcədən 1 saylı X1 Horadiz filialına müraciət etmişdir. Müraciəti xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış və bu barədə ona “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.8 maddəsi ilə xx.xx.2024-cü il tarixdə arayış verilmişdir. O, hüquqlarını bilmədiyindən Mediasiya Təşkilatının texniki işçiləri onun işə bərpa olunmağı üçün ona kömək etmək məqsədi ilə iddia ərizəsi yazmışlar. Çox təəssüf ki, iddia ərizəsi tərtib edən şəxs qanunu bilmədiyindən ərizəni aidiyyatı üzrə Füzuli Rayon Məhkəməsinə deyil, Şirvan İnzibati Məhkəməsinə göndərmişlər. Bundan 2 ay ötdükdən sonra o, başa düşmüşdür ki, ərizənin tərtibatında yalnışlığa yol verilmişdir. Ona görə də bunu izah etməklə Şirvan İnzibati Məhkəməsinə işin geri qaytarılması barədə teleqramla müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsi xx.xx.2025-ci il tarixli, 2-1(120)-2601/2025 saylı qərardadla işi geri qaytarmışdır. Yuxarıdakıları əldə əsas tutaraq müddətin ötürülməsi barədə ərizəsini işə əlavə edərək yuxarıdakı sənədləri sübut növü kimi təqdim edərək ötmüş müddəti bərpa edərək iddia ərizəsinə baxılmasını istəyir. Onun əmək kitabçasında işdənçıxma səbəbi kimi ştatların ixtisarı göstərilərək əlavə olaraq qeyd etmişdir ki, onun pensiya yaşının tamam olmağına təxminən 2 il yarım qalmışdır. Lakin, müdriyyət uzun illər həmin idarədə işlədiyinə baxmayaraq ştatlar ixtisar edilən zaman bunu nəzərə almamışdır. Bildirmişdir ki, o, həmin idarədə tutduğu peşə üzrə istənilən mexanizmin idarə olunmasında bir maşinist kimi müxtəlif vəzifələrdə, ən çətin anlarda, ən çətin vəziyyətdə belə qüsursuz işləmiş və bu sahədə artıq 22 il peşakar kimi təcrübəli iş stajı vardır. Lakin, son 10 il ərzində müxtəlif peşələrə, vəzifələrə qəbul olunmuş, nisbətən təcrübəsiz, hətta, maşın və mexanizmlərdən kifayət qədər başı çıxmayan bir çox işçilər ştatlar ixtisar olunan zaman yuxarıda qeyd etdiyi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsində qeyd olunmasının əksinə olaraq işdə saxlanılmışlar.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 3675/2025 nömrəli qətnaməsi ilə (hakim G.V.Babazadə) iddia təmin edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 X5 İdarəsi Füzuli Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun Zobcuq İİ qaldırıcı n/s-na nasos qurğularının maşinisti İddiaçı “ştat vahidinin ixtisara düşməsi barədə” xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi ünvanlanmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, 645/K saylı əmrinə əsasən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. İşəgötürənin müraciəti üzrə Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilməmişdir. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X15 xx.xx.2024-cü il tarixdən etibarən qüvvədə olan Ştat cədvəlinə əsasən Zobcuq İİ qaldırıcı n/s-də nasos qurğularının maşinisti vəzifəsi üzrə 6 ştat vahidi mövcuddur.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur.

10. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi iddiaçının tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı göstərilmişdir. Hal-hazırda təqdim edilmiş ştat cədvəlində də Zobcuq İİ qaldırıcı n/s-də nasos qurğularının maşinisti vəzifəsinin 6 ştatın mövcud olduğu müəyyən olunur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı ştatın ixtisarı faktı iş materialları ilə öz təsdiqini tapmamışdır.

11. Eyni zamanda, iddiaçının yeni şöbə yaradılarkən əmək məcəlləsi ilə müəyyən edilən üstünlük hüququ və iş təcrübəsi nəzərə alınmamışdır. Belə ki, iddiaçı 2003-cü ildən həmin müəssisədə nasos qurğularının maşinisti vəzifəsində çalışırdı.

12. Digər tərəfdən məhkəmə hesab edir ki, həmkarlar ittifaqının müvafiq qərarı formal xarakter daşıyır. Belə ki, X5 İdarəsinin Həmkarlar komitəsinin xx.xx.2024-cü il tarixli 02 saylı protokolundan da görünür ki, protokolun iştirakçıları arasında iddiaçı yoxdur, iddiaçı dəvət edilməmiş və ümumiyyətlə bu məsələ ilə bağlı iclasın keçiriləcəyinə dair məlumatlandırılmamışdır.

13. Məhkəmə qeyd etmişdir ki, işəgötürənin effektiv iqtisadi fəaliyyətinin həyata keçirilməsi üçün kadr fəaliyyətini həyata keçirmək, o cümlədən işçiləri qəbul etmək, onları vəzifələrə təyin etmək və əmək müqavilələrinə xitam vermək hüququ vardır. Lakin, o, bu hüquqdan işçinin Əmək Məcəlləsi ilə müəyyən olunmuş təminatlarını gözləməklə istifadə etməlidir. İşçilərinin sayının və ya ştatların ixtisarının aparılması müəssisədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir neçə ştat vahidinin ləğv edilməsi başa düşülür. Bu zaman konkret vəzifə ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılır, eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilər isə ixtisar olunur. Bu elə hallarda mümkün ola bilər ki, işəgötürənin fəaliyyətində baş verən dəyişikliklər nəticəsində mövcud olan vəzifəyə zərurət aradan qalxsın. Ştat cədvəlində bir adla müəyyən olunan vəzifənin çıxarılması, lakin eyni funksiyaları həyata keçirən ştatların başqa adla əlavə edilməsi (saxlanılması) ixtisarın real olmamasının göstəricisidir.

14. Məhkəmə hesab etmişdir ki, İddiaçı işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X18 tərəfindən İddiaçı ödənilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 70, 71.1, 71.3, 76.1, 76.2, 77.1, 77.3, 77.4, 78.1, 78.2, 80.1, 80.2, 83.1, 83.2, 84, 300.1, 300.2-ci maddələrinə, Mülki prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 119.1, 217.4, 218.3cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü iltarixli 2356 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X18 yaradılmışdır. Həmin Fərmanın 6.3-cü bəndinə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqişəxsdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki X21lərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il 232 nömrəli qərarı ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Fərmanın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixli 002/1 nömrəli əmr verilmişdir. Həmin əmrə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin strukturu təsdiq edilmiş, X15 ştat vahidlərinin sayı 14.000-dən 7.700–dək azaldılmış, PHŞ-nin aparatının ştat vahidi isə 180 olmuşdur (Əmr iş materiallarına əlavə edilmişdir.) Həmin strurkturda X5 İdarəsinin Füzuli Sukanal sahəsi cavabdehin struktur təşkilatı kimi nəzərdə tutulmamışdır. Qeyd olunan normativ hüquqi aktlardan göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri üzrə xidmət göstərəcəkdir. Həmin 5 şəhərdən başqa Azərbaycan Respublikasının digər ərazilərinə xidmət göstərilməsi “X8 Xidməti” X20 həvalə edilmişdir. İddiaçının çalışmış olduğu Füzuli Sukanal sahəsi “X8 Xidməti” X15 tərkibinə verilərək Füzuli Su meliorasiya sistemlərinin İstismarı İdarəsi yaradılmışdır. “X8 Xidməti” X18 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 alt qurumu olmadığı üçün cavabdehin ona göstəriş vermək səlahiyyəti yoxdur. İddiaçının işlə təmin edilib-edilməməsi “X8 Xidməti” X15 daxili işidir. Hal-hazırda cavabdehin X5 İdarəsinin Füzuli Sukanal sahəsi adında struktur təşkilatı mövcud deyil, həmçinin iddiaçının ştat vahididə mövcud deyil. Bu kimi hallar olmasına və cavabdehin Füzuli rayonuna xidmət göstərməməsinə baxmayaraq məhkəmə tərəfindən əsassız olaraq iddia tələbi təmin edilmişdir. İddianın təmin edilməsi qətnamənin icrasını mümkünsüz edir. Məhkəmə bu halda da düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi barədə həmkarlara müraciət ünvanlanmış və həmkarların xx.xx.2024-cü il tarixli məktubunda və iclas protokolunda əmək müqaviləsinin ləğvinə etiraz edilmədiyi bildirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli protokol-qərardadı ilə X8 Xidməti X18 iş üzrə mübahisə predmenti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

21. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, o, həmin idarədə tutduğu peşə üzrə istənilən mexanizmin idarə olunmasında bir maşinist kimi müxtəlif vəzifələrdə, ən çətin anlarda, ən çətin vəziyyətdə belə qüsursuz işləmişdir və bu sahədə artıq 22 il peşakar kimi təcrübəli iş stajı vardır. Lakin, son 10 il ərzində müxtəlif peşələrə, vəzifələrə qəbul olunmuş, nisbətən təcrübəsiz, hətta, maşın və mexanizmlərdən kifayət qədər başı çıxmayan bir çox işçilər ştatlar ixtisar olunan işdə saxlanılmışlar. Əlavə olaraq qeyd edir ki, onun pensiya yaşının tamam olmağına təxminən 2 il yarım qalmışdır. Lakin müdriyyət uzun illər həmin idarədə işlədiyinə baxmayaraq ştatlar ixtisar edilən zaman bunu nəzərə almamışdır. Həmin işdə 200 nəfərə yaxın işçi olub. 20-30 nəfər müqaviləsiz işləyib. Ştatlar ixtisara gedən zaman həmin 20-30 nəfər müqaviləsiz işçilər rəsmiləşdirilib. 24 oktyabr tarixinədək əmək haqqını "xxxx" ASC ödəyib. "xxxx" ASC-nin Qarabağ üzrə regional bölməsi Xankəndi şəhərində yerləşirdi və onlara tabe idilər.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi bildirdi ki, qurum yeni yarandığı üçün ştatlar da yeni yaradılıb. Əmr may ayında olmasına baxmayaraq, iddiaçı may ayından oktyabr ayınadək cavabdeh qurumda işləyib.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 3.3. İşəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70,“b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə 77.4. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

24. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli 2356 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı: Bənd 5. Agentliyin tabeliyində aşağıdakı X21lər yaradılsın: 5.1. bu Fərmanın 3-cü hissəsi və 5.3 – 5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X8 Xidməti; 5.2. bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti; Bənd 6. Müəyyən edilsin ki: 6.2. X8 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən X21dir; 6.3. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən X21dir. Bənd 8.1.6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulan X21lər dövlət qeydiyyatına alındığı gündən aşağıdakı dövlət əmlakının balansdan balansa verilməsi ilə bağlı tədbirlər görsün: 8.1.6.1. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlakın (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinə xidmət göstərən su təchizatı və tullantı suları sistemləri üzrə) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansına; 8.1.6.2. Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyətinin balansındakı əmlakın və bu Fərmanın 8.1.6.1-ci yarımbəndi nəzərə alınmaqla "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansındakı digər əmlakın X8 Xidmətinin balansına.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli, 232 nömrəli qərarı: Bənd 2. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nizamnaməsi” təsdiq edilsin (2 nömrəli əlavə).

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı işdə iddia təmin olundugundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.

30. İşdən aydın olur ki, iddiaçı uzun müddət "xxxx" ASC-də əmək fəaliyyəti ilə məşğul olmuş, sonuncu dəfə onunla "xxxx" ASC-nin X17 İdarəsi arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixində əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə ləğv edilmişdir.

31. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən belə qənaətə gəlmişdir ki, cavabdehin xx.xx.2024-cü il tarixdən etibarən qüvvədə olan ştat cədvəlinə əsasən Zobcuq İİ qaldırıcı n/s-də nasos qurğularının maşinisti vəzifəsi üzrə 6 ştat vahidi mövcuddur.

32. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2356 nömrəli Fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X18 yaradılmış və həmin X20 Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərinin göstərilməsi həvalə edilmişdir.

33. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli, 232 nömrəli qərarı ilə həmin X15 Nizamnaməsi təsdiq edilmiş, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 002/f saylı, xx.xx.2025-ci il tarixli əmrinə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in strukturu və ştat cədvəlinin təsdiq olunması əmr edilmişdir. Yeni strukturda X5 idarəsi yoxdur.

34. Şərh olunanlardan göründüyü kimi, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 nəzdində X5 İdarəsi artıq mövcud deyil, həmin Hüquqi Şəxs yalnız Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində fəaliyyət göstərir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin icrası da mümkünsüz olur.

35. Əmək Məcəlləsinin tələblərinə əsasən işçilərin ştatları ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən azı doqquz təqvim həftəsi öncə (işçinin on ildən çox əmək stajı olduqda) rəsmi xəbərdar edilməlidir. Bundan başqa, işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi bu əsasla müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

36. İşdən görünür ki, cavabdeh əmək qanunvericiliyin bu tələblərinə riayət etmiş, əmək müqaviləsi ləğv edilməmişdən azı doqquz təqvim həftəsi öncə iddiaçını rəsmi xəbərdar etmiş, əmək müqaviləsi ləğv edilməmişdən əvvəl müəssisədə fəaliyyət göstərən və qanunvericiliyə əsasən işəgötürən tərəfindən deyil, işçilər tərəfindən yaradılmış həmkarlar ittifaqı təşkilatının razılığını almışdır.

37. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, qətnamə maddi hüquq normalarının düzgün tədbiq edilməməsi ilə qəbul edilmişdir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 3675/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar