Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4773/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-1491/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-nə qarşı – onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi xitam verilməsi barədə Cavabdeh MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli, 2510K nömrəli əmrin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Cavabdeh MMC-nə cəmiyyətin pərakəndə satış departamentinə kassir vəzifəsinə işinə bərpa olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-1491/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edildiyini bildirmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, həmçinin şikayətin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, həmçinin rəsmi sənədləri verərək bildirdi ki, mediasiya keçirilən zaman etiraz ediblər. Çünki həmin mediasiya təşkilatının yerləşdiyi ünvan cavabdehin rəsmi qeydiyyat yerinə uyğun deyildi, həmçinin mediatoru da iddiaçı özü təklif etmişdi, ona görə də onlar mediatora etiraz etmişlər, lakin həmin mediator mediasiyanı aparmışdır, halbuki qanunda da nəzərdə tutulub ki, həmin halda mediator özünə etiraz etməli idi, hesab edir ki, həmin mediator mediasiyanı aparmaq üçün səlahiyyətli olmayıb, mediasiya baş tutmayıb. Məhkəmə kollegiyasının iclasında idddiaçı apellyasiya şikayəti ilə razılamayaraq təmin edilməsini xahiş etdi, həmçinin mediasiyada cavabdehin iştirak etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli mediator R.Cabbarova ünvanlanmış e-mail-in surətindən məlum olur ki, məsələnin müsbət həll olunması üçün iddiaçıya Mediasiya haqqında qanununa müvafiq olaraq Bakı şəhər, Xətai rayonunda yerləşən müvafiq mediatorlardan birinə müraciət etməsinin qanunauyğun olması göstərilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinə əsasən, mediator bu Qanunla müəyyən olunan mediasiya prinsipləri əsasında mediasiyanı həyata keçirə bilmədikdə dərhal özü-özünə etiraz etməlidir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflər qarşılıqlı razılaşma əsasında bir və ya bir neçə mediator seçir. Tərəflər mediatorun seçilməsi üçün mediasiya təşkilatına da müraciət edə bilərlər. Qanunun 23.2-ci maddəsinə əsasən, tərəflər mediatorun seçilməsi üçün mediasiya təşkilatına müraciət etdikdə mediasiya təşkilatı tərəflərə bir və ya bir neçə mediatorun namizədliyini təklif edir və ya tərəflər arasında bağlanmış “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də nəzərdə tutulduğu, həmçinin tərəflərin qarşılıqlı razılaşmasına əsasən və ya bu Qanunun 28.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hallarda mediatoru (mediatorları) bilavasitə təyin edir. Beləliklə, müəyyən olunmuşdur ki, cavabdeh mediatora etiraz etmiş, mediasiya prosesi səlahiyyətli olmayan (cavabdeh etirazında Bakı şəhər, Xətai rayonunda yerləşən müvafiq mediatorlardan birinə müraciət etməsinin qanunauyğun olmasını göstərmişdi) mediator tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. MPM-in 4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılılr. Beləliklə, prosessual qanunvericilikdə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, hazırkı işlə bağlı mediasiya qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmamışdır ki, bu da iddia ərizəsinin baxılamamış saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilən Məcəllənin 391-ci maddəsinə əsasən həmin Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xətai Rayon Məhkəməsinin 2(011)-1491/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Eyni zamanda, iddiaçıya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiyaya əməl etməklə yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 391, 259.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xətai Rayon Məhkəməsinin 2(011)-1491/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi, ləğv edilsin, iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiyaya əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4773/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4773/2022
28.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver