Məhkəmə qərarları › İş №2(103)-4778/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4778/2022

06.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4778/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1194/2022 saylı 13 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə və köçürülmə tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və üç övladının - xx.xx.2011-ci il təvəllüdlü Vəliyeva Aliyə Çingiz qızı, xx.xx.2014- cü il təvəllüdlü Vəliyeva Aylin Çingiz qızı və xx.xx.2015-ci il təvəllüdlü Vəliyev Mehdi Çingiz oğlunun ünvan 1 ünvanında yerləşən 59 saylı mənzilə dair istifadə hüquqularının tanınmaqla həmin mənzilə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuş və nikahdan 3 uşaqları dünyaya gəlmişdir. Həmin nikahları Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Nikaha daxil olduqdan bir müddət sonra cavabeh bundan öncəki mülkiyyətində olmuş mənzili sataraq ünvan 1 ünvanında yerləşən 59 saylı mənzili almışdır. Cavabdeh sözü gedən mənzili aldıqdan sonra onlar mübahisə predmeti olan əmlaka köçmüş, əşyalarını da həmin ünvanda yerləşdirmişdir. O və övladları hal-hazırda həmin ünvanda qeydiyyatdadırlar. O, ünvan 2 ünvanında yerləşən 24 saylı mənzilə gəlin gəlmiş həmin mənzildə, 2017-ci ilədək hazırki mübahisə predmeti olan, ünvan 1 ünvanında yerləşən 59 saylı mənzildə köçənədək yaşamışdır. Mübahisə premeti olan mənzildə birgə nikah dövründə yaşadıqları müddətdə cavabdehlə birgə təsərrüfat aparmış və sözü gedən mübahisəli mənzildən cavabdeh onu və 3 azyaşlı övladını dəfələrlə qovmağa çalışmış, mübahisəli əmlak üzərində istifadə hüquqlarının məhdudlaşdırılmasına yönələn hüquqazidd addımlar atmışdır. Halbuki, həmin əmlak birgə nikah dövründə təmir edilmiş, mənzilin tikilməsi üçün təmir xərclərinin bir hissəsi də birgə təsərrüfatları hesabına ödənilmişdir. Övladları hal-hazırda azyaşlıdırlar. Onlar indi daha çox isti bir ailəyə, ocağa ehtiyacları vardır. Onların ataları tərəfindən bu cür təzyiqlərə məruz qalması, hüquqlarının kobud surətdə pozulması psixologiyalarına və şüurlarına çox mənfi təsir göstərir. Bundan başqa, övladları həmin ərazidə məktəbə gedir və sosial mühitdə formalaşmışlar. Qeyd olunanlara müvafiq olaraq mübahisənin ailə mübahisəsi sektoruna aid olduğu üçün məhkəmədən kənar həll edilməsi məqsədilə tərəfimdən Mediasiya Şurasına müraciət olunmuşdur. Cavabdehə mübahisənin mediasiya qaydasında həll edilməsini təklif etsə də, cavabdeh tərəfindən təklifi cavablandırılmamışdır. Həmçinin, ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1194/2022 saylı 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı övladları - xx.xx.2011-ci il təvəllüdlü Vəliyeva Aliyə Çingiz qızı, xx.xx.2014-cü il təvəllüdlü Vəliyeva Aylin Çingiz qızı və xx.xx.2015-ci il təvəllüdlü Vəliyev Mehdi Çingiz oğlu ilə birlikdə ünvan 3 ünvanında yerləşən 59 saylı mənzilə dair istifadə hüququnun müəyyən edilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam olaraq rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-nin 30.4-cü maddəsinin tələblərini tətbiq etməli olduğu halda bunu etməmişdir. Belə ki, iş materiallarına əlavə edilən qətnamələrdən görünür ki, iddiaçı ilə aralarında olan nikah xx.xx.2005-ci il tarixdə bağlanmışdır. Suraxanı Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 928/2021 saylı qətnaməsi ilə həmin nikah pozulmuşdur. O, cavabdehlə əvvəllər ünvan 4 ünvanında yerləşən 24 nömrəli mənzildə yaşamışlar. 24 nömrəli mənzil əvvəllər orderlə anasınaməxsus olub, anası vəfat edəndən sonra o, həmin mənzili öz adına özəlləşdirmiş və Çıxarış almışdır. Daha sonra həmin mənzili dəyişmə müqaviləsi əsasında ünvan 5 ünvanında yerləşən 59 nömrəli mənzil ilə dəyişmişdir. 59 nömrəli mənzilə dair mülkiyyət hüququnu 2018-ci il tarixdə əldə etmişdir. İddiaçı da 59 nömrəli mənzilə 2018-ci il tarixdə köçmüşdür. 59 nömrəli mənzilə dair münasibətlər 2018-ci il tarixdə yarandığından məsələ Mənzil Məcəlləsiin 30.4-cü maddəsinin tələbləri baxımından həll edilməlidir. İddiaçı ilə aralarıda olan nikah 27 may 2021-ci il tarixdə pozulduğundan iddiaçı ona qarşı münasibətdə keçmiş ailə üzvü statusuna keçmişdir ona görə də onun 59 nömrəli mənzilə dair istifadə hüququ saxlanmamışdır. Məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamış. İş materiallarında təkcə 2018-ci il tarixli mülkiyyət hüquqlarına dair Çıxarışa istinad etmişdir. İddiaçının ailəsinə (atasına) məxsus bir neçə evləri vardır. Yəni iddiaçının onun evimə heç ehtiyacı da yoxdur. İddiaçının atasının adına evin olması ilə bağlı məhkəməyə sübut təqdim etsə də məhkəmə həmin sübutu qəbul etməmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız cavabdeh həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1194/2022 saylı 13 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3156/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilin bölünərək 2/3 hissədə payın onun və uşaqlarının adına rəsmiləşdirilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9746/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli AZ DƏDRXnin çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 59 saylı mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında münasibətlər 2005-ci il tarixdə meydana gəldiyindən qeyd olunan mübahisəli məsələyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalari tətbiq edilməldir. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 59 saylı mənzil Cavabdeh məxsusdur. Tərəflərin izahatından və iş materiallarından görünür ki, tərəflər 2005-ci ildə nikaha daxil olmuş, 2018-ci il tarixdən etibarən tərəflər övladları ilə birlikdə həmin mənzildə yaşayırlar və onlar arasında olan nikah 2021-ci il tarixdə pozulmuşdur. Hazırda iddiaçı öz 3 azyaşlı övladı ilə birlikdə həmin mənzilə dair istifadə hüquqlarının müəyyən edilməsini cavabdeh isə iddiaçı ilə aralarında olan nikah pozulduğundan onun həmin mənzilə dair istifadə hüququnun tanınmamasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin tələbindən görünür ki, yaşayış sahəsinin mülkiyyətçinin ailə üzvü həmin yaşayış sahəsinə istifadə hüququna malikdir. Belə olan halda məhkəmə Mülki Məcəllənin qeyd olunan normasının müddəalarını nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, İddiaçı övladları - xx.xx.2011-ci il təvəllüdlü Vəliyeva Aliyə Çingiz qızı, xx.xx.2014-cü il təvəllüdlü Vəliyeva Aylin Çingiz qızı və xx.xx.2015-ci il təvəllüdlü Vəliyev Mehdi Çingiz oğlu ilə birlikdə ünvan 3 ünvanında yerləşən 59 saylı mənzilə dair istifadə hüququ müəyyən edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində tərəflər arasında mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərini tətbiq etməli olduğu qeyd etmişdir. Lakin cavabdeh nəzərə almamışdır ki, tərəflər arasında münasibətlər 2005-ci il tarixdə meydana gəlmişdir. Qanunvericiliyin tələbi baxımından da yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, hazırki halda mübahisəli məsələyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalari tətbiq edilməsi barədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətində göstərilən hallar heç bir sübuta əsaslanmamaqla, yalnız formal mülahizələrdən ibarət olduğu üçün qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1194/2022 saylı 13 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1194/2022 saylı 13 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar