Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4780/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı Əhmədov Oruc Alı oğlunun cavabdeh Əhmədov Elləz Alı oğluna qarşı yaşayış sahəsinin pəncərəsinin açılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-111/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Əhmədov Oruc Alı oğlu cavabdeh Əhmədov Elləz Alı oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , cavabdehə Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, 27 saylı evin 242-ci mənzilinin 1-ci mərtəbəsində onun mülkiyyətində olan sahəsi 19,8 kvm olan yaşayış otağının pəncərəsinin öz hesabına açılmasını həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-111/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir Həmin qətnamədən cavabdeh Əhmədov Elləz Alı oğlu apellyasiya şikayəti vemişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Elləz Əhmədovun şikayət ərizəsi qətnamədən verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, Əhmədov Elləz Alı oğlunun şikayətinin nəticə hissəsi bu şəkildə ifadə edilmişdir: “Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsini ləğv edəsiniz və iş üzrə yeni qətnamə qəbul edəsiniz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 361.1.4-cü maddəsinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Prosessual qanunvericiliyə görə qətnamədən apellyasiya şikayəti vermiş şəxsin qətnamənin ləğv edilməsinə dair məhkəməyə ünvanlanmış xahişi özündə əks etdirməlidir – qətnaməni tamamilə və ya qismən ləğv etməklə yeni qətnamənin çıxarılması nəticəsində iddianın təmin edilməsi, iddianın qismən təmin edilməsi, yaxud da iddianın rədd edilməsi. Əhmədov Elləz Alı oğlunun “apellyasiya şikayəti” adlandırdığı ərizəsindən görünür ki, o, ümumiyyətlə apellyasiya şikayəti üçün qanunda nəzərdə tutulmuş forma və məzmuna əməl etməməklə yanaşı konkret tələblə də çıxış etməmişdir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-111/2021 saylı iş üzrə xx xxxxxx 2021-ci il tarixli qətnaməsindən cavabdeh Əhmədov Elləz Alı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4780/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4780/2021
20.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver