Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4780/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4299/2023 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1911-ci il təvəllüdlü Mirzəyev X2 1908-ci il təvəllüdlü Mirzəyev X4 ilə qardaş olması faktı və Mirzəyev X3 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində vəfat etməsi və Mirzəyev X2 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4299/2023 saylı qərardadı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi tələbinə ərizəsi ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbindən aşkar surətdə göründüyü kimi, ərizəçi eyni anda həm 1911-ci il təvəllüdlü Mirzəyev X2 1908-ci il təvəllüdlü Mirzəyev X4 ilə qardaş olması faktını, həm Mirzəyev X3, həm də Mirzəyev X2 ölmələri faktının müəyyən edilməsi tələblərini birləşdirmişdir. Halbuki, bu tələblər ayrı-ayrılıqda araşdırılmalıdır və bir biri ilə əlaqəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbləri bir-biri ilə əlaqədar olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Beləliklə, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin qərardaddan ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsinə dair yeni qərardad qəbul edilməsini, əks təqdirdə şikayəti işlə birlikdə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizəçi şikayəti onunla əsaslandırmışdır ki, ərizəsində müəyyən edilməsini xahiş etdiyi hüquqi faktlar bir-biri ilə əlaqəlidir. Belə ki, Mirzəyev X4 babası, Mirzəyev X5 isə onun babasının qardaşıdır. Onların qohumluq və vəfat etmə faktları da bir-biri ilə əlaqədardır. Mirzəyev X2 onunla qohumluq əlaqəsini müəyyən etmədən Mirzəyev X2 vəfatı faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilməz. Qohumluq faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edəndə isə məhkəmə ondan Mirzəyev X2 ölüm şəhadətnaməsini tələb ediləcəkdir. Bütün bunlardan əlavə həm qohumluq faktının, həm də vafət etmə faktlarının müəyyən edilməsi üçün eyni sənədləri və eyni şahidləri məhkəmə iclaslarına gətirməli olacaqdır. Nəzərə alınsa ki, bir icraatda birləşdirdiyi 3 hüquqi faktın müəyyən edilməsindən söhbət gedir, o zaman ayrıayrılıqda 3 ərizə ilə məhkəməyə müraciət etməlidir. Belə olan halda həm Məhkəmənin işi səbəbsiz yerə artır həm də onun. Ərizədən görünür ki, bu 3 hüquqi faktın bir icraatda birləşdirilməsi əslində sözü gedən hüquqi faktların daha ətraflı və daha tez bir zamanda araşdırılmasına, boş yerə vaxt itkisinin qarşının alınmasına, eyni sənədlərin 3 dəfə toplanmasının qarşının alınmasına, məhkəmənin də işinin daha səmərəli və tez bir zamanda tamamlanmasına səbəb olur. Bir-biri ilə əlaqəli şəkildə bağlı olan 3 hüquqi faktın bir icraatda baxılması məhkəmə üçün heç bir çətinlik, ziddiyət yaratmır. Əksinə həm məhkəmənin həm də vətəndaş olaraq onun işi asanlaşdırır və boş yerə vaxt itkisinin qarşısını alır. Mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qərardad qəbul etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi xüsusi icraat qaydasında verdiyi ərizənin geri qaytarılmasını əsaslandırmaq üçün MPM-nin 152.1.7-ci maddəsinə istinad etmişdir. Həmin maddədə söhbət iddia icraatı qaydasında baxılan və bir və ya bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birləşdirilməsindən söhbət gedir. Lakin ərizəsi iddia icraatı qaydasında baxılan ərizə deyil, ərizəsində cavabdeh də yoxdur. Ərizəçi olaraq özü iştirak edir və irəli sürdüyü tələblər onun hüquqlarının həyata keçirilməsi üçün lazım olan faktların müəyyən edilməsinə yönəlib. Ərizəsində müəyyən edilməsini xahiş etdiyi faktlar isə ona miras qalmış və faktiki olaraq qəbul etdiyi miras əmlakın adına sənədləşdirilməsi üçün lazımdır. Həmçinin həmin faktarın müəyyən edilməsi üçün məhkəməyə təqdim edəcəyi sübut əhəmiyyət kəsb edən sənədlər də, şahidlər də eynilik təşkil edir. Belə olan halda bir daha aydın olur ki, ərizəsində müəyyən edilməsini xahiş etdiyi hüquqi faktlar bir-biri ilə bağlıdır və əlaqəlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4299/2023 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Ərizəçi hazırki ərizəsində 1911-ci il təvəllüdlü Mirzəyev X2 1908-ci il təvəllüdlü Mirzəyev X4 ilə qardaş olması faktı və Mirzəyev X3 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində vəfat etməsi və Mirzəyev X2 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizədə göstərilən tələblərin bir-biri ilə əlaqədar olmadığını qeyd etsə də ərizədən göründüyü kimi Ərizəçi ilk öncə Mirzəyev X5 ilə Mirzəyev X3 qardaş olması faktının müəyyən edilməsini xahiş etmiş, daha sonra isə həmin şəxslərin vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Göründüyü kimi ərizəçinin “qardaş olması faktının müəyyən edilməsi”ni tələb etdiyi şəxslər ilə “vəfat etməsi faktının müəyyən edilməsi” faktını müəyyən etdiyi başqa şəxslər deyil, eyni şəxslərdir və ərizəsində müəyyən edilməsini xahiş etdiyi faktlar isə ona miras qalmış və faktiki olaraq qəbul etdiyi miras əmlakın adına sənədləşdirilməsi üçün lazımdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Mirzəyev X5 ilə Mirzəyev X3 qardaş olması faktının müəyyən edilməsi ilə həmin şəxslərin vəfat etməsi faktının müəyyən edilməsi əlaqəli tələblər olmaqla bir icraatda baxılması mümkün tələblərdir. Çünki həmin şəxslərin “qohumluq münasibətlərinin” müəyyən edilməsi zamanı əldə edilmiş sübutlar, müəyyən edilmiş hallar ərizənin digər hissəsi - məhz həmin şəxslərin “vəfat etməsi” faktının müəyyən edilməsi zamanı da əhəmiyyət kəsb edəcəkdir və həmin tələblərə birlikdə baxılması işə daha tez və düzgün baxmaqla nəticələnəcəkdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, prosessual qanunvericilik hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin xüsusi prosessual qaydasını - “Xüsusi icraat” qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1). Məcəllənin 307.2-ci maddəsi xüsusi icraat qaydasında müəyyən edilməli olan faktların konkret siyahısını əks etdirir, 307.2.1-ci maddəsinə əsasən məhkəmə, şəxslərin qohumluq münasibətlərinin; 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsi isə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtləri müəyyənləşdirir. Həmin maddəyə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, prosessual qanunvericiliyin müddəalarında xüsusi icraat qaydasında baxılan işlərin dairəsi müəyyən olunmuşdur. Mülki prosessual qanunvericilik xüsusi icraat qaydasında baxılan işlərin bir növü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsini nəzərdə tutur. Eyni zamanda ərizəçinin hüquqi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olması bu işlərə məhkəmədə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin hazırki ərizəsində göstərdiyi tələblər bir-biri ilə əlaqədar olmaqla həmin tələblərə birlikdə baxılması məqsədəmüvafiqdir. Belə olan halda birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə istinad etməsi düzgün olmamışdır. Belə ki, həmin maddədə iddia icraatı qaydasında baxılan və bir və ya bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birləşdirilməsi nəzərdə tutulur.Lakin işin materiallarından görünür ki, hazırki ərizə iddia icraatı qaydasında baxılan ərizə deyil, ərizəçi ərizəsində cavabdeh də göstərməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və və Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4299/2023 saylı qərardadı ləğv edilsin. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-4780/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4780/2023
25.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver