Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4780/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (X7, X12, X14, X13 və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: “özbaşına tikilidən çıxarma, hüquqdan sui-istifadə”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4247/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya MH ******* nömrəli çıxarışına əsasən, Abşeron rayonu, X16 ərazisində 3,0 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixindən başlayaraq X5 99 il müddətinə 1260 nömrəli müqavilə əsasında icarəyə verilmişdir.
2. Namiq Məmmədov xx.xx.2017-ci il tarixli etibarnamə əsasında icarəsində olan Abşeron rayonu, X16 ərazisində yerləşən 3,0 ha torpaq sahəsindən 200 kv.m. dair qüvvədə olan qanunvericiliyə əsasən təyinatı üzrə müvafiq sənədləşdirmə işi apardıqdan sonra özəlləşdirmək, bütün sənədləşmə işlərini yerinə yetirmək, imza etmək, torpağa və tikiliyə reyestrdən çıxarış almaq, zərurət yaranarsa bununla əlaqədar məhkəmədə çıxış etmək, üzərində yüklülük olmadığı halda istənilən sərəncamı vermək, o cümlədən satmaq, pulunu almaq, dəyişmək, ipoteka qoymaq, bağışlamaq səlahiyyətlərini Vüqar Sadıqova, sonuncu isə İddiaçı etibar etmişdir. Etibarnamə 90 il 5 ay 9 gün müddətinə verilmiş və xx.xx.2107-ci il tarixinədək qüvvədədir.
3. “Elektron notariat” X1 çıxarışa əsasən Namiq Məmmədov ilk olaraq xx.xx.2012-ci il tarixdə etibarnaməni X11, Amid İbrahimov isə xx.xx.2014-cü il tarixdə X8, Ramil Hüseynov isə xx.xx.2017-ci il tarixdə X9, Eldəniz Kərimov isə xx.xx.2017-ci il tarixdə Vüqar Sadıqova vermişdir.
4. "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış tarix qeyd olunmamış Müqavilənin kserosurətindən görünür ki, Ramana 2-ci sahə 2299/233 ünvanına fərdi yaşayış evinə dair “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alğısatqısının birtipli” Müqavilə bağlanmışdır.
5. İş üzrə birinci instansiya məhkəməsinə təqdim edilmiş dəftərdə aparılmış qeydlərdən müəyyən edilir ki, 31 mart 2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci məhəllədə İddiaçı məxsus 90 nömrəli fərdi yaşayış evinin ayda 700 ABŞ dolları olmaqla hissə-hissə ödənilməsi şərti ilə nisyə olaraq Cavabdeh 50.000 ABŞ dollarına satılması barədə razılaşma olmuşdur.
6. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş hesabatına əsasən fərdi yaşayış evinə görə 26.200 ABŞ dolları borcu qalmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətçi Namiq Məmmədovdan xx.xx.2017-ci il tarixli AR-İ 533231 nömrəli etibarnamə əsasında aldığı Bakı şəhəri, Sabunçu (əvvəlki Abşeron) rayonu, X16 ərazisindəki torpaqda yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X16 ünvanındakı fərdi yaşayış evindən cavabdehin və ailəsinin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X16 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin evin yerləşdiyi torpaq sahəsi, yəni Bakı şəhəri, Sabunçu rayonu (Keçmiş Abşeron), X16 ərazisində yerləşən DƏDRX-nin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən Namiq Məmmədovdan AR-İ 533231 nömrəli etibarnamə əsasında almışdır. xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarış əsasında aldığı zaman içərisində fərdi yaşayış evi var idi. Həmin evi satmaq qərarına gəlmiş, bu zaman alıcı kimi gələn Cavabdeh evi almaq istədiyini, lakin pulu olmadığını demiş və bu səbəbdən onunla razılaşmamışdır. Cavabdeh sonradan təkrar ona müraciət edərək evi ona kirayə verməyini xahiş etmiş, o, isə satmaq niyyətinin olduğunu dedikdə Cavabdeh bir müddət kirayəçi kimi qalıb, daha sonra pul düzəldib həmin evi alacağını demiş, hətta güzəşt kimi qaldığı bir neçə ayın pulunu evin satış pulundan çıxacağını, aralarındakı razılaşmaya əsasən əgər evin pulunu 1 ildən sonra ödəməsə, ödənilən pullar kirayə pulu kimi hesablanaraq evdən çıxacağını demişdir. 2018-ci ilin mart ayında öz aralarında akt tərtib edərək müqavilə bağlamışlar və həmin müqavilənin şərtlərində cavabdehin onun evini alacağını, müvəqqəti olaraq aylıq kirayə ödənişləri edəcəyini, həmin ödənişlərin evin pulundan çıxılacağını, əgər evin qalan pulunu tam ödəmədiyi təqdirdə, ödənilən pulların kirayə pulu kimi hesablanacağını və cavabdehin evdən çıxacağı razılığa gəlinmişdir. Cavabdeh bir müddət ödənişlər etdikdən sonra, ondan razılaşmalarına əsasən evin qalan pulunu tam istəmiş, cavabdehə bir müddət vaxt vermiş, lakin o, bir müddət də kirayə ödənişi etməklə onun evində qalmış, daha sonra isə ümumiyyətlə ödəniş etmədi. Pulu ödəməyi tələb edən zaman isə pul olmadığını bildirmişdir. Hazırda cavabdeh evindən çıxmadığı üçün iddiaçı özü evsiz qalmış, bütün bunlara baxmayaraq cavabdeh evindən çıxmır və evini yanğın və partlayış təhlükəsi altında qoyaraq qanunsuz qaz və işıq çəkir. Belə ki, cavabdeh və ailəsi onun Bakı şəhəri, Sabunçu rayonu, X16 ərazisində yerləşən DƏDRX-nin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən X2 xx.xx.2017-ci il tarixli AR-İ 533231 nömrəli etibarnamə əsasında aldığı torpaqda yerləşən Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci sahə üvanındakı fərdi yaşayış evindən çıxarılmalıdır. Cavabdeh və ailəsi onun mülkiyyət hüququnu məhdudlaşdırır, bu səbəbdən də onun evində yaşamağa hüququ yoxdur. Ona görə də cavabdeh və ailəsi ona məxsus evdən çıxarılmalıdır. Hazırda özü evsiz qalmış, evi mebellərlə birlikdə Cavabdeh təhvil vermiş, lakin sonradan cavabdeh bəzi mebelləri yararsız vəziyyətə gətirmiş, bə zilərini isə evdə çıxararaq harasa aparmışdır. Hazırda evdə təhvil verdiyi mebellərin əksəriyyəti yoxdur.
9. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə yazılı etiraz təqdim verərək bildirmişdir ki, Vüqar Sadıqov adlı şəxs Namiq Məmmədovun adından sonuncunun məhz 200 kv.m. torpaq sahəsi ilə bağlı müvafiq sənədləşmə işlərinin aparılmasını iddiaçıya etibar etmişdir ki, bu etibarnamə sonuncuya məhkəmədə digər şəxslərə qarşı öz adından iddia qaldırmaq və mülkiyyətçi statusunu daşımaq səlahiyyətlərini vermir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
10. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X7 3 hektar torpaq sahəsinin olduğunu demişdir.
11. Cavabdeh xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı 32.000 ABŞ dolları pulun (ödəniş gününə manatın məzənnəsi ilə), 16.716 manat 10 qəpik məbləğində evin təmirinə xərclədiyi pulun və 304 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə qarşılıqlı iddia üzrə ərizənin və ödənilmiş dövlət rüsumunun qaytarılması barədə ərizə verilmiş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə mülki iş baxılmamış saxlanılaraq ərizə geri qaytarılmışdır.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4247/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia tələbi təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə araşırılması zamanı işin mübahisəsiz halı ondan ibarət olduğu müəyyən edilir ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, X16 ünvanındakı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edəcək sənədi yoxdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli evə dair hüquqmüəyyənedici sənədi olmadığından onun həmin ev ilə bağlı, yəni belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddia bu əsasla rədd edilməlidir. Məhkəmə qeyd etmişdir ki, həmçinin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi hal-hazırda cavabdehin sahibliyindədir. İddiaçının mübahisəli torpaq sahəsinə iddia etməyə əsas verən yeganə sənədi ona Namiq Məmmədov tərəfindən verilən etibarnamədir. Qeyd olunan etibarnamə ilə Namiq Məmmədov ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, X16 ünvanında yerləşən ümumi sahəsi 3,0 ha torpaq sahəsinin 200 kv.m. təyinatı üzrə istifadə etməyi, torpaq sahəsi üzərində tikilmiş tikililərin gələcəkdə tam özəlləşdirməyi, sənədləşdirmə işləri ilə əlaqədar onun adından ərizə verməyi və imza etməyi, müvafiq qərar və sərəncamları almağı və sair hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə ilə İddiaçı istifadəsinə verilmiş 200 kv.m. torpaq sahəsinin 3,0 ha torpaq sahəsinin hansı hissəsindən ayrıldığı və ya İddiaçı istifadəyə verilmiş 200 kv.m. torpaq sahəsinin doğurdanda hazırda mübahisə olunan tikilinin yerləşdiyi torpaq sahəsi olması heç bir sənədlə təstiq edilmir. 200 kv.m. torpaq sahəsinin İddiaçı təhkim edilməsini təsdiq edən heç bir hüquqmüəyənedici sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı ona məxsus torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması tələbi ilə məhkəməyə müraciət etsə də, qeyd olunan maddənin tələblərinə görə belə iddia irəli sürülməsi üçün onun ilk öncə mülkiyyətçisi olmalıdır. Lakin iddiaçının nə qeyd olunan evə, nə də evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ yoxdur. İddiaçı etibarnamə əsasında evi aldığına istinad edir, lakin hər kəsə məlum olan haldır ki, hər hansı bir əmlaka mülkiyyət hüququ əldə edilməsinin qanuni əsasları sırasında etibarnamə ilə torpaq sahəsi alınması nəzərdə tutulmamışdır. Torpaq sahəsinə dair iddiaçıya verilmiş etibarnamə yalnız təmsilçilik xarakteri daşıyır və mülkiyyət hüququ vermir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddia predmeti olan daşınmaz əmlak özbaşına tikilidir. Nəticə olaraq iddiaçı sözügedən mübahisəli evlə bağlı satmaq, icarəyə vermək və ya onunla bağlı hər hansı iddia irəli sürmək hüququna malik deyil. Bu səbəbdən də, cavabdehə qarşı “evdən çıxarılma” tələbi rədd edilməlidir.
15. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 146.1, 146.2, 152.1, 157.2, 157.4, 180.1, 180.2, 362.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” 30 iyun 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-612/24 saylı, 19 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Akif İsgəndərov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilərək cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X16 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manatının və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun 25 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsi tərəfindən X14, X12, X13 və X10 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
19. Apellyasiya instansiyası məhkəməsi qənaətində göstərmişdir ki, işə baxan birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılarkən araşdırma nəticəsində müəyyən olunmuşdur ki, X16 ərazisində 3,0 ha torpaq sahəsi xx.xx.2008-ci ildən başlayaraq Namiq Məmmədova 99 il müddətinə 1260 nömrəli müqavilə əsasında icarəyə verilmiş, həmin torpaq sahəsinin 200 kv.m. hissəsi etibarnamə əsasında faktiki olaraq özgəninkiləşdirilmişdir. Belə ki, Namiq Məmmədov ilk olaraq xx.xx.2012-ci il tarixdə etibarnaməni Amid İbrahimova, sonuncu xx.xx.2014-cü il tarixdə Ramil Hüseynova, sonuncu xx.xx.2017-ci il tarixdə Eldəniz Kərimova, sonuncu xx.xx.2017-ci il tarixdə Vüqar Sadıqova, sonuncu isə iddiaçıya vermişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhkəmə tərəfindən iş üzrə mübahisə predmeti barəsində üçüncü şəxs qismində cəlb edilmiş Namiq Məmmədov kollegiyanın iclasında həmin torpaq sahəsini sürücüsü Amid İbrahimov vasitəsilə satdığını, üçüncü şəxs Vüqar Sadıqov isə sözügedən torpaq sahəsində fərdi yaşayış evi inşa edərək təmirli və mebel ilə təchiz edilmiş şəkildə iddiaçıya 74.000 manata satdığını təsdiq etmişlər. Cavabdehin özü tərəfindən təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər qeyd olunan fərdi yaşayış evinin nisyə alğı-satqısına dair razılığa gəlmişlər və bunu yazılı formada rəsmiləşdirmişlər. Razılığa əsasən cavabdeh evin dəyərini təşkil edən 50.000 ABŞ dolları məbləğində vəsaiti 3 il müddətinə hər ay 700 ABŞ dolları olmaqla hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi tam icra edə bilməmiş, 2022-ci ilin may ayından başlayaraq hər ay iddiaçıya 700 ABŞ dolları məbləğində vəsait ödəməyi vəd etsə də, buna əməl etməmişdir. Tərəflər arasında borc münasibətləri də olmuş, cavabdehin iddiaçıya fərdi yaşayış evinə görə 26.200 ABŞ dolları, borc müqaviləsi üzrə 13.755 manat borcu qalmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh evə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından, iddiaçı tərəfindən aldadıldığından evin dəyərindən 32.000 ABŞ dollarını ödədiyini, qalan hissəsini isə ödəmədiyini bildirmişdir. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının sahibliyində olan fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmadığından, onun qanunvericiliyin tələblərinə uyğun olaraq alğı-satqısının notariat qaydasında rəsmiləşdirilməsi qeyri mümkündür. Belə ki, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Bununla belə, qanunvericilikdə dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlaka dair sərəncam verilməsi ilə bağlı müddəalar nəzərdə tutulmasa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər iddiaçının sahibliyində olan fərdi yaşayış evinin alğı-satıqısına dair üzərlərinə qarşılıqlı öhdəliklər götürmüş və bunu yazılı formada rəsmiləşdirmişlər. İddiaçı tərəfindən fərdi yaşayış evi cavabdehə təhvil verilsə də, cavabdeh evin dəyərini iddiaçıya razılaşdırılmış qaydada tam ödəməmişdir. İddiaçının isə verilmiş fərdi yaşayış evinin dəyərinin ödənilməsini və ya evin qaytarılmasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin üç il ərzində evə dair ödənişlər etməsi, sonradan ödənişlə bağlı iddiaçıdan müddətin uzadılmasını xahiş etməsi kimi işin halları onu deməyə əsas verir ki, onun evə dair hüquqmüəyyənedici sənədlərin olmadığından xəbərsiz olması, iddiaçının onu aldatması inandırıcı deyil. O da qeyd edilmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən qarşılıqlı iddia verərək iddiaçıdan ödədiyi vəsaiti tələb etsə də, sonradan qarşılıqlı iddiasını geri götürmüşdür. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin faktiki sahibi olduğundan onun hazırki iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı fərdi yaşayış evindən cavabdehlə yanaşı ailə üzvlərinin də çıxarılması tələbini irəli sürmüşdür. Lakin həmin tələb qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış, iddiaçı həmin şəxsləri müəyyən edib cavabdeh kimi işə cəlb etməmişdir. Halbuki, MPM-in 149.2-ci maddəsinə əsasən iddia ərizəsində tələbin yönəldiyi şəxslərin - cavabdehlərin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, o cümlədən, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bundan başqa qeyd edilmişdir ki, cavabdehin fərdi yaşayış evindən çıxarılmasına dair iddia tələbinin təmin edilməsi, eyni zamanda onun yetkinlik yaşına çatmayan ailə üzvləri X13 və X6 yaşayış yerləri cavabdehin yanı olduğundan faktiki olaraq həmin evdən çıxmaları ilə nəticələnəcəkdir.
20. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 159, 160, 163.1, 164.1, 165.1, 166.3, 385.1, 425.1, 425.2, 442, 443.1, 443.5, 448.1, 448.2, 460.1, 567, 598.2, 600.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 119.5, 149.2, 217.4, 384.0.2, 385.1-ci maddələrinə istinad etmişdir.
Kassasiya instansiyası məhkəməsində icraat
21. Cavabdeh (nümayəndəsi və vəkili Cavabdeh oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2155/2024 saylı, 10 iyun 2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilib mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
23. Kassasiya instansiyası məhkəməsi qənaətində qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə, Abşeron rayonu, X16 ərazisində 3,0 ha torpaq sahəsi xx.xx.2008- ci il tarixindən başlayaraq Namiq Məmmədova 99 il müddətinə müqavilə əsasında icarəyə verilmiş, icarə hüququ qeydiyyata alınaraq ona müvafiq çıxarış verilmişdir. Namiq Məmmədov ona icarə hüququ ilə verilmiş 3,0 ha olan həmin torpaq sahəsindən 200 kv.m. hissəsinə dair ilk olaraq xx.xx.2012-ci il tarixdə Amid İbrahimova, Amid İbrahimov öz növbəsində xx.xx.2014-cü il tarixdə Ramil Hüseynova, Ramin Hüseynov öz növbəsində xx.xx.2017-ci il tarixdə Eldəniz Kərimova, Eldəniz Kərimov isə öz növbəsində xx.xx.2017-ci il tarixdə Vüqar Sadıqova etibarnamə vermişlər. X3 sovxozu ərazisində yerləşən 3,0 ha torpaq sahəsindən 200 kv.m. dair hissəsinə qüvvədə olan qanunvericiliyə əsasən təyinatı üzrə müvafiq sənədləşdirmə işi aparıldıqdan sonra özəlləşdirmək, bütün sənədləşmə işlərini yerinə yetirmək, imza etmək, torpağa və tikiliyə reyestrdən çıxarış almaq, zərurət yaranarsa bununla əlaqədar məhkəmədə çıxış etmək, üzərində yüklülük olmadığı halda istənilən sərəncamı vermək, o cümlədən satmaq, pulunu almaq, dəyişmək, ipoteka qoymaq, bağışlamaq səlahiyyətləri etibar edilmişdir. İddiaçıya Vüqar Sadıqov tərəfindən 200 kv.m. torpaq sahəsinə dair etibarnamə verilərkən torpağın üzərində özbaşına inşa edilmiş fərdi yaşayış evi olmuşdur. İddiaçının fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edəcək sənədi yoxdur. 31 mart 2018-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında qeyd olunan torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin nisyə alğı-satqısı barədə şifahi razılaşma olmuş, iddiaçı evi cavabdehə 50.000 ABŞ dolları pul vəsaitini ayda 700 ABŞ dolları olmaqla hissə-hissə ödəmək şərti ilə satıb, evi həmin tarixdə cavabdehə təhvil verməyi, cavabdeh isə həmin pulu qeyd olunan qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüş, iddiaçı razılaşdırılmış tarixdə həmin evi cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. 31 mart 2018-ci il tarixdən etibarən hal-hazıradək mübahisəli evdə faktiki olaraq cavabdeh yaşayır. İddiaçı mübahisəli tikilinin ona məxsus olduğunu iddia edərək fərdi yaşayış evindən cavabdehin və ailə üzvlərinin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, iddia tələbinin əsası kimi həmin ünvanda yerləşən Namiq Məmmədova icarə hüququ ilə verilmiş torpağın 200 kv.m. hissəsini üzərində olan fərdi yaşayış evi ilə birlikdə etibarnaməyə əsasən aldığını, həmin evi satmaq qərarına gəlməsini, bu zaman alıcı kimi gələn Cavabdeh ilə sonda razılaşaraq, 31 mart 2018-ci il tarixdə evi cavabdehə 50.000 ABŞ dollarına ayda 700 ABŞ dolları olmaqla hissə-hissə ödəmək şərti ilə satdığını, aralarındakı razılaşmaya əsasən əgər cavabdeh evin pulunu 1 ildən sonra ödəməsə, ödənilən pulların kirayə pulu kimi hesablanaraq evdən çıxacağını qəbul etdiyini, həmin vaxtdan akt tərtib edərək evi cavabdehin istifadəsinə verməsini, cavabdehin evə köçdüyünü, cavabdehə evin pulunu tam ödəmək üçün bir müddət vaxt verdiyini, cavabdehin bir müddət də kirayə ödənişi etməklə onun evində qalmasını, daha sonra isə ümumiyyətlə ödəniş etmədiyini, sonradan ödənişi dayandırdığına görə evdən çıxarmaq istəsə də, həmin ünvandan çıxara bilməməsini, cavabdeh tərəfindən 5 il 4 ay ərzində ona 15.700 ABŞ dolları pul verildiyini göstərərək, istinad etdiyi halların sübutu kimi məhkəməyə Vüqar Sadıqovun ona xx.xx.2017-ci il tarixdə verdiyi etibarnaməni və şahid ifadələrini təqdim etmişdir. Cavabdeh isə iddiaya etirazının əsası kimi Sabunçu rayonu, X16, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evini iddiaçıdan 50.000 ABŞ dolları məbləğə, hər ay 700 ABŞ dolları məbləğində pul ödəmək şərti ilə aldığını, həmin puldan artıq bugünki günə 32.000 ABŞ dolları ödəniş etməsini, iddiaçının bunu öz imzası ilə təsdiq etməsini, aralarında olan razılaşmaya əsasən ilkin ödəniş olmadığını, iddiaçının 2 il idi ki, evi sata bilmədiyindən ona aylıq hissə-hissə ödəmək şərtilə kreditə verməsini və hər ilin yanvar ayında 10.000 ABŞ dolları, ayda isə 700 ABŞ dolları ödəmə etdikdən sonra kommunal xidmət haqlarının onun adına olmadığını öyrənəndə ödənişləri dayandırmasını və kommunal müqavilələri, evin sənədlərini onun adına keçirməsini tələb etməsini, lakin iddiaçının hər dəfə onu yola verməyə başlamasını və evi sənədləşdirməməsini, hazırki iddianı qaldırdığını bildirməsini, yaşadığı fərdi yaşayış evi üzrə sahiblik hüququnun təsdiqi kimi kommunal ödənişlərin onun adına olduğuna, iddiaçıya pulu ödəməsi ilə bağlı qeydiyyatı ayrıca dəftərdə yazıb hər ikisinin imzalamasına istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, iddiaçının mübahisəli torpaq sahəsinə dair iddia etməsinə əsas verən yeganə sənədinin ona Namiq Məmmədov tərəfindən verilən etibarnamə olmasını, etibarnamə ilə isə iddiaçının istifadəsinə verilmiş 200 kv.m. torpaq sahəsinin 3,0 ha torpaq sahəsinin hansı hissəsindən ayrıldığını və ya iddiaçıya istifadəyə verilmiş 200 kv.m. torpaq sahəsinin doğurdanda hazırda mübahisə olunan tikilinin yerləşdiyi torpaq sahəsi olmasının heç bir sənədlə təstiq edilmədiyini, iddia predmeti olan daşınmaz əmlakın özbaşına tikili olmasını, iddiaçının ona məxsus torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması tələbi ilə bağlı iddia irəli sürülməsi üçün onun ilk öncə mülkiyyətçisi olmalı olmasını, lakin iddiaçının nə qeyd olunan fərdi yaşayış evinə, nə də evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun olmamasını, hər hansı bir əmlaka mülkiyyət hüququ əldə edilməsinin qanuni əsasları sırasında etibarnamə ilə torpaq sahəsi alınmasının nəzərdə tutulmamasını, torpaq sahəsinə dair iddiaçıya verilmiş etibarnamənin yalnız təmsilçilik xarakteri daşımasını və mülkiyyət hüququ verməməsini, iddiaçının sözügedən mübahisəli evlə bağlı satmaq, icarəyə vermək və ya onunla bağlı hər hansı iddia irəli sürmək hüququna malik olmamasını, bununla da iddiaçının mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədinin olmamasını, bununlada onun həmin ev ilə bağlı belə bir iddia qaldırmağa subyektiv hüququnun olmamasını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxslərin izahatlarına, Namiq Məmmədova icarəyə verilmiş 3,0 ha torpaq sahəsinin 200 kv.m. hissəsinin sonda iddiaçıya verməsi barədə etibarnaməyə, eləcə də tərəflərin iddiaçının sahibliyində olan fərdi yaşayış evinin alğı-satıqısına dair üzərlərinə qarşılıqlı öhdəliklər götürmələrini və bunu yazılı formada rəsmiləşdirmələri barədə dəftərdə qeyd olunanlara mötəbər sübutlar kimi yanaşaraq, iddiaçı tərəfindən fərdi yaşayış evinin cavabdehə təhvil verilməsinə baxmayaraq, cavabdehin evin dəyərini iddiaçıya razılaşdırılmış qaydada tam ödəməməsini, iddiaçının isə verilmiş fərdi yaşayış evinin dəyərinin ödənilməsini və ya evin qaytarılmasını tələb etmək hüququnun olduğunu qeyd edərək, cavabdehin üç il ərzində evə dair ödənişlər etməsini, sonradan ödənişlə bağlı iddiaçıdan müddətin uzadılmasını xahiş etməsi kimi işin hallarını nəzərə aldığını göstərmiş, cavabdehin evə dair hüquqmüəyyənedici sənədlərin olmadığından xəbərsiz olmasını, iddiaçının onu aldatmasını inandırıcı hesab etməmiş, iddiaçının mübahisəli fərdi yaşayış evinin faktiki sahibi olduğunu qəbul edərək onun hazırki iddianı qaldırmağa subyektiv hüququnun olması barədə qənaətə gəlmiş, iddianın qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının mübahisəli torpaq sahəsinin və üzərində özbaşına olaraq inşa edilmiş fərdi yaşayış evinin qanuni sahibi olması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara əsasən razılaşmır. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi isə, tərəflərin təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verməmiş, bu zaman iddiaçının mübahisəli evi 31 mart 2018-ci ildə nisyə olaraq pulunu hissə-hissə ödəmək şərti ilə cavabdehə satmasını, razılaşdıqları həmin vaxtdan evi cavabdehin faktiki sahibliyinə verməsini, evə görə razılaşdırılmış məbləğin bir hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsini, mübahisəli evdə uzun müddət cavabdehin yaşayaraq evə faktiki sahiblik etməsini, iddiaçının isə qalan hissədə pulu cavabdehdən ala bilməməsi ilə bağlı onunla münaqişəli vəziyyət yarandıqdan sonra hazırki iddia ilə məhkəməyə müraciət etməsini, yəni iddiaçının tələbinin əslində cavabdehin ona ödəməli olduğu pulun qalan hissəsinin alınmasına yönəlməsini nəzərə almamışdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi bir tərəfdən iddiaçının sahibliyində olan fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmadığından, onun qanunvericiliyin tələblərinə uyğun olaraq alğı-satqısının notariat qaydasında rəsmiləşdirilməsinin Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən qeyri-mümkün olması qənaətinə gəlsə də, digər tərəfdən Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyri müəyyənliyinin məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməməsi barədə nəticəyə gəlmiş, iddianı təmin edərkən mübahisələndirilən fərdi yaşayış evinin özbaşına tikili olmasına baxmayaraq, mülki qanunvericiliyin alğı-satqı müqaviləsindən irəli gələn normalarına (Mülki Məcəllənin 567, 598.2, 600.4-cü maddələri) istinad etmiş, bununla da hazırki tələbə mülkiyyət hüququnun müdafiəsi baxımından yanaşmış, iddiaçının əmlaka sahiblik edən şəxs qismində mübahisəli özbaşına tikilidən cavabdehin çıxarılmasını tələb etmək üçün subyektiv hüququnu tanımışdır. Bununla da apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını səhv tətbiq etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi mövqeyini ziddiyyətli şəkildə əsaslandırarkən tərəflərin iddiaçının sahibliyində olan fərdi yaşayış evinin alğı-satıqısına dair üzərlərinə qarşılıqlı öhdəliklər götürmələrini və bunu yazılı formada rəsmiləşdirmələrini, iddiaçı tərəfindən fərdi yaşayış evinin cavabdehə təhvil verilməsinə baxmayaraq cavabdehin evin dəyərini iddiaçıya razılaşdırılmış qaydada tam ödəmədiyini, iddiaçının isə verilmiş fərdi yaşayış evinin dəyərinin ödənilməsini tələb etmək hüququ olduğunu qeyd etmişdir. Halbuki hazırki mübahisəyə baxılarkən, məhz cavabdehin 31 mart 2018-ci il tarixdən uzun illər ərzində əmlaka fasiləsiz sahiblik etməsi, iddiaçının buna qarşı heç bir tələbinin olmaması, həmçinin uzun illər ərzində mübahisəli tikili üzrə kommunal xidmətlərə dair xərcləri hansı qaydada və kimin adına ödəməsi halları da araşdırılaraq, mübahisəli özbaşına tikiliyə faktiki sahibliyin müəyyənləşdirilməsi cavabdehə münasibətdə tədqiq edilməli, cavabdehin mübahisəli tikilidən çıxarılması məsələsinə qiymət verilərkən onun həmin ünvandakı tikilidə illər ərzində fasiləsiz yaşaması ilə yanaşı, həmin evə görə razılaşdırılmış məbləğin xeyli hissəsini iddiaçıya ödəməsi konteksindən yanaşılmalı, iddiaçı ilə cavabdehin arasında olmuş razılaşmanın məhz ödənilməmiş pul məbləği ilə bağlı olmasını təsdiq edən dəftərdə aparılmış qeydlərə düzgün hüquqi qiymət verilməli, ümumiyyətlə hazırki iddianın qaldırılması ilə bağlı iddiaçının subyektiv hüquqlarının mövcudluğu məsələsinə düzgün hüquqi qiymət verilməlidir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354- cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015- ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
24. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş edib şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, həmçinin bildirmişdir ki, onun fərdi yaşayış evini, hətta çıxarış olmasa belə, Vüqar Sadıqov adlı şəxsdən satın aldığı işin mübahisəsiz halıdır. Deməli, o, vəsait ödəyərək bir əmlak alıb və indiyədək nə dövlət orqanları, nə də ki, hər hansı üçüncü şəxs onun həmin evə sahiblik və ondan istifadə etməsinə etiraz etməyib. Başqa sözlə, onun fərdi yaşayış evinə münasibətdə sahiblik və istifadə hüquqları ümumiyyətlə mübahisə predmeti olmayıbdır. Buna müqabil, cavabdeh həmin evə 1 manat belə ödəməyib, ancaq məhkəməyə görə, cavabdeh evə sahiblik edə, ondan istifadə və faydalana bilər?! Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə açıq-aşkar ədalətsizdir. Cavabdeh ona məxsus evi tərk etməlidir. Hakimin iddianı rədd etməsinə səbəb onun həmin evə dair mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması və subyektiv hüquq olmamağıdır. Halbuki, onun adına mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, mübahisənin həllinin başqa yolunun olmaması səbəbindən mübahisə ancaq məhkəmə yolu ilə həll oluna bilərdi. Bu səbəbdən də, məhkəmə digər vasitələrlə evin kimə məxsus olduğunu müəyyən etməli idi. Əmlakın sənədi olmasa da, əmlakın kimə məxsus olduğunu digər üsullardan, yəni cavabdehin həqiqətən də əmlakın ondan aldığını təsdiqləməsi, aralarında yazılı əqdin olması, kommunalların onun adına olması, torpağa dair etibarnaməmin olması faktları ilə müəyyən edərək, mülkiyyət hüququnu tanıyaraq onun xeyrinə qətnamə qət etməli idi.
b) Hazırki icraatda apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
25. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdilər.
26. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
27. Məhkəmə iclasında 3-cü şəxs X7 apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdı.
28. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər 3-cü şəxslər X12, X14, X13 və X10 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
30. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
32. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas olsa da iddianın təmin edilməsi üçün əsas deyil.
33. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
35. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
36. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
37. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.
38. İşə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə, yəni iddianın təmin edilməsi ilə bağlı qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.
39. İddanın faktiki əsası (faktiki hallar) tələbin oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normalarının şərtlərinə uyğun olmasa da, yəni dispozisiya əlamətləri ilə uzlaşmasa da birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə maddi hüquq normalarının pozulması səbəbindən düzgün olmamışdır.
40. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikilidən çıxarılma ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, habelə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından mübahisəli tikiliyə dair bu cür iddia haqlı sayılmır.
41. Əvvəla, mübahisəli ev kimi istifadə olunan özbaşına tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi 2018-ci ildən cavabdeh və onun ailəsi tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə(özbaşına tikiliyə) görə razılaşdırılmış məbləğin ödənilməməsinə görə cavabdehin tikilidən çıxarılması ilə bağlıdır.
42. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığı qənaətinə gəlsə də iddiaçının fərdi yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikilini 31 mart 2018-ci ildə dəyərini razılaşdırdıqları formada və müddətdə hissə-hissə ödəmək şərti ilə cavabdehə satmasını, razılaşdıqları həmin vaxtdan tikilini cavabdehin faktiki sahibliyinə verməsini, razılaşdırılmış məbləğin bir hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsini, mübahisəli özbaşına tikilidə uzun müddət cavabdehin yaşayaraq evə faktiki sahiblik etməsini, iddiaçının isə qalan hissədə pulu cavabdehdən ala bilməməsi ilə bağlı onunla mübahisəli vəziyyət yarandıqdan sonra hazırki iddia ilə məhkəməyə müraciət etməsini, əslində isə iddiaçının qeyd olunan evə görə ona ödənilməli olan pulun qalan hissəsinin alınmasına nail olmaq olduğunu nəzərə almamışdır. Başqa sözlə, evdən çıxarılma ilə bağlı iddianı subyektiv hüququnun olmadığı əsası ilə rədd etsə də iddiaçının razılaşdırdıqları məbləğin ödənilməyən qalan hissəsini cavabdehdən tələb etmək hüququnun mövcud olubolmamasına münasibət bildirməmişdir. Çünki mübahisəsiz haldır ki, hüquqa və qanuna uyğun olmasa da tərəflər arasında mübahisəli tikiliyə dair bir razılaşma olmuşdur. Həmin tikilini iddiaçı da üçüncü şəxsdən əvəzi ödənilməklə əldə etməsi hazırkı işdə mübahisələndirilmir.
43. Ona görə də əvvəllər iddiaçının sahibliyində olmuş özbaşına tikili statusunda olan mübahisəli fərdi yaşayış evinin alqı-satqısına dair tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüş və qanunvericiliyin tələbinə uyğun olmasa da bunu yazılı formada razılaşdırmışlar. Ancaq iddiaçı tərəfindən özbaşına tikili statusunda olan fərdi yaşayış evi cavabdehə təhvil verilməsinə baxmayaraq cavabdeh evin dəyərini iddiaçıya razılaşdırılmış qaydada tam ödəməmişdir. Ona görə də iddiaçının özbaşına tikili statusunda olsa da fərdi yaşayış evinin əldə olunmasına vəsaiti sərf olunduğundan razılaşdırdıqları məbləğin tam ödənilməsini tələb etmək hüququ olmuşdur.
44. Burada, məhz cavabdehin 31 mart 2018-ci il tarixdən uzun illər ərzində əmlaka fasiləsiz sahiblik etməsi, iddiaçının buna qarşı heç bir tələbinin olmaması, həmçinin uzun illər ərzində mübahisəli tikili üzrə kommunal xidmətlərə dair xərclərin cavabdeh tərəfindən ödənilməsi də mübahisəli özbaşına tikiliyə faktiki sahibliyin cavabdeh tərəfindən həyata keçirildiyini bir daha təsdiq etmiş olur. Buna görə də cavabdehin mübahisəli tikilidən çıxarılması məsələsi üzrə hüquqi dəyərləndirmə aparılarkən onun həmin tikilidə illər ərzində fasiləsiz yaşaması ilə yanaşı, həmin evə görə razılaşdırılmış məbləğin xeyli hissəsini iddiaçıya ödəməsi konteksindən yanaşılmalı, iddiaçı ilə cavabdehin arasında olmuş razılaşmanın məhz ödənilməmiş pul məbləği ilə bağlı olmasını təsdiq edən dəftərdə aparılmış qeydlər də nəzərə alınmalıdır. Başqa sözlə, evdən çıxarılma ilə bağlı deyil, ödənilməmiş məbləğin ödənilməsi ilə bağlı iddiaçının subyektiv hüquqlarının mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
45. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunmaması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutunun yaranmasına da zərurət və əsas olmazdı.
46. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4247/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası yuxarıda göstərilənlərə əsasən təmin edilməməli, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilməlidir.
47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4247/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.