Məhkəmə qərarları › İş №2(103)-4782/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4782/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4782/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Tərcüməçi X1 qızı, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5670/2019 saylı, 01 oktyabr 2019cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 29.08.2019cu il tarixdə məhkəməyə müraciət edərək, 28.10.2010-cu il tarixli qəbz əsasında aldığı 3.000 ABŞ dolları (ödəniş günü Azərbaycan manat məzənnəsi ilə) borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5670/2019 saylı, 01 oktyabr 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə onun iştirakı olmadan baxmışdır, nəticədə o, iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi ilə bağlı ərizəni təqdim edə bilməmişdir. Eyni zamanda aidiyyət qaydaları pozulmaqla işə baxılıb. Beləliklə, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı tanışıdı, sələmə pul verirdi, ondan 2010-cu ildə 10% olmaqla bir il müddətinə pul götürmüş, qızıl zinət əşyalarını girov qoymuş, sonra borcunu tam ödəmiş, iddiaçı 10 il sonra belə əsassız iddia irəli sürmüşdür. Hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Rayon məhkəməsində işə baxılarkən ona məlumat verilməmiş, qətnamədən icra mərhələsində xəbər tutmuşdur, bu səbəbdən, hazırda iddia müddətinin tətbiqinə dair ərizə verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili P.Quliyev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və iddia müddətinin tətbiq edilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, pulu cavabdehə 2010-cu ildə bir il müddətinə verdiyini, lakin cavabdehin bu günə qədər borcu ödəmədiyini qeyd etdi. Sübutların tədqiqi: Mülki işdə olan əl yazısı ilə yazılmış qəbzdən məlum olur ki, Cavabdeh Ə.Koçkaryovdan 25.09.2010-cu il tarixdə ayda 10 faiz ödəmək şərti ilə 2.000 ABŞ dolları borc pul götürmüş, həmin borcun qaytarılmasının təminatı kimi ona 1 ədəd kulonlu qızıl boyunbağı və brilyant qaşlı dəsti girov qoymuş, daha donra 28.10.2010- cu il tarixdə cavabdeh yenidən ayda 10 faiz ödəmək şərti ilə iddiaçıdan 3.000 ABŞ dolları borc almış və özünə məxsus 583-585 əyarlı 1 ədəd brilyant kulonlu qızıl boyunbağı, 1 cüt qızıl uşaq sırğaları, 1 ədəd təkqaş brilyant qızıl üzüyü, 1 cüt brilyant qaşlı qızıl sırğaları və 750 əyarlı 1 ədəd qızıl kulon olmaqla, ümumi çəkisi 33 qram olan 6 ədəd qızıl-zinət əşyalarını girov qoymuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Mülki işdə olan əl yazısı ilə yazılmış qəbzdən məlum olur ki, Cavabdeh Ə.Koçkaryovdan 25.09.2010-cu il tarixdə ayda 10 faiz ödəmək şərti ilə 2.000 ABŞ dolları borc pul götürmüş, həmin borcun qaytarılmasının təminatı kimi ona 1 ədəd kulonlu qızıl boyunbağı və brilyant qaşlı dəsti girov qoymuş, daha donra 28.10.2010- cu il tarixdə cavabdeh yenidən ayda 10 faiz ödəmək şərti ilə iddiaçıdan 3.000 ABŞ dolları borc almış və özünə məxsus 583-585 əyarlı 1 ədəd brilyant kulonlu qızıl boyunbağı, 1 cüt qızıl uşaq sırğaları, 1 ədəd təkqaş brilyant qızıl üzüyü, 1 cüt brilyant qaşlı qızıl sırğaları və 750 əyarlı 1 ədəd qızıl kulon olmaqla, ümumi çəkisi 33 qram olan 6 ədəd qızıl-zinət əşyalarını girov qoymuşdur. Hazırkı iş üzrə məhkəmə kollegiyasının iclasında iddiaçı pulu cavabdehə 2010-cu ildə bir il müddətinə verdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında 25.09.2010-cu il və 28.10.2010-cu il tarixli pulun verilməsi ilə bağlı yazılmış qəbzdə öhdəliyin icra müddəti müvafiq olaraq 25.09.2011-ci il və 28.10.2011-ci il tarixdə bitir. Bununla da müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia ilə müvafiq olaraq 25.09.2014-cü il və 28.10.2014-cü il tarixə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin mülki iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ilə 29.08.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir (i/v 3). Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.). Qeyd olunan normanın tələbindən də aydın olur ki, iddia müddətinin tətbiqinə dair ərizə məhkəmə aktı – qətnaməsi çıxarılanadək verilməlidir. Bu isə o deməkdir ki, həmin ərizə birinci instansiya məhkəməsində təqdim olunmalıdır. Hazırkı işdə cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəni apellyasiya instansiya məhkəməsinə təqdim etmişdir. Cavabdehin həmin ərizəni apellyasiya icraatı zamanı verməsi gecikmiş kimi qiymətləndirilə bilməz, çünki o birinci instansiya məhkəməsində aparılan icraatdan məlumatsız olmuş və iştirak etməmiş, bu səbəbdən də Məhkəmə tərəfindən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin aidiyyət qaydalarının pozulması ilə işə baxılması barədə dəlilinə münasibətdə qeyd edir ki, mülki işdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsindən verilən arayışdan görünür ki, cavabdeh iddia verilən tarixdə Yasamal rayonunda qeydiyyatda olmuşdur (i/v 6). Nəticə: Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması səhv təfsir olunduğundan, həmçinin iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də maddi və prosessual hüquq nomaları pozulduğundan apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia müddəti tətbiq olunmaqla iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5670/2019 saylı, 01 oktyabr 2019cu il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar