Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4782/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(010)-2092/2022 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 220.950 manat məbləğində borc pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(010)- 2092/2022 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(010)-2092/2022 saylı qərardadından şikayət verərək, mülki işin baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı qanunsuz və əsassız olduğundan, ləğv edilməlidir. Belə ki, iddia tələbi borc tələbi olmaqla, cavabdehlərin qeydiyyatı üzrə iddia ərizəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya İddiaçı1 şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı tələbin əsasını Qaradağ rayonunda yerləşən torpaq sahəsinin və evin real dəyərinin tutulması təşkil edir. Yəni, tələb bilavasitə daşınmaz əmlakla bağlıdır. Bu tələbin məhkəmə araşdırması dövründə əraziyə yerli baxış, həmçinin qiymətləndirmə təyin edilə bilər ki, bu prosessual hərəkətlərin də daşınmaz əmlakın yerləşdiyi ərazi yurisdiksiyası üzrə məhkəmə tərəfindən həyata keçirilməsi daha uyğundur. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsi ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, yuxarıda qeyd edilən nəticəyə gəlməkdə məhkəmə səhvə yol vermişdir. Belə ki, şikayətin də dəlillərindən göründüyü kimi, hazırkı iş üzrə iddiaçıların tələbi borc pulun tutulması təşkil etdiyindən, müstəsna aidiyyət qaydaları hazırkı işə tətbiq oluna bilməz. Həmçinin iş materiallarından da görünür ki, cavabdehlərin rəsmi qeydiyyata alındıqları ünvan Bakı şəhəri Suraxanı rayonunun inzibati ərazisinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin ünvanı Bakı şəhəri, Suraxanı rayonu ərazisində olduğundan, iddiaçılar qanunvericiliyin tələblərinə uyğun olmaqla, hazırki iddia ərizəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(010)- 2092/2022 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-4782/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4782/2022
28.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver