Məhkəmə qərarları › İş №2(103)-4785/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4785/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4785/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2837/2020 nömrəli, 06.04.2021- ci il tarixli qərardadından üzrə İddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat və ödəniılmiş dövlət rüsumunun əvəzi olan 20 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə verərək, hazırki iş baxılıb yekun qərar çıxarılana qədər Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(004)-2837/2021 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddianın təmin tədbirinin tətbiqinə dair ərizə təmin edilməmişdir. İddiaçı qərardaddan şikayət verərək ləğv edilməsi, iddianın təmin tədbiri barədə ərizənin təmin edilərək yekun məhkəmə qərarı çıxarılanadək Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2837/2020 nömrəli, 12 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni rədd edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Çünki, ərizədə göstərilən tələbin təmin edilməsi qətnamənin gələcəkdə icrası ilə əlaqədar həyata keçirilən bir tədbirdir. Belə ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər(“İcra haqqında” Qanun;mad.84-1.1). Hələlik isə icra sənədi mövcud deyildir. İddianı təmin etmək haqqında ərizə üzrə tətbiq olunan tədbir isə verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Apellyasiya instansiya məhkəməsi vurğulayır ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşısada və işi qabaqcadan mahiyyəti üzrə həll etməsədə, hazırkı iş üzrə də iddianın təmini tədbiri verilmiş iddia tələbinin məzmununa və həddinə mütənasib olmamışdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2837/2020 nömrəli, 06.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2837/2020 nömrəli, 06.04.2021- ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar