Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4785/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmək haqqı və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2025-ci il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün, onun vəkili (nümayəndəsi) Nümayəndə və Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin həcminin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ona düşən ödənclərin, əmək haqqı kimi almalı olduğu məbləğlərin, son haqq-hesab pulunun, məzuniyyət pulunun cəmi 9.701,95 manat və əmək haqqının gecikdirilməsinə görə 79.361,95 manat pulun cəmisi olaraq 89.063,90 manat, mediasiya üçün ödədiyi məbləğin, rəy alınması üçün ödədiyi 700 manat, vəkil xərcinin ona ödənməsinə və işə daxil olma, işdən azad olma ilə bağlı əmrlər qeyd edilməklə tərtib edilmiş əmək kitabçasının cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 2022-ci ildən 2024-cü ilin iyul ayınadək cavabdeh MMC-də icraçı direktor vəsifəsində işləmişdir. Cavabdeh MMC-nin təsisçisi olan iş üzrə digər Cavabdeh2 iddiaçıya bildirmişdir ki, MMC təsis edildikdən sonra minimum əmək haqqı rəsmiləşdirməklə həmin məbləği mütləq ona ödəmək şərti ilə aylıq qazanc da ikisi arasında bərabər şəkildə bölüşdürüləcək. Bu səbəbdən 2022-ci ildə iddiaçı minimum əmək haqqı məbləği olan 320 manat əmək haqqı ilə icraçı direktor vəzifəsində MMC-də işləməyə başlamışdır. Həmin vaxt MMC-nin iş qaydasına əsasən gündəlik işləri gördükdən sonra digər işlərini görərək gündəlik xərclərinin qarşılamaq üçün əlavə qazanc qazanması səbəbindən əmək haqqı məbləği yığışdığı üçün şirkətin təsisçisinin əmək haqqını hər gün bir bəhanə ilə ödəməməsindən şikayət etməmişdi. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 dəfələrlə fərqli şirkətlərlə gördükləri işlərin pulunu almadığı barədə dedikləri tamamilə yalandır və həmin pulları alaraq təkbaşına sahiblənərək iddiaçıya ödəməməklə yanaşı, minumum əmək haqqı məbləğində rəsmiləşdirərək ödəməyə söz verdiyi əmək haqlarını, məzuniyyət pullarını və son haqqhesab pulunu belə ödəmədiyindən, əmək kitabçasını vermədiyindən ərizə yazaraq işdən çıxarılmağını xahiş etmişdir. Ondan sonra da dəfələrlə şikayət və tələb etməyinə baxmayaraq, 2 ildir ki əmək haqlarını, əmək kitabçasını və digər ödənclərini (məzuniyyət pullarını və son haqq hesab pulunu) iddiaçıya verməmişdir. b) cavabdeh tərəfin iddia tələbinə qarşı etirazı barədə məlumat
3. Cavabdeh tərəfin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, əmək haqqı tələbi ilə bağlı iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, iddiaçı 2022-ci ildən 2024-cü ilədək MMC-də direktor vəzifəsində işlədiyini qeyd etsə də, xx.xx.2021-ci il tarixdən direktor təyin edilməklə işə qəbul edilmişdir. İddiaçının işə qəbul olunma əmri Cavabdeh2, MMC tərəfindən qəbul edilmiş və iddia ərizəsində qeyd edildiyi kimi 2024-cü ilin iyul ayına kimi deyil, xx.xx.2024cü il tarixinə kimi direktor vəzifəsində işləmişdir. MMC-nin fəaliyyəti xx.xx.2024-cü il tarixdə dayandırılmışdır. İddiaçı özünün yazılı ərizəsi əsasında, məhz direktor kimi özünün tərtib etdiyi əmrlə özünü xx.xx.2024-cü il tarixdən işdən azad etmişdir. İddiaçı işdən azad olunduqdan 3 ay sonra xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak barədə təkliflə MMC-yə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə ilkin müdiasiya sessiyasında iştirak etməmə barədə arayışı aldıqdan sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Deməli, iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi vaxtdan 1 ay müddət ötməmiş məhkəməyə müraciət imkanı olduğu halda bu barədə tədbir görməmişdir. Bundan başqa, iddia ərizəsində məhz hansı müddətdə ödənilməli əmək haqqının ödənilməməsi dəqiq göstərilməmiş, eyni zamanda iddia tələbinin əsası kimi istinad edilən halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı, MMC-nin direktoru olduğu müddətdə mədaxil və məxaric olunan pul vəsaiti ilə bağlı sərəncam vermək səlahiyyətinə malik olan şəxs olduğundan, məhz özünə münasibətdə əmək haqqından tutulmalı olan dövlət sosial sığorta haqlarını, gəlir vergisini və digər məcburi tutulmalı olan məbləğləri tam olaraq ödənildiyindən, əmək haqqı almadığı təqdirdə dövlət sosial sığorta ödənişlərinin və gəlir və digər vergiləri ödəməsi inandırıcı deyildir. İddiaçı öz əmək haqqı kart hesabına əmək haqqını özü köçürməli olmuş, işlədiyi müddətdə 2021-ci ildən 2024-cü ilədək əmək haqqının ödənilməsi ilə bağlı hər hansı şəxsə, o cümlədən MMC-yə müraciət etməmiş, işdən azad olunma bərədə ərizəsində də 2021-ci ildən 2024-cü ilədək əmək haqqının ödənilməməsi ilə bağlı hər hansı qeyd göstərməmişdir. İddiaçı, 2024-cü ilin fevral ayında işdən azad olunduqdan bir neçə ay sonra, xx.xx.2024-cü il tarixdə əmək haqqının ödənilməməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı direktor işlədiyi 3 il müddətində əmək haqqının ödənilməməsi ilə bağlı iddia irəli sürməmişdir. İddiaçın xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək haqqı almadığı halda, 3 ilə yaxın müddətdə MMC-də direktor işləməyə davam etməsi onun izahatlarının mötəbərliyini istisna edən hal sayıla bilər. Bundan başqa, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, iddiaçının plastik kart məlumatlarına dair çıxarışla rəy vermək mümkün olmamışdır. Buna baxmayaraq, iddiaçı öz təşəbbüsü ilə "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli 08- 63/25 saylı mütəxəssis rəyi təqdim edərək, iddiaçının təqdim etdiyi məlumatlar əsasında işin faktiki hallarına uyğun olmayan rəy verilmişdir. Belə ki, mütəxəssis hesablama apararkən yalnız iddiaçının məhkəməyə təqdim etdiyi plastik kartdakı məbləği nəzərə alaraq hesablama aparmış, lakin cavabdeh Vaqif Abdullayev tərəfindən iddiaçının digər plastik kartlarına göndərilmiş məbləğləri hesablamadan, yalnız iddiaçının iddia tələbində qeyd etdiyi məbləği təsdiq edən rəy vermişdir. Eyni zamanda, "xxxx" MMC-nin rəy verən mütəxəssisi Asim Pənahov adlı şəxsin mühasib ixtisasına malik olub-olmaması, məhkəmə-mühasibatlıq ekspertizasının predmetinə aid məsləyə dair rəy vermək hüququnun olub-olmaması da mübahisə doğurur. Mütəxəssis rəyi mübahisə doğurduğundan iş üzrə sübut qismində qəbul edilə bilməz. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçının əmək kitabçasının cavabdeh MMC tərəfindən iddiaçıya təqdim edilməsini, cavabdeh MMC-dən 3.923,65 manat ödənilməyən əmək haqqı, 316.25 manat ödənilməyən məzuniyyət pulu, əmək haqqının ödənilməsi gecikdirildiyindən 19.862,24 manat, məzuniyyət pulunun ödənilməsinin gecikdirildiyindən isə 1.283,97 manat - cəmi 25.386,11 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsini, iş üzrə ödənilmiş mediasiya xərcinin 15 manat hissəsinin və mütəxəssis rəyi üçün ödənilmiş 700 manat məbləğində pulun cavabdeh MMC-dən alınaraq iddiaçıya verilməsini, iddia tələbinin qalan hissədə və Cavabdeh2 aid hissədə təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbini yönəltdiyi Cavabdeh2 hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Belə ki, Cavabdeh2 ilə iddiaçı arasında hər hansı əmək və ya digər öhdəlik hüquq münasibətləri mövcud deyildir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən açıq şəkildə görünür ki, əmək müqaviləsi yalnız qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmış hüquqi şəxs - hazırkı iş üzrə digər cavabdeh olan MMC ilə bağlanmışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinin normalarına əsasən, hüquqi şəxs öz öhdəlikləri üzrə müstəqil şəkildə məsuliyyət daşıyır və onun təsisçiləri (iştirakçıları) yalnız qanunla və ya müqavilə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxsin öhdəlikləri üzrə məsuliyyət daşımırlar. Təsisçi əmək müqaviləsinin tərəfi deyildir və işçiyə əmək haqqının ödənilməsi üzrə hər hansı öhdəlik daşımır. Rayon Məhkəməsi həmçinin onu da qeyd etmişdir ki, Cavabdeh2 tərəfindən hüquqi şəxsin qanunsuz məqsədlərlə istifadə edilməsi, onun cari fəaliyyətinə müdaxilə edilməsi və ya əmək haqqının ödənilməməsinə səbəb olan qərarların qəbul edilməsi halları üzrə hər hansı mötəbər sübut da iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan, təsisçinin cavabdeh qismində işə cəlb olunması əsassızdır və hüquqi şəxsin müstəqilliyi və məsuliyyətin bölüşdürülməsi prinsipləri daxil olmaqla, mülki qanunvericiliyin əsas prinsiplərinə ziddir. Rayon Məhkəməsi qeyd etmişdir ki, iş üzrə təqdim edilmiş materiallardan göründüyü kimi, iddiaçı ilə MMC arasında bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2024-cü il tarixində iddiaçının öz təşəbbüsü ilə xitam vermişdir. xx.xx.2024-cü il tarixində isə o, mediasiya orqanına müraciət etmiş və bu hal iddia müddətinin axımını dayandırmışdır. Rayon Məhkəməsi hesab etmişdir ki, iddia müddətinin hesablanması mediasiyaya müraciət etdiyi xx.xx.2024-cü il tarixdən geriyə doğru 1 il götürülməklə aparılmalıdır. Bu baxımdan iddiaçının tələbləri yalnız xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək (işdən azad olunma tarixi) olan dövrü əhatə edə bilər. xx.xx.2023-cü ildən əvvəlki dövrə dair irəli sürülən tələblər isə bir illik iddia müddətinin keçməsi səbəbi ilə məhkəmə tərəfindən araşdırıla bilməz. Bu yanaşma tərəflərin maraqları arasında balansı təmin edir: işçiyə pozulmuş hüququnun müdafiəsi üçün qanunla müəyyən edilmiş səmərəli müddətdə məhkəməyə müraciət imkanı tanınır, eyni zamanda işəgötürən uzun illər öncə yaranmış, lakin irəli sürülməmiş tələblərə görə qeyri-müəyyən məsuliyyət daşımaqdan azad edilir. Nəticə etibarilə, cavabdehin iddiaçının iddia müddətini tam şəkildə keçdiyinə dair irəli sürdüyü etirazlar tam əsaslı hesab oluna bilməz, lakin bu etiraz iddiaçının xx.xx.2023cü il tarixdən əvvəlki dövrə dair tələblərinə münasibətdə əsaslıdır. Beləliklə məhkəmə yalnız xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə irəli sürülmüş tələblərin araşdırılmasına və hüquqi qiymət verilməsinə yol verə bilər. Rayon Məhkəməsi iddia tələbini qalan hissədə tam sübuta yetməməsi əsası ilə qismən təmin etmişdir. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
7. İddiaya etirazın əsaslarına uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın qismən təmin edilməsi ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışının hədləri barədə məlumat
8. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
9. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh MMC isə qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, MMC qətnaməni yalnız iddianın bir qisminin təmin edilməsi hissəsini mübahisələndirir, qətnamənin qalan, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsini mübahisələndirməmişdir.
10. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
11. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
12. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddiaya etirazın məzmununa uyğun izahat verdi.
13. İş üzrə iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər.
14. İş üzrə digər Cavabdeh2 apellyasiya baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxışında iştirak etməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
16. Belə ki, əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı, cavabdeh MMC-də direktor vəzifəsinə işə götürülmüşdür. İşəgötürən olan MMC işçiy olan iddiaçıya işlədiyi hər ay üçün 350 manat əmək haqqının ödənilməsi haqqında üzərinə öhdəlik götürmüşdür. "xxxx" müddətsiz bağlanılmışdır.
17. İddiaçı tərəfindən cavabdeh MMC-nin təsisçisinə - iş üzrə digər Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı, xx.xx.2024-cü il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.
18. MMC-nin xx.xx.2024-cü il tarixli əmri ilə MMC-nin direktor vəzifəsində çalışan iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən – işçinin öz xahişi ilə xx.xx.2024-ci il tarixindən xitam verilməsi, bununla əlaqədar olaraq iddiaçıya son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi, iddiaçının əmək kitabçasında lazımı qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir.
19. X1 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024cü il tarixli məktubundan görünür ki, cavabdeh MMC tərəfindən İdarəyə müvafiq sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxılaraq cavab veriləcəkdir. Müraciətində qeyd etdiyi məsələlərlə bağlı məhkəməyə müraciət etmək hüququ vardır.
20. "xxxx" ASC-nin iddiaçıya məxsus hesab üzrə 10 may 2024-cü il tarixli çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üçün 2.623 manat məbləğində əmək haqqı ödənilmişdir.
21. Bakı Şəhəri 06 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/6-00809 saylı, xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi haqqında” arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 16:00-da keçirilən mediasiya sessiyasında cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. İlkin mediasiya sessiyasının xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən dövlət büdcəsi hesabına ödənilmişdir.
22. "xxxx" MMC-nin xx-xx/2025 saylı, xx.xx.2025-ci il tarixli rəydən görünür ki, cavabdeh MMC tərəfindən iddiaçıya, onun işlədiyi dövr üzrə ümumilikdə 12.324,95 manat ödəniş edilməli olduğu halda cəmi 2.623 manat ödəniş edilmişdir Bununla da müəyyən edilir ki, MMC-nin iddiaçıya ümumilikdə (12.324,95 – 2.623 =) 9.701,95 manat məbləğində ödənilməmiş əmək haqqı borcu yaranmışdır. İddiaçının MMC-dən xx.xx.2024-cü il tarixində işdən azad edilməsi və mütəxəssis qarşısında qoyulmuş sualları nəzərə alaraq həmin tarixdən xx.xx.2025-ci il tarixinə kimi 1 il 19 gün (384 gün) keçdiyindən (384 gun x 2 faiz =) 768 faiz, 9.701,95 manat (ödənilməmiş əmək haqqı) x 768 faiz = 74.510,97 manat, toplam: 9.701,95 manat (əmək haqqı və məzuniyyət pulu) + 74.510,97 manat (faiz borcu = 84.212,92 manat). Lakin Əmək Məcəlləsinin 172.5-ci tələbinə əsasən isə, 384 gün x 1 faiz = 384 faiz, 9.701,95 manat (ödənilməmiş əmək haqqı) x 384 faiz = 37.255,48 manat, toplam: 9.701,95 manat (əmək haqqı və məzuniyyət pulu) + 37.255,48 manat (faiz borcu = 46.957,43 manat).
23. İşdə olan xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin xx-xx/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyinin hazırlanması üçün ümumilikdə 700 manat məbləğində pul ödəmişdir.
24. Cavabdeh MMC-yə məxsus hesab üzrə xx.xx.2022-ci il tarixindən xx.xx.2023cü il tarixinədək aparılmış əməliyyatlar barədə "xxxx" ASC-nin çıxarış işə əlavə edilmişdir.
25. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsinin mənasına görə, əmək müqaviləsində digər əsas şərtlər və məlumatlar ilə yanaşı aşağıdakılar da göstərilməlidir: işçinin əmək funksiyası (bənd “e”), işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması (bənd “ə”); tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri (bənd “f”).
26. Həmin Məcəllənin 57-ci maddəsinin 1-ci hissəsinə görə, işəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.
27. Məcəllənin 131.1-ci maddəsinə görə, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
28. Məcəllənin 154-cü maddəsinə görə, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
29. Məcəllənin 172.1-ci maddəsinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
30. Məcəllənin 172.4-cü maddəsinə görə, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
31. Məcəllənin 172.5-ci maddəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
32. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
33. Məcəllənin 296.4-cü maddəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
34. Məcəllənin 296.6-cı maddəsinə görə, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
35. Məcəllənin 296.7-ci maddəsinə görə, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
36. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.
37. Məhkəmə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verərək bildirir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur.
38. Göründüyü kimi Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir.
39. İş materiallarından görünür ki, iddiaçı əmək münasibətlərinə xx.xx.2024-cü il tarixində, öz təşəbbüsü ilə xitam vermişdir. O, xx.xx.2024-cü il tarixində mediasiya orqanına müraciət etdiyi üçün iddia müddətinin axımı dayanmışdır. Odur ki, iddia müddətinin hesablanması mediasiyaya müraciət tarixindən geriyə doğru bir il götürülməklə aparılmalıdır. Bu baxımdan iddiaçının tələbləri yalnız xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək (işdən azad olunma tarixi) olan dövrü əhatə edə bilər. xx.xx.2023-cü ildən əvvəlki dövrə dair irəli sürülən tələblər isə bir illik iddia müddəti keçdiyi üçün təmin edilə bilməz.
40. İddiaçının işə daxil olduğu tarixdən əmək haqqının, həmçinin istifadə edilməmiş məzuniyyətə görə vəsaitin ödənilməməsi işin mübahisəsiz halıdır. İddia müddətinin tətbiq edilməsi nəzərə alınaraq əmək haqqı və məzuniyyət pulu yalnız xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan dövr üzrə hesablanmalıdır.
41. Rayon Məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina olunmuşdur. Eyni zamanda cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin xx-xx/2025 saylı, xx.xx.2025-ci il tarixli rəydə əksini tapan halları təkzib edən və ya onlara zidd sübutlar təqdim edilməmişdir. Odur ki, iddianın pul məbləği ilə bağlı araşdırmanın həmin rəydə göstərilmiş cədvəllərə əsasən aparılması mümkündür.
42. Rəydə göstərilən cədvələ əsasən, iddiaçının xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan dövr üzrə əmək haqqısı ümumilikdə 3.923,6 manat təşkil etmişdir. Belə ki, may 2023 – yanvar 2024 ayları bütöv iş ayı kimi götürülməklə 9 ay üzrə hər ay üçün 345 manat məbləğində (ümumilikdə 3.105 manat), aprel ayı üzrə 23 iş günü üçün 264,5 manat və fevral ayı üzrə 20 iş günü üçün 237,9 manat hesablanmışdır ki, bu da cəmi 3.923,6 manat təşkil edir.
43. Əmək məcəlləsinin tələblərinə əsasən, əmək haqqı ilə yanaşı, işçinin işlədiyi dövrə uyğun olaraq illik məzuniyyətə çıxmaq hüququ yaranır və bu hüquqdan istifadə edilmədiyi hallarda müvafiq kompensasiya ödənilməlidir. İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan dövr ərzində hər ay üzrə 15 gündən artıq işlədiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin aylar tam iş ayı hesab edilməli və nəticə etibarilə onun məzuniyyət pulu tam şəkildə 11 ay üçün hesablanmalıdır. "xxxx" MMC-nin təqdim etdiyi rəydə göstərilən cədvələ əsasən, hər bir ay üzrə məzuniyyət kompensasiyası 28,75 manat təşkil edir və bu məbləğ 11 ay üzrə hesablandıqda ümumilikdə 316,25 manat edir.
44. Qeyd edilən hissələrdə Rayon Məhkəməsinin gəldiyi nəticənin düzgün olduğu müəyyən edilir. Apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsaslı hesab edilə bilməz.
45. Lakin Məhkəmə, iddia tələbinin “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının və məzuniyyət pulunun azı bir faizi məbləğində pulun ödənilməsi” hissəsi üzrə Rayon Məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmır. Belə ki, hazırki mülki iş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsində əməkhaqqının hansı tarixdə və ya hansı müddət ərzində ödənilməli olduğu açıq şəkildə göstərilməmiş, həmçinin, nə iddiaçı, nə də cavabdeh əməkhaqqının ödənilməsi üçün konkret bir tarix və ya dövr müəyyən edən hər hansı yazılı razılaşma və ya onu təsdiq edən sübutları təqdim etməmişdir.
46. Bu halda Rayon Məhkəməsi hesab etmişdir ki, iddia tələbinin hüquqi qiymətləndirməsi əmək münasibətlərində vicdanlılıq prinsipi, tərəflərin bərabərliyi və ümumi əmək hüququ normaları əsasında aparılmalıdır. Belə şərtlərdə əməkhaqqının ödənilməsi üçün hesabat ayının sonuna qədər olan müddətin əsas götürülməsi məqsədəuyğun hesab edilməlidir. Belə hesablanma üsulu həm hüquqi baxımdan əsaslı, həm də ədalətlidir. O, tərəflərin mənafeləri arasında tarazlığı təmin edir, vicdanlı davranış prinsiplərinə cavab verir və əmək öhdəliklərinin yerinə yetirilməsində hüquqi müəyyənlik yaradır.
47. Məhkəmə, Rayon Məhkəməsinin cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalı olan gecikmə faizinin məbləğinin hesablanması ilə razılaşmır və iddiaçının cavabdeh MMC-də icraçı direktor kimi rəhbər vəzifədə işləməsini, onun xx.xx.2024-cü il tarixdə özünün tərtib etdiyi əmrlə işdən azad edilməsini və xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etməsini nəzərə alaraq hesab edir ki, əmək haqqının və məzuniyyət pulunun gecikdirilməsinə görə 1% Rayon Məhkəməsinin müəyyən etdiyi kimi iddia tələbi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixədək ötən 400 gün üçün deyil, işdən azad edildiyi tarixdən mediasiya təşkilatına müraciət etdiyi tarixədək olan dövr üçün yəni, 49 gün üçün tutulmalıdır. Bu məqsəd ilə cavabdeh MMC-dən əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə (3.923,65 manatın 1%-i ≈ 39,24 manat; 39,24 manat x 49 gün=) 1.922,60 manat, məzuniyyət pulunun ödənilməsinin gecikdirilməsinə görə (316,25 manatın 1% ≈ 3,16 manat; 3,16 manat x 49 gün =) 154,84 manat tutularaq iddiaçıya ödənilməlidir.
48. Bu nəticə Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalı olan ümumi məbləğə də təsir göstərdiyindən Məhkəmə hesab edir ki, həmin məbləğ də dəyişdirilməli və (1.922,60 + 154,84 + 3.923,65 + 316,25=) 6.317,34 manat müəyyən edilməlidir.
49. İddia tələbini qismən təmin etmiş Rayon Məhkəməsi mediasiya prosesinə çəkilmiş xərcin 15 manat hissəsinin və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 700 manatın cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmasını qət etmişdir.
50. Hazırkı qətnamə ilə də iddia qismən təmin olunduğu üçün Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qeyd edilən bu nəticəsi dəyişdirilmədən saxlanılmalıdır. h) apellyasiya baxışının nəticəsi
51. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni əmək haqqının və məzuniyyət pulunun gecikdirilməsinə Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə tutulmalı olan faizlərin məbləğinin müəyyən edilməsi, habelə son nəticədə tutulmalı olan ümumi məbləğin 25.386,11 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1ndən İddiaçı xeyrinə əmək haqqının gecikdirilməsinə görə ödənilməli olan faizin məbləği 1.922 (min doqquz yüz iyirmi iki) manat 60 (altmış) qəpik, məzuniyyət pulunun gecikdirilməsinə görə ödənilməli olan faizin məbləği 158 (yüz əlli dörd) manat 84 (səksən dörd) qəpik, tutulmalı olan ümumi məbləğ 6.317 (altı min üç yüz on yeddi) manat 34 (otuz dörd) qəpik müəyyən edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni ödənilməyən əmək haqqı olaraq 3.923 (üç min doqquz yüz iyirmi üç) manat 65 (altmış beş) qəpik, manat ödənilməyən məzuniyyət pulu olaraq 316 (üç yüz on altı) manat 25 (iyirmi beş) qəpik, mediasiya prosesinə çəkilmiş xərcin ödənilməsi məqsədilə 15 (on beş) manat, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 700 (yeddi yüz) manat məbləğində pulun Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Müəyyən edilsin ki, qətnamənin qalan hissəsi, yəni iddianın qismən təmin edilməsi və İddiaçı məxsus əmək kitabçasının Cavabdeh1 MMC-dən alınaraq İddiaçı verilməsi hissəsi hazırkı apelyasiya baxışının predmeti olmamışdır. Hazırki qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.