Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4789/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququnun itirilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində yerləşən 65 saylı evin 50 saylı mənzili Dövlət Neft Şirkətinin “Azərdənizneftinşaat” Tresti tərəfindən X2 əvəzsiz qaydada verilmiş, xx.xx.1995-ci il tarixdə “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən onun mülkiyyətinə keçirilmişdir.
2. Yusif Aqatov xx.xx.1999-cu il tarixdə vəfat etmiş, həmin mənzil xx.xx.1999-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında xx.xx.1999-cu il tarixdə İddiaçı mülkiyyətinə keçmişdir.
3. İddiaçı adına sözügedən mənzillə bağlı tərtib edilmiş xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsi 20 aprel 2016-cı il tarixli çıxarışla əvəz olunmuş və mənzilə yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 177, M5, mənzil 2 ünvanı verilmişdir.
4. İddiaçı Yusif Aqatovun həyat yoldaşı, Cavabdeh anasıdır.
5. Cavabdeh ailə üzvləri ilə birlikdə 2023-cü ilin yanvar ayınadək Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində yerləşən 65 saylı evin 50 saylı mənzildə yaşamışdır.
6. Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında 2 otaqlı, ümumi sahəsi 29,10 kv.m olan mənzil, Xaçmaz rayonunun İstisu qəsəbəsində ümumi sahəsi 0.06 ha olan həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evi vardır.
7. Cavabdeh xx.xx.2002-ci il tarixdən, X6 və X4 xx.xx.2014-cü il tarixdən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 65 saylı evin 50 saylı mənzilində qeydiyyatdadırlar.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 3 ünvanında (Yeni qaydalarla: ünvan 4 yerləşən mənzil xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və hal-hazırda mülkiyyətindədir. Cavabdeh onun oğludur, həmin mənzildə qeydiyyatda olmaqla orada yaşasa da, özünə məxsus mülkiyyətində mənzilləri, arvadı Aqatova (Dəmirova) Əma Murad qızının mülkiyyətində fərdi yaşayış evi vardır. Cavabdehlə birgə yaşamaları mümkün deyildir, cavabdeh onunla kobud rəftar edərək, mülkiyyətində olan mənzildə yaşamaq üçün yararsız vəziyyət yaratmışdır. Cavabdehdən başqa onun digər övladları olsa da, sonuncu onların evə gəlib-getməsinə maneçilik törədir, onları söyüb təhqir edərək evdən qovur. Cavabdehin ona qarşı hərəkətləri nəticəsində insult keçirmiş və sağlamlığı pozulmuşdur. Dəfələrlə cavabdehə aralarında olan razılığa əsasən mənzili sataraq pulunun bölünməsini təklif etsə də, cavabdeh onunla razılığa gəlməkdən imtina edir. Cavabdeh 2005-ci ildə X7 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və onlar 2005-ci ildən köçüb ünvan 3 ünvanında ona məxsus mənzildə yaşamağa başlamışlar. Cavabdehlə münasibətlər 01 sentyabr 2000-ci il tarixədək yarandığından mənzildən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Cavabdehin mülkiyyətində özünə məxsus 2 mənzili, arvadı X3 isə mülkiyyətində fərdi yaşayış evi olduğundan, onun məhz həmin yaşayış sahəsinə ehtiyacı yoxdur. Çünki mübahisəli mənzildən həqiqətən istifadə etmək ehtiyacının olduğuna, lakin buna maneçilik yaradılmasına dair hər hansı hallar aşkar edilməmişdir. Cavabdehin mübahisəli mənzildən 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən istifadə hüququ olsa da, onun bu hüququna qeyd olunan əsaslara görə müvafiq kompensasiya ödənilmədən xitam verilməlidir.
10. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, mübahisəli mənzil X13 Donanması tərəfindən atasına verilmişdir. Atası kapitan olub, atası, anası qardaşı və özü olanda ailə üzvlərinə görə növbədə olmuş və ev vermişlər. Evə aid çıxarış atasının adına olub, sonra anasına keçmişdir. Hazırda ailə üzvləri ilə birlikdə həmin əraziyə yaxın yerdə kirayədə qalır. Uşaqları həmin evin yaxınlığında məktəbə gedirlər, ona görə Sahil qəsəbəsində, yaxud Xaçmaz rayonunda yaşaya bilmirlər.
11. Birinci instansiya məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh uşaqlıqdan atasına əvəzsiz qaydada verilmiş Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 65 saylı evin 50 saylı mənzilində 2023-cü ilin yanvar ayınadək yaşayıb. Deməli tərəflər arasında yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən əvvəli əhatə edir. Belə olan halda işə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 01 oktyabr 2009-cu il tarixədək (8 iyul 1982-ci il tarixli) qüvvədə olan keçmiş Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Qeyd olunan qanunvericiliyə əsasən cavabdehin mübahisəli mənzilə istifadə hüququ vardır. Cavabdehin ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə yaşamaması, həmçinin onun mülkiyyətində ünvan 1 ünvanında 2 otaqlı, ümumi sahəsi 29.10 kv.m olan mənzilin, Xaçmaz rayonu, İstisu qəsəbəsində ümumi sahəsi 0.06 ha olan həyətyanı torpaq sahəsinin olması onun artıq mənzilə olan ehtiyacının aradan qalxdığını göstərir. Belə olan halda məhkəmə, iddiaçının mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi tələbinin təmin olunmasını ədalətli hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa kompensasiya ödəmədən xitam verilməsi mümkündür.
13. Mövqeyini əsaslandırarkən məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 13-cü və 29-cu, Mülki Məcəllənin 152-ci, 178.1-ci, 468.1-ci, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü və 123-cü maddələrinə istinad etmişdir.
14. Həmin qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyi, mübahisəsi gedən mənzilə istifadə hüququnun olduğunu nəzərə almadığı, qanunsuz və əsassız qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
16. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, iddiaçının vəkili isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
23. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.
24. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
25. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
26. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
27. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.
01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsi
28. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
29. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
30. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
39. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində yerləşən 65 saylı evin 50 saylı mənzili 2000-ci ildən əvvəl cavabdehin atası Yusif Aqatova əvəzsiz qaydada verilmiş, xx.xx.1999-cu il tarixdə iddiaçının mülkiyyətinə keçmiş, cavabdeh 2023-cü ilin yanvar ayına qədər orada yaşamışdır.
40. Beləliklə, cavabdehin mübahisəsi gedən mənzilə istifadə hüququ mənzil atasının mülkiyyətində olduğu dövrdə, yəni atasının ailə üzvü olaraq mənzildə onlarla birgə yaşadığı zaman xx.xx.2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmışdır və aydınlaşdırılmalı olan məsələ onun, 2023-cü ilin yanvar ayında mənzildən getməsindən sonra bu hüququnun qalıb-qalmaması ilə bağlıdır.
41. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda mətni qeyd olunmuş 60-cı və 87-ci maddələrinin məzmunundan görünür ki, qanunvericilik yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirmişdir.
42. İşin halları baxımından kollegiya hesab edir ki, cavabdehin mübahisəsi gedən mənzilə, mənzil atasının, daha sonra anasının (iddiaçının) mülkiyyətində olduğu dövrdə onların ailə üzvü olaraq mənzildə atası və anası ilə birgə yaşadığı zaman yaranmış istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi üçün əsaslar vardır.
43. Belə ki, bu cür mübahisələrdə dəyərləndirilməli olan əsas məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, yaşayış sahəsinə olan ehtiyacını məhz həmin yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olub-olmadığıdır.
44. Həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsindən istifadə hüququ vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəlsə də, bu hüquqa xitam verilməsi zamanı kompensasiya o halda ödənilir ki, hüquq sahibinin mülkiyyətçinin hesabına müəyyən müddət daxilində başqa yerdə, istifadə hüququ olan mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən yerdə yaşamağa ehtiyacı olsun.
45. Kollegiyanın qənaətinə görə, mülkiyyətində mənzili (Bakı şəhərində), habelə Xaçmaz rayonunda həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evi olan cavabdehin, yaşayış sahəsinə olan ehtiyacını məhz iddiaçının mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olduğu nəticəsinə gəlmək, onun maraqları ilə mülkiyyətçinin hüquqları arasındakı “ədalətli tarazlığın” pozulması olardı.
46. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-752/2023 saylı iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə