Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-479/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 2(009)-819/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan əsas borc üzrə 7000 manat, vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 1750 manat məbləğində borcun, 5000 manat məbləğində mənəvi ziyana görə təzminat, məhkəmədə hüquqlarının müdafiəsi üçün çəkilən 1000 manat xərc və 40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 14790 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh 24.12.2018-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş kredit müqaviləsinə əsasən ondan 7000 manat məbləğində borc pul almış və həmin pulu bağlanmış müqavilənin ikinci bəndinə əsasən 24.02.2020-ci il tarixdə borc verənə tam qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh vəd verdiyi vaxtda pulu ona tam qaytarmamış və keçən bu 1 ilə qədər müddətdə o, dəfələrlə borcunu tələb etsə də, cavabdeh müxtəlif vədlər verərək borcu tam qaytarmamış, ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdeh aldığı pulu hal-hazıradək qaytarmamışdır. O, pul vəsaitini cavabdehə verdikdən sonra manat dəyərdən düşmüşdür, belə ki, 7000 manat x 25% (əldən çıxmış fayda) = 1750 manat x 1 ilə = 1750 manat, buradan da dəymiş maddi ziyan 1750 manat pul vəsaiti dövriyyədən çıxması nəticəsində ona maddi ziyan dəymişdir. Məhkəmədə hüquqlarının müdafiəsi üçün 1000 manat xərc çəkmişdir. Keçirdiyi psixoloji sarsıntıya görə ona 5000 manat mənəvi ziyan dəymişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli 2(009)-819/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 7000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 7030 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı ilə arasında iki borc müqaviləsi imzalanmışdır, birinci müqavilə üzrə məbləğ 8736 manat təşkil etmiş və borcun qaytarılması üçün iddiaçıya əmək haqqı kartını, şəxsiyyət vəsiqəsini və hərbi biletini girov olaraq vermiş, kartından hər ay borcun əvəzi olaraq pul çıxarılmışdır. Əmək haqqı kartından 2017-ci ilin oktyabr ayından 2019-cu il oktyabr ayına kimi 14722,52 manat məbləğində pul çıxarılmışdır. Həmin müqavilə üzrə borcu bitməmiş, onunla yenidən hazırki borc müqaviləsi imzalanmışdır. Bankdan verilmiş hesabdan çıxarış təqdim edilsə də, məhkəmə nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda qətnamə qismən yoxlanılır, belə ki, iddia qismən təmin edilmiş olsa da, iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamənin ləğvini xahiş etsə də, məzmunundan aydın olur ki, iddianın təmin edilmiş hissəsində qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İşin müəyyən olunmuş hallarına əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 24.12.2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh hər ay 500 manat olmaqla 24.02.2020-ci il tarixədək qaytarmaq şərti ilə 7000 manat məbləğində borc pul vermişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri pozaraq hər ay ödəməli olduğu 500 manat məbləğində pulu iddiaçıya ödəməmiş və bununla da müqavilənin şərtini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Bununla belə, Kollegiya hesab edir ki, cavabdehdən tutmalı olan məbləğ hissəsində qətnamə dəyişdirilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, tərəflər arasında hazırki mübahisə predmeti olan kredit müqaviləsindən daha əvvəl 09.06.2017-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 8736 manat məbləğində pul verməyi, cavabdeh isə krediti 09.07.2017-ci il tarixdən başlayaraq 09.06.2019-cu il tarixədək hər ay 364 manat olmaqla (faizsiz verilmə şərti ilə) qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdehə məxsus maaş kartı borcun qaytarılması məqsədi ilə iddiaçıya verilmişdir. İddiaçı həmin kredit müqavilə üzrə pul tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-610/2020 saylı 18 mart 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-417/2020 saylı 15.03.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən görünür ki, Cavabdeh hesabından 01.06.2017-ci ildən 01.11.2019-cu ilədək ATM vasitəsilə hansı məbləğlərdə pul vasətinin çxarılmasını müəyyən etmək məqsədi ilə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 dekabr 2020-ci il tarixli eskpert rəyi ilə Cavabdeh "xxxx" ASC-dəki hesabından çıxarışlar məlumatlarına əsasən, 1002 58236 351 nömrəli hesabdan 09.06.2017-ci il tarixdən 01.11.2019-cu il tarixədək olan dövrdə ATM vasitəsilə 9.355,00 manat məbləğində pul vəsaitinin məxaric olunması müəyyən edilmişdir (o cümlədən: 03.10.2017-ci il tarixdə 285 manat, 02.11.2017-ci il tarixdə 325 manat, 01.12.2017-ci il tarixdə 315 manat, 28.12.2017-ci il tarixdə 325 manat, 02.02.2018-ci il tarixdə 320 manat, 02.03.2018-ci il tarixdə 285 manat, 02.04.2018-ci il tarixdə 320 manat, 03.05.2018-ci il tarixdə 230 manat, 02.06.2018-ci il tarixdə 320 manat, 03.07.2018-ci il tarixdə 330 manat, 02.08.2018-ci il tarixdə 90 manat, 04.09.2018-ci il tarixdə 80 manat, 02.10.2018-ci il tarixdə 75 manat, 02.11.2018-ci il tarixdə 325 manat, 05.12.2018-ci il tarixdə 325 manat, 27.12.2018-ci il tarixdə 520 manat, 06.02.2019-cu il tarixdə 905 manat, 05.03.2019-cu il tarixdə 520 manat, 04.06.2019-cu il tarixdə 495 manat, 24.06.2019-cu il tarixdə 200 manat, 03.07.2019-cu il tarixdə 865 manat, 17.07.2019-cu il tarixdə 120 manat, 26.07.2019-cu il tarixdə 325 manat, 06.08.2019-cu il tarixdə 695 manat, 07.092019-cu il tarixdə 760 manat). Göründüyü kimi, tərəflər arasında olan birinci kredit müqaviləsi üzrə borc məbləği 8736 manat olduğu halda, borcun ödənilməsi məqsədi ilə cavabdehə məxsus kartdan ümumilikdə 9355 manat çıxarılmışdır. Hər iki kredit faizsiz verilmişdir. Belə olan halda müəyyən edilir ki, 619 manat iddiaçıya artıq ödənilmişdir (9355-8736=619). Hazırki kredit müqaviləsi üzrə isə yaranmış borc tələbi 7000 manat olduğundan, iddiaçıya ödənilmiş həmin 619 manat çıxılmalı və cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 6381 manat (7000-619=6381) müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-819/2020 saylı iş üzrə 20 may 2020-ci il tarixli qətnaməsi borc məbləğinə aid hissədə dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə 6381 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-479/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-479/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver