Məhkəmə qərarları › İş №2(103)-479/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-479/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-479/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, X1 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2(001)- 1779/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh1 arasında 14 iyul 2015-ci il tarixli № 14072015/222169 saylı əsas kredit müqaviləsi bağlanaraq borcalan maliyyə vəziyyəti nəzərə alınmaqla gələcəkdə bağlanacaq Əlavə Kredit Müqaviləsi ilə müəyyən olunacaq ümumilikdə 100.000 (bir yüz min) manat məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə, yəni 14.07.2025-cü il tarixinədək müddət ərzində kredit limiti müəyyən edərək kredit məhsulları verilməsi razılaşdırılmışdır. Bank ilə Cavabdeh1 arasında 14 iyul 2015-ci il tarixli № 14072015/222169 saylı əsas kredit müqaviləsinin tərkib hissəsi sayılan 15 iyul 2015-ci il tarixli № 15032016/222169 saylı əlavə kredit müqaviləsi bağlanaraq, borcalana 48 (qırx səkkiz) ay müddətinə, illik 26 (iyirmi altı) faiz ödəmək şərti ilə, 46.700 (qırx altı min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin, Babayeva Sevinc Hamlet qızının öhdəliklərinin icrasının təmini məqsədilə bankla Xanbudaqov Elçin Arif oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa 15 mart 2016-cı il tarixli № 15032016/222169 saylı əlavə kredit müqaviləsinin təminatı qismində İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh1 arasında bağlanan 14 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1286 nömrəli reyestr kitabının 117214 nömrəli vərəqində qeydiyyata alınmış, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvanı küçəsində yerləşən 27 nömrəli 105.48 kv.m ümumi sahə, 76.18 kv.m yaşayış sahəsi, 29.3 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 63 nömrəli mənzil bankda ipoteka ilə yüklü edilmişdir. Həmin mənzildə Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadırlar. Babayeva Sevinc Hamlet qızı bank qarşısında götürdüyü öhdəliklərə əməl etmədiyindən bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən, 21 oktyabr 2019 cu il tarixə banka 42370 ABŞ dolları məbləğində əsas, 26519 ABŞ dolları məbləğində faiz, 3500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 72389 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən məbləğdə borcun, 30 manat dövlət rüsumunun Babayeva Sevinc Hamlet qızından və Xanbudaqov Elçin Arif oğlundan müştərək qaydada tutulması, tutmanın ipoteka predmeti olan mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 100.000 manat dəyərində qiymətləndirilərək açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, mənzil satıldıqdan sonra Babayeva Sevinc Hamlet qızının, Əliyev Tural Faiq oğlunun və Əliyev Müşfiq Faiq oğlunun həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və satıldıqdan 1 ay sonra mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2(001)-1779/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 42370 ABŞ dolları məbləğində əsas, 25658,96 ABŞ dolları məbləğində faiz, 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 68.528,96 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla Babayeva Sevinc Hamlet qızından və Cavabdeh2 Arif oğlundan müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, Babayeva Sevinc Hamlet qızına məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 27 saylı evin ümumi sahəsi 105,48 kv.metr, yaşayış sahəsi 76,18 kv.metr, yardımçı sahəsi 29,3 kv.metr olan 5 otaqlı 63 saylı mənzilinə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 136.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və evin satışından əldə edilmiş vəsait hesabına Babayeva Sevinc Hamlet qızının İddiaçı ASC-yə olan 68528,96 ABŞ dolları məbləğində borcunun ödənilməsi, mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay müddətində həmin mənzilin boşaldılmaqla Babayeva Sevinc Hamlet qızı, Əliyev Tural Faiq oğlu və Əliyev Müşfiq Faiq oğlunun evdən çıxarılması və onların həmin evdən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. İddia qalan hisssədə rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2(001)-1779/2019 ləğv edilməsi, mühasibatlıq eskpertizasının rəyi əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühim əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. O, məhkəmə prosesinin keçirilməsi barədə xəbərsiz olmuş, bununla bağlı ona hər hansı bir bildiriş gəlməmişdir və bu səbəbdən də ona qarşı qaldırılan iddia ərizəsi üzrə məhkəmədə hüquqlarını müdafiə etmək hüququndan mərhum olmuşdur. Həmçinin, təyin olunmuş və keçirilmiş məhkəmə muhasibatlıq ekspertizisının rəyindən narazıdır və bildirir ki, ekspert rəyində əksini tapmış əsas və faiz borcu üzrə silinmələr düzgün hesablanmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, ipoteka predmetinin müəyyən edilmiş ilkin satış qiyməti ilə razılaşmır. İpoteka predmeti olan mənzilin qiymətləndirilməsi zamanı düzgün qiymət qoyulmamış, real dəyəri 200.000 manatdan artıq olan mənzilə cəmi 136.000 manat qiymət qoyulmuşdur. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, digər cavabdeh məhkəməyə gəlməmişdir. Kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini qətnamənin qismən yoxlanılması təşkil edir, çünki cavabdeh qətnaməni əsas və faiz borcu, eyni zamanda ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinə dair hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 170.000 manat müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 11 sentyabr 2019-cu il tarixli, 8290 saylı rəyi ilə müəyyən edilir ki, ekspert rəyinin verildiyi 11 sentyabr 2019-cu il tarixə Cavabdeh1 banka 42.370 ABŞ dolları məbləğində əsas, 25.658,96 ABŞ dolları məbləğində faiz borcu vardır. 15 mart 2016-cı il tarixli əlavə kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 ilə bağlanmış həmin tarixli ipoteka müqaviləsinə əsasən, RX seriyalı, ******* nömrəli Çıxarışla onun adına daşınmaz əmlakın dövlət reyestrində 1286 nömrəli reyestr kitabının 117214 nömrəli vərəqində qeydiyyata alınmış Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 27 saylı evin ümumi sahəsi 105,48 kv.metr, yaşayış sahəsi 76,18 kv.metr, yardımçı sahəsi 29,3 kv.metr olan 5 otaqlı, 63 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş 08.11.2019-cu il tarixli, LP-175/19 saylı qiymətləndirmə rəyi ilə ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 27 saylı evin ümumi sahəsi 105,48 kv.metr, yaşayış sahəsi 76,18 kv.metr, yardımçı sahəsi 29,3 kv.metr olan 5 otaqlı, 63 saylı mənzilinin ilkin satış qiyməti 136.000 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdeh apellyasiya şikayətində borc məbləğinin və ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsindən narazı olduğunu, həmçinin birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmadığını bildirmişdir. İş materiallarında olan bildirişlərdən görünür ki, apellyatorun yaşadığı ünvana məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada bildirişlər göndərilmiş, lakin onun həmin ünvanda yaşamaması səbəbindən bildirişlərin ona çatdırılması mümkün olmamışdır. Bundan başqa, cavabdeh məhkəmə tərəfindən əsas və faiz borcunun məbləğinin düzgün müəyyən edilməməsini bildirmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək 11 sentyabr 2019-cu il tarixli, 8290 saylı ekspert rəyi alınmış, iddianı qismən təmin edərkən məhkəmə həmin rəylə müəyyən edilmiş borc məbləğinə istinad etmişdir. Cavabdeh həmin ekspert rəyi ilə müəyyən edilmiş borc məbləğinin düzgün hesablanmadığını, onun etmiş olduğu ödənişlərin borc hesablanarkən nəzərə alınmadığını bildirsə də, belə ödənişlərin olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, ekspert rəyi ilə müəyyən edilmiş borc məbləğini düzgün hesab etməməsinin səbəblərini izah edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şükayətinin göstərilən dəlillərini əsassız hesab edir. Bununla yanaşı, məhkəmə kollegiyası iş üzrə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Belə ki, iş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş 08.11.2019-cu il tarixli, LP- 175/19 saylı qiymətləndirmə rəyindən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmiş, lakin həmin qiymətin mənzilin bazar, yoxsa likvid qiyməti əsasında formalaşması rəydə izah edilməmişdir. Bu səbəbdən ipoteka predmeti olan mənzilin yenidən qiymətləndirilməsi və likvid qiymətinin müəyyən edilməsi üçün məhkəmə kollegiyası tərəfindən yeni qiymətləndirmə təyin edilmiş və qiymətləndirilmənin aparılması "xxxx" MMC-yə həvalə edilmiş, həmin MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatına əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 27 saylı evin 63 saylı mənzilinin bazar dəyəri 190.000 manat, likvid dəyəri isə 170.000 manat təşkil edir. Bu qiymətləndirmə rəyinin mötəbərliyini şübhə altına ala biləcək hər hansı hal aşkar edilmədiyindən, habelə əvvəlki rəydən fərqli olaraq həmin rəylə əmlakın həm bazar, həm də likvid qiyməti müəyyən edildiyindən kollegiya hesab edir ki, hazırkı iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi zamanı "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyinə istinad edilməli, həmin rəylə müəyyən edilmiş likvid qiyməti ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 27 saylı evin 63 saylı mənzilinin ilkin satış qiyməti kimi müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən – ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində qismən əsaslı olmuşdur. Ona görə də, mübahisələndirilən qətnamə həmin hissədə dəyişdirilməklə, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 27 saylı evin 63 saylı mənzilinin ilkin satış qiyməti 170.000 manat müəyyən edilməli, qalan hissədə qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2(001)- 1779/2019 nömrəli qətnaməsi ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 27 saylı evin ümumi sahəsi 105,48 kv.metr, yaşayış sahəsi 76,18 kv.metr, yardımçı sahəsi 29,3 kv.metr olan 5 otaqlı, 63 saylı mənzilin ilkin satış qiyməti dəyişdirilərək 170.000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 400 manatın 200 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 200 manatı isə Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına (icraçının VÖEN:**********; Hesablaşma hesabı: “Unibank” KB-nin 11 saylı Dərnəgül filialı; KOD: 502058; VÖEN **********; SWİFT kod: UBAZAZ22; H\h: AZ46NABZ********************; Benefisiarın adı: "xxxx" MMC; Müştərinin hesab №si: AZ65UBAZ**********0060AZNN001) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar