Məhkəmə qərarları › İş №2(103)-4790/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4790/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4790/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 24.000 manat borc cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. İddia ərizəsində məhkəmə xərclərinin əvəzinin ödənilməsi də tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 925 manat borc cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı qətnamənin bir hissəsini mübahisələndirsə də mübahisə predmeti bölünməzdir, ona görə də qətnamə tam yoxlanılmalıdır. İddiaçı iddia edir ki, xx.xx.2021-ci il tarixdə cavabdehə 24.000 manat borc pul verib. İddiaçı məhkəməyə “borc müqaviləsi” adlandırılan 3 ədəd sənəd təqdim edib. Həmin sənədlər “borc müqaviləsi” adlandırılsa da məzmunca qəbzdir, çünki yalnız cavabdeh tərəfindən imzalanıb. 1-ci qəbzdə, yəni xx.xx.2021-ci il tarixli qəbzdə (iş v. 53) cavabdeh etiraf edib ki, xx.xx.2021-ci il tarixdə iddiaçıdan 6.000 manat borc alıb, həmin pulu 2021-ci ilin avqust ayının sonunda qaytarmaq barədə öhdəlik götürür. 2-ci qəbzdə, yəni xx.xx.2021-ci il tarixli qəbzdə (iş v. 52) cavabdeh etiraf edib ki, xx.xx.2021-ci il tarixdə iddiaçıdan 12.000 manat borc alıb, həmin pulu 2021-ci ilin avqust ayının sonunda qaytarmaq barədə öhdəlik götürür. 3-cü qəbzdə, yəni xx.xx.2021-ci il tarixli qəbzdə (iş v. 10) cavabdeh etiraf edib ki, xx.xx.2021-ci il tarixdə iddiaçıdan borc olaraq 24.000 manat pul alıb, həmin pulu 2021ci ilin oktyabr ayının sonunda tam şəkildə qaytarmaq barədə öhdəlik götürür. İddiaçı sonuncu, 3-cü qəbzə istinad edərək 24.000 manatın qaytarılmasını tələb edir. O, apellyasiya icraatı zamanı bildirdi ki, 1-ci qəbzə əsasən 6.000 manat borc verib, 2ci qəbzə əsasən də 6.000 manat borc verib, lakin 1-ci qəbzə əsasən borc verilmiş 6.000 manat nəzərə alınmaqla 2-ci qəbzdə 12.000 manat borc verilməsi qeyd olunub. 3-cü qəbzə əsasən 12.000 manat borc verilib, lakin 1-ci qəbzə əsasən borc verilmiş 6.000 manat və 2-ci qəbzə əsasən borc verilmiş 6.000 manat nəzərə alınmaqla 3-cü qəbzdə 24.000 manat borc verilməsi qeyd olunub. Cavabdeh iddiaya etiraz edib, etirazını onunla əsaslandırıb ki, iddiaçıdan 2.000 manat borc alıb, buna görə 400 manat faiz ödənilməsi razılaşdırılıb. Ümumilikdə iddiaçıya 2.400 manat pul qaytarmalı idi. Lakin iddiaçı qəbzdə 2.400 manat əvəzinə 24.000 manat yazılmasını tələb edib. İddiaçı bunu belə izah edib ki, o, həmişə borc verəndə belə yazır, borc faizi ilə birlikdə gei qaytarıldıqda qəbzi ona verəcək. İddiaçıya faizlə birlikdə 5.000 manatdan artıq pul qaytarıb. Müəyyən olunur ki, iddiaçı cavabdehə 2.000 manat borc verib. Birinci, iddiaçının əvvəllər tanımadığı və aralarında etibarlı münasibət olmayan cavabdehə təminat (ipoteka, girov, zamin və s.) olmadan 24.000 manat pul verməsi ağlabatan deyil. İkinci, cavabdehin əmlak vəziyyəti və hərbi qulluqçu olması nəzərə alınaraq 24.000 manat onun üçün böyük məbləğdir. Odur ki, həmin məbləğdə borc almasına zərurət müəyyən olunmalıdır, lakin belə zərurət müəyyən olunmur. Üçüncü, Mülki Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin 24.000 manata dair yazılı formada borc müqaviləsi bağlanmayıb, “borc müqaviləsi” adlandırılan sənəd qəbzdir. Əgər 24.000 manat pul şifahi müqavilə əsasında borc verilibsə, həmin müqavilə əhəmiyyətsiz sayılır, iddiaçı belə müqaviləyə əsalanaraq borcun qaytarılmasını tələb edə bilməz, əqdin etibarsızlığının (əhəmiyyətsizliyinin) nəticəsinin tətbiq edilməsini tələb edə bilər. Beləliklə, 2.000 manat borc verilib. Borc alınmış 2.000 manat pulun qaytarıldığını sübut etmə vəzifəsi borc alanın, yəni cavabdehin üzərinə düşür. Cavabdeh 5.000 manat pul qaytardığını bildirsə də, bu barədə sübut təqdim etməyib. İddiaçı “WhatsApp” (smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi) vasitəsilə cavabdehə göndərdiyi mesajda (iş v. 47) etiraf edib ki, cavabdehin ona 925 manat borcu qalıb. Ona görə də məhkəmə Mülki Məcəllənin 385, 425 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 925 manat pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar