Məhkəmə qərarları › İş №2(103)-4792/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4792/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4792/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1592/2022 saylı işi üzrə 14 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı YapıKredi Bank Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 143,40 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: - xx.xx.2021-ci il tarixli təhvil aktı ilə ‘İnternational Legal Services” MMC ilə ‘‘YapıKredi Bank Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci maddəsinə əsasən hər ay üzrə icra olunan işlərə görə xidmət haqqı ödənilməlidir. ‘İnternational Legal Services” MMC-nin icraatında olan işlərdən 2021-ci ilin aprel ayında "Worldcart” işləri üzrə 11751,51 manat geri ödəniş olmuşdur. Xidmət haqqı, müqavilə şərtlərinə uyğun olaraq geri ödənişlərin 15% hissəsindən ibarətdir və rəqəm olaraq ümumilikdə 1762,727 manat təşkil edir. Ümumilikdə 1762,727 manat məbləğin "İnternational Legal Services” MMC-nin hesabına köçürülməsi üçün hesab faktura hazırlanmış və "YapıKredi Bank Azərbaycan” QSC-nin əməkdaşlarına təhvil verilmişdir; - "YapıKredi Bank Azərbaycan” QSC ilə "İnternational Legal Services” MMC arasında bağlanmış xx.xx.2016- cı il tarixli "Hüquqi xidmət haqqında” müqaviləyə əsasən "İnternational Legal Services” MMC ümumilikdə 956 manat pulun Cavabdeh tərəfindən "YapıKredi Bank Azərbaycan” QSC- yə ödənilməsi təmin edilmiş və bu ödənişlərə görə də "YapıKredi Bank Azərbaycan” QSC tərəfindən "İnternational Legal Services” MMC-yə 143.40 manat xidmət haqqı ödənilmişdir; - xx.xx.2021-ci il tarixli bildirişlə Cavabdeh bank tərəfindən "İnternational Legal Services” MMC-yə köçürülmüş 143.40 manat məbləğin 5 iş günü müddətində "YapıKredi Bank Azərbaycan” QSC-yə ödənilməsi barədə xəbərdarlıq edilmişdir (iş.səh.17-19, 21,23 ) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4792/2022 saylı işi üzrə 14 aprel 2022ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə İcra haqqında Azərbaycan Respublikası Qanununun 2.1, 8.2, 78.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, icra sənədi üzrə borcun ödənilməsinin təmin edilməsi icra məmuru tərəfindən həyata keçirilir. Qanunvericilikdə icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid edilməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən edilmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. İddiaçı apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-1592/2022-saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 21, 385.1. 390.1 və Mülki Prosessual Məcəllə 217.1, 217.2 və 217.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2013-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir.Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci tarixli 2(004)-1442/2021-saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx"xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC -yə sifariş etmişdir.'İnternational Legal Services M M C" öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixində ödədiyi 956 manat, məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X6 Azərbaycan» QSC tərəfindən"xxxx" MMC-yə 143.40 manat manat məbləğində xidmət haqqı ödənilmişdir.Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC -yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin15% həcmində yəni ümumilikdə 143.40 manat məbləğində xidmət haqqı ödəmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, bağlanılmış kredit müqaviləsinin şərtinə əsasən gələcəkdə kredit məbləğinin ödənilməməsi ilə bağlı bank tərəfindən çəkilmiş xərclərin vətəndaş tərəfindən ödənilməsi ilə bağlı razılaşdıqlarını, qarşı tərəfin bu şərtlə razılaşdığını və müqaviləni imzaladığını, qətnamənin müqavilə şərtlərinin icra edilməməsi ilə bağlı qəbul edildiyini, çəkilmiş xərcləri müqavilə ya da qətnamə ilə tələb etdiklərini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 439-449, 522, 560, 777- 786; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələri üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərini sübuta yetirən və ya ona dəlalət edən sübutlar habelə hər hansı ekspertizaının təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Şikayətin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan suiistifadəyə şərait yaradan hal və buna cəhd kimi qiymətləndirilməlidir. Qeyd edilən münasibətlərin aşağıdaki hüquqi istinadlara müvafiq tənzimlənməsi nəzərə alınması və bu şərtlərin müəyyən edilməsinə yönəlik tələbin olmaması nəzərə alınmalıdır. Belə ki, Mülki Məcəllənin tələblərinə (müddəalarına) görə: 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 9 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Qərarı ilə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. İddia edilən mülahizəyə əsasən Bankın icra tətbiqini həyata keçirmək məcburiyyətində qaldığı və məhkəmə qətnaməsinə əsasən tutulmalı olan məbləğin könüllü surətdə ödəməyəcəyi təqdirdə, Bankın borcun məcburi tutulması üçün zəruri tədbirlərin görülməsi ilə bağlı məruz qalacağı xərclərin də cavabdehdən tutulacağını və bu xərcləri ödəməyi öhdəsinə götürməsinin cavabdehin məhz qeyd (iddia) edilən tapşırıq müqaviləsindən irəli gəlməsi, habelə tələb edilən məbləğin cavabdehə aidiyyəti sübuta yetirilmir. Bundan əlavə, kredit müqaviləsi üzrə tələbin qətnamə əsasında təmin edilməsi artıq iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi münasibətlərə xitam verilməsini müəyyən edir və qətnamənin icra edilməsi üzrə zərərin əsaslarını iddiaçı (tələbinin hüquqi əsasını) dəqiq müəyyən etməmişdir. Hazırda iddiaçı kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinə istinad edir, lakin tərəflər arasında kredit münasibətlərinə son qoyulmuş və artıq qanuni qüvvəsini almış qətnamə mövcuddur. Ona görə, iddiaçının tələbinin hüquqi əsaslarını düzgün müəyyən etməklə və dəymiş zərərin sübuta yetirilən əsasları ilə (yeni əsaslarla) müraciət etmək hüquqları istisna edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1592/2022 saylı işi üzrə 14 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar