Məhkəmə qərarları › İş №2(103)-4793/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4793/2023

19.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4793/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi və işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmaylova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı "xxxx" MMC-yə (“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsə) qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5035/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı 8 dekabr 2006-cı il tarixdə "xxxx" MMC-də bölməsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. 08 iyul 2015-ci il tarixdə İddiaçı ilə Nəqliyyat Nazirliyi “Bakı Sərnişin və X6” MMC arasında əmək müqaviləsi bağlanmış, o, Sərnişin daşımalarının təşkili şöbəsinə - şöbə rəisi vəzifəsinə işə götürülmüşdür.

2. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin 18 may 2016-cı il tarixli, 173-ş/h saylı əmri ilə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2 may 2016-cı il tarixli, 52/ü nömrəli əmri ilə X4 Xidməti “Bakı Sərnişin və X6” MMC-nin adının dəyişdirilməsi, yeni strukturun və ştat cədvəlinin təsdiq olunması, əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə aşağıda adları çəkilən işçilərin (onlardan biri də iddiaçıdır) 18 may 2016-cı il tarixdən "xxxx" MMC-də vəzifəsi dəyişikliyi haqqında X4 Xidmətinin 16 may 2016-cı il tarixli, 122/k nömrəli əmri nəzərə alınmaqla, X9 “Bakı Sərnişin və X8” MMC-nin Sərnişin daşımalarının təşkili şöbəsinin rəisi vəzifəsindən azad olunaraq, "xxxx" MMC-nin Regional qurumlarla iş şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında 18 may 2016-cı il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır.

3. Tərəflər arasında 04 noyabr 2016-cı il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış və iddiaçı X2 və daşımaların tənzimlənməsi şöbəsinə - şöbə rəisi vəzifəsinə qəbul edilmişdir. 14 may 2018-ci il tarixdə iddiaçı ərizə ilə X4 Xidmətinin rəisinə müraciət edərək, Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinə müdir müavini vəzifəsinə keçirilməsinə etiraz etmədiyini göstərmişdir. 16 may 2018-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır.

4. 02 iyul 2021-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" MMC ilə Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti 02 oktyabr 2021-ci il tarixədək 3 ay, sonradan isə 02 yanvar 2022-ci il tarixədək 3 ay müddətinə uzadılmışdır.

5. 02 yanvar 2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" MMC ilə Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti 02 fevral 2022-ci il tarixədək 1 ay müddətinə uzadılmışdır.

6. 16 fevral 2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" MMC ilə Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti 16 mart 2022-ci il tarixədək 1 ay müddətinə uzadılmışdır.

7. 16 mart 2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" MMC ilə Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti 16 aprel 2022-ci il tarixədək 1 ay müddətinə uzadılmışdır.

8. Cavabdeh tərəfindən iddiaçıya 15 aprel 2022-ci il tarixli xəbərdarlıq ünvanlanmış, o, 16 may 2018-ci il tarixli, 11 nömrəli əmək müqaviləsinin müddətinin 16 aprel 2022-ci il tarixdə bitdiyindən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, sözügedən müqaviləyə xitam veriləcəyi barədə məlumatlandırılmışdır.

9. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X4 Xidməti "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli, 90-Ş/h saylı əmrə əsasən, MMC-nin sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı 13 iyun 2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X4 Xidməti "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli, 90-Ş/h saylı "xxxx"in ləğv edilməsi, onun MMC-nin X1 Şöbəsinin müdir müavini vəzifəsinə bərpa edilməsi və 13 iyun 2022-ci il tarixdən məcburi işburaxmaya görə həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə əmək haqqı məbləğinin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər məbləği hesablanmaqla ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehin 13 iyun 2022-ci il tarixli, 90-Ş/h saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və 73-cü maddəsinin 2-ci hissəsinə əsasən Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmr əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, İddiaçı 1993-cü ildən 2022-ci il tarixinə qədər nəqliyyat sahəsində çalışmışdır. 2000-ci ildən başlayaraq əmək fəaliyyətini Nəqliyyat Departamentində davam etdirmişdir. 2015-ci ildən 2016-cı ilə qədər Bakı şəhər X3 Şöbəsinin müdiri vəzifəsində, 2016-2018-ci illərdə X2 və X3 Şöbəsinin müdiri vəzifəsində, 2018-ci ildən 2022-ci ilə qədər X3 Şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. Nəqliyyat sahəsində çalışdığı 29 il ərzində əmək fəaliyyətində heç bir qüsur olmamış, rəhbərlik tərəfindən verilən tapşırıqları operativ və qüsursuz şəkildə yerinə yetirmişdir. Cavabdeh tərəfindən onunla xx.xx.2022-ci il tarixindən etibarən hər ay 1 aylıq əmək müqavilələri imzalanmışdır.

12. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixində X4 Xidmətinə ərizə ilə müraciət edərək həmin ildə həyata keçirilmiş struktur dəyişikliyi ilə əlaqədar onu “Sərnişin daşımalarının tənzimlənməsi şöbəsi”nin müdir müavini vəzifəsinə keçirilməsini xahiş etmiş və bununla əlaqədar onunla cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində qeyd edilən məzmunda müddətli müqavilə bağlanaraq iddiaçı həmin vəzifəyə işə qəbul edilmişdir. İddiaçının Cəmiyyətdə işlədiyi müddət ərzində onunla bağlanmış əmək müqavilələrinin müddəti uzadılmış və son olaraq xx.xx.2022-ci il tarixdə onunla bağlanmış müqavilənin müddəti bitdiyinə görə qanunauyğun olaraq müqaviləyə xitam verilmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, həmin müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə edilən xx.xx.2022-ci il tarixli 1 nömrəli əlavəyə əsasən bir aylıq uzadılaraq, sonuncu iş günü kimi xx.xx.2022-ci il tarixi qeyd edilmiş, nəhayət, əmək müqaviləsi müddətinin qurtarması səbəbilə 16 iyun 2022-ci il tarixli əmri ilə həmin tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 47-ci maddəsinin “f” yarımbəndinə əsasən əmək müqaviləsi müddətli olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanıla bilər. Qeyd edilən maddələrdən göründüyü kimi, tərəflər müddətli əmək müqaviləsinin bağlanıbbağlanmamasında sərbəstdirlər və əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5035/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında sərbəst şəkildə, 16 may 2018-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqaviləyə bir neçə dəfə edilmiş əlavələrlə onun müddəti əlavələrdə göstərilən müddətlərə uzadılmış, həm müqavilə, həm də əlavələr iddiaçı, eləcə də cavabdehin nümayəndəsi tərəfindən imzalanmış, lakin müqavilə faziləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş və 13 iyun 2022-ci il tarixdə müqavilə müddətinin qurtarması əsası ilə iddiaçı ilə cavabdehin əmək münasibətlərinə xitam verilmişdir. Belə olan halda cavabdeh tərəfindən 13 iyun 2022-ci il tarixli, 90-Ş/h saylı "xxxx"in ləğv edilməsi üçün əsas mövcud deyildir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42.1, 45.1, 45.2, 45.4, 47, 73.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5035/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

17. Apelyasiya şikayəti ümumilikdə iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmşdır. Əlavə olaraq qeyd edilmişdir ki, hazırki iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 45, 73 və 300-cü maddələri təşkil etməkdədir. Belə ki, işə götürən işçi ilə əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsinə görə xitam verməkdə haqlı olmamışdır. Əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin tələb edilməsi kifayət qədər qanuni və əsaslıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarş etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində ilkin icraat

19. Apellyasiya icraatı zamanı cavabdeh "xxxx" MMC hüquqi varisi “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs ilə əvəz edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1463 №-li Fərmanı ilə bir sıra təşkilatların, o cümlədən "xxxx" MMC-nin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılmışdır.

20. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-682/2023 nömrəli 03 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Kollegiya qeyd etmişdir ki, İddiaçı "xxxx" MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsində müdir müavini vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin (MMC-nin baş direktorunun) xx.xx.2022-ci il tarixli, K/248 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin bitməsinə görə xx.xx.2022-ci il tarixdən ləğv edilib. Belə ki, əmək müqaviləsi müddətli olub və müddət bitib. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir.

22. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçının əmək fəaliyyətində heç bir qüsur olmayıb, o, rəhbərlik tərəfindən verilən tapşırıqları operativ və qüsursuz şəkildə yerinə yetirib. Lakin bu hal əmək müqaviləsinin müddətinin bitməsinə görə əmək müqaviləsinin ləğvinə mane olmur. Ona görə də birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib.

23. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2242/2023 nömrəli 31 may 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 fevral 2023-cü il tarixli 2(103)- 682/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş; iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

25. Kollegiya qeyd etmişdir ki, işin məhkəmələr tərəfindən araşdırılmış hallarından görünür ki, İddiaçı 2006-cı ilin dekabr ayından 2108-ci ilin may ayının 16-dək iş üzrə cavabdehin hüquqi varisi olduğu və müxtəlif adlarla fəaliyyət göstərmiş təşkilatda müddətsiz əmək müqaviləsi ilə müxtəlif vəzifələrdə işləmişdir. 16 may 2018-ci il tarixdə iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır.Sonra əmək müqaviləsinin müddəti bir neçə dəfə uzadılmış və nəhayət Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X4 Xidməti "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli, 90-Ş/h saylı əmrlə , Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) və 73 –cü maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı 13 iyun 2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

26. Əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir.

27. İddiaçı bildirir ki, eyni qurumda bir neçə ildir ki, fasiləsiz işləməkdədir və onunla müddətli əmək müqaviləsi bağlanması əmək qanunvericiliyinin müddəaları ilə ziddiyət təşkil edir. Belə olan halda, cavabdeh təşkilatın müddətsiz əmək müqaviləsi ilə işləyən iddiaçı ilə hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsi bağlaması işdən görünmür, apellyasiya məhkəməsi də buna hər hansı aydınlıq gətirməmişdir.

28. Halbuki müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. İşəgötürənlə işçi arasında tabelik, asılılıq münasibətləri vardır və bu münasibətlərdə işəgötürənin üstün vəziyyətdə olduğu şübhəsizdir. Ona görə də müddətsiz əmək müqaviləsi ilə uzun müddət fasiləsiz işləyən işçi ilə müddətli əmək müqaviləsi bağlanmaqla əmək münasibətlərinin davam etdirilməsi halında hüquq bərabərliyi prinsipinə əməl olunub-olunmamasına qiymət verərəkən həmin faktor da nəzərə alınmalıdır.

29. İşçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmalıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, Ali Məhkəmədə iddiaya ədalətli münasibət bildirilmiş, faktiki olaraq şikayətdə göstərdikləri hallar Ali Məhkəmədə öz təsdiqini tapmış, həmin halların araşdırılması yenidən Bakı Apellyasiya Məhkəməsinə həvalə edilmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs 2006-cı ildən eyni qurumda davamlı olaraq, beş ildən artıq işləmişdir. Onun müddətsiz əmək müqavilələri olmuşdur. Quruma yeni rəhbərlik gəldikdən sonra bütün işçilərlə müddətli əmək müqavilələri bağlandı. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin formalaşmış mövqeyi vardır, təqribi 2-3 ədəd məhkəmə qərarı mövcuddur, hansıki, işçilər işə bərpa olunubdur. Belə bir vəziyyətdə analogiya tətbiq olunmalıdır. Ali Məhkəmə öz qərarında əmək qanunvericiliyinin normalarına istinad etmişdir, hansı hallarda müddətli, hansı hallarda müddətsiz əmək müqavilələri bağlanmalıdır. Hüquqlarını müdafiə etdiyi şəxs vəzifəyə qoyulur və 1 aylıq müddət təyin olunur. Qanunvericiliyin tələbləri pozulmuşdur. 31.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X4 Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 apellyasiya şikayətini əsassız hesab etdiyini bidirmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5035/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, “Azərbaycan Yürüstü Nəqliyyat Agentliyi” "xxxx" MMC -nin hüquqi varisi deyildir. Çünki 11 oktyabr 2021-ci il tarixdən 1462 və 1463 nömrəli fərmanlar imzalanmışdır. Həmin fərmanlar əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həmin qurumlar əsasında yaradılan hüquqi varis kimi göstərilməmiş, lakin sadəcə balansına əmlak keçdiyini göstərmişdir. MMC-nin, agentliyin balansında özünün əmlakı yoxdur, balansında olan əmlak dövlət əmlakıdır. Mülki Məcəllənin 4-cü fəslində qeyd olunan hüquqi varisilik məsələsi, ümumiyyətlə bu məsələyə uyğun gəlmir. Nə MMC-nin, nə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin öz əmlakı olmamışdır, eyni zamanda da bu qurumlar həmin o əmlakı sadəcə istifadə etmişlər, dövlət əmlakı olmaq şərtilə. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən əmək müqaviləsi sərbəst bağlanılır. Göründüyü kimi müqavilə tərəflər arasında razılaşdırılmış, tərəflər imzalanmış və 2018-ci ildən 2022-ci ilə qədər müddətli olaraq əmək müqaviləsi bağlanmış, bu müddət 5 il müddətini keçməmişdir. İşçi işdən çıxarılan zaman həmin departament mövcuddur, lakin həmin vəzifənin mövcud olub-olmadığını bilmir.

Apellyasiya baxışının hədləri

32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 33.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 35.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36.3.5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 37.7.2-ci maddədinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 38.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. 39.42.1, 45.1, 45.2 və 47.1-ci hissəsinin f) bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlana bilər. 40.49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 41.68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır.

42. 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 43.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

44.59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

45. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

46. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

47.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. 48.Belə ki, işin məhkəmə kollegiyası tərəfindən araşdırılmış hallarından göründüyü kimi İddiaçı onunla Nəqliyyat Nazirliyi "xxxx" MMC arasında bağlanmış müddətsiz əmək müqavilələrinə əsasən xx.xx.2006-cı il tarixdən başlayaraq MMC-də müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. MMC-də baş vermiş struktur dəyişikliyi ilə əlaqədar xx.xx.2018-ci il tarixdə onunla müddətli əmək müqaviləsi bağlanmış, o, MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini vəzifəsinə qəbul olunmuşdur. İddiaçı ilə bağlanmış həmin müqavilədəki 3 aylıq müddət bir neçə dəfə uzadılsa da "xxxx" MMC-nin 2022-ci il 13 iyun tarixli 90-Ş/h nömrəli əmrə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmiş, o, tutduğu vəzifədən həmin tarixdən azad olunmuşdur. Bununla bağlı əmək müqaviləsinə xitam verilməsi bildirişi müvafiq qaydada əmək müqaviləsinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə qeydiyyata alınması üçün ünvanlanmışdır. 49.Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, tərəflər arasında bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi və xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin bağlanması etibarlı sayıla bilməz. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin İ və İV hissələri, 47-ci maddəsinin «f» bəndinin tələbləri baxımından əmək qanunvericiliyi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 50.Hazırki işin hallarıda əsasən işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsinin hansı zərurətdən baş verdiyinin səbəbləri barədə izah verilməsi cavabdehdən xahiş edilsə də, tərəfindən hər hansı məlumat məhkəməyə verilməmişdir. 51.Beləliklə iddiaçı xx.xx.2006-cı il tarixli müddətsiz əmək müqaviləsinə əsasən işə qəbul olunmuş, xx.xx.2022-ci ilədək, yəni beş ildən çox müddətdə davamlı olaraq orada işləmiş, buna baxmayaraq onunla MMC arasında xx.xx.2018-ci il tarixdə müddətli əmək müqaviləsi (3 ay) bağlanılmışdır. Halbuki müddətli əmək müqaviləsinin məzmunundan də göründüyü kimi, o, faktiki olaraq əvvəlki müqavilələrə əsasən işlədiyi iş yerinə yenidən götürülmüşdür. 52.Etirazın dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində adı və strukturu dəyişdirilmiş qurumda müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin qısa müddətli əmək müqaviləsi əsasında eyni işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. 53.Əlavə olaraq qeyd edilməlidir ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. 54.Bundan başqa Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1463 №-li Fərmanının 1-ci bəndindən görünür ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs "xxxx" MMC-nin əsasında yaradılıb. O cümlədən Fərmanın 3.2-ci bəndindən görünür ki, MMC-nin əmlakı Agentliyin balanasına keçir. Fərmanın 1-ci bəndində istifadə olunan “əsasında” ifadəsi və Fərmanın 3.2-ci bəndində qeyd olunan "xxxx" ifadəsi məhkəməyə əsas verir ki, Agentliyi əmək münasibətində MMC-nin hüquq varisi kimi tanısın. 55.Fərman xx.xx.2021-ci il tarixdə verilsə də, onun 8-ci bəndində qeyd olunub ki, Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək MMC fəliyyətini davam etdirsin. Əmək müqaviləsinin ləğvi barədə əmrin verdildiyi zaman (xx.xx.2022-ci ildə) Agentlik hələ dövlət qeydiyyatına alınmamışdı. O cümlədən birinci instansiya məhkəməsində icraat zamanı Agentlik dövlət qeydiyyatına alınmamış, ona görə də hüquq varisliyi məsələsi birinci apellyasiya icraatı zamanı həll edilmişdir. 56.Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2006-cı ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda isə, xx.xx.2018-ci il tarixində yenidən cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz.

57. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 58.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5035/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X4 Xidməti "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 90-ş/h saylı əmri ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin hüquqi varisi olduğu “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsdə Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini vəzifəsinə bərpa edilsin və ona xx.xx.2022-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Akif İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar