Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4795/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: «əsassız hesablanmış borcun silinməsi») Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 288/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən iddiaçının (abonet kodu **********00033) qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuş, buna görə abonentin saldosuna 3.525,12 manat məbləğində borc daxil edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3.525,12 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı ev onun adınadır və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Həmin ünvana quraşdırılmış abonent kodu **********00033 olan smart tipli qaz sayğacı onun istifadəsindədir. Smart kart vasitəsilə qaz sayğacına pul yükləmək istəyərkən ödədiyi məbləğin yarısının borca çıxıldığını görmüşdür. Borcunun haradan yarandığını öyrənmək üçün “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmişdir. Oradan ona bildirmişlər ki, guya o, qaz xəttinə qanunsuz müdaxilə etmişdir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş, 29376 m3 qaz (3.525,12 manat) dəymiş ziyan hesablanmışdır. Bildirir ki, “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşı ona qaz xəttinə qanunsuz müdaxilə olunan yerin fotoşəkillərini təqdim etmişdir. O, fotoşəkillərə baxıb, dərhal həmin yerin onun evinə aid olmadığını, şəkillərdəki qanunsuz müdaxilə olunan yerin tamamilə başqa yerə aid olduğunu bildirmişdir. Sayğac və darvaza onun evinə aid olmuş olsa belə, həmin şəkillərdə qanunsuz müdaxilə yoxdur, lakin əlavə çəkilən 2 nömrəli şəkil evindən kənarda, evinin yerləşdiyi küçədə olan “Al marketin” yaxınlığında olmuşdur və onun sayğacına əsassız yazılan xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın ləğv olunmasını tələb etmişdir. O, həmin Cavabdeh əməkdaşına bildirmişdir ki, o, sayğaca və qaz xəttinə heç vaxt müdaxilə etməmişdir. Evinin sayğacı küçədə quraşdırılmışdır. Qaz xəttinə müdaxilə etmək qeyrimümkündür. Həmin fotoşəkillərin onun evinə heç bir aidiyyatı yoxdur. O, həmin sayğaca ancaq smart kartla qaz yükləmək üçün yaxınlaşır. Həmin Cavabdeh əməkdaşları da onun aylıq ödənişlərinə baxaraq, ona inandığını, lakin çox adama cərimə yazıldığını ona bildirmişdir. O, barəsində qərəzli və haqsız yazılan xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında yazılan dəymiş ziyan kimi hesablanmış 3.525,12 manat pulun silinməsini tələb etmişdir. Lakin bundan sonra ona yazılmış dəymiş ziyan borcu silinməmişdir. Ona borcun silinməsi üçün məhkəməyə müraciət etməli olduğu bildirmişlər. Düşünür ki, qaz sayğacına və qaz xəttinə qanunsuz müdaxilə etmədiyi üçün başqasının evinin şəklini çəkib onun sayğacına xx.xx.2023-cü il tarixli akt tərtib edərək, 3.525,12 manat pulun ondan tələb olunması ona qarşı haqsızlıqdır. O, nə qaz sayğacına, nə də qaz xəttinə müdaxilə etməmişdir. O, hesab edir ki, barəsində tərtib olunan xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsassızdır və həmin akt əsasında ona yazılmış borc silinməlidir. Göstərilənlərə əsasən, iddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4801/2023 nömrəli qərardadı ilə kompleks-məhkəmə ekspertizası (mühəndis-texniki və mühasibatlıq) təyin edilmişdir.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ekspert rəylərinə əsasən qaz işlədicilərinin günlük 24 saat işlədiyini nəzərə alaraq 1 günlük cəmi qaz sərfiyyatı 81,6m3 /saat təşkil edir. Cavabdehnə vurulmuş ziyan ümumilikdə 5779,20 manat təşkil edir. Tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 288/2024 nömrəli qətnaməsi ilə (hakim H.S.Mahmudova) iddia təmin edilmiş, İddiaçı istifadəsində olan **********00033 saylı abonent koduna əsassız olaraq hesablanmış 3.525,12 manat məbləğində borcun silinməsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən 55,25 manat dövlət rüsumunun tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iş üzrə çəkilmiş 232 manat ekspertiza xərcinin cavabdehə aid edilməklə, ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, qeyd olunan akt üzrə zərərin tələb olunması üçün daha tutarlı sübutlar təqdim edilməlidir. İddiaçıya akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, ona poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin abonent tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışdır, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz.
8. Bundan başqa, qaz sayğacının və borcunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədənin aşkar edilməməsi, qaz sayğacından kənar xətlərin çəkilməsinin müşahidə edilməməsi ilə bağlı gəldiyi nəticəni də nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, cavabdehin özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talaması iş materialları ilə təsdiqini tapmır.
9. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, iddia əsaslı olduğundan, təmin edilməli, İddiaçı istifadəsində olan **********00033 saylı abonent koduna əsassız olaraq hesablanmış 3.525,12 (üç min beş yüz iyirmi beş manat, on iki qəpik) manat məbləğində borcun silinməsi Cavabdehnə həvalə edilməlidir.
10. Məhkəmə hesab etmişdir ki, 55,25 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ekspert təqdiqatlarının dəyəri 232 manat təşkil edir və həmin məbləğ də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 119.1, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5, 9.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçının yaşadığı ünvanda qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazın talaması faktı aşkar olunmuş, fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Tərtib edilmiş həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə Cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamə, abonent saldosu və s) Birliyə vurulmuş zərəri sübut edir. Bildirmək istəyirəm ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın bir nüsxəsi istehlakçıya (nümayəndəsinə) təqdim edilmişdir və istehlakçının həmin aktı imza etməkdən imtinası həmin aktın qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlarımız tərəfindən akt tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizasının rəyinə qeyd edilmişdir ki, təqdimata təqdim edilən borunun və sayğacın üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Məhkəmə də qeyd olunan ekspert rəyinə istinad edərək iddia tələbini təmin etmişdir. Bununla əlaqədar qanunvericiliyin tələblərini nəzərə alaraq bildiririk ki, trasoloji ekspertiza rəyindən də məlum olduğu kimi ekspert yalnız sayğaca və sayğacın giriş-çıxış xətlərinə baxış keçirməklə rəy vermişdir. Halbuki təqdim olunmuş və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, sayğacdan kənar qoşulma sayğacın giriş-çıxış xəttindən yox, başqa yerdən olmuşdur. Lakin ekspert tədqiqatı iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə aparmamış, qanunsuz birləşmənin mövcud olduğu yerləri tədqiq etməmişdir. Bu səbəbdən də ekspert rəyi ilə iş materiallarında olan digər sübutlar, xüsusilə də fotoşəkillər arasında kifayət qədər ziddiyyətlərin (fotoşəkillərdən açıq-aşkar görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur), həmçinin də ekspert rəyinin mötəbərliyi ilə bağlı kifayət qədər şübhələrin olmasına baxmayaraq məhkəmə təkrar ekspertiza təyin etməmiş, ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmiş və bununla da birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları ilə bağlı da pozuntuya yol verilmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi.
16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu” qeyd edilmişdir.
23. Yuxarıda istinad olunan qanunvericiliyin imperativ tələblərinə uyğun olaraq cavabdeh qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
24. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Lakin iddiaçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini tələbnamə ilə tələb etmiş, həmin zərərin məbləğini abonentin saldosuna daxil etmişdir.
26. Bundan başqa, işdə olan ekspert rəyindən də görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz, zədə və sayğacdan kənar qaz xətti aşkar edilməmişdir.
27. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
28. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
29. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 288/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: