Məhkəmə qərarları › İş №2(103)-4797/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4797/2024

29.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4797/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X3 və İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadəyə yaradılmış maneələrin qanunsuz hesab edilməklə aradan qaldırılması və sair" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "yaşayış sahəsindən istifadəyə yaradılmış maneələrin qanunsuz hesab edilməklə aradan qaldırılması, giriş qapısı açarlarının təqdim edilməsinin cavabdehə həvalə edilməsi") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçılar X3 və İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1122/2024 nöməli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçılar X7 və İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadəyə yaradılmış maneələrin qanunsuz hesab edilməklə aradan qaldırılması, giriş qapısı açarlarının təqdim edilməsinin cavabdehə həvalə edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, R.Rza küçəsində yerləşən 4 saylı, 3 otaqlı yaşayış sahəsindən istifadəyə yaranan maneələrin qanunsuz hesab edilməklə, həmin maneələrin aradan qaldırılması, giriş qapısının açarlarının (surətlərinin) təqdim edilməsinin Cavabdeh həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Ramana Südçülük sovxozunda yerləşən 100 kv.metrlik torpaq sahəsi və üzərində olan yaşayış evini 20.000 manata satmış, bu barədə mərhum X8 (xx.xx.2023-cü ildə vəfat etmişdir, iddiaçı Aygyul İbrahimovanın nənəsi) Bakı şəhəri 39 saylı Notariat ofisində 50 il müddətinə baş etibarnamə vermişdir. Özbəkistan vətəndaşı olduğu üçün həmin vaxt etibarnamə X5 deyil, daimi qeydiyyat yeri olduğu üçün nənəsinin adına verilmişdir. Etibarnamə verilən gün Aygyul İbrahimova da Hövsan qəsəbəsində notariusda olmuşdur. Cavabdehə həmin pulu 2 dəfəyə- 17.000 manatı 2018-ci ilin aprel ayında Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşayan iddiaçı X3 dayısının evində, qalan 3000 manatını isə hazırkı evdə, etibarnamə verilən gün vermişlər. Cavabdeh həmin vaxt torpağa dair bir sənədin surətini təqdim edərək bildirmişdir ki, sənədin əslini çatdıracaqdır. Həmin gün notariusda təsdiq olunmuş bir ərizə də vermişdir ki, bu evə, torpağa dair onun heç bir mübahisəsi olmayacaq, əgər olarsa məsuliyyət daşıyacaqdır. Torpaq sahəsinin üzərində 3 otaq, mətbəx və həyətdə yarıtikililər mövcuddur. xx.xx.2018-ci il tarixdən iddiaçı Aygyul İbrahimova nənəsi və anası ilə həmin evdə birgə yaşamışlar. Anası xx.xx.2018-ci ildə vəfat etmişdir. Sonradan nənəsi onun qeydiyyata alınması üçün Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmiş və o, müvəqqəti qeydiyyata alınmışdır. Nənəsi xx.xx.2019-cu ildə, anasının 40 mərasimindən sonra onun adına verilmiş etibarnamə üzrə səlahiyyətlərin ona verilməsinə dair etibarnamə vermişdir. Nənəsinin arzusuna uyğun olaraq xx.xx.2022-ci il tarixdə iddiaçı X7 digər İddiaçı Sühel oğlu ilə ailə qurmuş və həmin gündən xx.xx.2023-cü il tarixədək, yəni cavabdeh tərəfindən evin dəmir qapısının qıfılının (kilidi) sındırılaraq zəbt edildiyi günədək həmin ünvanda birgə yaşamışlar. Həmin gün iddiaçılar (ər-arvad) Astara rayonu, Təngərüd kəndində olduqları zaman Cavabdeh ərazidə işləyən vasitəçi vasitəsilə X6 (nənənin) vəfat etdiyi barədə məlumat əldə etmiş və əmlaklarının yerləşdiyi evi zəbt etmiş, 39 saylı notariat ofisinə gedərək etibarnaməyə xitam vermişdir. Qonşular tərəfindən onlara məlumat verildiyindən, dərhal DİN-in 102 xidmətinə zəng etmişlər. Xidmətin göstərişi ilə Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinin 12-ci Polis bölməsində izahat alınmış və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Cavabdeh sonuncu dəfə zənglə bildirmişdir ki, 5000 manat verərlərsə, evdən çıxıb gedə bilər. Məhkəməyə məlum edilir ki, evin və evin içərisində olan əşyaların özgəninkiləşdirilməsi istisna edilmir. Qonşular bildirmişlər ki, hər gün vasitəçi gəlib-gedir, evi satmaq istəyirlər. Yaşadıqları küçə sakinlərinin əksəriyyəti məhkəmədə bu faktları təsdiqləyə bilərlər. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Bu səbəbdən məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.

3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1122/2024 nöməli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf məhkəmədə evin və torpaq sahəsinin 20.000 manata mərhum X1 etiraf etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 39 saylı Notariat ofisində bu məqsədlə 50 il müddətinə baş etibarnamə vermişdir. Həmin gün evə dair gələcəkdə hər hansı iddiasının olmamasına dair də ərizə təqdim etmişdir. 20.000 manat pul məbləği iki dəfəyə, 17000 manat və 3000 manat şəklində verilmiş, kommunal xidmətlər üzrə sonradan narazılıqlar yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixədək yaşadıqları evə gəlməmiş, mərhum nənəsinin ölümündən xəbər tutaraq həmin gün onların Astara rayonunda olmaqlarından istifadə edərək evin qapısının kilidini sındıraraq yaşayış sahəsini zəbt etmişdir. Həmin gündən hal-hazıradək mənzildən istifadə hüquqları pozulmuşdur. Məhkəmə mübahisəsinin davam etdiyinə baxmayaraq, evdə cavabdeh tərəfindən tikinti təmir işləri getməkdə davam edir. Buna səbəb isə, məhkəmənin sonuncu iclasda “evi cavabdehdən ala bilməzsiniz, yalnız pulu tələb edə bilərsiniz” ifadələrinin işlətməsi olmuşdur. Məhkəmə tərəfindən işin həqiqi və faktiki halları üzrə tam araşdırma aparılmamışdır. Təqdim olunmuş sübutlar nəzərə alınmamış, tərəflərin və şahidlərin verdiyi izahatlar təhrif olunmuş qaydada qətnamədə əks olunmuşdur. Məhkəmə iddia predmeti üzrə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə mübahisəyə mülkiyyət aspektindən yanaşmış, bu yanaşmanı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndi ilə əlaqələndirmişdir. Belə ki, məhkəmə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarına əsasən Ramana Südçülük sovxozunda işləyən fəhlə və mütəxəsislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan cavabdeh X9 0,01 ha torpaq sahəsi fərdi ev tikintisi üçün ayrıldığı üçün hüquq verən sənəd hesab etmiş, bu halı cavabdehin mülkiyyət hüququ kimi qələmə almışdır. Həmçinin, məhkəmə evin hazırda cavabdehin istifadəsində olduğunu gündəmə gətirməklə faktiki olaraq orada yaşamasını da əsas götürmüş, lakin evin zəbt olunması hallarına ümumiyyətlə qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. xx.xx.2018-ci ildən xx.xx.2023-cü il tarixədək mənzildə yaşamaqla artıq mülkiyyətçi olmasalar da, mülkiyyətçiyə aid olan hüquqlardan istifadə etməklə əmlaka sahiblik etmişlər və hazırda daşınar əmlakları həmin evdə qalmış, cavabdehin qanunsuz istifadəsindədir. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 39 saylı Notariat ofisində cavabdeh tərəfindən mərhum Manya Vəliyevaya 50 il müddətinə verilmiş baş etibarnamə əsasında (daha sonra mərhum nənəsi tərəfindən cavabdehin razılığı ilə xx.xx.2019-cu ildən 49 il 3 ay 4 gün müddətinə etibarnamə ona verilmişdir) həmin gün mübahisəli yaşayış evi, həyətyanı torpaq sahəsi ilə birlikdə cavabdehin etiraf etdiyi qaydada (alqı-satqı) vasitəçilərin və tərəflərin imzaları ilə tərtib olunmuş akt əsasında əşya faktiki olaraq sahibliyinə keçmişdir. Həmin tarixdən, ev cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə zəbt olunduğu günədək sahibliyində olmuş, faktiki olaraq mülkiyyətçi hüquqlarını həyata keçirmişlər. Bu müddət ərzində cavabdeh, 5 il müddətində evə dair heç bir mübahisə etməmişdir. Çünki notariat ofisində belə bir ərizə vermişdir ki, əmlaka dair bundan sonra mübahisə olmayacaqdır. Məhkəmə isə bu ərizəni sübutlar siyahısından çıxarmışdır. Məhkəmə daşınmaz əmlaka faktiki sahiblik faktını düzgün müəyyən etməmişdir. Məhkəmə yalnız cavabdeh şəxsin və cavabdeh tərəfdən cəlb olunmuş şahid X4 səmimi olmayan ifadələrinə əsaslanmış (məhkəmənin hazırlıq iclasında 20000 manata evi satdığını etiraf etmiş, sonrakı iclaslarda isə 17000 manat aldığını qəbul etmişdir) tərəflərindən təqdim olunmuş kifayət qədər sübutlar məhkəmə tərəfindən nəzərə alınmamış, məhkəmə həmin sübutları siyahıdan çıxarmaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə iclasları elektron məhkəmə sistemində videoyazı şəklində keçirilmiş, lakin tərəflərindən təqdim olunmuş, yaşayış evinin foto şəkilləri, evin giriş qapısının açılması halları (görünüş), cavabdehlə aparılmış danışıqların qeydiyyta alındığı səs yazıları (fayl), cavabdehin etiraf ərizəsi (məhkəmədə izahatı təhrif olunmuşdur), notariat ofisi tərəfindən verilmiş elektron sənədlər (çıxarışlar) sübut kimi qətnamədə göstərilməmişdir. Bundan başqa tərəflərindən dəvət olunmuş şahidlər, Vəliyeva Rəna, Vəliyeva Rühanə, Əhmədov Oktay evin alqı-satqısı, razılaşma qiyməti, evin təhvil verilməsi, əşyaların evdə qalmasını, evin cavabdeh tərəfindən zəbt olunması hallarını təsdiqləsələr də məhkəmə onların ifadələrinə düzgün qiymət verməmişdir. Halbuki, sübutlar, yazılı və maddi sübutlarla, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə təsdiq olunur. Buna görə də işə baxan hakimin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəf irəli sürdüyü tələb üzrə mötəbər sübutlar təqdim etməmişdir. Təqdim etdikləri sübutlar isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə yalnız iş üzrə cavabdehin izahatına əsalanmış, onun etmiş olduğu əməllərdə qanun pozuntusunun olması hallarını (cinayət tərkibi), əlamətlərini yoxlamaq üçün MPMnin 265.4-cü maddəsinin tələbinə əsasən xüsusi qərardad çıxarmalı olduğu halda, bunu etməmiş, yeganə yaşayış evlərinin əllərindən alınması qənaətinə gəlməklə cavabdehə evin digər şəxslərə qeyri-qanuni şəkildə satılmasına təkrar, münbit şərait yaratmışdır. Məhkəmə prosessual normalarının tələblərini pozmuşdur. İddia tələbləri üzrə məhkəmənin qərəzli mövqe tutması bir daha onunla sübut olunur ki, irəli sürülmüş tələbin dəqiqləşdirilməsi üzrə verilmiş ərizənin ümumiyyətlə nəzərə alınmamasıdır. Elektron məhkəmə sistemində yerləşdirilmiş tələbin “Bakı şəhəri, sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, R.Rza küçəsində yerləşən 4 saylı, 3 otaqlı yaşayış sahəsinə (mənzilə) köçürülmə, yaşayış sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrin qanunsuz hesab edilməklə, həmin maneələrin aradan qaldırılması, mənzilə giriş qapısı açarlarının (surətlərinin) təqdim edilməsinin Cavabdeh həvalə edilməsi” olduğu halda, məhkəmə tərəfindən tələbin bir hissəsinə ümumiyyətlə qiymət verilməmişdir ki, bu fakt məhkəmə tərəfindən işin hallarının tam araşdırılmaması (həqiqi və faktiki) qənaətinə gəlməyə əsas verir və bu hal məhkəmə tərəfindən prosessual pozuntu hesab edilir. Məhkəməyə təqdim edilmiş sənədlərlə yanaşı, cavabdeh tərəfindən mənzil zəbt olunduğu zaman orada qalmış və hazırda cavabdehdə olan, mənzilin təhvil-təsliminə dair vasitəçilərin iştirakı ilə tərtib olunmuş akt, razılaşma əsasında ödənilmiş pul məbləğinin qeydinə dair yaşıl dəftər (cavabdeh məhkəmə iclasında özü bu faktı təsdiq etmişdir), cavabdehdən tələb olunan sənədlər məhkəməyə təqdim edilmədiyindən, bu səbəbdən, sonda işin həqiqi halları məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh tərəf məhkəmədə evi və torpaq sahəsini beş il qabaq 20.000 manata mərhum X2, elə həmin vaxt da evi iddiaçılara təhvil verməsini, eləcə də hazırda mübahisəli evdə yaşamasını etiraf etməsinə düzgün qiymət verməyərək, iddia tələbini təmin etməmişdir. Hesab edir ki, ev özbaşına tikili olsa da, iddiaçılar evə qanuni əsaslarla sahiblik etmişlər və onların həmin evə dair hər hansı özbaşınalıqdan müdafiə edilmək hüquqları mövcuddur. Həmçinin evin satılması ilə bağlı cavabdehlə 2018-ci ildə 20000 manata razılığa gəlmişlər, bu işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur, lakin birinci instansiya məhkəməsi iddiaçı tərəfə həmin vəsaitin geri tələb edilməsi hüququnu izah etmişdir, lakin məhkəmə nəzərə almamışdır ki, hazırkı vəziyyətdə evin dəyəri iki dəfədən çox artmış, cavabdeh də, əslində bu qiymət fərqindən əsassız olaraq bəhrələnmək istəyir, iddiaçılar uzun müddət həmin evdən maneəsiz istifadə etmişlər və həmin ev onların mülkiyyəti hesab edilir, cavabdeh iddiaçılar evdə olmadığı vaxt özbaşına evin açarlarını dəyişərək evə daxil olmuş, evin açarları cavabdehdədir, hazırda cavabdeh iddiaçıları evə buraxmır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və bildirdi ki, həqiqətən də iddiaçılarla evin 20.000 manata satılmasına dair razılığa gəlmiş, razılaşdırılmış 20.000 manatın 17.000 manatı ona ödənilmiş, qalan məbləği isə bir müddət sonra ödəməyə söz verən iddiaçılar həmin 3000 manatı ona ödəməmişlər, ona cəmi 17.000 manat ödəmişlər, həmin vəsaitdən 2000 manatı da vasitəçiyə vermiş, hazırda iddiaçıların ona verdiyi puldan ona qalan 15000 manatı iddiaçılara qaytarmağa razıdır, evə dair verdiyi etibarnaməni də ləğv etdirmişdir, evin açarlarını dəyişərək evə daxil olmuş, iddiaçıların həmin evə daxil olmasını istəmir, hazırda evin ona qalmasını istəyir, həmçinin evi iddiaçılara satdığı zaman ev təmirli vəziyyətdə olmuşdur, hazırda isə iddiaçılar evi yararsız vəziyyətə salmışlar, evin açarları özündədir, cavabdeh eyni zamanda da qeyd etdi ki, həqiqətən də həmin evin hazırkı dəyəri 30-35.000 manat olar. Sübutların tədqiqi:

7. Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə X25 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikinti üçün ayrılmış asudə həyətyanı torpaq fondundan X9 0,01 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır.

8. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, mülkiyyətçi Cavabdeh tərəfindən etibar edilən X8 verilmiş xx.xx.2023-cü ildə 50 il müddətinə verilmiş etibarnaməyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən və faktiki istifadəsində olan 100 kv.m torpaq sahəsi və onun üzərindəki tikili ilə bağlı satmaq, bağışlamaq, özgəninkiləşdirmək, təyinatını dəyişmək və sair kimi hərəkətləri etməyi etibar etmişdir. Etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.

9. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, mülkiyyətçi Cavabdeh etibar edən X13 tərəfindən etibar edilən X5 verilmiş xx.xx.2019-cu ildə xx.xx.2068-ci ilə kimi müddəti olan etibarnaməyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən və faktiki istifadəsində olan 100 kv.m torpaq sahəsi və onun üzərindəki tikili ilə bağlı satmaq, bağışlamaq, özgəninkiləşdirmək, təyinatını dəyişmək və sair kimi hərəkətləri etməyi etibar etmişdir. Etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.

10. X6 notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cü il tarixli ərizəsindən görünür ki, əcnəbi vətəndaş Gadjıeva Aygyulü Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə müvəqqəti qeydiyyata alınmasına etiraz etmir.

11. 22.01.2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir.

12. xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

13. xx.xx.2022-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X14 arasında 3669 saylı akt qeydi tərtib olunmaqla rəsmi nikah bağlanmışdır.

14. Abonentin saldosunun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında quraşdırılmış qaz sayğacı üzrə Cavabdeh abonentdir.

15. Abunə haqqı vərəqəsinin surətindən görünür ki, ünvan 3 ünvanındakı elektrik enerjisi sayğacı üzrə Cavabdeh abunəçidir.

16. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı tərəfin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Aygyul İbrahimova onun baldızının qızıdır. 2018-ci ilin aprel ayında Özbəkistandan köçüb onlara gəlmişlər. Evi almaq üçün vasitəçi X26 Zeynalovanı tapmış, evin alınması üçün cavabdehlə 20.000 manata razılaşmışlar. Evin pulunun 17.000 manatını onların evinin həyətində cavabdehə vermişlər, 3000 manat qalmış, onunla bağlı 3 aya razılaşmaq istəyəndə, cavabdeh sentyabr ayının 20-nə kimi vaxt vermişdir. Mərhum qayınanası cavabdehin pulunu verdiyini söyləmiş, cavabdeh də yaşıl dəftərə yazaraq ona borc qalmadığını bildirmişdir. Həmin yaşıl dəftər cavabdehin evində olmuşdur. O, 3000 manat veriləndə orada olmamışdır. Qayınanası Gəncədən gətirib 3000 manatı cavabdehə verdiyini ona demişdir.

17. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı tərəfin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, vasitəçi (makler) fəaliyyəti ilə məşğuldur. Aygyul İbrahimovanı tanıyır, onun anası və nənəsi qonşuları olmuşdur. Cavabdeh ev almışlar, 17.000 manatı vermiş, 3000 manat qalmışdır. Aralarındakı razılığa əsasən qalan pulu 3 aya verməli idilər, cavabdeh özü sentyabr ayına kimi qaytarmağa razılıq vermişdir. Sentyabr ayında qarşı tərəf qalan pulu verə bilməmişdir. Daha sonra qalan 3000 manat pul verilmişdir. Beləliklə, iddiaçı tərəf 17.000 manat və qalan 3000 manat pulu cavabdehə vermişdir.

18. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı tərəfin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, Aygyul İbrahimovanın baldızıdır. Evi almaq üçün cavabdehlə 20.000 manata razılaşmışlar. Həmin puldan 17.000 manat verilmiş, daha sonra mərhum Manya xanım Gəncədən 3000 manat gətirib vermişdir. 3000 manatın verilməsi ilə bağlı Cavabdeh evində imzalanmış kağız olmuşdur. O, kommunal xidmətlərin Aygyul İbrahimovanın adına keçirilməsi üçün Cavabdeh zəng etmiş, Cavabdeh bunun üçün 1000 manat pul vermələrini tələb etmiş, daha sonra 900 manat verilməsinə razılaşmışdır. Sonra onlarda hüzür düşmüş, yenidən bu barədə Cavabdeh zəng edəndə, o, 3000 manat vermələrini tələb etmişdir.

19. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh tərəfin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Cavabdeh uzun illərdir tanıyır, uzun müddətdir ki, qonşudular. O, 2018-ci ildə “Lux House” Daşınmaz Əmlak Agentliyində işləmiş, Cavabdeh evini satmaq üçün ona müraciət etmişdir. Ev satılanda iki vasitəçi olmuşdur, birinin adı Oqtay olmuş, iki nəfər yaşlı qadın da orada olmuşdur. Onlar qayda-qanunla daxili müqavilə imzalamışlar, çünki qarşı tərəf notariusa pul vermək istəməmişdir. Onun tərtib etdiyi müqavilə üç nüsxədə olmuş, biri qarşı tərəfə, o biri Könül xanıma, digəri isə vasitəçi Oqtaya verilmişdir. 17.000 manat cavabdehə verilmiş, qalan 3000 manat ödənilməmişdir. Daha sonra sentyabr ayında Könül xanım qarşı tərəfin evin qalıq 3000 manatını vermədiklərini demiş, o da həmin pulu vasitəçi Oqtaydan tələb etməsini söyləmişdir. Könül xanıma verilən 17.000 manatın 2000 manatı vasitəçiyə çatmışdır. Tətbiq edilən maddi hüquq Azərbaycan Respublikası Konstitusiyasının:

20. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 25.İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

23. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Maddə 162.Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir.

25. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

26. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

27. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

28. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

29. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

30. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

31. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

32. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

33. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

34. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

35. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

36. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

37. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

38. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

39. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:

40. 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverməzdir.

42. Konstitusiya Məhkəməsinin Plenumu “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli qərarında həmçinin qeyd etməyi vacib hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı).

43. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında, o cümlədən də «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: «... 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

48. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

49. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

50. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

51. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

52. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

54. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

55. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

56. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

57. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

59. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

60. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətli təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

61. İddia tələbini təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev (özbaşına tikili) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun alqısatqısı qanunun tələblərinə uyğun olmamışdır. Bununla belə, həmin ev faktiki olaraq mövcuddur və Cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə X25 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000 ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, həmin evin yerləşdiyi torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikinti üçün ayrılmış asudə həyətyanı torpaq fondundan X9 fərdi ev tikintisi üçün ayrılmışdır. Həmin evin kommunal xidmətləri barədə müvafiq müqavilələr də X16 ilə bağlanmışdır. İddiaçılar Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, R.Rza küçəsində yerləşən 4 saylı, 3 otaqlı yaşayış sahəsindən istifadəyə yaranan maneələrin qanunsuz hesab edilməklə, həmin maneələrin aradan qaldırılmasını xahiş etsələr də, onların həmin əmlaka dair hər hansı hüquqları müəyyən edilmir (onlar yalnız həmin əmlak qarşılığında cavabdehə verilmiş pulun geri qaytarılmasını tələb edə bilərlər). Bu baxımdan, məhkəmə mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsi aspektindən yanaşır. Belə ki, həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə hesab edir ki, Cavabdeh sözügedən evə sahiblik edən şəxs olduğundan, həmin evə heç bir aidiyyəti olmayan iddiaçıların ona qarşı qaldırdıqları hazırkı iddia təmin edilə bilməz.

62. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır ve qeyd edir ki, araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarına əsasən Ramana südçülük sovxozunda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikinti üçün ayrılmış asudə həyətyanı torpaq fondundan cavabdeh X9 0,01 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. X16 həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi (özbaşına tikili) inşa etmiş, daha sonra o, həmin torpaq sahəsinin və üzərində olan yaşayış evinin satmaq qərarına gəlmiş, bu barədə elan vermiş və alqı-satqı ilə məşğul olan şəxslərin vasitəsi ilə iddiaçılara həmin evini 20.000 manat qarşılığında satmış, buna dair xx.xx.2018-ci il tarixində (ev sənədləri qaydasında olmadığından) iddiaçının mərhum nənəsi X8 50 illik, həm də həmin evə dair bütün hüquqi hərəkətlərin həyata keçirilməsinin nəzərdə tutan baş etibarnamə vermiş, elə həmin vaxt da evi iddiaçı tərəfə təhvil vermiş, iddiaçı tərəf isə evi təhvil alaraq həmin evdə yaşamağa başlamışlar. İddiaçılar evdə olmadıqları vaxt cavabdeh evin qapısının kilidini sındıraraq, oraya gəlmiş, eyni zamanda yuxarıda qeyd olunan etibarnaməyə xitam vermişdir.

63. İddiaçılar hazırkı iddialarında əmlaklarının qanunsuz sahibdən geri alınması, əmlaka qanunsuz müdaxiləyə son qoyulmasını tələb edirlər. Belə olan halda müəyyən olunur ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-in birlikdə götürülmüş 152.1,157.1, 157.2, 164.1, 164.2-ci maddələri təşkil edir.

64. Cavabdeh iddiaçıya etiraz etmişdir. Bununla belə, cavabdeh evini satmaq istədiyini, bu barədə ev alqı-satqısı ilə məşğul olan vasitəçilərə dediyini, onların vasitəsi ilə iddiaçı tərərəflə evin 20.000 manata satılmasına dair razılığa gəldiyini, evin razılaşdırılmış 20.000 manatının 17.000 mantının dərhal, qalan 3000 manatının isə sonradan ödəniləcəyi barədə razılaşdıqlarını, 17.000 manatı aldığını, həmin puldan 2000 manat vasitəçilərə ödədiyini, elə həmin vaxt evi alıcıya təhvil verdiyini, iddiaçıların evə köçərək orada yaşadıqlarını, lakin uzun müddət keçməsinə baxmayaraq iddiaçılar tərəfindən qalan 3000 manatın ona ödənilmədiyini, buna görə də iddiaçılar evdə olmadıqları vaxt özü evin qıfılını dəyişərək evə girdiyini, hazırda evin özünə qalmasını istədiyini, iddiaçılardan aldığı 17.000 mənatın özünə qalan 15.000 manat hissəsini isə onlara qaytarmağa hazır olduğunu bildirmişdir.

65. Göründüyü kimi, cavabdeh (evin keçmiş sahibi) iddiaçı tərəflə (evin hazırkı sahibi) mübahisəli evin satılması ilə bağlı razılığa gəlmişlər. Buna müvafiq olaraq da cavabdeh X8 xx.xx.2018-ci il tarixində 50 il müddətinə həmin evə dair bütün səlahiyyətləri nəzərdə tutan etibarnamə verilmişdir.

66. Beləliklə də, hazırkı iş üzrə cavabdehin iddiaçı tərəfə mübahisəli evi satması, həmin evə dair baş etibarnamə verilməsi, iddiaçıların həmin evə köçərək orada yaşamaları, cavabdehin həmin evə iddiaçıların evdə olmadıqları vaxt özbaşına daxil olması və hazırda evə sahibliyin cavabdehdə olması işin mübahisəsiz hallarıdır. Tərəflər işin qeyd olunan hallarını mübahisələndirmirlər.

67. Demək ki, iddiaçı tərəf mübahisəli evi cavabdehlə əldə olunmuş qarşılıqlı razılaşma əsasında əldə etmiş və elə həmin vaxtdan da həmin evə qanuni əsaslarla sahiblik etmişlər. Lakin birinci instansiya məhkəməsi əsassız olaraq evə sahiblik edənin cavabdeh olması qənaətinə gəlmişdir. Halbuki cavabdeh özü təsdiq edir ki, evin satılmasına dair razılığa gəlmiş, verilən vəsaiti qəbul edərək, bununla bağlı torpaq sahəsinə dair etibarnamə vermiş, evi iddiaçı tərəfə təhvil vermiş, keçən müddət ərzində iddiaçılar həmin evdə yaşamışlar, həmçinin müəyyən edilmişdir ki, sonradan cavabdeh evə özbaşına daxil olmaqla iddiaçıların mübahisəli evə dair əmlak hüquqlarını pozmuş, eləcə də onları sahiblik hüququndan məhrum etmişdir.

68. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev (özbaşına tikili) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və onun alqı-satqısının qanunun tələblərinə uyğun olmaması əsası ilə iddia tələblərinin təmin edilməsindən imtina edən rayon məhkəməsinin mövqeyi düzgün olmamışdır.

69. Çünki mülki iş materiallarında olan Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə X25 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000 ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, həmin evin yerləşdiyi torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikinti üçün ayrılmış asudə həyətyanı torpaq fondundan X9 fərdi ev tikintisi üçün ayrılmışdır.

70. Demək ki, iddiaçılara satılan ev özbaşına tikili olsa da, həmin ev səlahiyyətli dövlət orqanının məhz bu məqsədlə ayırdığı torpaq sahəsində tikilmişdir ki, bu da öz növbəsində -«mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, iddiaçıların ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilməsinə dair Avropa Məhkəməsinin çoxsaylı işlərdə təkrarlanan hüquqi mövqeyinin təsiri altına düşür. (istinad: Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarı).

71. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar "yaşayış sahəsindən istifadəyə yaradılmış maneələrin qanunsuz hesab edilməklə aradan qaldırılması, giriş qapısı açarlarının təqdim edilməsinin cavabdehə həvalə edilməsi" barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, onların bu tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdehin etirazından da göründüyü kimi, o iddiaçə tərəflə evə dair müqavilənin həqiqi və etibarlığı kimi məsələləri mübahisə etmir, o yalnız iddiaçıların evin əldə edilməsinə dair əldə etdikləri razılaşmada evin müəyyən edilmiş satış qyiymətinin bir hissəsinin-3000 manatın ödəmədiklərinə istinad edir. Bu isə cavabdehə öhdəliyin icrasını tələb etmək hüququ verir. Düzdür, rayon məhkəməsi bununla bağlı da müvafiq sübutları tədqiq etmişşahidləri dindirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin bu yanaşması prosessual qənaət prisipi baxımından düzgün olmamışdır. Belə ki, həmin halın, yəni satılan mənzilin 20.000 manat qiymətindən qalan 3000 manatın iddiaçılar tərəfindən cavabdehə ödənilib-ödənilməməsinin müəyyən edilməsinin hazırkı iddianın təmin edilibedilməməsinə hər hansı təsiri ola bilməz. Məhz bu baxımdan Məhkəmə kollegiyası həmin halla bağlı rayon məhkəməsi tərəfindən aparılmış araşdırmalara münasibət bildirilməsini zərurət görmür.

72. Məhkəmə kollegiyası eyni zamanda cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi halla, yəni iddiaçı tərəflə evin satılması ilə bağlı ümumilikdə 20000 manata razılığa gəlindiyinə, həmin məbləğdən ona 17000 manat verilməsi, lakin 3000 manatın hazıradak ödənilməməsi ilə bağlı qeyd edir ki, o, (cavabdeh) buna dair, iddiaçı tərfindən müqavilə üzrə öhdəliyin icra edilməyən hissəsinin icrasının tələb edilməsinə dair məhkəmədə ümumi qaydada iddia qaldırmaq hüququna malikdir və onun belə bir hüquqa malik olması, heç bir halda öz iradəsinə uyğun özgəninkiləşdirdiyi əmlakı özbaşına ələ keçirməsinə əsas vermir. (MM, maddə 164.1)

73. Konstitusiya Məhkəməsi bir sıra qərarlarında vurğulamışdır ki, xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı).

74. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”.

75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

76. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, R.Rza küçəsində yerləşən 4 saylı, 3 otaqlı yaşayış sahəsindən istifadəyə yaranan maneələrin qanunsuz hesab edilməklə, həmin maneələr aradan qaldırılmalı, giriş qapısının açarlarının təqdim edilməsi Cavabdeh həvalə edilməlidir.

77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

78. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsümu (100+50=150) 150 manat iddiaçıların xeyrinə cavabdehdən tutularaq ödənilməlidir.

79. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1122/2024 nöməli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul olunsun, iddia tələbləri təmin edilsin. Cavabdeh tərəfindən iddiaçılar X7 və İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, R.Rza küçəsində yerləşən və onlara məxsus 4 saylı, 3 otaqlı yaşayış sahəsindən istifadəyə yaranan maneələrin qanunsuz hesab edilməklə, həmin maneələr aradan qaldırılsın, giriş qapısının açarlarının iddiaçılara verilməsi Cavabdeh həvalə edilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsümu (100+50=150) 150 (yüz əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçılara ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar