Məhkəmə qərarları › İş №2(103)-4797/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4797/2025

08.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4797/2025 08.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ("xxxx" MTK mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: mənzildən çıxarılma X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" MTK mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2538/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Nəsimi rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh (bundan sonra cavabdeh) və başqalarına qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “yeni yaşayış sahəsi verilməklə mənzillərin sökülməsi” tələbinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1385/2019 nömrəli qətnaməsi ilə təmin edilmiş, Cavabdeh münasibətdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 172 saylı Sərəncamına əsasən sökülməsinə və yerində yeni binanın inşasına icazə verilməsi, qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Azadıq prospekti, 80 saylı binanın sökülməsinə cavabdehlər, o cümlədən həmin binanın 15 saylı mənzilinin sahibi olan cavabdeh və onunla birgə yaşayan ailə üzvləri tərəfindən törədilən maneəçiliyin aradan qaldırılması, qeyd olunan Bakı şəhəri Azadlıq prospekti 80 ünvanında yerləşən mənzil 15-də yaşayan cavabdehin ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88,7 kv.m. olan mənzildən ümumi sahəsi 156 kv.m. olan Səməd Vurğun küçəsi, 77 saylı evin, 85 saylı mənzilinə "xxxx" MMC-nin vəsaiti hesabına köçürülməsi və cavabdehlərin Azadlıq prospekti 80 ünvanında tikilən yeni binada yaşayış mənzilləri ilə təmin edilənədək, onların kirayə haqqının "xxxx" MMC tərəfindən ödənilməsi qət edilmişdir. Həmin qətnamədən tərəflərin apellyasiya və kassasiya şikayətləri iki dəfə apellyasiya və kassasiya instansiya məhkəmələrində baxılmış və nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-894/21 nömrəli qətnaməsi ilə cavabdehin və digər şəxslərin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1385/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi “Azadlıq prospekti 80 ünvanında tikilən yeni yaşayış binasında cavabdehlərə təmin ediləcək yaşayış mənzillərinin sahələri ilə bağlı” hissədə dəyişdirilmiş, cavabdehə ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 61 nömrəli mənzilin təhvil veriləcəyi müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilməmiş saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məkəməsi 2(102)-4004/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə bu nəticə ilə razılaşmışdır.

2. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 108 saylı evin, 97 saylı mənzili İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətindədir. Cavabdeh hazırda həmin mənzildə yaşayır. "xxxx" MTK-nın Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli, 23-11/01 saylı bildirişdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 80 ünvanında yerləşən yeni yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbəsində sahəsi 191,8 kv.m olan 4 otaqlı, 61 nömrəli mənzilin yaşayış üçün yararlı və təhvilə hazır olduğu qeyd edilmiş və mənzilin təhvil alınması üçün şirkətə yaxınlaşması ondan xahiş edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 108 saylı evin, 97 saylı mənzilindən çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, o, cavabdehin heç bir mülkiyyət və qeydiyyat hüququ olmadan və pasport qeydiyyatına alınmadan həmin mənzildə müvəqqəti olaraq kirayədə yaşamasına razılıq vermişdir. Son zamanlar mənzilində təmir işləri aparmaq və özünün həmin mənzildə yaşamaq istədiyini onun nəzərinə çatdıraraq mənzilin boşaldılmasını xahiş etmişdir. Lakin, uzun müddət keçməsinə və dəfələrlə mənzilin boşaldılmasına dair tələblərinə baxmayaraq, cavabdeh mənzildən səbəbsiz olaraq çıxmır və bununla da onun mülkiyyət hüquqlarını sərbəst həyata keçirməyinə mane olur. Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzilindən çıxmaması tamamilə qanunsuzdur və mənzildən məcburi qaydada çıxarılmalıdır. O, cavabdehin onun xüsusi mülkiyyətində olan mənzilindən çıxarılması üçün Bakı şəhəri Nəsimi rayon polis idarəsinə müraciət etmişdir. Lakin, polis idarəsindən ona bildirilmişdir ki, mənzildən məcburi qaydada çıxarılma barədə qərar qəbul edilməsi məhkəmə orqanlarının səlahiyyətindədir.

5. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, o, iddiaçı ilə müqavilə bağlamamışdır, iddiaçını da tanımır, bu müddət ərzində onun üzünü belə görməmişdir. İddiaçı hazırki iddianı tikinti şirkətinə qarşı qaldırmalı idi. Ona görə də hazırki iddia rədd edilməlidir.

6. Bundan sonra "xxxx" MTK mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2538/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 108 nömrəli evin 97 nömrəli mənzilindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim X5).

8. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, mübahisə predmetini təşkil edən mənzil iddiaçının mülkiyyətindədir və onun həmin evdən tam istifadə etmək hüququ vardır. Lakin cavabdehin həmin evdə yaşaması onun hüquqlarını məhdudlaşdırır, istifadəsinə maneçilik törədir. Cavabdeh iddiaçıya məxsus mənzildə kirayə yaşamasına əsas, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Cavabdeh mənzillə təmin etmək öhdəliyi daşıyan “Fədək MTK” tərəfindən həmin qərarda nəzərdə tutulan mənzilin gələcəkdə ona təhvil verilməsi olmuşdur. Sonuncu tərəfindən mənzil cavabdehə təqdim edilmiş (məhkəmə iclasında cavabdeh mənzilin açarlarının ona verildiyini, istənilən vaxt mənzilə daxil olmasına hər hansı maneənin olmadığını bildirmişdir), lakin cavabdeh sökülən binadakı evində olan əşyaların ona qaytarılmaması, mənzilin mebel və istilik sistemi ilə təchiz olunmamasını bildirərək, əsassız olaraq mübahisəli mənzildə yaşamaqda davam etmişdir. Göründüyü kimi, cavabdehin iddiaçının mənzilində sahibliyi üçün yaranmış əsas aradan qalxmışdır. Ona görə də iddiaçı hazırkı tələbi qaldırmaqda haqlı olmuşdur. Qərarda "xxxx" MTK tərəfindən cavabdehin mənzillə təmin edilənədək kirayə haqqını ödəməsi nəzərdə tutulmuş, mənzil cavabdehə təqdim edildiyindən MTK haqlı olaraq kirayə haqqını ödəməyi dayandırmışdır. MTK ilə Soltanova Elmina arasında təhvil verilmiş mənzildəki çatışmazlıqlarla bağlı mübahisə sonuncunun iddiaçının evində haqq ödənilmədən yaşaması üçün əsas deyildir. Göründüyü kimi, Cavabdeh mənzildə yaşamağa davam etməklə iddiaçının mülkiyyətində olan əmlak üzərində hüququnun həyata keçirilməsi imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Odur ki, məhkəmə, Soltanova Elminanın MTK-ya qarşı olan tələbləri üzrə ayrıca məhkəmə icraatında iddia qaldırmaq hüququnun olmasını ona izah etməklə, hazırkı halda iddiaçya məxsus mənzildən çıxarılmasını məqsədəmüvafiq hesab etmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157ci, 675-ci, “İcarə Haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci, 119-cu, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosesində iddiaçının nümayəndəsi kimi iştirak edən Nümayəndə iddiaçını təmsil etmək hüququ olmamışdır. Məhkəyə təqdim edilmiş etibarnamədə İddiaçı onu məhkəmədə nümayəndə qismində təmsil etmək səlahiyyəti açıq şəkildə nəzərdə tutulmamışdır. Bu hala o, məhkəmə iclasında xüsusi olaraq etiraz etsə də, məhkəmə bu prosessual pozuntunu nəzərə almamış, qanunsuz şəkildə nümayəndə statusunu tanımış və işə davam etmişdir. Bu hal Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin nümayəndəlik institutuna dair müddəalarının və ədalətli məhkəmə araşdırması prinsiplərinin pozulması deməkdir. Məhkəmə tərəfindən qətnamə qəbul olunarkən onun şəxsi və ailə vəziyyəti, sosial və maddi durumu, habelə uzunmüddət həmin ünvanda yaşamış olması və mənzildən çıxarılacağı təqdirdə ağır vəziyyətə düşəcəyi nəzərə alınmamışdır. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MTK tərəfindən ona təklif olunan Azadlıq prospekti 80 ünvanında yerləşən, 2-ci giriş, 4-cü mərtəbədə yerləşən 4 otaqlı 61 saylı mənzil faktiki olaraq yaşayış üçün yararsız vəziyyətdə olmuşdur. Belə ki, həmin mənzildə istilik sistemi quraşdırılmamış, lazımi təmir işləri aparılmamış, həmçinin mənzilin içərisində yaşayış üçün zəruri olan mebel və digər şərait təmin edilməmişdir. Həmçinin onun əvvəlki – sökülmüş binadakı mənzildə olan şəxsi əşyaları da bu günə qədər ona qaytarılmamış,"xxxx" MTK həmin əşyaların verilməsi və ya onların dəyərinin ödənilməsi məsələsini tamamilə cavabsız buraxmışdır. O, dəfələrlə bu problemləri iddiaçıya və aidiyyəti orqanlara bildirsə də, heç bir nəticə əldə olunmamış və məcburiyyət qarşısında qalaraq əvvəlki ünvanda yaşamaya davam etmişdir. Məhkəmə bu halları nəzərə almadan, "xxxx" MTK tərəfindən mənzilin təhvil verildiyi faktını əsas götürmüş, lakin həmin mənzilin faktiki yaşamaq üçün yararsız vəziyyətdə olub-olmamasını, bu istiqamətdə öhdəliklərin yerinə yetirilibyetirilmədiyini araşdırmamışdır. Halbuki bu, mübahisənin mahiyyəti baxımından olduqca mühüm əhəmiyyətə malik idi və məhkəmə bu məqsədlə iş üzrə yerli baxış keçirməli, mənzilin faktiki vəziyyətini araşdırmalı idi. Lakin yerli baxış aparılmamış, sübutlar toplanmamış, izahatlara qiymət verməmişdir. Bu isə məhkəmənin işə birtərəfli yanaşdığını və onun hüquqlarını kobud şəkildə pozduğunu göstərir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamı ilə sökülən binada yaşayan sakinlərin yeni mənzillə təmin olunması və bu məqsədlə müəyyən müddət ərzində kirayə haqqının ödənilməsi ilə bağlı mexanizm nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının mənzildə sərbəst istifadə etmək hüququ olduğu halda belə, cavabdeh tərəfin alternativ yaşayış yeri təmin olunmadan, xüsusən də bu təminat öhdəliyinin üçüncü şəxs "xxxx"MTK tərəfindən yerinə yetirilmədiyi şəraitdə, onun mənzildən çıxarılması ciddi sosial nəticələrə səbəb olacaq və bu, məhkəmənin ədalətli qərar vermək vəzifəsi ilə ziddiyyət təşkil edir. Məhkəmə həmin təminatların faktiki yerinə yetirilib-yetirilmədiyini tam şəkildə araşdırmadan, onun yaşayış yerindən çıxarılması barədə qərar verərək, əslində “mülkiyyət hüququ”nun digər tərəfdə tətbiqinə birtərəfli yanaşmış, onun əmlakdan (yaşayış sahəsindən) istifadə hüququnu pozmuşdur. Bununla yanaşı, “qanunsuz sahibliyə” qarşı mülkiyyətçinin müdafiə hüququ olsa da, həmin müdafiə başqa şəxsin daha üstün və real hüquq və mənafelərini pozmamaq şərti ilə həyata keçirilməlidir. Onun bu mənzildə qalmağı necə ki mülkiyyətçini fiziki olaraq əmlakından tam istifadə etmək imkanından müəyyən dərəcədə məhrum edirsə, eyni zamanda onu da hüquqi təminatdan və yaşayış sahəsindən tamamilə məhrum etmək təhlükəsi yaradır. Bu isə hüquqların balansı prinsipinə, konstitusion təminatlara və hüquqi ədalət anlayışına ziddir. AR MM-nin 675-ci maddəsi yalnız tərəflər arasında bağlanmış kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq icra edilərsə, hüquqi nəticə doğura bilər. Bu halda isə kirayə haqqı kirayəçi tərəfindən yox, kirayəyə verənlə ayrı müqavilə bağlamış üçüncü şəxs – "xxxx" MMC tərəfindən ödənilməli idi. Bu öhdəlik tam yerinə yetirilmədiyi halda məsuliyyət məhz bu subyektin üzərinə düşür, kirayə müqaviləsi üzrə borclu hesab edilən şəxs o, deyildir. Məhkəmənin isə bu münasibətləri gözardı edərək, kirayə müqaviləsinin pozulması nəticəsində yaranmış məsuliyyəti onun üzərinə yönəltməsi, nə ədalət prinsipinə, nə də 675-ci maddənin mahiyyətinə uyğundur. Əksinə, bu hal onun qanuni əsaslarla yaşadığı mənzildən çıxarılmağı ilə nəticələnmiş və müdafiəsiz sosial vəziyyətə salınmağa gətirib çıxarmışdır. Beləliklə, kirayə haqqının ödənilməməsi səbəbi ilə mənzildən çıxarılma tələbini əsaslandırmaq üçün 675-ci maddəyə istinad edən iddia tərəfi, bu maddənin tələb etdiyi kirayə münasibətlərinin tərəfləri arasında bilavasitə mövcud olmadığını və onun bu mənzildə yerləşdirilməyinin hüquqi əsasını nəzərə almadan bu tələbi irəli sürmüşdür. Məhkəmə isə həmin maddənin tətbiqini yalnız formal yanaşma ilə qiymətləndirmiş, məsuliyyətin həqiqi daşıyıcısı olan "xxxx" MMC-nin öhdəliklərinin pozulması faktını qiymətləndirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş mənzil "xxxx" MTK tərəfindən ona təhvil verilmiş və mənzilin açarları hazırda ondadır. Lakin onun mübahisəli mənzilə köçməsini təmin edən "xxxx" MTK onun qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bu səbəbdən həmin mənzildən çıxarıla bilməz. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmiş, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbacan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 685.2.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə ləğv edə bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası cavabdehi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan apellyasiya şikayətinin hər hansı formada təmin edilməsinə və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə hər hansı əsas yoxdur.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd edir ki, cavabdehə məxsus qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 80 ünvanında yerləşən 15 saylı mənzilin üçüncü şəxs "xxxx" MMC-nin ("xxxx" MTK-nın) hesabına sökülməsi, cavabdehin və onun ailə üzvlərinin üçüncü şəxsin vəsaiti hesabına köçürülməsi və yeni mənzillə təmin edilənədək cavabdehin kirayə haqqının ödənilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Həmin qərara uyğun olaraq “Fədək" MMC tərəfindən həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq cavabdeh kirayə əsaslarla iddiaçının mülkiyyətində olan mənzildə yaşamağa başlamış və bununla bağlı aylıq kirayə haqqı və digər zəruri xərclər məhz cəmiyyət tərəfindən qarşılanmışdır. Artıq qeyd edilən bina inşa edilmiş və cavabdeh üçün nəzərdə tutulmuş mənzil ona təhvil verilmiş, mənzil hazırda cavabdehin istifadə və sahibliyindədir.

22. Hazırda iddiaçı cavabdehə müvəqqəti olaraq, kirayə əsaslarla onun mənzilində yaşamağa icazə verdiyini, hazırda onun bu mənzildə yaşamaq üçün heç bir hüquqi əsasının olmadığını, buna baxmayaraq mənzildə yaşamağa davam etdiyini və nəticədə onun mülkiyyətindən sərbəst istifadə etməsinə maneə törətdiyini bildirir və onun mülkiyyətində olan mənzildən çıxarılmasını tələb edir. Cavabdeh isə iddiaçını tanımadığını, onun qəzalı vəziyyətdə olan mənzilinin sökülməsi nəticəsində “Fədək" MTK ilə bağlanmış kirayə müqaviləsi əsasında həmin mənzilə yerləşdirildiyini, lakin mənzilin kirayə haqqının ödənişinin dayandırılmasına baxmayaraq ona verilmiş mənzilin yaşayış üçün yararsız olduğundan mübahisəli mənzili boşaltmadığını bildirir və hazırki iddianın ona qarşı deyil, məhz üçüncü şəxsə qarşı qaldırılmalı olması mövqeyindən çıxış edir.

23. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, məhz yuxarıda göstərilən məhkəmə aktının icrasını həyata keçirən "xxxx" MMC-nin ("xxxx" MTK-nın) tərəf olduğu yaşayış sahəsinin kirayəsi müqaviləsindən irəli gələn münasibətlər çərçivəsində cavabdeh hazırda iddiaçının mülkiyyətində olan mənzildə yaşamağa başlamış və bununla əlaqədar kirayə haqqı da "xxxx" MMC ("xxxx" MTK) tərəfindən ödənilmişdir. Bu baxımdan cavabdehin iddiaçını şəxsən tanıyıb-tanımaması və ya onunla təmasda olub-olmaması hər hansı hüquqi əhəmiyyət kəsb etmir. Həmin məhkəmə aktında göstərilən və cavabdeh üçün nəzərdə tutulmuş mənzil artıq "xxxx" MTK tərəfindən inşa edilərək, ona təhvil verilmiş və bundan sonra aylıq kirayə haqqının ödənilməsi dayandırılmışdır. Başqa sözlə, "xxxx" MTK cavabdeh qarşısında mövcud olan öhdəliklərinin icrasına əsaslanaraq, iddiaçı ilə aralarında yaranmış kirayə münasibətlərindən irəli gələn öhdəliklərinin icrasından imtina etmiş və bununla da həmin münasibətlərə xitam verilmişdir. Bunun nəticəsi olaraq cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə və ona sahiblik etməsinə zəmin yaratmış hüquqi əsas aradan qalxmışdır.

24. Hüquqi nəticə etibarı ilə iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan mübahisəli mənzilə öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə sərbəstdir. Cavabdehin isə bu mənzildən istifadə və ona sahiblik etmək üçün artıq hər hansı hüquqi əsası qalmamışdır. Cavabdehin iddiaçıya məxsus olan mənzildə artıq hüquqi əsas aradan qalxdıqdan sonra və bilavasitə iddiaçının iradəsinə zidd olaraq yaşaması, mənzilin onun istifadə və sahibliyində olması və bu halın qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə iddiaçının həmin mənzilə olan bütün hüquqlarının pozulmasına səbəb olur. O, mülkiyyətçi olmasına baxmayaraq, hazırda qeyd edilən mənzilə sahiblik və ondan istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir.

25. Bununla belə, cavabdehin hər hansı hüquqi əsas olmadan, bilavasitə iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşaması sonuncunun öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, habelə cavabdehin onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün sonuncunun həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və o, iddiaçının mülkiyyətində olan həmin mənzildən çıxarılmalıdır. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin əsassız olduğunu təsdiq edir və onun rədd edilməsini şərtləndirir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən vurğulayır ki, iddiaçı üçüncü şəxs "xxxx" MKT ilə cavabdeh arasında yaranmış mübahisənin tərəfi olmamış, həmin mübahisədən irəli gələn hər hansı vəzifənin icrası öhdəliyini daşımır. Həmin mübahisənin, o cümlədən cavabdehə "xxxx" MTK tərəfindən yaşayış üçün yararsız mənzilin təhvil verilməsinin ümumiyyətlə nə iddiaçıya, nə də ki, hazırki mübahisəyə hər hansı aidiyyəti var. Onun həmin ünvanda uzun müddət yaşaması mübahisəli mənzilə münasibətdə hər hansı hüququnun yaranması anlamına gəlmir və onun mənzildən çıxarılmasını istisna edən hal kimi qiymətləndirilə bilməz. Cavabdehin irəli sürdüyü dəlillər onun həmin mənzildə yaşamaq hüququnu deyil, "xxxx" MTK-ya qarşı ayrıca icraatda iddia irəli sürmək hüququnu yaratmış olur.

27. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2538/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar