Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4799/2024 13.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Rəfail Abbasovun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-2636/2024 nömrəli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan küçəsində yerləşən 914 nömrəli ev iddiaçıya aiddir. Cavabdeh həmin evi təbii qazla təchiz edir. İddiaçının abonent kodu **********0000-dır. 2.Həmin evdə quraşdırılmış qaz sayğacı xx.xx.2018-ci ildə yenisi ilə əvəzlənib. Cavabdeh bu barədə xx.xx.2018-ci il tarixli ******* nömrəli akt tərtib edilib (iş v. 10). Əvvəlki sayğac evdən çıxarıldıqdan sonra Qaz sayğaclarına nəzarət komissiyası tərəfindən yoxlamadan keçirilib və yoxlamanın nəticəsində xx.xx.2018-ci il tarixli akt tərtib olunub (iş v. 9). Akta görə, sayğacın yararsız olduğu müəyyən edilib, yararsızlığın səbəbi “sayğacın çıxış plastmas borusu deşilmişdir” kimi göstərilib. Bundan sonra cavabdehin əməkdaşları xx.xx.2018-ci il tarixli ******* nömrəli akt tərtib edib (iş v. 8). Aktda qeyd olunub ki, əvvəlki sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunub. Bu akta əsasən hesabat aparılıb, itirilmiş qazın həcmi 9720 kub.m, dəyəri isə 972 manat müəyyən edilib (iş v. 6). 3.Həmin 972 manat borcun silinməsi barədə məhkəmə qətnaməsi var. Belə ki, başqa mülki iş üzrə Xətai Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2019-cu il tarixli 2(011)-1312/2019 nömrəli qətnamə ilə qət olunub ki, iddiaçının **********0000 abonent koduna hesablanmış 972 manat borc və sayğacın dəyərinə görə tələb olunan 212,28 manat borc silinsin (iş v. 52) Birinci instansiya məhkəməsində icraat 4.Hazırkı iddia ərizəsi xx.xx.2024-cü ildə verilib. İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid ünvanda təbii qazdan istifadə ilə bağlı xx.xx.2018-ci il tarixli ******* nömrəli akta əsasən zərər kimi müəyyən olunmuş 1.528,90 manat borc silinsin və həmin borca görə tutulan vəsait hesablanaraq iddiaçıya qaytarılsın. 5.İddiaçı tələbini onunla əsaslandırıb ki, 2018-ci ildə evinə aid olan sayğac dəyişdirilib, bir müddətdən sonra müəyyən edib ki, abonent hesabına 1.528,90 manat borc yazılıb. Bunun səbəbini araşdırmaq üçün cavabdehin satış departamentinə müraciət edib. Ona bildiriblər ki, evinə aid əvvəlki sayğac dövlət yoxlamasından keçirilib, yoxlamanın nəticəsi olaraq sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunub. İddiaçı iddia ərizəsində daha sonra qeyd edib: “Göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşları mənə heç bir məlumat vermədən qaz sayğacını başqa sayğacla əvəz etmiş, sayğacda aşkarlanan qüsurlara görə mənim təqsirimi sübut etmədən 9720 kub.metr qaz itkisi hesablamış və mənim hesabıma 1.528,90 manat borc yazmışlar”. 6.Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, cavabdehin iddiaçıya (abonent kodu **********0000) əsassız hesabladığı 1.528,90 manat borc silinsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. 8.Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi Rəfail Abbasov apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Silinməsi tələb olunan 1528,90 manat qazdan istifadəyə görə borcdur. Borc sayğacın göstəricilərinə əsasən hesablanıb və abonentin saldosunda əksini tapıb (iş v.11). İddiada istinad olunan akta (sayğacın çıxış plastmas borusunun deşilməsi barədə akta) əsasən hesablanmış borcun silinməsi barədə Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-1312/2019 nömrəli qətnaməsi var. Bu qətnamə icra edildikdən sonra abonentin saldosunda 2021-ci ilin aprel ayının əvvəlinə iddiaçının borcu “mənfi” işarəsi ilə “-12,50 manat” kimi göstərilib, yəni iddiaçının borcu olmayıb (iş v. 11). Bundan sonra iddiaçı istifadə etdiyi qazın dəyərini hər ay tam həcmdə ödəmədiyinə görə onun 1.528,90 manat borcu yaranıb. İddiaçı isə 6 il əvvəl – 2018-ci ildə tərtib edilmiş akta istinad edərək bu borcu “sayğacın çıxış plastmas borusunun deşilməsinə görə hesablanmış borc” kimi təqdim edib. Göründüyü kimi, iddiaçı 1 akta istinad edərək 2 dəfə iddia verib. 10.Beləliklə, 1.528,90 manat sayğacın göstəricilərinə əsasən hesablanmış borc olduğuna görə onun silinməsi barədə tələb əsassızdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd olunmalıdır. 11.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-2636/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiası rədd olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4799/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4799/2024
13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver