Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4807/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(005)-551/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu M.Əlizadə küçəsində yerləşən 50 saylı evin 36 saylı mənzilindən cavabdehin pasport qeydiyyatından çıxarılması əsası ilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu M.Əlizadə küçəsində yerləşən 50 saylı evin 36 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun keçmiş arvadıdır. 22 avqust 2019-cu il tarixdə məhkəmə qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Nikah pozulandan sonra cavabdeh valideynlərinin yanında yaşayır, lakin iddiaçının mülkiyyətində olan mənzildə formal qeydiyyatda qalır. Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olması formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi kimi hüquqlarını pozur və həmin mənzillə bağlı sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Buna görə də onun mənzildən pasport qeydiyyatından çıxarılması üçün mənzildən istifadə hüququna xitam verilməsini xahiş edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(005)- 551/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu M.Əlizadə küçəsində yerləşən 50 saylı evin 36 saylı mənzili 01 iyul 2010-cu il tarixdə iddiaçının anası X2 tərəfindən "xxxx" MTK ilə müqavilə bağlanmaqla əldə edilmiş, 21 may 2012-ci il tarixdə Solmaz Qocayeva həmin mənzildə olan pay hüququndan oğlu İddiaçı xeyrinə əvəzsiz olaraq imtina etmiş və mənzilə dair pay hüquqlarının İddiaçı adına keçirilməsinə və sənədləşməsinə razılıq vermişdir. İddiaçı mənzil üzərində mülkiyyət hüququ 27 iyul 2013-cü il tarixdə qeydə alınmışdır. Tərəflər 31 iyul 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Buna görə də hesab edir ki, cavabdehin mənzildən istifadə hüququna xitam verilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Fəxri Hacıyev apellyasiya şikayətini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh üç ildən çoxdur ki, iddiaçının mülkiyyətində olan mənzildə yox, valideynlərinin yanında yaşayır. Cavabdehin bu mənzildən istifadə hüququnun saxlanmasına ehtiyacı da yoxdur. Birinci instansiya məhkəməsində işə baxılarkən evin birgə nikah dövründə alınmamasını sübut etmək üçün onlar "xxxx" Mənzil Tikinti Kooperativinə müraciət etsələr də, məhkəmə zəruri sübutların təqdim olunması üçün onlara şərait yaratmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri Nərimanov RPİ məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(005)- 551/2021 saylı qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər 31 iyul 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, 22 avqust 2019-cu il tarixdə aralarındakı nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Nikahın pozulması haqqında 22 avqust 2019-cu il tarixli məhkəmə qətnaməsindən görünür ki, iddiaçı iddia ərizəsində nikahın pozulması barədə iddia ərizəsi verilməzdən bir il əvvəl nikah münasibətlərinə faktiki xitam verildiyini və ayrı yaşadıqlarını bildirmişdir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" mənzil tikinti kooperativi tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli 130 saylı məktubdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu M.Əlizadə küçəsində yerləşən 50 saylı evin 36 saylı mənzili Bakı şəhər İcra Hakimiyyəti aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 09 iyul 2010-cu il tarixli 121 saylı sərəncamı ilə X1 adına sənədləşdirilmiş, Solmaz Qocayeva notarial qaydada təsdiq olunmuş 21 may 2012-ci il tarixli ərizə ilə həmin mənzildə olan pay hüququndan İddiaçı xeyrinə əvəzsiz olaraq imtina etmiş və mənzilə dair pay hüquqlarının İddiaçı adına keçirilməsinə və sənədləşdirilməsinə razılıq vermişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən 27.07.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu M.Əlizadə küçəsində yerləşən 50 saylı evin 36 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 20.10.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Nərimanov rayonu M.Əlizadə küçəsində yerləşən 50 saylı evin 36 saylı mənzilində pasport qeydiyyatındadır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçı tərəfindən mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak olmamasına və cavabdehin istifadə hüququnun yarnmamasına dair sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilin tərəflərin birgə nikahı dövründə əldə olunmuş əmlak hesab olunub-olunmaması barədə məsələ hazırkı məhkəmə araşdırmasının predmeti olmadığına görə həmin məsələ müzakirə hazırkı iş üzrə müzakirə predmeti ola bilməz. Kollegiya həmçinin qeyd edir ki, nikahın pozulmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya qarşı həmin mənzillə bağlı hər hansı tələb irəli sürülməmişdir. Tərəflər arasında mənzillə bağlı hüquq münasibətləri 2013-cü ildə yarandığından, mübahisə ilə bağlı qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin normaları tətbiq olnmalıdır. Cavabdeh nikah münasibətlərində olduğu dövrdə İddiaçı mülkiyyətində olan mənzilə köçüb yaşamaqla Mənzil Məcəlləsinin 30-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən mənzildən istifadə hüququ əldə etmişdir. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinin 1-ci bəndinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin maddənin 2-ci bəndinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. İş materiallarından görünür ki, Cavabdeh üç ildən artıq müddətdir ki, qeydiyyatda olduğu Bakı şəhəri Nərimanov rayonu M.Əlizadə küçəsində yerləşən 50 saylı evin 36 saylı mənzilində yaşamır. Buna görə də Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, tərəflər arasında nikah münasibətlərinə xitam verildiyindən, Cavabdeh həmin mənzildən istifadə hüququ saxlanmamışdır. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Bakı şəhəri Nərimanov rayonu M.Əlizadə küçəsində yerləşən 50 saylı evin 36 saylı mənzilindən istifadə hüququnun saxlanmasına əsas verən hər hansı diqqətəlayiq hal müəyyən edilməmişdir. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Buna görə də apellyasiya şikayəti təmin edilməli, mübahisələndirilən qətnamə ləğv olunaraq cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi barədə yeni qətnamə çıxarılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcələnin 388-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(005)- 551/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh Bakı şəhəri Nərimanov rayonu M.Əlizadə küçəsində yerləşən 50 saylı evin 36 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4807/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4807/2021
07.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver