Məhkəmə qərarları › İş №2(103)-4807/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4807/2023

13.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4807/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4807/2023 (Açar sözlər: mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X9 və X7 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-415/2023 saylı 17 may 2023cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MTK ilə bağlanmış müqavilərə əsasən İddiaçı ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən, 105,22 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50% hissəsi daxildir) təşkil edən, 2 otaqdan ibarət, 1 nömrəli mənzilin və ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən, 102,35 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50% hissəsi daxildir) təşkil edən, 2 otaqdan ibarət, 3 nömrəli mənzilin pay dəyərini tam ödəyir və həmin yaşayış sahələrinə mülkiyyət hüququ əldə edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Mahal MTK-ya qarşı müqavilə öhdəliklərinin icrasına və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli, 201 nömrəli müqavilənin şərtlərinə əsasən Mahal MTK ünvan 3 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən sahəsi 105,22 kv.m təşkil edən 2 otaqdan ibarət 1 nömrəli mənzilini 126264 manat, xx.xx.2019-cu il tarixli, 202 nömrəli müqavilənin şərtlərinə əsasən isə ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən sahəsi 102,35 kv.m təşkil edən 2 otaqdan ibarət 3 nömrəli mənzilin 122820 manat təşkil edən pay dəyərini kooperativə tam ödəyir və həmin yaşayış sahəsinə dair mülkiyyət hüququnu əldə edir. Buna baxmayaraq, iddiaçının müqavilələr ilə istifadəsinə verilən mənzillərinə Mahal MTK rəhbərliyi tərəfindən ustalar təmirə buraxılmır, onların işlərinə maneçilik törədilir, mənzillərin təmiri üçün alınan xammal isə yararsız vəziyyətə düşür və iddiaçı ailəsi ilə birgə həmin mənzilləri yaşayış üçün istifadə edə bilmir. Faktiki olaraq qarşı tərəf müqavilə üzrə öz öhdəliklərinin icrasından yayınmaqla bərabər iddiaçının istifadə və sahiblik hüququnu həyata keçirə bilməsi üçün maneələr yaradır. Bununla bağlı dəfələrlə cavabdehdən qeyd edilən mənzillərin üzərindəki sahiblik hüququna qarşı yaradılan süni maneələrin aradan qaldırılmasını iddiaçı xahiş etsə də bununla bağlı heç bir tədbir görülməmişdir. Ona görə də ünvan 4 üvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən sahəsi 105,22 kv.m təşkil edən 2 otaqdan ibarət 1 nömrəli mənzilin və ünvan 5 üvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən sahəsi 102,35 kv.m olan 2 otaqdan ibarət 3 nömrəli mənzilin Mahal MTK tərəfindən iddiaçıya təhvil verilməsinə, qeyd olunan mənzillərə iddiaçının sahiblik və istifadə hüququna dair Mahal MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına, həmin mənzillərdə təmir işlərinin aparılmasına Mahal MTK və digər şəxslər tərəfindən maneə yaradılmasının qadağan olunmasına, həmin mənzillərə 3-cü şəxslərin daxil olmasına maneə yaradılmasının qadağan olunmasına, cavabdehin üzərinə iddiaçının liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulmasına, həmin mənzillərə su, elektrik enerjisinin, qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan olunmasına dair qətnamə çıxarılması xahiş olunur.

4. Cavabdeh Mahal MTK-nın nümayəndəsi və vəkili Vəkil2 Əlsəfər oğlunun məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbində qeyd edilən Bakı şəhəri S.Bəhlulzadə küçəsində inşa edilən hündür mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 105,22 kv.metr sahəsi olan 2 otaqdan ibarət 1 saylı və sahəsi 102,35 kv.metr olan 2 otaqdan ibarət 3 saylı mənzillər İddiaçı faktiki olaraq Mahal MTK tərəfindən satılmamışdır. Həmin mənzillər Saleh Abdullayev adlı şəxsə Mahal MTK üçün müəyyən işlərin görülməsi müqavilində təminat olaraq verilmişdir. Belə ki, Baş Prokurorluqda idarə rəisi olan Natiq Abdullayevin atası X15 MTK-ya yaşayış binalarınm tikintisi ilə bağlı müvafiq dövlət qurumlarında sənədləşmə işlərinin aparılmasında köməklik göstərilməsi, qulluq mövqeyindən istifadə etməklə nüfuzlu şəxslərlə MTK rəhbərini tanış etmək və onların MTK-ya havadarlıq etməsini təşkil etmək müqabilində MTK tərəfindən inşa olunan ünvan 4 ünvanında, 16-cı mərtəbədə yerləşən, 100,42 kv.metrdən ibarət 2 otaqlı mənzili və ünvan 5 ünvanında, 13-cü mərtəbədə yerləşən 102,35 kv.metrdən ibarət 2 otaqlı mənzili X1 adına, ünvan 6 ünvanında, 8-ci mərtəbədə yerləşən 102,35 kv.metrdən ibarət 2 otaqlı mənzili, ünvan 4 ünvanında, 15-ci mərtəbədə yerləşən 100,42 kv.metrdən ibarət 2 otaqlı mənzili və ünvan 7 ünvanında inşa edilən yaşayış binasında, 12- cı mərtəbədə (yaşayışın 10-cu mərtəbəsi) yerləşən, ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət mənzili X2 adına, ünvan 5 ünvanında, 14-cü mərtəbədə yerləşən 102,35 kv.metrdən ibarət 2 otaqlı mənzili və ünvan 4 ünvanında 14-cü mərtəbədə yerləşən 105,22 kv.metrdən ibarət 2 otaqlı mənzili İddiaçı adına, ünvan 5 ünvanında 15-ci mərtəbədə yerləşən 102,35 kv.metrdən ibarət 2 otaqlı mənzili, ünvan 4 ünvanında, 16-cı mərtəbədə yerləşən 105,22 kv.metrdən ibarət 2 otaqlı mənzili və ünvan 7 ünvanında 12-ci mərtəbədə yerləşən 184,73 kv.metrdən ibarət 4 otaqlı mənzili nəvəsi X5 adına, ünvan 8 ünvanında 12-ci mərtəbədə yerləşən 64,61 kv.metrdən ibarət 1 otaqlı mənzili sürücüsü Heydər Məmmədovun anası X6 adma rəsmiləşdirilməsini tələb etməklə əldə etmişdir. Adlarına mənzillər rəsmiləşdirilmiş şəxslər (sürücü xaric) Saleh Abdullayevin yaxın qohumlarıdır. Yuxarıda qeyd olunan mənzillərə dair müqavilələr tərtib olunduqdan sonra Saleh Abdullayevin sürücüsü Heydər Məmmədov tərəfindən Mahar MTK-ya məxsus ofisdən götürülmüşdür. Yuxarıda qeyd olunan, adlarına mənzil rəsmiləşdirilmiş şəxslərdən heç biri Mahal MTK-nın ofisinə gəlməmiş və onların hər hansı bir formada mənzil almaq niyyətləri olmamışdır. Həmin şəxslərə məxsus şəxsiyyət vəsiqələri Saleh Abdullayev tərəfindən MTK-ya təqdim olunmuş və adlarına rəsmiləşdirilən müqavilələr isə Saleh Abdullayevin sürücüsü olan Heydər Məmmədov tərəfindən götürülmüşdür. Bu günə qədər də həmin müqavilələrin MTK-ya çatan nüsxələri MTK-ya ümumiyyətlə təqdim olunmamışdır. Bu günədək Saleh Abdullayev tərəfindən bu mənzillərin müqabilində MTKya heç bir köməklik göstərilməmiş və sonuncu tərəfindən həmin mənzillərə görə MTK-ya hər hansı bir vəsait ödənilməmişdir. Saleh Abdullayevin həmin mənzilləri öz adına deyil, qohum, tanışlarının adlarına keçirməkdə niyyəti gələcəkdə həmin mənzilləri ələ keçirməkdən ibarət olmuşdur. Bu hal Saleh Abdullayev tərəfindən MTK-nın etibarından suistifadə kimi qiymətləndilir. Bu səbəbdən də yuxarıda adları qeyd olunan şəxslərlə bağlanmış sözügedən müqavilələrin və ona əlavə olunmuş sənədlərin 5 iş günü ərzində Mahal MTK-ya təhvil verilməsi və həmin müqavilələrin ləğvi ilə bağlı sənədləşmə işlərinin aparılmasında şəxsən iştirak edilməsi adlarına mənzillər olan şəxslərdən və Saleh Abdullayevdən tələb olunmuş, bu barədə həmin şəxslərə xəbərdarlıq məktubları da ünvanlanmışdır. Bu məktublardan sonra həmin mənzillərdən yalnız ikisinə, X4 və X8 (nəvəsi) aid sənədlər MTK-ya geri qaytarılmış və həmin mənzillərə görə müvafiq imtina ərizələri və etibarnamələr verilmişdir. Lakin qalan mənzillərə dair sənədlər dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq geri qaytarılmamışdır. Bu məsələnin həlli ilə bağlı Mahal MTK-nın sədr müavini Qəhrəman Rəhimov 2020-ci ilin may ayının ortalarında Saleh Abdullayevin oğlu, o zaman Şirvan şəhərinin Prokuroru olan X13 şəhərində görüşmüş məsələnin ciddiliyini Natiq Abdullayevin nəzərinə çatdırmış və bu məsələnin tez bir zamanda həll olunmasını xahiş etmişdir. Çünki yuxarıda qeyd olunan mənzillərdən üç mənzil məhz Natiq Abdullayevin oğlu və Saleh Abdullayevin nəvəsi olan Orxan Abdullayevin adına rəsmiləşdirilmişdir. Bu görüşdən sonra X15 MTK-ın rəhbərliyinə zəng edərək iki həftə ərzində məsələnin öz həllini tapacağını bildirmiş və mənzillərə dair müqavilələrin, digər sənədlərin MTK-ya təhvil veriləcəyinə vəd vermişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq Saleh Abdullayev öz vədinə əməl etməmiş, dəfərlə telefonla edilmiş zənglərə, xəbərdarlıqlara məhəl qoymayaraq müxtəlif bəhanələr gətirməklə hər dəfə görüşlərdən yayınmışdır. 2021-ci ilin iyul ayında MTK rəhbərliyi Natiq Abdullayevlə görüşmüş, həmçinin xx.xx.2021-ci il tarixdə telefonla əlaqə saxlayaraq bu məsələnin tez bir zamanda həll olunmasını xahiş etmişdir. Natiq Abdullayev tərəfindən bildirilmişdir ki, atası Saleh Abdullayevlə bu məsələnin həlli ilə bağlı söhbət aparıb məsələnin müsbət həll olunmasına nail olacaqdır. Lakin artıq xeyli vaxt keçməsinə baxmayaraq nə Natiq Abdullayev tərəfindən, nə də, Saleh Abdullayev tərəfindən məsələnin həlli istiqamətində heç bir tədbir görülməmişdir. Məcburiyyət qarşısında qalaraq baş prokurorluğun idarə rəisi olan Natiq Abdullayevə xx.xx.2021-ci il tarixdə məktub ünvanlanaraq məsələnin ciddiliyi bir daha onun nəzərinə çatdırılmışdır. Lakin bu günədək həmin məktuba da heç bir reaksiya verilməmişdir. Saleh Abdullayevin və oğlu Natiq Abdullayevin bu əməlləri nəticəsində MTK-ya təxminən ******* manat məbləğində ziyan vurulmuşdur. Mahal MTK tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə şikayət ərizəsi ünvanlanaraq Mahal MTK-ya vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi üçün köməklik göstərilməsi, Saleh Abdullayev və onun oğlu Natiq Abdullayev barəsində ciddi şəkildə qanunamüvafıq tədbirlər görülməsi xahiş olunmuşdur. Həmin şikayət ərizəsi hal-hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin icraatındadır. Sadalanan işin faktiki hallarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı mövqeyinə əsasən iddiaçı ilə cavabdeh Mahal MTK arasında bağlanmış mənzillərə dair müqavilələr etibarlı əqdlər hesab oluna bilməz. Ona görə də İddiaçı cavabdeh Mahal MTKya qarşı Bakı şəhəri S.Bəhlulzadə küçəsində inşa edilən hündür mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 105,22 kv.metr sahəsi olan 2 otaqdan ibarət 1 saylı və sahəsi 102,35 kv.metr olan 2 otaqdan ibarət 3 saylı mənzillərə sahiblik və istifadə hüququna dair Mahal MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzillərdə təmir işlərinin aparılmasına Mahal MTK tərəfindən maneə yaradılmasının qadağan olunması, həmin mənzillərə 3-cü şəxslərin daxil olmasına maneə yaradılmasının qadağan olunması və cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, həmin mənzillərə su, elektrik, qazın verilməsinin dayandırılmasının cavadehə qadağan olunması barədə iddia tələblərinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunur.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-415/2023 saylı 17 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddianın təmin edilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60 və 71-ci, Mülki Məcəlləsinin 152.1, 157.4, 385.1, 386.1, 399.1, 405.1, 407.2, 425.1, 442, 448.1, 452.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia tələbində qeyd edilən mənzillər İddiaçı Cavabdeh MTK tərəfindən faktiki olaraq satılmamışdır. Həmin mənzillər Saleh Abdullayev adlı şəxsə Cavabdeh MTK üçün müəyyən işlərin görülməsi müqabilində təminat olaraq verilmişdir. Baş Prokurorluqdaidarə rəisi olan Natiq Abdullayevin atası Saleh Abdullayev Cavabdeh MTK-ya yaşayış binalarının tikintisi ilə bağlı müvafiq dövlət qurumlarında sənədləşmə işlərinin aparılmasında köməklik göstərilməsi, qulluq mövqeyindən istifadə etməklə nüfuzlu şəxslərlə MTK rəhbərini tanış etmək və onların MTK-ya havadarlıq etməsini təşkil etmək müqavilində MTK tərəfindən inşa olunan ünvan 9 ünvanında, 16-cı mərtəbədə yerləşən, 100.42 kv.metrdən ibarət 2 otaqlı mənzili və ünvan 10 ünvanında, 13-cü mərtəbədə yerləşən 102.35, kv.metrdən ibarət 2 otaqlı mənzili X1 adına,ünvan 10 ünvanında, 8-ci mərtəbədə yerləşən 102.35 kv.metrdən ibarət 2 otaqlı mənzili, ünvan 9 ünvanında, 15-ci mərtəbədə yerləşən 100.42 kv.metrdən ibarət 2 otaqlı mənzili və ünvan 11 ünvanında inşa edilən yaşayış binasında, 12-cı mərtəbədə (yaşayışın 10-cu mərtəbəsi) yerləşən, ümumi sahəsi 184.73 kv.metr təşkiledən 4 otaqdan ibarət mənzili X2 adına, ünvan 10 ünvanında, 14-cü mərtəbədə yerləşən 102.35 kv.metrdən ibarət 2 otaqlı mənzili və ünvan 9 ünvanında, 14-cü mərtəbədə yerləşən 105.22 kv.metrdən ibarət 2 otaqlı mənzili İddiaçı adına, ünvan 10 ünvanında, 15-ci mərtəbədə yerləşən 102.35 kv.metrdən ibarət 2 otaqlı mənzili, ünvan 9 ünvanında, 16-cı mərtəbədə yerləşən 105.22 kv.metrdən ibarət 2 otaqlı mənzili və ünvan 11 ünvanında, 12-ci mərtəbədə yerləşən 184.73 kv.metrdən ibarət 4 otaqlı mənzili nəvəsi X5 adına, ünvan 12 ünvanında, 12-ci mərtəbədə yerləşən, 64.61 kv.metrdən ibarət 1 otaqlı mənzili sürücüsü Heydər Məmmədovun anası X6 adına rəsmiləşdirilməsini tələb etməklə əldə etmişdir. Adlarına mənzillər rəsmiləşdirilmiş şəxslər (sürücü xaric) Saleh Abdullayevin yaxın qohumlarıdır. Yuxarıda qeyd olunan mənzillərə dair müqavilələr tərtib olunduqdan sonra Saleh Abdullayevin sürücüsü Heydər Məmmədov tərəfindən Cavabdeh MTK-ya məxsus ofisdən götürülmüşdür. Yuxarıda qeyd olunan,adlarına mənzil rəsmiləşdirilmiş şəxslərdən heç biriCavabdeh MTK-nın ofisinə gəlməmişlər və onların hər hansı bir formada mənzil almaq niyyətləri olmamışdır. Həmin şəxslərə məxsus şəxsiyyət vəsiqələri Saleh Abdullayev tərəfindən MTK ya təqdim olunmuş və adlarına rəsmiləşdirilən müqavilələr isə Saleh Abdullayevin sürücüsü olan Heydər Məmmədov tərəfindən götürülmüşdür. Bu günə qədər də həmin müqavilələrin MTK-ya çatan nüsxələri MTK-ya ümumiyyətlə təqdim olunmamışdır. Bu günədək Saleh Abdullayev tərəfindən bu mənzillərin müqavilində MTKya heç bir köməklik göstərilməmiş və sonuncu tərəfindən həmin mənzillərə görə MTK-ya hər hansı bir vəsait ödənilməmişdir. Saleh Abdullayevin həmin mənzilləri öz adına deyil, qohum tanışlarının adlarına keçirməklə niyyəti gələcəkdə həmin mənzilləri ələ keçirməkdən ibarət olmuşdur. Bu hal Saleh Abdullayev tərəfindən MTK-nın etibarından sui-stifadə kimi qiymətləndilir. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən 21 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə şikayət ərizəsi ünvanlanaraq Cavabdeh MTK-ya vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi üçün köməklik göstərilməsi, Saleh Abdullayev və onun oğlu Natiq Abdullayev barəsində ciddi şəkildə qanunamüvafiq tədbirlər görülməsi xahiş olunmuşdur. Həmin şikayət ərizəsi hal-hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin icraatındadır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

13. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır

15. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

16. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

17. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 448.1. Əgər bu Məcəllə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, iş materiallarında olan Mahal MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 201 saylı yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında müqavilənin 1.1.-ci bəndindən müəyyən olunur ki, payçı Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 174 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında ünvan 13 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən, 105,22 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50% hissəsi daxildir) təşkil edən 2 otaqdan ibarət, 1 nömrəli mənzilin 126264 manat təşkil edən pay dəyərini kooperativə tam ödəyir və həmin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir.

31. Müqavilənin 1.2-ci bəndindən müəyyən olunur ki, kooperativ pay haqqı tam ödənilmiş yaşayış sahəsinə dair hüquqmüəyyənedici bütün sənədləri, o cümlədən də maliyyə arayışını payçıya təqdim edir.

32. Müqavilənin 1.3-cü bəndindən müəyyən olunur ki, tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul edirlər.

33. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 4 M14 m1 saylı ümumi sahəsi 105,22 m2 olan mənzilə dair daşınmaz əmlak üzərindəki huquq daşınmaz əmlakın dövlət reyestrində 3166 nömrəli reyestr kitabının 295585 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə İddiaçı adına qabaqcadan qeydiyyata alınmışdır.

34. Mahal MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 202 saylı yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında müqavilənin 1.1.-ci bəndindən müəyyən olunur ki, payçı Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 174 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən, 102,35 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50% hissəsi daxildir) təşkil edən 2 otaqdan ibarət, 3 nömrəli mənzilin 122820 manat təşkil edən pay dəyərini kooperativə tam ödəyir və həmin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir.

35. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 6 M14 m3 saylı ümumi sahəsi 102,35 m2 olan mənzilə dair daşınmaz əmlak üzərindəki huquq daşınmaz əmlakın dövlət reyestrində 3159 nömrəli reyestr kitabının 295005 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə İddiaçı adına qabaqcadan qeydiyyata alınmışdır.

36. İddiaçı Mahal MTK-ya xx.xx.2022-ci il tarixdə ünvanladığı xəbərdarlıqdan müəyyən olunur ki, hüquqları xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət rüyestrində qeydə alınan Bakı şəhəri S.Bəhlulzadə küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 105,22 kv.m sahəsi olan 2 otaqdan ibarət 1 saylı və sahəsi 102,35 kv.m olan 2 otaqdan ibarət 3 saylı mənzillərə 3 gün ərzində onun daxil olmasına və orada hər hansı təmir-bərpa işlərinin görülməsinə Mahal MTK tərəfindən qoyulmuş məhdudiyyətin dərhal aradan qaldırılmasını və mülkiyyətində olan mənzillərə münasibətdə istifadə hüquqlarının bərpa edilməsini və mənzillərin ona təhvil verilməsini tələb etmişdir.

37. Mahal MTK-ın İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli 66 saylı, xx.xx.2021-ci il tarixli 78 saylı, xx.xx.2022-ci il tarixli 31 saylı və xx.xx.2022-ci il tarixli 15 saylı xəbərdarlıqlarının surətindən müəyyən olunur ki, MTK ərizəsində qeyd etdiyi mənzillərə dair müqavilələr MTK-ya təhvil verilmədiyi və müqavilənin ləğvi barədə prosedurlar iştirakı ilə həyata keçirilmədiyi təqdirdə müqavilələrin etibarsızlığı və Mahal MTK-ya vurulmuş ziyanla bağlı müvafiq məhkəmə və hüquq mühafizə orqanlarına şikayət ərizələri ünvanlanacağı barədə İddiaçı xəbərdar etmişdir.

38. Mahal MTK-ın X3 ünvanladığı xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli 25 saylı və xx.xx.2022-ci il tarixli 35 saylı xəbərdarlıqlarının surətindən müəyyən olunur ki, qısa zaman ərzində Bakı şəhəri S.Bəhlulzadə küçəsində inşa edilən hündür mərtəbəli yaşayış binasında yerləşən mənzillərə dair müqavilələr MTK- ya təhvil verilmədiyi və müqavilənin ləğvi barədə prosedurlar iştirakları ilə həyata keçirilmədiyi təqdirdə müqavilələrin etibarsızlığı və Mahal MTK-ya vurulmuş ziyanla bağlı müvafiq məhkəmə və hüquq mühafizə orqanlarına şikayət ərizələri ünvanlanacağı barədə S.N.Abdullayev xəbərdar etmişdir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/250 saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Mahal MTK və İddiaçı adlarından olan xx.xx.2019-cu il tarixli yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında 201 saylı müqavilədə və xx.xx.2019-cu il tarixli yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında 202 saylı müqavilədə İddiaçı yazılarından aşağıdakı imzalar İddiaçı tərəfindən icra olunmuşdur.

41. Beləliklə, işdə olan və tədqiq edilən sübutlarla müəyyən olunur ki, Mahal MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 201 saylı və xx.xx.2019-cu il tarixli 202 saylı müqavilələrə əsasən MTK Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 174 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında ünvan 13 ünvanında inşa etdiyi hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən, sahəsi 105,22 kv.metr olan 2 otaqdan ibarət, 1 nömrəli mənzilini və ünvan 2 ünvanında inşa etdiyi hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində sahəsi 102,35 kv.metr olan 2 otaqdan ibarət, 3 nömrəli mənzilini pay dəyərini tam ödədikdən sonra İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan qanunvericilik aktlarının tələblərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən Cavabdeh MTK-nın iddiaçı tərəfindən dəyəri tam olaraq ödənilmiş mənzilləri iddiaçının sahibliyi və istifadəsinə vermək öhdəliyinin daşıyıcısı olması, lakin hazırki cavabdehin müqavilə öhdəliklərini tam icra etməkdən yayınaraq, müqavilə ilə razılaşdırılmış və dəyəri iddiaçı tərəfindən tam ödənilmiş mənzilləri iddiaçıya təhvil verməkdən imtina etməsi, buna görə də, iddiaçının müqavilə ilə şərtləndirilmiş mənzillərin ona təhvil verilməsini cavabdehdən tələb etməsinin tam əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “...mənzillərin Saleh Abdullayev adlı şəxsə Cavabdeh MTK üçün müəyyən işlərin görülməsi müqabilində təminat olaraq verilməsi, Baş Prokurorluqda idarə rəisi olan Natiq Abdullayevin atası Saleh Abdullayevin Cavabdeh MTK-ya yaşayış binalarının tikintisi ilə bağlı müvafiq dövlət qurumlarında sənədləşmə işlərinin aparılmasında köməklik göstərilməsi müqabilində MTK tərəfindən inşa olunan yaşayış binasında müxtəlif mənzilləri müvafiq olaraq X1, X2, İddiaçı, X5, X6 adına rəsmiləşdirilməsini tələb etməklə əldə etməsi, adlarına mənzillər rəsmiləşdirilmiş şəxslər Saleh Abdullayevin yaxın qohumları olması, qeyd olunan adlarına mənzillər rəsmiləşdirilmiş şəxslərdən heç birinin Cavabdeh MTK-nın ofisinə gəlməmələri və onların hər hansı bir formada mənzil almaq niyyətləri olmamaları...” barədə dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh qeyd edilən faktları təsdiq edən hər hansı sübutu nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir.

44. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

46. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

48. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-415/2023 saylı 17 may 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar