Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4808/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya Publik Hüquqi şəxsinə qarşı “işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(001)- 1731/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya Publik Hüquqi şəxsinə (bundan sonra, cavabdeh) qarşı “işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, işdən azad olunması barədə qəbul edilmiş əmrin ləğvi, ƏƏSM-nin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriyada əmək bazarının proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ƏƏSM Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləyən mütəxəssisdir. Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli, 479 №li Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir. Prezidentin 18 yanvar 2019-cu il tarixli, 480 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən ƏƏSM nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətinə müvafiq tədbirlər görülməsi tapşırılmışdır. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2019-cu il tarixli, 775 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli, 95 nömrəli Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmış, onun nizamnaməsi, işçilərin ştat sayı və strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ETTM, Observatoriya və digər müvafiq təşkilatlar ilə əlaqədar Fərmanlarından və Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü kimi, məsələnin əsas mahiyyəti əvvəlki təşkilatlarda elmi-tədqiqat sahəsində uzun müddətə formalaşmış və təcrübə toplamış mütəxəssisləri ixtisar etmək yox, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun “Məşğulluq sahəsində dövlətin vəzifələri” barədə 8ci maddəsinin 8.03-cü bəndinə uyğun olaraq “işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanmasından” ibarətdir. Lakin, aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərinin qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə əməl etməməsi, səriştəsiz və yarıtmaz fəaliyyəti dövlətin apardığı məqsədyönlü struktur islahatlarına kölgə salmaqdadır. Azərbaycan Respublikası Prezidentinin ETTM-in ləğvi ilə bağlı yuxarıda sözü keçən Fərmanın icrasının ƏƏSM Nazirliyi tərəfindən guya “gerçəkləşdirildiyi” vaxt iddiaçını 29 mart 2020-ci il tarixdə iş yerinə dəvət edərək (pandemiya şəraiti ilə əlaqədar onlara evdə oturmağa icazə vermişdilər) ərizə yazmağa məcbur etdilər ki, öz xahişi ilə həmin tarixdən işdən azad olunsun. Elə həmin tarixdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində ”Əmək Bazan və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da işlə təmin olunmağına dair X1 adına ərizə yazdırdılar. 29 mart 2020-ci ildən ləğv edilməkdə olan təşkilatdan öz xahişi ilə işdən azad olunmağa ərizə yazmağa məcbur edildiyi vaxt, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20 mart 2020-ci il tarixli, 01/411 nömrəli sənədə əsasən 29 mart 2020-ci il tarixindən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ETTM-in əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. 30 iyun 2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar yenə evdə olduğuna görə işə çağırıb işdən azad olunduğunu şifahi olaraq bildirdilər. İşdən azad olunduğu gün bu barədə heç bir əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(001)- 1731/2021 saylı qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia qismən təmin olunmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsin İddiaçı işdən azad edilməsi ilə bağlı olan 30 iyun 2020-ci il tarixli, **********2 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı ƏƏSM Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsində “Əmək bazarının proqnozlaşdırılması” şöbəsinin müdiri vəzifəsinə bərpa olunması qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, tərəflər arasında 30 mart 2020-ci il tarixdə müddətli əmək müqaviləsinin bağlanması, müqavilənin müddətinin 30 iyun 2020-ci il tarixdə bitməsi, bu səbəbdən də 30 iyun 2020-ci il tarixli, **********2 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) iddiaçının işdən azad olunması, əmək qanunvericiliyinin normalarının məzmununa əsasən əmək müqaviləsinin sərbəst bağlanması, müqavilənin məzmununun tərəflərin razılığı ilə müəyyən edilməsi, əmək müqaviləsinin müddətsiz və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanıla bilməsi, tərəflər arasında əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinin tələbinə müvafiq olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanması, iddiaçı tərəfindən bu halı istisna edən hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsi, əmək müqaviləsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra müqaviləyə xitam verilməsi, əmək qanunvericiliyin tələblərinin pozulmaması, lakin buna baxmayaraq məhkəmə tərəfindən iddia tələbini qanunsuz və əsassız olaraq təmin edilməsi, həmçinin iddiaçının iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırması, iddia müddətinin bərpa olunması ilə bağlı hər hansı vəsatət təqdim etməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun, eyniməzmunlu izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan sübutlara əsasən iddiaçı, 30 mart 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın PHŞ-də Əmək bazarının proqnozlaşdırılması şöbəsinə 3 ay müddətinə müdir vəzifəsinə təyin edilmiş, 30 iyun 2020-ci il tarixli, **********2 nömrəli əmrə əsasən əmək müqaviləsinin müddəti bitdiyindən əmək bazarının proqnozlaşdırılması şöbəsinin müdir vəzifəsindən 30 iyun 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. Tərəflər arasında yaranmış mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı 30 mart 2020-ci il tarixli əmək müqaviləsinin müddətli bağlanmış olmasını qanunsuz hesab edir və bundan irəli gələn hüquqi nəticələrin ləğv edilməsini xahiş edir. İddiasını onunla əsaslandırır ki, onun əmək funksiyası əmək müqailəsinin müddətli bağlanan hallarına aid deyildir.Bundan başqa işdən azad ediliyi tarixdən təqribən 7 ay sonra iddia verməsini əmrin təqdim edilməməsi və pandemiya ilə əsaslandırır. Cavabdeh iddia tələbini ona görə əsassız hesab edir ki, Əmək və Sosial Problemlər Üzrə Elmi-Tədqiqat Mərkəzinin hüquqi varisi deyildir və tərəflər qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlamışlar. Müddət bitdiyindən əmək münasibətlərinə haqlı olaraq xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmuş hissəsində qeyd etmişdir ki, yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Mərkəzin hüquqi varisi olmasa da, fəaliyyət sferası və işçinin əmək funksiyası baxımından faktiki olaraq onların fəaliyyəti eynilik təşkil edir. Mərkəzin ləğv edilməsi və yeni Publik hüquqi şəxsin yaradılması isə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən Fərmanları əsasında həyata keçirilmiş və iki halın bir birinin davamı olması isə aşıq aşkardır. İddiaçı isə Mərkəzdə 5 ildən artıq işləmiş və onunla yeni bağlanılan əmək müqaviləsi isə bu baxımdan da müddətsiz olmalı idi. Lakin iddia ərizəsindən görünür ki, iddiaçı əmək müqaviləsinin müddəti ilə bağlı olan şərtin etibarsız hesab edilməsi barədə tələbini irəli sürməmiş, əmək müqaviləsinin müddətsiz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Buna baxmayaraq iddia tələbinin əsaslandırılmasında əmək müqaviləsinin müddətli bağlanmasının əsassız olması qeyd edilmişdir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının hazırki tələbdə əmək müqaviləsinin müddətsiz hesab edilməsi ilə bağlı tələbi hüquqi nəticə doğurmur. Belə ki, Əmək Məcəlləsinin 46-cı maddəsində qeyd edildiyi kimi əmək müqaviləsində müddətin göstərilmədiyi, geniş şərh edildikdə isə səhv göstərildiyi, əsassız göstərildiyi halda tərəflərdən biri əmək müqaviləsinin və ya hər hansı hissəsinin etibarsız sayılması tələbini və ya əmək müqaviləsinin yenidən tərtib edilməsini tələb edə bilər. Bunun davamı olaraq tərəflər həmin şərtin hansı tarixdən etibarlı hesab edilməsi barədə razılığa gələ bilərlər. Eyni zamanda əmək müqaviləsinə hər hansı dəyişiklik əmək müqaviləsinə daxil edilməlidir. Odur ki, iddiaçı əmək müqaviləsinin müddətlə bağlı şərtinin və ya əmək müqaviləsinin tamamilə yenidən tərtib edilməsi tələbini irəli sürməmiş, yalnız hüquqi nəticə doğurmayan və əmək qanunvericiliyi prosedurana uyğun olmayan tələb irəli sürmüşdür. Eyni zamanda həmin tələblə qəbul edilmiş qətnamənin icrası işəgötürənin səlahiyyətlərinin mənimsənilməsi ilə nəticələnəcəyindən mümkün olmayacaqdır. Bu baxımdan göstərilən tələb təmin edilməməlidir. Birinci instansiyanın qənaətinə görə məhkəmə tərəfindən əmək müqaviləsinin müddətli bağlanması ilə bağlı şərti etibarsız hesab edildiyindən, həmin müqavilə özlüyündə müddəti müəyyən edilmədən bağlanmış hesab edilməklə, dolayısı ilə müddətsiz hesab edilir. İddianın rədd olunması barədə apellyasiya instansiyasının əvvəlki qətnaməsini ləğv edərkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən tərəflər arasında müddətli əmək müqaviləsinin bağlanmasına və iddiaçının müqavilənin müddətli olmasından xəbərdar olmamasını təsdiq edən hər hansı mötəbər və kifayətedici sübut təqdim etməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr bu qənaətə gələrkən işdə olan sübutlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Lakin apellyasiya məhkəməsi nəzərə almamışlar ki, tərəflər arasında mövcud olmuş münasibət daimi xarakterə malik olduğundan əmək müqaviləsi müddətli bağlana bilməzdi. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin məzmunundan da görünür ki, onun tutduğu vəzifə daimi xarakterə malik olmuşdur, əvvəllər də həmin əmək funksiyalarını uzun müddət yerinə yetirmiş və işin həmin halı cavabdeh tərəfindən mübahisələndirilməmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir (ƏM-nin 45-ci maddəsi). İş materiallarında olan əmək müqaviləsindən görünür ki, işçinin əmək funksiyası aşağıdakılardan ibarət olmuşdur: - əmək bazarının təhlil edilməsi və proqnozlaşdırılmasına aid elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik etmək; - Əmək bazarı və Sosial müdafiə məsələləri üzrə Milli Observatoriyanın mövzular planında şöbə üçün nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilməsini təşkil etmək və müvafiq bilik səviyyəsi üzrə onların inkişaf perspektivlərini müəyyənləşdirmək, tədqiqat və araşdırmaların aparılmasının metod və vasitələrini, şöbə qarşısında duran elmi-texniki və analitik vəzifələrin həlli yollarını seçmək və.s. Göründüyü kimi işçinin əmək funksiyası davam edən əmək bazarı münasibətlərində müxtəlif mövzular barədə elmi-tədqiqat işləri, əmək bazarında təhlil və proqnozlaşdırma ilə bağlı davamlı araşdırma aparmaqdan ibarət olmuşdur. Yəni işçinin əmək funksiyası hər hansı müddətlə məhdudlaşmamaqla, dinamik sahə olan əmək münasibətlərində mütəmadi təhlillər və proqnozlar verməkdən və.s ibarət olmuşdur.Odur ki, işçinin əmək funksiyası daimi xarakterə malik olduğu qabaqcadan bəlli olan iş kateqoriyalarına aiddir. Lakin onunla bağlanmış əmək müqaviləsi müddətli bağlanmışdır. Bununla bağlı ƏM-nin 47-ci maddəsində əmək müqaviləsinin müddətli bağlanılmasının mümkün olduğu hallar göstərilmişdir. Lakin mübahisə predmetini təşkil edən əmək müqaviləsində müəyyən edilmiş işçinin əmək funksiyasına aid tələblər həmin hallara aid edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Mərkəzin hüquqi varisi olmasa da, fəaliyyət sferası və işçinin əmək funksiyası baxımından faktiki olaraq onların fəaliyyəti eynilik təşkil edir. Mərkəzin ləğv edilməsi və yeni Publik hüquqi şəxsin yaradılması isə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən Fərmanları əsasında həyata keçirilmiş və iki halın bir birinin davamı olması isə aşkardır. İddiaçı isə Mərkəzdə 5 ildən artıq fəaliyyət göstərmiş və onunla yeni bağlanılan əmək müqaviləsi isə bu baxımdan da müddətsiz bağlanmalı idi. Bu baxımdan iddiaçı ilə əmək müqaviləsi müddətli bağlanıla bilməzdi və əmək müqaviləsinin 3 ay müddətə bağlanılması ilə bağlı olan şərt, yəni 30 mart 2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndi etibarsız və cavabdeh müddətli bağlamalı olmadığı əmək müqaviləsinə görə Əmək Məcəlləsinin 68.2- ci maddəsinin b bəndi ilə əmək müqaviləsinə xitam verməkdə də haqlı olmamışdır. Qeyd edilməlidir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə ciddi əməl edilməli olması müəyyən edilmişdir. Bu hal həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının xx.xx.2021-ci il tarixli Qərarında də öz əksini tapmışdır. Qeyd edilməlidir ki, əmək müqavilələrini qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir (ƏM-nin 12-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. ƏM-nin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını, habelə kassasiya instansiyasının hüquqi mövqeyini nəzərə alaraq, hesab edir ki, cavabdehin mübahisələndirilən əmrinin qanunsuz olması, bunun nəticəsində iddiaçının əmək hüquqlarına qanunsuz müdaxilə baş verməsi halı müəyyən edilmişdir. Cavabdeh isə etirazının əsasını və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya Publik Hüquqi şəxsinə qarşı “işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(001)- 1731/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(001)- 1731/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti veilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4808/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4808/2022
26.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver