Məhkəmə qərarları › İş №2(103)-4808/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4808/2024

11.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4808/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızına qarşı iş üzrə (Açar sözlər:kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı2, onun və digər iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 11 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş sənədlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsindəki 7 saylı evin 7-ci mənzili 1993-cü ildə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ½ hissədə İddiaçı1, ½ hissədə isə digər İddiaçı2 verilmiş, hazırda da eyni qaydada onların xüsusi paylı mülkiyyətindədir və bununla bağlı adlarına müvafiq çıxarış vardır.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(005)- 2555/2009 saylı qətnaməsi ilə İddiaçı2 ilə cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızı arasında 2004-cü il tarixdə bağlanmış nikah pozulmuş, boşanma 2010-cu ildə dövlət qeydiyyatına alınmış, cavabdeh sonradan yeni nikaha daxil olmamışdır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə iddiaçı Musayeva (Hüseynova) Emma Tofiq qızının cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası təmin edimiş və Musayeva (Hüseynova) Emma Tofiq qızının Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsindəki 7 saylı evin 7-ci mənzilinə köçürülməsi qət edilmiş, həmin qətnamədən İddiaçı1 və İddiaçı2 verdikləri apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1594/10 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli qərardadından görünür ki, Emma Hüseynova ərizə ilə məhkəməyə müraciət edərək mənzilə köçürülmə barədə icra sənədinin yenidən icra olunmasını xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqi ilə bağlı icraat təzələnməklə icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qaytarılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsindəki 7 saylı evin 7-ci mənzilindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddia onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzil onların paylı mülkiyyətindədir, İddiaçı2 cavabdehlə 2004-cü ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuş, ailə qurduqdan sonra cavabdehi həmin mənzilə qeydiyyata salmışlar, bir müddət orada birlikdə yaşamışlar, birgə nikahdan övladları olmamış, cavabdehlə münasibətləri pozulmuş, məhkəmə qətnaməsi ilə aralarında nikah pozulmuş, bundan sonra cavabdeh həmin mənzildən anasına məxsus başqa mənzilə çıxıb getmiş, hazırda da anası ilə anasının mənzilində yaşamaqdadır. İddiaçı sonradan başqa xanımla ailə qurmuş, həmin xanımdan 3 övladı olmuşdur, hazırda hamısı birlikdə mübahisəli mənzildə yaşayırlar. Cavabdehin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onların hüquqlarını pozur.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)875/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızının Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzilindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi, hazırkı qətnamənin Musayeva (Hüseynova) Emma Tofiq qızının Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir.

9. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, cavabdeh İddiaçı2la 2004-cü il tarixdə nikaha daxil olaraq, mübahisəli mənzilə gəlin köçdüyündən hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi tətbiq edilməlidir. Belə olan halda aydın olur ki, cavabdeh mənzilə köçən zaman mənzilin bir hissəsi İddiaçı2 mülkiyyətində olduğundan cavabdehin həmin mənzildən istifadə hüququ yaranmışdır. Cavabdehin həmin mənzildən istifadə hüququ olsa da, o, 2009-cu ildən mənzildən çıxıb getdiyindən və orada yaşamadığından, həmçinin bu illər ərzində mübahisəli mənzillə bağlı hər hansı iddiası olmadığından məhkəmə hesab etmişdir ki, onun mübahisəli mənzilə hər hansı ehtiyacı olmamışdır və hazırda da yoxdur. Cavabdehin həmin mənzildə formal qeydiyyatda qalması isə iddiaçıların mülkiyyət hüquqlarını pozur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli və cavabdehin həmin mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, guya o, boşandıqdan sonra onun həmin mənzilə iddiası olmamışdır. Halbuki o, boşandıqdan sonra 2010-cu ildə məhkəmə qaydasında həmin evə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli qərardaddan da göründüyü kimi, həmin mənzilə köçürülsə də, iddiaçı onun evdə olmadığı zaman qıfılı sındırmış, mənzili o, orada yaşaya-yaşaya başqalarına kirayəyə vermiş, ona mənzildə yaşamağa imkan verməmişdir. İş materiallarına əlavə edilmiş 2(005)-3330/2009 saylı qətnamədən də göründüyü kimi, onun həmin mənzilə məhkəmə qaydasında köçürülməyinin səbəbi o olmuşdur ki, iddiaçılar onu bir bəhanəylə anası gilə göndərmiş, evdən çıxan kimi dərhal qapının qıfılını dəyişmiş, məhz buna görə də həmin mənzilə gedə bilməmişdir. İddiaçılar birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət versələr də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə onun evə köçürülməyi qət edilmişdir. Məhz bu səbəbdən də, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır və apellyasiya qaydasında ləğv edilməlidir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6372/2023 nömrəli iş üzrə 29 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər S.Bəhrəmzadə - sədrlik edən və məruzəçi, E.Həsənov və X.Mərdanov) cavabdehin apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmiş və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçılar iddia ərizəsində, cavabdehin mülkiyyətlərində olan mənzilə istifadə hüququnun uzun müddətdir orada yaşamaması səbəbindən kompensasiya ödənilmədən xitam verilməsini bildirsələr də, işə baxılarkən müəyyən olunmuş faktiki hallara əsasən kollegiya hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ qanunla (tərəflər arasındakı münasibətlər 2004-cü ildə yarandığına görə Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən) yaranmış və qanunla yaranmış istifadə hüququnun (istifadə hüququnun sahibinin) yaşayış sahəsinə ehtiyacın aradan qalxması əsası ilə kompensasiya ödənilmədən xitam verilməsi düzgün hesab edilə bilməz.

15. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh mübahisəli mənzilə iddiaçılardan biri, eyni zamanda mülkiyyətçi olan ərinin razılığı əsasında köçüb orada yaşamağa başlamışdır. Bu isə o deməkdir ki, əslində Cavabdeh mənzilə köçməklə onun həmin mənzildən mülkiyyət hüququnun elementlərindən biri kimi istifadə hüququ yaranmış, sonradan da məhkəmə qətnaməsi bu hüququnun mövcudluğunu əsas götürülməklə həmin mənzilə köçürülmüşdür.

16. Bununla yanaşı, kollegiya hesab etmişdir ki, cavabdeh Mülki Məcəllənin 228.5-ci maddəsinin 2-ci cümləsinin mənasına görə mənzildən istifadə hüququ əldə etmişdir; bu isə o deməkdir ki, ona qarşı yönələn tələbin təmin olunması, mənzil üzərində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gəlmiş istifadə hüquqlarının hüquqi mahiyyəti, onun saxlanılıb-saxlanılmaması, əgər bu hüquq saxlanılmışdırsa ona kompensasiya verilmədən xitam olunmasının mümkünlüyünün müəyyən edilməsindən asılıdır.

17. Kollegiya hesab etmişdir ki, Cavabdeh uzun müddətdir mübahisəsi gedən mənzildə yaşamaması özü-özlüyündə onun sözügedən yaşayış sahəsinə ehtiyacının aradan qalxdığına dəlalət etmir. Xüsusilə nəzərə alınmalıdır ki, işin hallarından tərəflərin uzun illərdir münasibətlərinin gərgin olması, eyni zamanda mənzilin cəmi iki otaqdan (çıxarışda 18 kvm göstərilib) ibarət olmaqla onların mənzildə birgə yaşamalarının mümkün olmaması, yəni cavabdehin keçmiş qayınanası İddiaçı1, o cümlədən keçmiş əri olan İddiaçı2 yenidən nikaha daxil olaraq 3 övladı və arvadı ilə birlikdə həmin mənzildə yaşaması və cavabdehin də onlarla birlikdə yaşaması cavabdehin həmin mənzilə olan ehtiyacının normal səviyyədə qarşılanması üçün əlverişli olmamışdır. İş üzrə cavabdeh də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında həmin mənzildə bu vəziyyətdə yaşamanın real olaraq mümkün olmaması səbəbindən həmin mənzildən çıxıb anasının yanında qalmasını bildirmişdir. Yəni, hazırkı vəziyyətdə cavabdehin orada yaşamamasının səbəbi real olaraq işin yuxarıda qeyd edilən faktiki hallarına əsasən yaşayış sahəsinə olan ehtiyacının aradan qalxmasından deyil, mövcud şəraitin bunun həyata keçirilməsinə özlüyündə onun iradəsindən asılı olmayaraq maneə yaratması ilə bağlı məcburiyyət qarşısında yaşaya bilməməsi ilə bağlıdır. Eyni zamanda kollegiya qeyd etmişdir ki, cavabdehin adına rəsmi qeydə alınmış hər hansı daşınmaz əmlak da mövcud deyil. Belə olan halda kollegiya hesab etmişdir ki, Cavabdeh (Hüseynova) istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Bu hüquqa mülkiyyətçilərin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.4, 152.5, 228.2, 228.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

19. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

20. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh onlara məxsus mənzildən könüllü şəkildə çıxmış, evdən çıxarkən özünə məxsus geyim, şəxsi və cehiz əşyalarını (yataq dəsti və s.) da evdən çıxararaq, anasına məxsus evdə yaşamağa başlamışdır və 10 ildən çoxdur ki, anasının evində yaşayır. Deməli, cavabdeh 10 ildən çoxdur ki, öz zəruri ehtiyaclarını onlara məxsus evdə deyil, başqa yaşayış sahəsində qarşılamışdır. Cavabdehin onlara məxsus mənzildə formal qeydiyyatda qalması onların mülkiyyət hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və onlar ondan asılı vəziyyətdə qalırlar. Onlar tərəfindən cavabdehin mənzildə yaşamasını mümkünsüz edən, hər-hansı bir hüquqa zidd və qanuna zidd hal baş verməmişdir. Çünki o, evdən gedərkən evdə heç kim olmamışdır və heç kim onun evdə yaşamasına maneçilik törətməmişdir. Cavabehin guya mənzilin qapısının kilidini dəyişdirmələri barədə apellyasiya şikayətinin dəlilləri də heç bir mötəbər sübutla təsdiq olunmamışdır. Cavabdeh 2009-cu ildən evdən köçüb getmişdir və onun daha çox yaşadığı yer artıq 10 ildən çoxdur ki, yaşadığı anasının evidir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2024-cü il tarixli, 2(102)-1615/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır.

23. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə aşağıdakılara görə razılaşmamışdır. Kassasiya məhkəməsinin mövqeyinə görə, məhkəmə aktı ilə yarandığı təsbit edilmiş mənzildən istifadə hüququna yaşayış sahəsinə ehtiyacın aradan qalxmasına görə kompensasiya ödənilmədən xitam verilə bilər. Belə ki, şəxsi servitut sayılan mənzildən istifadə hüququ, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.

47. Kassasiya məhkəməsi qeyd etmişdir ki, şəxsin mənzilə olan ehtiyacının normal səviyyədə qarşılanması üçün əlverişli olmaması barədə apellyasiya məhkəməsinin mövqeyi kifayət qədər əsaslandırılmamışdır və mübahisənin düzgün həlli üçün yetərli sayıla bilməz. Ehtiyacın normal səviyyəsi dedikdə, bunun meyarlarının nədən ibarət olması aydın şəkildə göstərilməli və qanunvericiliyə uyğun qaydada əsaslandırılmalıdır.

48. Əgər bununla otaq və şəxslərin sayına görə mənzildə birgə yaşamanın mümkün olmaması nəzərdə tutulursa, qeyd olunmalıdır ki, həmin xüsusatlara bir qayda olaraq, yaşayış sahəsinə köçürülmə məsələsi məhkəmə tərəfindən həll edilərkən hüquqi qiymət verilməlidir. Yaxud icra icraatında köçürülmənin bu kimi obyektiv səbəbdən mümkün olmaması təsbit olunarsa, həmin fakt rəsmiləşdirilməlidir. Bu halda tərəflər icra məmurunun qərarı (hərəkəti) ilə razılaşmadıqda onu müvafiq məhkəmədə mübahisələndirilə bilərlər.

49. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə şəxsin mənzilə köçürülməsi qət edildikdən və məhkəmə qərarı icra edildikdən sonra orada kimin hansı hissədə yaşamasına, yəni “yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi”nə dair yaranan mübahisə isə ayrıca iddianın predmeti ola bilər.

50. Yuxarıda göstərilən rəsmiləşdirilmələr aparılmadan, istifadə hüququ sahibinin “şəraitin arzuolunmaz və ya normal səviyyədə olmaması” düşüncəsi ilə uzun müddət və daimi olaraq başqa yerdə yaşaması ona əsas vermir ki, mənzildən istifadə hüququ “ehtiyat hüquq” kimi müddətsiz saxlanılsın, yaxud bu ehtiyacın aradan qalxmasına baxmayaraq mülkiyyətçidən kompensasiya tələb etsin. Əks yanaşma mülkiyyət hüququnun qeyrimütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər.

51. Kollegiya onu da vurğulayır ki, mənzildən istifadə hüququnun itirilməsi üçün hüquq sahibinin mülkiyyətində başqa yaşayış sahəsinin olması, yaxud başqa yerdə mənzildən istifadə hüququ əldə etməsi məcburi şərt deyil. Bu hallar istifadə hüququnun itirilməsinə əsas olsa da, bir şəxsin öz iradəsi daxilində, daimi olaraq və uzun müddət başqa ünvanda yaşaması da işin hallarına görə həmin hüququnun itirilməsinə əsas verə bilər.

52. Belə hallar qiymətləndirilərkən istifadə hüququ sahibinin mübahisəli mənzilə köçməməsinin səbəb(lər)i, bu halın onun öz iradəsindən qaynaqlandığı, yoxsa başqalarının maneçilik törətdikləri, maneçilik olmuşsa bunun üçün tələbkarın gördüyü tədbirlərin, yəni özünün prosessual fəallığının nədən ibarət olması (icra məmuruna və digər aidiyyəti orqanlara müraciət edib-etməməsi), etməmişsə bunun səbəbləri, öz həyatını davamlı olaraq başqa yaşayış yerində qurması, həmin yerdə qaldığı müddətin uzunluğu və sair diqqətəlayiq hallar nəzərə alınmalıdır.

53. Baxılan işdə cavabdehin mübahisəli mənzilə köçürülməsinə dair icra sənədinin icrasının təzələndiyi 2012-ci ildən hazırkı iddianın qaldırıldığı 2022-ci ilədək icra icraatının gedişi, nəticəsi, cavabdehin sözügedən yaşayış sahəsinə köçürülməməsinin konkret səbəbləri, bunun iddiaçılardan qaynaqlandığını, yoxsa cavabdehin iradəsindən irəli gəldiyi və digər mühüm hallar tam və hərtərəfli şəkildə araşdırılmamışdır. Halbuki, həmin xüsusatların aydınlaşdırılması təxminən 10 il müddətində başqa ünvanda yaşayan cavabdehin mübahisəli mənzilə olan ehtiyacının aradan qalxıb-qalxmamasına düzgün hüquqi qiymət verilməsi üçün əhəmiyyətli olmuşdur.

54. Qeyd olunanlar apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

55. İddiaçıların nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya şikayətinin rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

56. Cavabdeh və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

57. İddiaçı2 və iddiaçıların nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədiklərini bildirdilər və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq 58.Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

59.İnsan Hüquqlarının və X3 X2: Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

60. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.

61. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Apellyasiya baxışının hədləri

62. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 63.Hazırkı işdə iddia rədd olunduğundan və birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

64.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş və həmin hallara uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

65. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən aşağıdakıları nəzərə alır.

66. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh xx.xx.2004-cü ildə İddiaçı2la nikaha girmiş, bu nikah 2009-cu ildə pozulmuş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Qətnamənin icrası səbəbilə icra icraatına xitam verilsə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli qərardadı ilə icra icraatı təzələnmişdir.

67. İddiaçılar cavabdehin uzun müddət ərzində daimi olaraq başqa yerdə yaşamasına istinadən kompensasiya ödəmədən istifadə hüququna xitam verilməsini tələb edirlər, cavabdeh isə iddiaya etiraz edir.

68. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və Mülki Məcəlləsinin 152.1, 228.5-ci maddələrini rəhbər tutaraq hesab etmişdir ki, Cavabdeh İddiaçı2la 2004-cü il tarixdə nikaha daxil olub mübahisəli mənzilə gəlin köçərkən mənzilin bir hissəsi İddiaçı2 mülkiyyətində olduğundan cavabdehin həmin mənzildən istifadə hüququ yaranmışdır. Lakin cavabdehin həmin mənzildən istifadə hüququ olsa da, o, 2009cu ildən mənzildən çıxıb getdiyindən və orada yaşamadığından, həmçinin bu illər ərzində mübahisəli mənzillə bağlı hər hansı iddiası olmadığından onun həmin mənzilə hər hansı ehtiyacı olmamışdır və hazırda da yoxdur. Cavabdehin mənzildə formal qeydiyyatda qalması isə iddiaçıların mülkiyyət hüquqlarını pozur. Buna görə də cavabdehin həmin mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir.

69. Apellyasiya instansiyası məhkəməsi əvvəlki icraatda işə baxarkən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ qanuna (tərəflər arasındakı münasibətlər 2004-cü ildə yarandığına görə Mülki Məcəllənin 228.5-ci maddəsinə) əsasən yarandığından qanunla yaranmış istifadə hüququna istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxması əsası ilə kompensasiya ödənilmədən xitam verilməsi düzgün hesab edilə bilməz.

70. Kassasiya məhkəməsi də öz növbəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, məhkəmə aktı ilə yarandığı təsbit edilmiş mənzildən istifadə hüququna yaşayış sahəsinə ehtiyacın aradan qalxmasına görə kompensasiya ödənilmədən xitam verilə bilər. Belə ki, şəxsi servitut sayılan mənzildən istifadə hüququ, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.

71. Kassasiya məhkəməsi qeyd etmişdir ki, mənzildən istifadə hüququnun itirilməsi üçün hüquq sahibinin mülkiyyətində başqa yaşayış sahəsinin olması, yaxud başqa yerdə mənzildən istifadə hüququ əldə etməsi məcburi şərt deyil. Bu hallar istifadə hüququnun itirilməsinə əsas olsa da, bir şəxsin öz iradəsi daxilində, daimi olaraq və uzun müddət başqa ünvanda yaşaması da işin hallarına görə həmin hüququnun itirilməsinə əsas verə bilər.

72. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlərə əsasən, işə apellyasiya qaydasında yenidən baxılarkən işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmali, cavabdehin mübahisəli mənzilə köçməməsinin səbəb(lər)i, bu halın onun öz iradəsindən qaynaqlandığı, yoxsa başqalarının maneçilik törətdikləri, maneçilik olmuşsa bunun üçün tələbkarın gördüyü tədbirlərin, yəni özünün prosessual fəallığının nədən ibarət olması (icra məmuruna və digər aidiyyəti orqanlara müraciət edib-etməməsi), etməmişsə bunun səbəbləri aydınlaşdırılmalı, öz həyatını davamlı olaraq başqa yaşayış yerində qurması, həmin yerdə qaldığı müddətin uzunluğu və sair diqqətəlayiq hallar müəyyən edilməlidir. Həmçinin, baxılan işdə cavabdehin mübahisəli mənzilə köçürülməsinə dair icra sənədinin icrasının təzələndiyi 2012-ci ildən hazırkı iddianın qaldırıldığı 2022-ci ilədək icra icraatının gedişi, nəticəsi, cavabdehin sözügedən yaşayış sahəsinə köçürülməməsinin konkret səbəbləri, bunun iddiaçılardan qaynaqlandığını, yoxsa cavabdehin iradəsindən irəli gəldiyi və digər mühüm hallar tam və hərtərəfli şəkildə araşdırılmalıdır. Belə ki, həmin xüsusatların aydınlaşdırılması təxminən 10 il müddətində başqa ünvanda yaşayan cavabdehin mübahisəli mənzilə olan ehtiyacının aradan qalxıb-qalxmamasına düzgün hüquqi qiymət verilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

73. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

74. İşə apellyasiya qaydasında yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərə uyğun olaraq qeyd olunan məsələlər (hallar) bir daha ətraflı araşdırıldı, icra qurumundan icra işi tələb edilib öyrənildi və müəyyən edildi ki, həqiqətən də Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadına əsasən tələbkarın müraciəti təmin olunaraq icra vərəqəsinin dublikatı icra olunması üçün yenidən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qaytarılmış, xx.xx.2012-ci il tarixdə icra məmuru Elgiz Qəmbərov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, 3 dəfə - xx.xx.2012-ci il, xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixlərdə məcburu icra tədbirinin həyata keçirilməsi təyin edilmiş, lakin tələbkar icra yerinə gəlmədiyindən icra sənədinin icrası baş tutmamışdır. İcra məmuru bunu nəzərə alaraq xx.xx.2013-cü il tarixli qərarla icra edilməyən icra sənədini onu verən məhkəməyə, yəni Nərimanov Rayon Məhkəməsinə qaytarmışdır.

75. Göründüyü kimi, icra sənədinin icra olunmamasında iddiaçıların hər hansı təqsirli hərəkəti olmamışdır.

76. Tələbkar Cavabdeh icra sənədinin icrasında özü maraqlı olmamış, icra yerinə gəlməmiş və sonradan icra məmurunun icra sənədinin qaytarılması barədə xx.xx.2013-cü il tarixli qərarını məhkəmə qaydasında mübahisələndirməmişdir.

77. Apellyasiya baxışı zamanı Cavabdeh etiraf etdi ki, o, həqiqətən də icra yerinə getməmiş və icra sənədinin icrasını tələb etməmişdir. Bunun səbəbi isə mənzilin bir otaqlı olması və iddiaçılarla birlikdə orada yaşamağın qeyri-mümkün olması olmuşdur. O, həmin vaxt da, hazırda da anasına məxsus mənzildə onunla birlikdə yaşayır.

78. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh 10 ildən artıq müddət ərzində mübahisəli mənzildə yaşamamaqla və həmin mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsinin icrasını tələb etməməklə həmin yaşayış sahəsinə marağı və ehtiyacı olmadığını nümayiş etdirmiş və istifadə hüququnu itirmişdir.

79. Göründüyü kimi, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halları sübuta yetirsələr də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir.

80. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarından düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

82. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

83. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar