Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4809/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və Vəkil1, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(007)-2142/2021 saylı qətnaməsindən Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə və Cavabdeh1 Bank Olmayan Kredit X3 Cəmiyyətinə qarşı “ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üzrə hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı ipoteka saxlayanın ipoteka predmetini əldə edilməsi üzrə hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi və Cavabdeh1 BOKT ASC (keçmiş "xxxx" ASC) ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 28 aprel 2015-ci il tarixli, MZ/PB-0298/05/13 saylı, 02 nömrəli əlavə ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, əmlakın qanunla nəzərdə tutulan sonuncu əldə etmə günündə, yəni xx.xx.2021-ci il tarixində deyil, 2021-ci ilin mart ayında cavabdeh kredit təşkilatına köhnə tarixli saxtalaşdırılmış hərrac protokoluna imza edilməsinə şərait yaradılmaqla, dəyərindən qat-qat aşağı qiymətə ona satılması nəticəsində iddiaçıların mülkiyyət hüquqlarına qəsd edilmişdir. Protokol köhnə tarixlə təyin edilsə də, kredit təşkilatı bu günədək qanunvericiliklə nəzərdə tutulmuş qaydada ipoteka predmetini əldə etməmişdir. Belə ki, vəkil sorğusuna əsasən verilmiş İcra şöbəsinin xx.xx.2021-ci il tarixli, 17/71-2F1550 saylı məktubunda qeyd edilmişdir ki, Hərrac Mərkəzinin xx.xx.2021-ci il tarixli protokolu xx.xx.2021-ci il tarixdə İcra şöbəsinə daxil olmuşdur. Cavabdeh kredit təşkilatına kifayət qədər vaxt verilmişdir ki, sənədləri saxtalaşdırmaqla deyil, ipoteka predmetini qanunda nəzərdə tutulan qaydada əldə etsin. Cavabdeh kredit təşkilatı öz məsuliyyətsizliyi və iddiaçıların mülkiyyət hüquqlarına etinasız yanaşması nəticəsində artıq bu imkanı əldən buraxmışdır. İddiaçılar ipotekaya xitam verildikdən sonra onlara məxsus mənzili daha yüksək və real qiymətə satmaqla kredit borcunun daha böyük hissəsini ödəmiş olacaqdır. Yaşayış sahəsinin hərrac qaydasında təqdim edilməsi zamanı verginin məhz ödəmə mənbəyindən, yəni əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulmasını nəzərdə tutur. Cavabdeh təşkilat tərəfindən xx.xx.2021-ci il tarixədək hərrac təşkilatına satınalma məbləği, hərrac xidmət haqqı və sadələşdirilmiş vergi məbləği ödənilməmiş, həmin ödəmələr icra məmurunun depozit hesabına köçürülməmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(007)-2142/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı “ipoteka saxlayanın ipoteka predmetini əldə edilməsi üzrə hərracın yekunları barədə protokolu” etibarsız hesab edilmiş və Cavabdeh1 BOKT ASC (keçmiş "xxxx" ASC) ilə İddiaçı1 arasında bağlanmış 28 aprel 2015-ci il tarixli, MZ/PB-0298/05/13 saylı, 02 nömrəli əlavə ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilmişdir. Cavabdeh PARA” BOKT ASC həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 624/2022 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(007)-2142/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 BOKT ASC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qərar, bu mümkün olmadıqda isə, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 may 2022-ci il tarixli, 2(102)-3110/2022 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-624/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya baxışı zamanı Cavabdeh1 BOKT ASC-nin təmsilçisi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsində iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməli olduğu halda, bunu etməmişdir. Belə ki, məhkəmə iclasında ipoteka saxlayan Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi məhkəmə iclasında təmsil etdiyi ASC-nin iddia ərizəsinə verdiyi etirazı müdafiə edərək, hərrac təşkilatı tərəfindən hərracın baş tutmamış elan edilməsindən sonra Cavabdeh1 BOKT ASC tərəfindən sözügedən mənzilin 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı Hərracın yekunları barədə protokol əsasında mülkiyyətinə götürdüklərini, bunun məhkəməyə təqdim etdikləri çıxarışla da təsdiq edildiyini bildirsə də, qeyd olunan ipoteka ilə yüklü edilmiş mənzili əldə edərkən vergi qanunvericiliyində müəyyən edilmiş qaydada sadələşdirilmiş vergi xərclərini, o cümlədən hərrac xidmət haqqını ödədiklərini təsdiq edən sübutları, əks halda sadələşdirilmiş vergi və hərrac xidmət haqqını ödəməməklə qeyd olunan mənzili hansı formada əldə etdiklərinə dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir, bir halda ki, qanunvericiliyin sözügedən tələbi, yəni ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib edilməli olması, həmçinin vergi qanunvericiliyinə edilmiş dəyişiklik nəzərə alınmaqla alıcı və ya ipoteka predmetini əldə edənin yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməli olmasının nəzərə alınmalı olması tərəflərə hələ 23 dekabr 2020-ci il tarixli bildirişlə "xxxx" MMC tərəfindən bildirilmişdir. Cavabdeh, yəni ipoteka saxlayan Cavabdeh1 BOKT ASC tərəfindən 22 yanvar 2021-ci il tarixinədək hərrac təşkilatına satınalma məbləği, hərrac xidmət haqqı və sadələşdirilmiş vergi məbləği ödənilməmiş, həmin ödəmələr “İpoteka haqqında” və “İcra haqqında” Qanunların tələblərinə əsasən icra məmurunun depozit hesabına köçürülməmiş, qanunvericiliyin tələbləri pozulmaqla ipoteka predmeti ipoteka saxlayan tərəfindən qəbul edilmiş, hərrac təklifi ilə yüklü edilmiş ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə qəbul edilməsi barədə "xxxx" MMC-nə bu barədə bildiriş 21 yanvar 2021-ci il tarixədək təqdim edilməmişdir. Bunun əksini təsdiq edən sübutlar isə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün təfsir olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası vurğulayır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələrini tənzimləyən 319.1-ci maddəsində göstərilmişdir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.3-cü maddəsinə görə, ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150-ci maddəsində ödəmə mənbəyində verginin tutulması qaydası müəyyən edilmişdir. Vergi Məcəlləsinin 150.1.13-cü maddəsinə (xx.xx.2018-ci il tarixində əlavə edilib) uyğun olaraq, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar ödəmə mənbəyində vergi tutmağa borcludur. Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən, notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Yuxarıda göstərilən normalar yaşayış və qeyri-yaşayış sahələrinin hərrac qaydasında təqdim edilməsi zamanı verginin məhz ödəmə mənbəyində, yəni əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulmasını nəzərdə tutur. Hərrac baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (“İpoteka haqqında” Qanunun 43.7-ci maddəsi). Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2020-ci il tarixli qərarında olan hüquqi mövqeyinə görə hərrac baş tutmamış elan edildikdə əmlakı əldə edən tərəfindən ödəniş həyata keçirilmədiyindən göstərilən normaların tətbiqi mümkünsüz olur. Vergi ödənilməsi qaydasını tənzimləyən müvafiq qanunvericilik normalarına nəzər yetirildikdə, hərracın baş tutmaması səbəbindən əmlakın ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı vergilərin ödənilməli olub-olmaması məsələsini nizama salan normaların mövcud olmadığı aydın görünür. Eləcə də müvafiq məsələ araşdırılarkən ipoteka saxlayanın, bir çox hallarda məcburiyyət qarşısında qalaraq ipoteka predmetini alması, “İpoteka haqqında” Qanunun 43.9-cu maddəsinə uyğun olaraq, xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində özgəninkiləşdirməli olması kimi hallar diqqəti cəlb edir. Həmin qərarda daha sonra göstərilir ki, araşdırılan məsələ üzrə vacib məqamlardan biri də ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı rəsmiləşdirilmə qaydalarının qanunvericilikdə nəzərdə tutulmamasıdır. Bu isə təcrübədə həmin aktın müxtəlif üsullarla rəsmiləşdirilməsinə və əmlaka dair hüquqların müxtəlif sənədlər əsasında qeydə alınmasına səbəb olur. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Mülki Məcəllənin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün konkret əsaslar sadalanmışdır. Göstərilənlərdən aydın olduğu kimi hərrac baş tutmamış elan edildikdə sonra həyata keçirilən rəsmləşdirmə hərracdan sonrakı vəziyyətin yalnız rəsmləşdirilməsi ilə bağlıdır, bu halda əmlakı əldə edən tərəfindən ödəniş həyata keçirilmir, ödəniş həyata keçirilmədyi üçün isə ödəmə mənbəyindən verginin və xidmət haqqının tutulması da yolverilən deyildir. Xidmət haqqının tutulması isə Mülki Məcəllənin 319.3-cü maddəsində nəzərdə tutulur, həmin maddəyə görə ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadıqda; 43.1.3-cü maddəsinə əsasən hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4-cü maddəsinə əsasən hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Qeyd edilən maddələrin tələblərinə, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, ipoteka qoyanın tələbinə əsasən ipotekaya məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməsin. Həmin Qanunun 48-ci maddəsində ipoteka müqaviləsinə xitam verilməsinin konkret əsasları müəyyən olunmuşdur. ”İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə görə ipotekaya aşağıdakı hallarda xitam verilir: 8.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi, sözügedən mənzilin 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı Hərracın yekunları barədə protokol əsasında təklif göndərildikdən sonra 30 gün ərzində qəbul edilmiş, protokol məhz xx.xx.2021-ci ildə tərtib olunmuş, həmin protokol əsasında əmlak tələbkarın adına mülkiyyət hüququ ilə qeydə alınmış, verginin, xidmət haqqının, əmlakın dəyərinin ödənilməməsi hərracın yekununa görə tərtib olunmuş protokolun etibarsızlığı üçün əsas hesab edilmir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0, 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(007)-2142/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4809/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4809/2022
14.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver