Məhkəmə qərarları › İş №2(103)-481/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-481/2021

07.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-481/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh1 və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı qanunsuz tikililərin sökülməsi, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(004)-1724/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinin avtomobil və piyada yolunun açılması, evin qarşısında və ümumi istifadədə olan torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin onlar tərəfindən sökülməsi, maddi ziyanın əvəzi kimi 5000 manat, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 7 T saylı evin 1 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Qeyd olunan mənzilin qarşı hissəsində qanunsuz tikililər mövcuddur. Həmin tikililərin dövlət qeydiyyatından keçməsinə dair hər hansı bir sənəd yoxdur, cavabdehlər tərəfindən qanunsuz olaraq gizli yolla tikililər inşa edilmiş və iddiaçının mülkiyyətində olan mənzilin giriş-çıxış hissəsinə, habelə həmin əraziyə daxil olmağa süni maneələr yaratmışlar. Cavabdehlər qanunsuz olaraq ərazini hasara alaraq avtodayanacaq etmiş, halbuki həmin dayanacağın orada tikilməsinə heç bir icazə yoxdur. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının və ailə üzvlərinin evlərinə gedib-gəlməsinə, həmçinin həmin ərazidən səmərəli istifadəsinə qadağalar qoyulmuşdur. Bununla bağlı cavabdehlərlə aralarında mübahisə yaranmış, bu barədə Yasamal Rayon İcra Hakimiyyətinə və Yasamal Rayon Polis Şöbəsinə müraciət etmiş, həmin orqanlar tərəfindən bu mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İddiaçının mülkiyyətində olan evin qarşı tərəfində olan ərazilər, avtomobil və piyada yolu olmaqla, həmçinin ümumi ictimai istifadədə olan ərazilərdir. Lakin Cavabdeh1 həmin ərazidə qanunsuz olaraq kafe tikərək iddiaçının evinin qarşısını almaqla evinə gələn yolu bağlamışdır. Digər cavabdehlər Cavabdeh2 və X5 tərəfindən evlərinin qarşı hissəsində olan torpaq sahəsi zəbt edilərək, bağ üçün tikililər inşa edilmiş və ərazi hasara alınmışdır. Bundan başqa ümumi ictimai istifadədə olan ərazilərdə qanunsuz tikilmiş dayanacaq ərazidən keçən yüksək gərginliyi olan 10.000 kv-luq elektrik xətlərinin keçən hissəsinin torpaq sahəsinin altında yerləşir. Bu da insan həyatı üçün təhlükəlidir. Həmin dayanacağın hasara alınması ümumi ictimai istifadədə olan gediş-gəliş yolunun məhdudlaşmasına səbəb olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(004)-1724/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə çıxarılarkən maddi hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. İştirak etdikləri məhkəmə iclasında iddiaçı və onun nümayəndələri hər biri ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh və onun nümayəndəsi isə şikayətin təmin olunmamasını xahiş etdilər. Cavabdeh1 izahatında həmçinin bildirdi ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evini 2016-cı ildə almış, evi alarkən onun hazırda sökülməsini tələb etdiyi tikililər və bağ sahələri mövcud idi. Əslində İddiaçı aldığı fərdi yaşayış evi son illərdə inşa olunmuş, hündür mərtəbəli yaşayış binalarının arasında qanunsuz olaraq inşa olunmuş və qanunsuz yollarla həmin evə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Belə ki, həmin ev məhəllə sakinlərinin asudə vaxtını keçirmək üçün nəzərdə tutulmuş ərazidə inşa olunmuşdur. Bundan əlavə, iddiaçıya giriş-çıxış üçün avtomobil və piyada yolunun verilməsi evin qarşısında olan yaşıllıqların məhv edilməsinə səbəb ola bilər. Ümumiyyətlə isə, həmin ərazidə əvvəllər iddiaçıya məxsus ev olmadığından, heç bir girişçıxış yolu da mövcud olmamışdır. Həmin ev məhəllədə evlər arasında yerləşdiyinə və gedişgəliş yolu olmadığına görə İddiaçı əvvəl evi almaq üçün gələn müştərilər evi almaqdan imtina etmişlər. Buna görə də məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunsa da, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(004)- 1724/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın alqı-satqısına dair 05.04.2016-cı il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X2 Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 7 T saylı evin 1 saylı mənzilini İddiaçı satmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07.04.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın təsdiq olunmuş surətinə əsasən, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 7 T saylı evin 1 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 27 yanvar 2021-ci il tarixli 10/3225 saylı rəyinə əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 7 T saylı evin 1 saylı mənzilinin qarşısında tikililərin (avtodayanacaq, qaraj, kafe və s.) yerləşdiyi müəyyən edilir. Həmin tikililərin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. Bundan əlavə, həmin mənzilə avtomobil yolunun olmadığı, yeganə 12 metr uzunluğunda, 0,90 m enində keçid yolunun olduğunu nəzərə alaraq, mənzilin qarşısında yerləşən iş üzrə cavabdehlərə məxsus tikililərin mənzilin gediş-gəliş yoluna qismən maneçilik törətdiyi müəyyən edilir. Mübahisəli əraziyə məhkəmə tərəfindən yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evinin qarşısında cavabdehlər tərəfindən tikililər inşa olunmuş və hasarlanaraq bağça salınmışdır. Baxış keçirilərkən tikililərin bağlı olduğu və hər hansı məqsəd üçün istifadə olunmadığı, o cümlədən kafe kimi fəaliyyət göstərmədiyi, ərazidə olan avtodayanacağın cavabdehlərə aidiyyətinin olmadığı müəyyən olundu. Baxış zamanı iştirak edən cavabdehlər Cavabdeh1 və X5 bildirdilər ki, məhəllədə salınmış həmin bağçalar sakinlərin asudə vaxtlarını keçirmək üçün nəzərdə tutulmuşdur. Baxış zamanı İddiaçı məxsus evə yalnız ensiz piyada yolunun mövcud olması, avtomobil yolunun olmaması müəyyən edilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında hazırkı mübahisə ilə bağlı iddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə də yazılı şəkildə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 1 saylı mənzili alqı-satqı yolu ilə 2016-cı ildə almasına baxmayaraq, evinin giriş-çıxışına mane olan, iddia edərək sökülməsini tələb etdiyi tikililər Cavabdeh1 tərəfindən 1997-ci ildə inşa olunmuş və ətrafında digər cavabdehlər tərəfindən yaşıllıq sahəsi salınmışdır. Bu da öz növbəsində iddiaçının qeyd olunan mənzili əldə edərkən həmin tikililərin faktiki mövcud olmasından və mənzilinə avtomobil yolunun olmamasından xəbərdar olmasını göstərir. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus olan ev sonradan inşa olunduğuna görə əvvəllər orada avtomobil və piyada yolu olmamışdır. Həmçinin iş materiallarından cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulması müəyyən edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi tikililər uzun müddətdir ki, mövcuddur, həmin tikililər özbaşına tikili olsa da, tikililərin mövcud olmasından xəbərdar olan səlahiyyətli dövlət orqanları tikililərin sökülməsi barədə məsələ qaldırmamış, faktiki olaraq tikililərin mövcudluğu ilə razılaşmışlar. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, işə baxan məhkəmə işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(004)-1724/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pul iddiaçıdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar