Məhkəmə qərarları › İş №2(103)-4810/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4810/2022

05.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4810/2022 05.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi tələbinə dair iş üzrə (Açar sözlər: doğum faktının müəyyən edilməsi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi) Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, Ərizəçi və onun vəkili X5 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(011)- 564/2021 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 31 avqust 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Ərizəçi doğum haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, müvafiq orqanın 23 avqust 2020-ci il tarixli məktubu ilə doğum faktını təsdiq edən sənəd təqdim edilmədiyindən şəhadətnamənin verilməsindən imtina olunmuş, aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. 23 noyabr 2020-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində ərizəçinin anası olduğunu, ərizəçinin Rəhman adlı şəxslə faktiki nikah münasibətindən doğulduğunu, sonra Rəhmanla ayrıldıqlarını, Dəniz anadan olanda onun 44 yaşı olduğunu, imkanı olmadığı üçün sənəd almadığını və qızını məktəbə qoymadığını bildirmişdir. Şahid qismində çıxış edən X8 öz izahatında Ərizəçi onun qızının rəfiqəsi olduğunu, təxminən 10 ildir ki tanış olduğunu, Sabunçu rayonunun E.Mehtiyev küçəsində kirayədə yaşayarkən qonşu olduqlarını, Dənizin Dünyaxanımın qızı olduğunu, təhsil almadığını bildirmişdir. X7 14 may 2021-ci il tarixdə vəfat etmişdir. a) Birinci instansiya məhkəməsində icraat Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində 08 mart 1948-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X2 doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, heç vaxt təhsil almamışdır. Doğulduğu vaxtdan hazırkı vaxtadək o, Bakı şəhərində anası ilə birlikdə kirayədə yaşamışdır. Ərizəçinin anası X7 08 mart 1948-ci ildə Cəlilabad rayonunun Babaxanlı kəndində anadan olmuşdur, təqaüdçüdür. Ərizəçinin atası barədə məlumatı yoxdur, onu heç vaxt görməmişdir, atasının adının Rəhman adlı bir şəxs olduğunu anasından öyrənmişdir. Ərizəçi tibb müəssisəsindən kənarda doğulduğu və o, doğularkən anasına kömək edən həkim olmadığı, anası ərizəçinin doğulması ilə bağlı sənəd almaq üçün həkimə müraciət etmədiyi üçün ərizəçinin doğum faktının qeydiyyata alınması və ona doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Hazırda ərizəçinin 28 yaşı var. Lakin onun doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi yoxdur. Ərizəçi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Onun doğum haqqında şəhadətnaməsi olmadığına görə şəxsiyyət vəsiqəsi də ala bilməmişdir. Məhkəmə tərəfindən 09 fevral 2021-ci il tarixli 2(011)-564/2021 saylı qərardadla məhkəmə tibbi-bioloji ekspertiza təyin olunmuş, ekspertizanın aparılması Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 Təcrübi və Tədris Birliyinə tapşırılmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi MTEvə PA Birliyinin 16 aprel 2021ci il tarixli məktubundan görünür ki, məhkəmə tibbi-bioloji ekspertizasının keçirilməsi üçün təyin olunmuş gün ərzində Ərizəçi X7 ilə birlikdə şöbəyə gəlmiş, lakin ekspertizanın qrup göstəricilərinə görə aparılması üçün ərizəçinin digər valideyni tədqiqatda iştirak etmədiyindən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Ekspert müəssisəsinin imtina məktubunda qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş ərizəçiyə qarşı analıq faktına aid bioloji ekspertiza keçirməklə hər hansı bir fikir söyləmək üçün şəxsin atasının qrup göstəricilərinin tədqiqi mütləqdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(011)-564/2021 nömrəli qətnaməsi ilə (hakim A.N.Həsənova) ərizə rədd edilmişdir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, qanunun tələblərinə görə məhkəmə tibb müəssisəsindən kənarda doğulan uşaqların doğum faktını müəyyən edərkən ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalıdır. Hazırkı iş üzrə ərizəçinin tibb müəssisəsindən kənarda doğulması halı işin hər hansı halı ilə aşkarlanmamışdır. Belə ki, ərizəçi tibb müəssisəsindən kənarda doğulması, doğuşun həkim nəzarətində olmaması səbəbindən hal-hazırkı vaxtadək doğum haqqında şəhadətnamə ala bilməməsini qeyd etsə də, məhkəmə ərizəçinin dəlillərini, eyni zamanda şahidlərin ifadələrini onun tələbinin əsaslılığını göstərən sübut mənbəyi kimi qəbul etməmişdir. Ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 119.1, 217.4, 307.2, 307.2.3, 308-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.3-cü bəndinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Ərizəçi qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər məhkəmə tutarlı və mötəbər sübut deyərkən onun tibb müəssisəsindən kənarda doğulmağı barədə həkim arayışını nəzərdə tutursa, belə bir sənədi olsaydı, onda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməyinə zərurət qalmazdı. Şahidlərin heç birinin ifadəsində tibb müəssisəsindən kənarda doğulmağı faktının əleyhinə fikir səsləndirilməyib. Belə ki, məhkəmədə üç şahid dindirilib. Həmin şahidlərin ifadələrindəki ziddiyyət sadəcə ondan ibarətdir ki, onlardan ikisi Dünyaxanım Ağayevanın anası olduğunu, biri isə nənəsi olduğunu bildirmişdir. Göründüyü kimi, şahid ifadələri arasında zidiyyət sadəcə valideyn(lər)inin kimliyi ilə bağlıdır. Tibb müəssisəsindən kənarda doğulmağı faktı nə həmin şahid ifadələri ilə, nə də ki, digər sübutlarla təkzib olunur. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(103)- 9457/2021 nömrəli qətnaməsi ilə (hakimlər - F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə. Eyvazov və Ş.A.Məmmədova) Ərizəçi apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillərin ziddiyyətli olması da diqqətdən qaçırılmamalıdır. Ərizəçinin vətəndaşlığı olmayan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyində və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhəri Reginonal Miqrasiya İdarəsində qeydiyyata alınması şəffaf olmayan mətləblərə işarə edir və şübhələrdən kənar olaraq şəxsin statusunun və şəxsiyyətinin müəyyən edilməsinə imkan vermir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 217.3, 217.4, 307, 310, 384 və 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iş üzrə 05 may 2022-ci il tarixli 2(102)-1936/2022 saylı qərarı ilə (hakimlər – Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), İ.Xələfov və A.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, işə baxan məhkəmələr şahid kimi dindirilən X3, X9, iddiaçının anası kimi göstərdiyi X4 ifadələrini sübut kimi qəbul etməmiş və bunu kifayət qədər əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, ərizəçinin xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi üçün məhkəmə təkcə onun tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməməli, işin spesifikliyini nəzərə alaraq həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, ərizəçiyə prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməli, onun həm əvvəllər, həm də hazırda yaşadığı yer üzrə, habelə anası kimi göstərdiyi mərhum Dünyaxanım Ağayevanın yaşadığı yer üzrə qonşuların, mənzil istismar sahəsi əməkdaşlarının, sahə polisinin şahid kimi dinidirilməsi, iş üzrə həll olunası məsələ ilə bağlı aidiyyəti dövlət orqanlarına (polis orqanları, tibb müəssisələri) ərizəçi barədə sorğular verilməklə cavablar almaq kimi zəruri əlavə sübutlar təqdim etməyi təklif etməli, həmin sübutları sərbəst əldə etmək mümkün olmadıqda isə bu barədə məhkəmə qarşısında vəsatət qaldırmaq hüququnun olmasını izah etməli idi. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ekspertiza müəssisəsinin ekspertiza keçirməkdən imtnası kifayət qədər əsaslandırılmadığından, həmin məsələnin həlli işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə təkrar ekspertiza keçirilməsini, yaxud genetik ekspertizanın təyin olunması imkanlarını nəzərdən keçirməlidir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat e) Məhkəmə icraatı iştirakçılarının izahatları .Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Xətai rayon Qeydiyyat Şöbəsi ərizə göndərərək onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq Xətai rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 25.4. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Maddə 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Maddə 31.1. Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Maddə 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Maddə 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Maddə 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Maddə 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2-ci məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88-ci isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə şəxslərin qohumluq münasibətlərinin, doğum və s. faktların müəyyən edilməsi, habelə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. (307.2, 307.2.1, 307.2.3, 307.2.11-ci maddələr). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə ərizə rədd olunduğundan qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, ərizə təmin olunmalıdır. İşin yeni apellyasiya baxışı zamanı aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizəçinin anası kimi göstərdiyi şəxs X7 08 mart 1948-ci ildə Cəlilabad rayonunun Babaxanlı kəndində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1981-ci ildə X10 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.1982-ci ildə Hicran adlı uşaqları doğulmuş, lakin X10 hələ uşaq doğulanadək xx.xx.1981-ci ildə vəfat etmişdir. Hicran isə 24 mart 2007-ci ildə vəfat etmişdir. Qeyd olunan hallar Cəliabad rayon Polis Şöbəsinin 21 iyul 2022-ci il tarixli və Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinin 11 avqust 2022-ci il tarixli məktubları, eləcə də sonuncu məktuba əlavə olunmuş vətəndaşlıq vəziyyəti aktlarının surətləri və digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsinin 05 avqust 2020-ci il tarixli məktubundan isə aydın olur ki, xx xxxx 1992-ci il təvəllüdlü vətəndaşlığı olmayan Ərizəçi (himayə sənədi № ***-*******93) 03 iyul 20220-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və 31 may 2021-ci ilədək ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Apellyasiya baxışı zamanı həmçinin ünvan 2 poliklinikasına Ərizəçi tibbi müayinədən keçirilməklə cinsi, yaşı, sağlamlıq vəziyyəti barədə sorğu verilmişdir. Sorğu əsasında müəyyən edilmişdir ki, xx xxxx 1992-ci il təvəllüdlü, qadın cinsli Ərizəçi həmin poliklinikada tibbi qeydiyyatdadır, hal-hazırda praktiki sağlamdır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsində işə baxılarkən ərizəçinin və anası kimi göstərdiyi X4 qohumluq faktının müəyyən olunması, sonuncunun ərizəçinin bioloji anası olmasının müəyyən edilməsi məqsədilə məhkəmə tibbi-bioloji ekspertiza təyin olunsa da, ekspert ana ilə yanaşı atanın da ekspert tədqiqatında iştirakının zərurilini əsas gətirməklə rəy verməkdən imtina etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ekspertin imtinası əsassız olmuş olsa belə hazırda X7 vəfat etdiyindən və digər yaxın qohum müəyyən olunmadığından təkrar məhkəmə tibbi-bioloji ekspertiza, yaxud genetik ekspertiza təyin olunması və keçirilməsi mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza keçirilməsi mümkün olmasa belə iş üzrə toplanmış digər sübutlar və apellyasiya baxışı zamanı müəyyən olunan hallar ərizənin təmin edilməsi və doğum faktının məhkəmə qaydasında müəyyən olunması üçün kifayət edir. İşin apellyasiya baxışı zamanı müəyyən olunan hallarına əsasən ərizəçi qadın cinsinə mənsub olmaqla xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində ev şəraitində anadan olmuşdur, hazırda sağlam olmaqla 7 saylı şəhər poliklinikasında həkim qeydiyyatına götürülmüşdür, ərizəçi nikahı olmayan anadan doğulmuşdur, anası 08 mart 1948-ci ildə Cəlilabad rayonunun Babaxanlı kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı X6r, ana sağlığında ərizəçinin atasının Rəhman adlı şəxs olduğunu bildirmiş, uşağın babasının kim olduğunu söyləməmişdir. X1 və onun haqqındakı məlumatlar işin 10-cu vərəqində olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (seriya AZE № ********) ilə də təsdiq olunur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə müvafiq olaraq nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin siyahısı əksini tapmışdır. Qaydanın 2.6-cı bəndində təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində 08 mart 1948-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X2 doğulması faktı müəyyən olunsun. Doğum haqqında akt qeydində uşağın cinsi “qadın”, anası kimi - 08 mart 1948-ci ildə Cəlilabad rayonunun Babaxanlı kəndində anadan olmuş və 14 may 2021-ci ildə ölmüş Azərbaycan Respublikasının vətəndaşı X7, atası kimi - “Ağayev Rəhman” qeyd edilsin. Qətnamənin icrası Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə həvalə olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar