Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4810/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs4 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1, Xızı rayon Dövlət Notariat Ofisi, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 maraqlı şəxs qismində işə cəlb etməklə “müqavilənin bağlanması və qüvvədə olması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1577/2025 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1, Xızı rayon Dövlət Notariat Kontorunu, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 maraqlı şəxs qismində işə cəlb etməklə ərizə və onun dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs3, Maraqlı şəxs4, X6 və Maraqlı şəxs5 arasında “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsindəki payların alqı-satqısına dair müqavilənin xx.xx.2005-ci il tarixdə bağlanılması və hazırda qüvvədə olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Xızı Rayon Dövlət Notariat Kontorunda xx.xx.2005-ci il tarixdə bağlanmış müqavilənin əslini tapa bilmədiyi üçün müqavilənin təsdiq olunmuş surətinin götürülməsi üçün ərizə ilə Maraqlı şəxs1nə, Xəzər rayon Dövlət Notariat Ofisinə və Bakı şəhəri 9 saylı Notariat Ofisinə müraciətlər olunmuş, həmin müraciətə cavab olaraq 3M/11 reyestr nömrəli, xx.xx.2005-ci il tarixli müqavilənin Xızı rayon dövlət notariat ofisinin arxivində aşkar edilmədiyi və müraciətin Xızı rayon notariat ofisinin notariusuna və ya Notariat Baş İdarəsinin arxivinə ünvanlanması bildirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli, 3-16- 5/6-13-M-229-6/24 nömrəli məktubunda isə Xızı rayon Dövlət notariat ofisində 2005-ci ildə rəsmiləşdirilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrin arxivə təhvil verilmədiyi bildirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-1577/2025 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Həmin qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi apellyasiya şikayətini ərizənin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə etmiş və ərizənin, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs4 müqavilə predmetini təşkil edən əmlakın 5 nəfərin paylı mülkiyyətində olduğunu, həmin əmlakın şirkətlə heç bir əlaqəsinin olmadığını və hazırda ərizədə qeyd edilmiş müqavilə ilə həmin əmlakın ərizəçiyə verilməsini, lakin sonrakı proseslərin davam etdirilməməsini, işə birinci instansiya məhkəməsində baxılan zaman ərizənin təmin edilməsinə etiraz etmədiyini və bu barədə məhkəməyə ərizə təqdim etdiyini, hazırda da eyni mövqedə olduğunu bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən maqraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1, Xızı rayon Dövlət Notariat Ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Maraqlı şəxs3 və Maraqlı şəxs5 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə bu tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1577/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır; 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 387.2.8-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq işə iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 13-cü bəndinə əsasən məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib edilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmə kollegiyası işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, həm ərizəçi, həm də Maraqlı şəxs4 müqavilənin bağlanması faktının müəyyən edilməsinin “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsinin balansında olmaqla ünvan 2 ünvanında yeləşən 249,50 kv.m qeyri-yaşayış sahəsinin ərizəçinin mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün lazım olduğunu bildirirlər. Bununla bağlı nəzərə alınmalıdır ki, Maraqlı şəxs4 və ortaqlarının tam ortaqlı “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsi xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin müəssisənin təsisçiləri Maraqlı şəxs4 Camaləddin oğlu (79,60%), Maraqlı şəxs5 Böyükağa oğlu (5,10%), X6 (5,10%), Maraqlı şəxs3 (5,10%) və Ərizəçi (5,10%) olmuşdur. Ərizəçinin bağlanması və hazırda qüvvədə olması faktının müəyyən edilməsini tələb etdiyi müqavilənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən qeyd edilən 4 təsisçi həmin müəssisədə olan paylarını xx.xx.2005-ci il tarixdə 15.000.000 manata ərizəçiyə satmışdılar. 2007-ci il tarixdə həmin müəssisənin bazasında "xxxx" MMC yaradılmış (cəmiyyət müəssisənin hüquqi varisidir) və cəmiyyətin təsisçisi məhz Ərizəçi olmuşdur. Cəmiyyətin 2015-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə (2-ci redaksiya) əsasən 100 % pay hüququ ilə Cəmiyyətin təsisçisi Maraqlı şəxs4dur. Bununla belə, göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, xx.xx.2005-ci il tarixli müqavilə bağlanmışdırsa da, ərizəçinin 2007-ci ildə həmin müəssisənin hüquqi varisi olan "xxxx" MMC-nin təkbaşına təsisçisi olması ilə həmin müqavilədən irəli gələn hüquqi nəticələr artıq əldə edilmişdir. Digər tərəfdən “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsinin nizamnamə kapitalını (fondunu) 14.854.500 manat dəyərində əmlak təşkil etsə də, onun hüquqi varisi olan cəmiyyətin nizamnamə kapitalı hər biri 1 manat olmaqla, 2.971 paydan ibarətdir. Başqa sözlə, ən azı ərizəçinin təkbaşına təsisçisi olduğu 2007-ci ildən etibarən nizamnamə kapitalına pay hər hansı daşınmaz əmlak formasında deyil, pul şəklində qoyulmuş, hər hansı daşınmaz əmlakın cəmiyyətin balansında olması isə ümumiyyətlə müəyyən edilmir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, ərizəçinin istinad etdiyi əmlak (ünvan 2 ünvanında yeləşən 249,50 kv.m qeyri-yaşayış sahəsi) hazırda vaxtı ilə “İnşaat Təmir- Tikinti və İstehsal” müəssisəsinin ortaqları olmuş Maraqlı şəxs4 Camaləddin oğlunun, Maraqlı şəxs5 Böyükağa oğlunun, X3, Maraqlı şəxs3 və ərizəçinin ümumi birgə mülkiyyətindədidir. Həmin şəxslərin öz paylarını mülki qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəçinin xeyrinə özgəninkiləşdirilməsinə hər hansı maneənin olması müəyyən edilmir. Əksinə ərizənin təmin edilməsi mövqeyindən çıxış etməklə və birinci instansiya məhkəməsinə bu barədə yazılı ərizə təqdim etməklə həmin payçılar bu istiqamətdə iradə ifadəsinin bildirilməsində hər hansı maneənin olmadığını təsdiq etmişlər. Bununla belə, qeyri-yaşayış sahəsinin ərizəçinin mülkiyyətinə keçirilməsi qaydası qanunvericilikdə müəyyən edilmiş və bu baxımdan xx.xx.2005-ci il tarixdə bağlanılması iddia edilən müqavilənin yenidən eyni məzmunda bağlanılması mümkün olduğu təqdirdə, bu faktın məhkəmə qaydasında təsdiqinin zərurəti anlaşılan olmadığı kimi qanuni də hesab edilə bilməz. Nəticə etibarı ilə hazırki ərizəyə məhkəmə qaydasında baxılması üçün hər hansı hüquqi əsas yoxdur. Qeyd edilənlər də öz növbəsində ərizəyə məhkəmə qaydasında baxılmasını istisna etməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə icraatına xitam verilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları nəzərə almamış və işə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmaqla aidiyyəti hüquq normalarının tələblərini pozmuşdur. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1577/2025 saylı qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261- 264, 384-cü, 387-ci, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1577/2025 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1, Xızı rayon Dövlət Notariat Ofisi, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 maraqlı şəxs qismində işə cəlb etməklə “müqavilənin bağlanması və qüvvədə olması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4810/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4810/2025
25.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver