Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4811/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, X6 və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qəbul etdiyi 2(005)-69/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsində yerləşən 106/44a nömrəli evin 36 nömrəli mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsində yerləşən 106/44a nömrəli evin 36-cı mənzilini hərracın keçirilməsi nəticəsində əldə etmişdir və müvafiq sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edərək həmin mənzilin mülkiyyət hüququ əsasında ona məxsus olması barədə xx xxxxxxx 2018-ci il tarixli çıxarış almışdır. O, özünə məxsus olan mənzili icarəyə vermiş və notariat kontorunda icarə müqaviləsi bağlayan zaman ona məlum olmuşdur ki, Cavabdeh həmin mənzildə qeydiyyatdadır. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması onun xüsusi mülkiyyətində olan mənzilinə sərəncam vermək hüququnu məhdudlaşdırır. Bundan başqa, o cavabdehin yerinə hər ay əlavə kommunal xidmət xərclərini ödəmək məcburiyyətində qalır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-69/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 106/44a, 36 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə razı deyil, qanunsuz, ədalətsiz, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməlidir. Qeyd etmişdir ki, sözügedən ünvana mülkiyyətçilər arasında mövcud olan mübahisə hələ də bitməmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2020ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən iddiaçının nümayəndəsi və vəkili hazırki işə cavabdehin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli xx xxxxxxx 2018-ci il tarixli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 106/44a, 36 nömrəli mənzil İddiaçı adına qeydiyyatdan keçirilmişdir. “Elektron notariat” X1 Çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 106/44a, 36 nömrəli mənzildə Cavabdeh qeydiyyatdadır. xx xxxxxxxx 2018-ci il tarixli, 47/01 nömrəli hərracın yekunları barədə protokola əsasən X5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 106/44a, 36 nömrəli mənzil hərracın keçirilməsi nəticəsində tələbkar İddiaçı tərəfindən əldə edilmişdir. Bununla bağlı brinci instansiya məhkəməsi iddiaçının müqavilənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etdiyinə, lakin cavabdehin mənzildə yaşamadığı üçün həmin evdə istifadə hüquqlarını itirdiyinə və onun həmin mənzildə formal olaraq qeydiyyatda qalmasına əsaslanaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Belə ki, Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Məcəllə nəzərdə tutur ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (157.4). Daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür (646.1). Daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestirində qeydiyyat anından keçir (647.2). Bundan başqa Mülki Məcəlləyə əsasən mülkiyyət hüquqları ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir (158.1.2, 158.3, 158.4, 228.4). Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mənzildə formal istifadə hüquqlarının olması (onların mənzildə qeydiyyatda qalmaları) iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin dəlillər qətnamənin ləğvi və iddianın rədd olunması üçün əsas vermir. Eyni zamanda cavabdehin apellyasiya şikayətində və ayrıca verdiyi vəsatətdə göstərdiyi “sözügedən ünvana dair mülkiyyətçilər arasında mübahisə olduğundan hazırki mülki işə baxılmasının dayandırılması” barədə dəlilini məhkəmə kollegiyası bu qətnamənin əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-69/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 5 (beş) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2(103)-4811/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4811/2020
10.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver