Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4811/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəbbət oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1315/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən mənzili 30 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır, mülkiyyətçisidir. Mənzil Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən hüquqi qeydiyyatdan keçirilərək 08 noyabr 2019-cu il tarixdə müvafiq olaraq onun adına çıxarış verilmişdir. Cavabdehlər həmin mənzildə yaşamır, mənzili satdıqdan sonra tərk edərək getmişlər və mənzildə cavabdehlərə aid heç bir əşya və əmlak qalmamışdır. Cavabdehlər qeydiyyatdan çıxacaqlarını bildirsələr də, uzun müddət keçməsinə baxmayaraq, qeydiyyatdan çıxmamışlar, cavabdehlərin formal pasport qeydiyyatı hələ də qalmaqdadır. Cavabdehlərin harada yaşaması ona məlum deyildir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1315/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil 3 otaqdan ibarətdir, otaqlardan 1-nə dair çıxarış, 1-nə dair sərəncam və digər otağa dair isə order mövcuddur. Onlar iddiaçıya çıxarışı olan 1 otağı satmışlar və digər otaqlarda onlar ailə üzvləri ilə birgə yaşayırlar. Məhkəmə iclasında iştirakı edən cavabdehlər apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Əlavə olaraq bildirmişlər ki, mənzillər hər ikisi eyni ünvan altında yerləşir. Onlar özlərinə aid mənzildə qeydiyyatdadırlar. Məhkəmə iclasında iştirak edən iddiaçı isə şikayətin əsassız olduğunu bildirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, onun mənzili 1 otaqdan ibarətdir, mənzilin ayrıca giriş-çıxışı var, ona məxsus otaq vaxtı ilə iddiaçılar tərəfindən ayrılıb satılmış, hazırda iddiaçılar özlərinə aid mənzildə yaşayırlar. Həmçinin həm onun, həm də iddiaçıların mənzili eyni ünvan altında yerləşir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri 32 saylı Notariat Ofisində 30 oktyabr 2019-cu il tarixdə bağlanmış AN-İ seriyalı, № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 3, 30 saylı ümumi sahəsi 13 kv.m mənzilini İddiaçı satmışdır. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 3, 30 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 08.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan “Elektron notariat” X1 07.10.2020-ci il tarixli Çıxarışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, ev 3, 30 saylı mənzildə daimi qeydiyyatdadırlar. Mülki işin materiallarında olan Cavabdeh1 və Cavabdeh2 28.10.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar X2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 3 ünvanında yerləşən 30 saylı mənzilin ümumi sahəsi 13 kv.m 1 (bir) otağının satılmasına etiraz etməmişlər. Həmçinin apellyasiya baxışı zamanı təqdim edilmiş 27 dekabr 2013-cü il tarixli Sərəncamdan görünür ki, Cavabdeh2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 3 saylı evin 35 kv.m. olan 2 otaqlı 30 saylı mənzilin icarədarı hesab edilmişdir. İddiaçı məhz sözügedən ev üzərində hüquqlarının olduğunu iddia etmiş və hazırkı apellyasiya baxışının predmeti olan tələbi irəli sürmüşdür. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla kollegiya hesab edir ki, Əli Naşırovun hazırki apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 3, 30 saylı mənzilin yalnız ümumi sahəsi 13 kv.m 1 otağı İddiaçı satılmış və bu barədə ona müvafiq Çıxarış verilmişdir. Həmin mənzilin digər iki otağı isə yuxarıda qeyd olunduğu kimi cavabdehlərə məxsusdur; bu isə o deməkdir ki, cavabdehlərin həmin evə istifadə hüquqlarının itirilməsini tələb etmək barədə iddianı tələb hüququ olmayan şəxs olaraq verən iddiaçının müvafiq subyektiv hüququ mövcud deyildir. Kollegiya onu da qeyd edir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Bununla belə kollegiya iddiaçıya izah edir ki, hazırki mübahisə iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 3, 30 saylı mənzilin yalnız ümumi sahəsi 13 kv.m 1 otağını aldıqdan sonra həmin mənzilin ünvanının dəyişməməsindən yaranmışdır. Belə ki, faktiki olaraq eyni ünvanda iki mənzil mövcuddur və həmin mənzili biri iddiaçıya, digəri isə cavabdehlərə məxsusdur. Buna görə də, iddiaçı aidiyyəti orqana müraciət edərək mənzilinin ünvanını dəyişdirməlidir. Bununla da tərəflər arasında yaranmış mübahisəyə də son qoyulacaqdır. Şərh olunanları nəzərə almaqla kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Kollegiya xüsusilə qeyd edir ki, qətnaməni yalnız Cavabdeh2 mübahisələndirsə də qətnamə digər cavabdehə münasibətdə də ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1315/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunmaqla iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi, habelə apellyasiya şikayətlərii üzrə ödənilmiş dövlət rüsumları onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4811/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4811/2021
02.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver