Məhkəmə qərarları › İş №2(103)-4814/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4814/2020

18.08.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4814/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-89/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 100 saylı evin birinci mərtəbəsində yerləşən hamamdan İddiaçı və onun ailə üzvlərinin istifadə etməsinə maneələrin (hamamın giriş qapısının əvvəlki vəziyyətinə qaytarılması) aradan qaldırılması və zəbt edilmiş hamamın boşaldılaraq İddiaçı təhvil verilməsi, evin ümumi istifadədə olan hissələrində (qeyriyaşayış sahəsində) qanunsuz tikinti işlərinin dayandırılması və həmin hissələrin boşaldılaraq evin sahə mülkiyyətçilərinə təhvil verilməsi vəzifəsinin Cavabdeh öhdəsinə qoyulması, evin ümumi istifadədə olan hissələrindən (zirzəmi də daxil olmaqla) istifadə qaydasının müəyyənləşdirilməsi, habelə cavabdeh tərəfindən iddiaçıya vurulmuş 1000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-89/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili X3 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 100 saylı evdə yerləşən ümumi sahəsi 24,9 kv.m olan mənzil iddiaçının, həmin evin 5 saylı mənzili isə cavabdehin mülkiyyətindədir. Mübahisə həmin yaşayış evinin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi (hamam) ilə bağlıdır. Oktyabr rayonu X2 İH-nin xx.xx.1991-ci il tarixli qərarı ilə Cavabdeh hamamın inşasına icazə verilmişdir. İddiaçı bildirir ki, onun və ailə üzvlərinin istifadəsindəki sahəsi 5 kv.m olan hamam eyni ünvanda 5 saylı mənzildə yaşayan Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Sözügedən hamama daxil olan kommunikasiya (elektrik enerjisi və su) xətləri ona məxsusdur. Cavabdeh öncə hamamın açarını əldə etmiş, xx xxxx 2019-cu il tarixdə isə hamamın giriş qapısını söküb çıxartmış, orada olan ona məxsus əşyaları bayıra atmış və çıxarılmış qapının yerini taxta arakəsmə ilə bağlamışdır. Hal-hazırda o, keçən əsrin 60cı illərindən yalnız onun ailə üzvlərinin istifadəsində olmuş həmin hamamdan istifadə edə bilmir. Əlavə olaraq cavabdeh sözügedən evin ümumi istifadədə olan həyətində özbaşına olaraq qanunsuz tikinti işləri aparır, evin zirzəmisindən mağaza kimi istifadə edir ki, nəticədə cavabdeh həm onun, həm də həmin evdə yaşayan digər mülkiyyətçilərin hüquqlarını və qanunla qorunan mənafelərini pozur. Halbuki, həmin ərazilər sözügedən evin bütün mülkiyyətçilərinə aiddir və onlar ümumi istifadədə olan hissələrdən bərabər şəkildə istifadə etməlidirlər. O, cavabdehdən etdiyi qanunsuz hərəkətlərin dayandırılmasını dəfələrlə tələb etmiş, məsələnin həlli ilə bağlı müvafiq dövlət qurumlarına şikayətlər etmiş, lakin bütün bunlara baxmayaraq, cavabdeh iddiaçının qanuni tələb və etirazlarına məhəl qoymamışdır. Cavabdeh özbaşına ümumi həyəti özəlləşdirib qanunsuz tikinti işləri aparır, evin zirzəmisindən mağaza kimi istifadə edir və evin altında mebel sexi işlədir. Cavabdehiddiaya etiraz edir və bildirir ki, o, rəsmi icazələr almaqla hamamı inşa etmiş və mənzilin daxilində təmir işləri aparmışdır. Hamam heç vaxt iddiaçıya məxsus olmayıb, pilləkəni sökməyib və evin ümumi istifadəsində olan sahələr mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı tərəfindən 5 tələb irəli sürülmüşdür:

1. mübahisəli hamamdan istifadə edilməsinə maneələrin aradan qaldırılması;

2. mübahisəli hamamın boşaldılaraq iddiaçıya təhvil verilməsi;

3. ümumi istifadədə olan həyətdə və qeyri-yaşayış sahəsində qanunsuz tikinti işlərinin dayandırılması;

4. evin ümumi istifadədə olan hissələrindən (zirzəmi də daxil olmaqla) istifadə qaydasının müəyyənləşdirilməsi;

5. mənəvi zərərin ödənilməsi. Kollegiya qeyd edir ki, birinci və üçüncü iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddənin məzmunundan da görünür ki, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır:

1. Mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı;

2. Cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli;

3. Həmin hərəkətlər hüquqazidd olmalıdır. Hazırkı işdə isə həmin maddənin dispozitiv şərtləri mövcud deyildir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixli, 17949 nömrəli rəyi verilmişdir. Həmin rəyə əsasən aşağıdakılar müəyyən edilmişdir: - mübahisəli hamam tikilisinin sahəsi 2,70 kv.m, h=1,65m və 2,20 kv.m, h=1,65m təşkil edir, lakin həmin tikililərin inşa olunma müddətinin müəyyən edillməsinə dair metodika olmadığından qərardadın birinci sualının ikinci hissəsi üzrə tədqiqat aparılmadı. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, 100 saylı ünvana dair mülki iş materialında texniki pasport olmadığından Oktyabr rayonu X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/5 nömrəli qərara uyğun olaraq inşa edilib edilmədiyini dəqiqliklə müəyyən etmək mümkün deyildi. Lakin mülki iş materialında Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, 100 saylı ünvanda yerləşən mənzilə dair 42 saylı MKİS tərəfindən xx.xx.1993-cü il tarixdə tərtib olunmuş plan sxemdə mübahisəli hamam tikilisinin öz əksini tapdığı müəyyən edilmişdir. Tədqiq olunan, hamam tikilisinə su, qaz və elektrik xətləri Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, 100 saylı ünvanda yerləşən mənzilin daxilindən keçdiyi müəyyən olunmuşdur. Mübahisəli hamam tikilisi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, 100 saylı evin texniki pasportunda göstərilən sahələrdə öz əksini tapmadığından, mübahisəli hamam tikilisinin İddiaçı mülkiyyətində olan sahələrinin sərhədləri daxilində yerləşmədiyi müəyyən edilir. Tədqiq olunan Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, 100 saylı ünvanda yerləşən mübahisəli hamam tikilisindən başqa İddiaçı və Cavabdeh yaşadıqları mənzilin daxilində hamam tikililərinin olmadığı müəyyən edilmişdir. Mülki iş materiallarında Cavabdeh məxsus texniki pasport olmadığından qapının yerinin dəyişdirilib-dəyişdirilmədiyini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Lakin mülki iş materiallarında Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, 100 saylı ünvanda yerləşən mənzilə dair 42 saylı MKİS tərəfindən xx.xx.1993-cü il tarixdə tərtib olunmuş plan sxemdə mübahisəli hamam tikilisinin qapı boşluğu faktiki vəziyyətə uyğun gəldiyini nəzərə alaraq, qapının yerinin dəyişdirilmədiyi müəyyən edilir. Tədqiq olunan Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, 100 saylı ünvanda yerləşən binanın ümumi istifadəsində olan sahə üzrə texniki pasportda olan məlumatlarla müqayisə aparıldıqda texniki pasportun məlumatlarında öz əksini tapmayan hər hansı bir tikilinin əlavə inşa olunmadığı müəyyən edilir. Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, 100 saylı evə məxsus zirzəmi tikilisinin 11,8 kv.m, h=2,65m ölçüdə olduğu müəyyən edilmişdir. Zirzəmi tikilinin mülki iş materialında İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, 100 saylı evin texniki pasportunun və mülki iş materialında Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, 100 saylı ünvanda yerləşən mənzilə dair 42 saylı MKİS tərəfindən xx.xx.1993-cü il tarixdə tərtib olunmuş plan sxemdə öz əksini tapmadığı müəyyən edilmişdir. Zirzəminin 42 saylı MKİS-in plan sxemdə əksini tapmaması ilə bağlı cavabdehin vəsatəti əsasında ekspert birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasına dəvət olunmuş və ekspert bildirmişdir ki, plan sxemdə yarımçıq sahə yazıldığı üçün o, həmin sahəni zirzəmi kimi nəzərə almamışdır. Amma sxemə nəzər saldıqda görünür ki, otaqdan pilləkən zirzəmiyə düşür və buradan aydın olur ki, bura cavabdehin sahəsidir. Göründüyü kimi ekspert rəyi ilə mübahisəli hamam tikilisinin iddiaçının mülkiyyətində olan mənzilin texniki pasportunda göstərilən sahələrdə öz əksini tapmadığı və onun mülkiyyətində olan sahələrin sərhədləri daxilində yerləşmədiyi, həmçinin mübahisəli ünvanda yerləşən binanın ümumi istifadəsində olan sahələrdə hər hansı bir əlavə tikilinin inşa olunmadığı müəyyən edilmişdir. Bu baxımdan kollegiya qeyd edir ki, hazırki işdə Mülki Məcəllənin 157.4-cü maddəsində göstərilən şərtlər mövcud deyildir. Ona görə də iddiaçı tərəfindən irəli sürülmüş birinci və üçüncü iddia tələbləri rədd edilməlidir. İkinci iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə birinci şərtin mövcudluğu təsdiq olunmur. Belə ki, yuxarıda qeyd olunan ekspert rəyinə əsasən mübahisəli hamam tikilisinin iddiaçının mülkiyyətində olan sahələrinin sərhədləri daxilində yerləşmədiyi müəyyən edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə də iddia tələbləri rədd edilməlidir. Həmçinin mübahisəli evin ümumi istifadədə olan hissələrindən (zirzəmi də daxil olmaqla) istifadə qaydasının müəyyənləşdirilməsi barədə dördüncü iddia tələbləri də əsassızdır. Belə ki, Mənzil Məcəllənin 35.1 və 35.2-ci maddələrindən müəyyən olunur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur və çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik və ondan istifadə etmək hüquqlarına malikdirlər. Bu baxımdan kollegiya hesab edir ki, həmin sahələrə (mənzillər arası dəhlizlər, pilləkən, zirzəmi və s.) istifadə qaydalarının müəyyən edilməsi həm hüquqi, həm də faktiki baxımdan düzgün deyildir. Eyni zamanda kollegiya qeyd edir ki, yaşayış binasının tərkib hissəsinin hər hansı biri və ya bir neçə mülkiyyətçisi ümumi istifadədə olan sahələri zəbt etdiyi halda, hüquqları pozulmuş digər mülkiyyətçilər bunun aradan qaldırılması barədə tələb irəli sürmək hüququna malikdirlər. Lakin hazırki işdə iddiaçı bu hallara istinad etsə də, ümumi istifadədə olan sahələrdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbini deyil, istifadə qaydalarının müəyyən edilməsi tələbini irəli sürmüşdür. Məhkəmənin isə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən iddia tələblərindən kənara çıxmaq səlahiyyəti yoxdur. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbləri də rədd edilməlidir. Beşinci iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələri təşkil edir. Həmin maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki iddiaçı ümumiyyətlə ona mənəvi zərərin vurulmasına səbəb olan cavabdehin qanunsuz hərəkətlərinin təsdiqi barədə mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-89/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Cahangir Yusifov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar