Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4817/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(011)-1803/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə X10 xx.xx.2015-ci li tarixdə nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X12 doğulmuşlar.
2. Borc verən Cavabdeh ilə borc alan X15 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 30.000 manat kredit vermiş, borc lan krediti xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
3. Cavabdeh, Əliyev Sahib və Məmmədov Şamil tərəfindən imzalanmış aktda göstərilmişdir ki, İbişov X9 Sahib Hacı oğluna 35.000 manat verərək nəvəsi Orxanın 543 nömrəli evini aldı.
4. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən X7 ailə tərkibi 4 nəfər olmaqla (özü, arvadı və iki uşağı) ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzillə təmin edilmiş, sonradan “D” blokunda yerləşən 511 və 534 saylı mənzillərə dair müqavilələr dəyişdirilərək, xx.xx.2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən D/543 ünvanında yerləşən 2 otaqlı mənzil ailə tərkibi 4 nəfər olmaqla X1 müvəqqəti istifadəsinə verilmişdir.
5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 4145/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X7 qarşı iddiası təmin olunaraq iddiaçının azyaşlı övladları xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X12 ilə ünvan 4 blokunda yerləşən 511 saylı mənzilə köçürülmələri qət edilmişdir. Həmin mənzil sonradan 543 saylı mənzil ilə dəyişdirildiyindən, qətnamənin icrası mümkün olmamışdır.
6. xx.xx.2020-ci il tarixli Xüsusi Təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinə əsasən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən ünvan 4 blokunda yerləşən 543 saylı mənzil kirayəçi X1 müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Kirayəçinin ailə üzvləri İddiaçı (həyat yoldaşı), X11 (övladı) və X8r (övladı).
7. X1 imzası notarial qaydada təsdiq edilməklə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, O.Sahibli bildirmişdir ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzildən imtina etmişdir. Gələcəkdə mənzilə dair iddia, ev tələbi, məhkəmə mübahisəsi olmayacaqdır
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 148/2023 nömrəli qətnaməsi ilə İddiaçı yetkinlik yaşına çatmayan övladları - xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 4 blokunda yerləşən 543 saylı mənzilə köçürülmələri qət edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı və onunla birlikdə yaşayan azyaşlı övladlarının sözügedən mənzilə istifadə hüququ yaranmışdır.
9. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(011)-148/2023 nömrəli qərardadı ilə Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-148/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qətnamənin onun hüquq və vəzifələrinə toxunması barədə sübutlar əlavə edilmədiyindən geri qaytarılmışdır.
10. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Füzuli rayonundan məcbur köçkün Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır, ünvan 4 blokunda yerləşən 543 saylı mənzildə faktiki olaraq məskunlaşmışdır.
11. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 235 saylı arayışından görünür ki, Füzuli rayonundan məcburi köçkün Cavabdeh ünvan 5 ünvanında ailə üzvləri: Güllər Səfiyarova, Ülvi İbişov, Nurlan Eldarzadə, Ayişə İbişova, Aytən Eldarzadə, Ümid İbişov, Murad İbişov, Ayxan Eldarzadə ilə birlikdə 2018-ci ildən etibarən Sahibli Orxana məxsus evdə qeydiyyatsız yaşayır.
12. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, X10 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində məcburi köçkün kimi ona verilmiş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən hündürmərtəbəli yaşayış kompleksi, D bloku, 543 saylı mənzildən imtina etdiyindən onunla bağlanılmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi etibarsız hesab edilmişdir. Cavabdeh və ailə üzvləri 543 nömrəli mənzili zəbt edərək qeyri-qanuni məskunlaşıblar.
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Cavabdeh qarşı qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birgə ünvan 4 blokunda yerləşən 543 saylı mənzildən çıxarılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 qarşı Bakı Şəhəri Xətai Rayon Məhkəməsində mənzilə köçürmə barədə iddia qaldırmışdır. Məhkəmənin 2(011)- 4145/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş, onun və azyaşlı övladları X11 və X2 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/20348 saylı, məhəllə D blokunda yerləşən 511 saylı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir və həmin ilin dekabr ayında icraya yönəlmişdir. İddiaçı hal-hazırda atasına məxsus İsmayıllı rayonu Xankəndi kəndində yerləşən kiçik və darısqal evdə azyaşlı övladları ilə yaşamaq məcburiyyətində qalmışdır. Onlar üçün həmin evdə yaşamaq çox çətindir. Ev darısqaldır, qardaşları və bacıları da həmin evdə yaşayırlar. İddiaçı qeyd olunan evdə uşaqlarının tərbiyəsi ilə məşğul ola bilmir, onlar psixoloji cəhətdən pozulmaq təhlükəsi qarşısındadır. Dəfələrlə Xətai rayon İcra və Probasiya şöbəsinə müraciət etmişdir. Bütün müraciətləri baxılmamış qalmışdır. Xətai Rayon Məhkəməsində mülki işə baxılarkən məhkəmənin sorğusuna cavab olaraq Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Xətai rayonu üzrə sektoru tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli A-1174 nömrəli arayışda onun və övladlarının Xətai rayonu, Telnov küçəsi, D/511 ünvanda qeydiyyatda olduqları göstərilmişdir. Yenidən xx.xx.2020-ci il tarixli 1115 nömrəli AR Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışda onun həmin 511 nömrəli mənzildə yaşadığı qeyd edilmişdir. Bununla əlaqədar iddiaçı yenidən Xətai Rayon Məhkəməsində iddia qaldıraraq onun övladları ilə birlikdə Xətai rayonu, Telnov küçəsi, 2347/2348 saylı məhəllə, D bloku, 543 nömrəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2(011)-148/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. Həmin qətnamə icraya yönəldikdən sonra qeyd olunan mənzildə qeydiyyatsız və heç bir əsas olmadan yaşayan Cavabdeh qeyd olunan qətnamədən şikayət vermiş, qətnamənin ləğvini tələb etmişdir. Lakin məhkəmənin 2(011)- 148/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Şikayətin geri qaytarılması üçün əsas ondan ibarət olmuşdur ki, həmin mənzildə yaşaması üçün heç bir hüququ əsas yoxdur və həmin qətnamədə göstərilən hallar onun hüquqlarına toxunmur. Cavabdeh hal-hazırda da həmin mənzildə yaşamağa davam edir və onun mənzilə köçürülməsinə maneçilik törədir. Hesab edir ki, heç bir hüquqi əsası olmadan onun köçürülməyi barədə qətnamə qəbul edilmiş mənzildən Cavabdeh çıxarılmalıdır.
15. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia iddia vermək hüququ olmayan şəxs tərəfindən, həmçinin iddia müddəti ötürülməklə verilmişdir. Mübahisəli mənzil xüsusi təyinatlı mənzil olmaqla Azərbaycan Respublikasının Qaçqınların və X5 Üzrə Dövlət Komitəsinin balansındadır. Həmin mənzillə bağlı İddiaçı keçmiş əri X10 ilə Azərbaycan Respublikasının Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi arasında bağlanmış müqavilə X1 xx.xx.2021-ci il tarixli Notarial qaydada təsdiq olunmuş ərizəsi əsasında mənzildən imtina edtməsi ilə əlaqədar onunla bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi etibarsız hesab edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin işə baxan zaman məhkəmə prossual qanunvericiliyin tələblərini pozmuş, mübahisəli mənzil balansında olan Azərbaycan Respublikasının Qaçqınların və X5 Üzrə Dövlət Komitəsini maraqlı şəxs qismində prossesə cəlb etməmiş, bunula da Dövlət mənafeyinə ziyan vurmuşdur. Mübahisəli mənzilin Azərbaycan Respublikasının Qaçqınların və X5 Üzrə Dövlət Komitəsinin balansında olması barədə məhkəməyə arayış təqdim edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir.
16. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
17. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(011)- 1803/2024 nömrəli qətnaməsi ilə (hakim A.A.Abdullayeva) iddia qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/2348 saylı məhəllədə, D blokunda yerləşən 543 saylı mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı X10 ilə 2015ci ildə nikaha daxil olaraq ailə qurmuşdur və onların birgə nikahlarından Əsnad və Eşqin adlı iki övladları anadan olmuşdur. Onlar Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/2348 saylı məhəllədə “D” blokunda yerləşən 511 saylı xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin edilmişlər. Sonradan “D” blokunda yerləşən 511 və 543 saylı mənzillərə dair müqavilələr dəyişdirilərək, xx.xx.2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 4 blokunda yerləşən 543 saylı, 2 otaqlı mənzil onların istifadəsinə verilmişdir. Xüsusi Təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi X10 ilə bağlanılmışdır.
19. X10 ilə İddiaçı arasında mübahisəli mənzilə köçürülmə ilə bağlı məhkəmə mübahisələri olmuşdur və qanuni qüvvəsini almış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4145/2020 saylı, xx.xx.2020-ci il tarixli və 2(011)-148/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, İddiaçı mübahisəli mənzildən istifadə hüququ vardır və İddiaçı həmin mənzilə övladları ilə birlikdə köçürülməlidir.
20. Cavabdeh iddia tələblərinə qarşı irəli sürdüyü etiraza münasibətdə məhkəmə qeyd etmişdir ki, sözügedən mənzil xüsusi təyinatlı yaşayış sahəsi olmaqla X7 müvəqqəti istifadə üçün verilmişdir və sonuncunun həmin mənzilə öz istəyinə uyğun sərəncam vermək və mənzili özgəninkiləşdirmək kimi səlahiyyətləri olmamışdır.
21. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən də görünür ki, Cavabdeh və ailə üzvləri 543 nömrəli mənzili zəbt edərək qeyri-qanuni məskunlaşıblar.
22. Bununla da iddiaçının yaşayış sahəsindən məhrum olunması qanunsuzdur. Məhrum etmə o halda qanuni ola bilərdi ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə cavabdehin mübahisələndirilən mənzilə iddiaçıya münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Əksinə, tərəflərin izahatları və iş materialları ilə təsdiq olunur ki, iddiaçının mübahisəli sahəyə istifadə hüquqları yaranmışdır, cavabdeh isə sahəni qanunsuz zəbt etmişdir.
23. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququnun olması qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiq edildiyindən, Cavabdeh isə mübahisəli sahənin üzərində qanuni sahiblik hüquqlarını təsdiq edən hər hansı mötəbər sübut təqdim etmədiyindən, iddia tələbləri Cavabdeh mübahisəli sahədən çıxarılması hissəsində təmin edilməlidir.
24. Məhkəmə həmçinin “cavabdehin ailə üzvlərinin mənzildən çıxarılması” barədə iddia tələbini araşdıraraq qeyd etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir.
25. Belə ki, cavabdehin ailə üzvlərinin siyahısı iddiada dəqiq göstərilmədiyindən, yəni həmin tələb qeyri-müəyyən olduğundan, cavabdehin ailə üzvlərinin mənzildən çıxarılması hissəsində iddia tələbləri təmin edilməməlidir.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Mülki Məcəllənin 11.1-ci, Mənzil Məcəlləsinin 60.1, 60.2, 68.1, 68.2, 91.1.5, 96-cı maddələrinə, Mülki Prosessual Məcəlləsinin 13.4, 13.5, 82.3, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
27. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil xüsusi təyinatlı yaşayış sahəsi olmaqla Azərbaycan Respublikası X5 üzrə Dövlət Komitəsi Mənzil İstismarı Departamenti tərəfindən X1 istifadəsinə kirayə müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə verilmiş 543 saylı mənzildir. Cavabdeh Telnov küçəsi, 2347/20348 ci məhəllə D blokunda yerləşən 543 saylı mənzilə 2018-ci ilin oktyabr ayının sonunda köçmüşdür. Həmin mənzili ona Sahibli Orxan, İddiaçı və X3 iştirakı ilə 35.000 manata satmış, elə həmin vaxtda mənzili təhvil verərək Ramana qəsəbəsində ondan aldıqları pula alınmış evlərinə köçmüşlər. Sonradan onda olan məlumata görə Ramana qəsəbəsində aldıqları evi girov qoyub kredit götürdükləri və krediti ödəmədikləri üçün həmin ev də əllərindən alınmışdır. İddiaçı Sahibli X4 rayonuna ata evinə köçmüşdür. Cavabdeh hazırki mübahisəli 543 saylı mənzilə köçdükdən sonra həmin mənzili təmir edərək hal-hazıra kimi orada yaşayır. Qeyd edilən mənzildə yaşamağı Qaçqın və X5 üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmışdır, qətnamədə bu barədə məlumat təsvir olunmuşdur. Mənzilin bütün kommunal xərcləri onun tərəfindən ödənilir. 2023-cü ildə ona məlum olmuşdur ki, İddiaçı Orxan Sahibliyə qarşı mənzilə köçürmə ilə baglı iddia qaldırmış, həmin mənzili ona satdıqlarını, 543 saylı mənzildə ailə üzvləriylə birgə yaşadığını, mənzildən 2018-ci ildə çıxdıqlarını məhkəmədən gizlətmişdir. İddiaçı məhkəməyə yalan məlumatlar vermiş, hətta iddia müddətinin keçirilməsinin gizlədilməsi üçün yanlış tarix yazmış, mübahisəli mənzildən nə vaxt, hansı səbəblərlə köçməsini, halhazırda mənzildə kimlərin və hansı əsaslarla yaşamasını göstərməmiş, bu səbəbdən də Bakı Şəhəri Xətai Rayon Məhkəməsi qəbul etdiyi qətnamə ilə cavabdehin hüquq və vəzifələrinə toxunmuşdur. Qeyd etdiyi kimi, 2018-ci ilin oktyabr ayında cavabdehin babası X15 ilə kredit müqaviləsi bağlamış ona 30.000 manat bir və əlavə 5.000 manat olmaqla cəmi 35.000 manat pul vermişdir. Həmin pul onun 2018-ci ilin oktyabr ayından hal-hazıra kimi yaşadığı mübahisəli mənzil olan ünvan 6 ünvan üçün verilib. O, X10 və İddiaçı ilə mənzilin satılması üçün razılığa gəlmişdir. Razılaşdıqları və kredit müqaviləsi kimi sənədləşdirdikləri pul ondan qəbul edilərək X7 verilmiş, o da sayaraq İddiaçı vermişdir. Pulun verildiyi gün xx.xx.2018-ci il tarixdə cavabdeh ailə üzvləri ilə həmin mənzilə köçmüşdür. Hal-hazıra kimi həmin mənzildə yaşayır. Sonradan ona məlum olmuşdur ki, həmin mənzil xüsusi təyinatlı mənzil olduğu üçün alqı-satqı predmeti ola bilməz. Ona görə də Qaçqınlar və X5 üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılmış və belə qərara gəlinmişdir ki, hüquqi yol kimi X10 notarial qaydada təsdiq olunmuş ərizə ilə Qaçqınlar və X5 üzrə Dövlət Komitəsinə müraciət etsin və kirayə müqaviləsi onunla bağlansın. xx.xx.2021-ci il tarixdə X10 belə bir ərizə ilə müraciət etmişdir. xx.xx.2018-ci ildə onlar mübahisəli mənzilə köçməmişdən bir neçə gün əvvəl mənzili boşaldaraq onlara təhvil vermişdilər. Sonradan ona məlum olmuşdur ki, onlar hətta Ramana qəsəbəsində özləri üçün ondan aldıqları pulla ev də alaraq orada yaşamışlar. Ramanada yaşayan zaman onların arasında ailə problemləri yaranmış, nikahları pozulmuşdur. Bütün bunlar Xətai Rayon Məhkəməsi işə baxdıqdan və icra sənədi icraçılar tərəfindən ona bildirildikdə məlum olmuşdur. İddiaçı 2018-ci ilin oktyabr ayında mənzildən könüllü olaraq çıxdığı yəni, ona sataraq çıxdığı halda əvvəlki iddia ərizəsində də yalan məlumat yazaraq 2019-cu ilin dekabr ayının 27-də çıxdığını göstərməklə buraxılmış iddia müddətini gizlətmək məqsədi güdmüş, digər halda isə həqiqəti məhkəmədən gizlətməklə Xətai Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə də məhkəmədə iştirakının təmin olunmamasına nail olmuşdur. Məhkəmə qətnamədə Orxan Sahiblinin xx.xx.2021-ci il tarixli notarial qaydada imzalanmış ərizəsini qeyd etsə də, hüquqi qiymət verməmişdir. Məhz həmin ərizə əsasında X10 ilə bağlanmış kirayə müqaviləsi pozulmuşdur. Məhkəmənin Azərbaycan Respublikası Qaçqınlar vəX5 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı və qətnamədə təsvir olunmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Xətai Rayonu Telnov küçəsi hündür mərtəbəli yaşayış kompleksi, D bloku 543 saylı mənzildən X10 notarial qaydada təsdiq olunmuş ərizə ilə imtina etdiyi üçün onunla bağlanmış kirayə müqaviləsi etibarsız hesab edilmişdir. Məhkmə nəzərə almamışdır ki, Orxan Sahibli ilə kirayə müqaviləsi etibarsız hesab edildiyi üçün iddia yalnız mənzilin sahibi-Azərbaycan Respublikası Qaçqınlar və X5 üzrə Dövlət komitəsinin Mənzil istismar Departamenti tərəfindən qaldırıla bilər. Halbuki, iddia müddətinin ötürülməsi və iddiaçının əsl olmaması barədə məhkəmədə fikir bildirmişlər. İddiaçı məçburi köçkün deyil və xüsusi təyinatlı mənzilə iddia qaldırmaq hüququ yoxdur. Maraqlarına toxunan üçüncü şəxs kimi prossesə cəlb edilmədiyi üçün işin bütün faktiki halları araşdırılmamışdır. Eləcə də cavabdehin iştirakı təmin olunmadan araşdırılma aparılmışdır. Qeyd edilən hər iki xüsusat məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, mənzil üçüncü şəxsə məxsus olduğundan iddia qaldırmaq hüququ yalnız ona məxsusdur. xx.xx.2020-ci tarixli müqavilə etibarsız hesab edilmişdir. Bu məsələnin araşdırılmasını xahiş edir. İddiaçının keçmiş əri Komitəyə rəsmi olaraq imtina ərizəsini təqdim etmişdir. Mənzilin alqı-satqısının qanunsuz olmasını qəbul edir, çünki xüsusi təyinatlı mənzil sahəsi satıla bilməz. Vətəndaşın hüquqi biliyinin olmamasından istifadə edərək cavabdehə 35.000 manata mənzili satıblar. Cavabdeh tərəfindən iddiaçı tərəfə faktiki olaraq pulun verildiyi tarixdə mənzil təhvil verilmişdir.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o, mənzili alanda ailəsi ilə evə daxil olub iddiaçının ailəsi ilə söhbət etmişdir. İddiaçı pulu götürüb Ramana qəsəbəsindən ev alıblar. Daha sonra isə Ramana qəsəbəsində olan evi banka ipoteka ilə yüklü edərək kredit götürüblər və həmin pulla iddiaçının həyat yoldaşı Gürcüstan Respublikasından avtobus gətirib. Lakin daha sonra krediti ödəmədikləri üçün bank evi müsadirə edib. Ondan sonra iddiaçı ilə həyat yoldaşı arasında problemlər olmuş və onlar boşanıblar. Altı ildir ki, mənzildə yaşayır. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin nümayəndəsi bu barədə məlumatlıdır. Onu mənzildən yalnız Komitə çıxara bilər.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə və Sahibli Orxana görə övladları ilə birlikdə Dövlətin onlara verdiyi mənzildən məhrum olmuşlar. Onların qanunsuzluğuna görə övladları ilə çöldə qalıb. Keçmiş həyat yoldaşının mənzildən imtina ərizəsindən xəbəri olmamışdır.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir:
384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə.
34. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 60.1. Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Maddə 91.1.5. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
35. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Bənd 2.9. Kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanılmış kirayə müqaviləsi ləğv edilir. Bənd 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətinin məzmununa görə qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. İşdən müəyyən olunur ki, İddiaçı ilə X10 2015-ci ildə nikaha daxil olmuş, birgə nikahdan iki övladları doğulmuşdur. Onlar Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən ünvan 4 blokunda yerləşən 511 saylı xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin edilmişlər. Sonradan “D” blokunda yerləşən 511 və 543 saylı mənzillərə dair müqavilələr dəyişdirilərək, xx.xx.2020ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 4 blokunda yerləşən 543 saylı, 2 otaqlı mənzil onların istifadəsinə verilmişdir. Xüsusi Təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi X10 ilə bağlanılmış, iddiaçının və uşaqların adı kirayə müqaviləsində göstərilmişdir.
41. Qanuni qüvvəsini almış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(011)-148/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı mübahisəli mənzildən istifadə hüququ vardır və o, həmin mənzilə övladları ilə birlikdə köçürülməlidir.
42. Eyni zamanda, hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi məhkəməyə məktub ünvanlayaraq göstərmişdir ki, cavabdeh və onun ailə üzvləri 543 nömrəli mənzili zəbt edərək orada qeyri-qanuni məskunlaşmışlar.
43. Kollegiya həmçinin qeyd edir ki, sözügedən Komitə məktubunda X1 həmçinin 543 saylı mənzildən imtina etdiyindən onunla bağlanılmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi etibarsız hesab edildiyini göstərsə də, yuxarıda istinad olunan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-148/2023 nömrəli qətnaməsini onun maraqlarına toxunan şəxs kimi mübahisələndirməmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində də Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə istinad olunduğundan və hazırki iş üzrə qətnamə Komitəyə rəsmi qaydada göndərildiyindən, onun xx.xx.2023-cü il tarixli qətnamədən məlumatı olmuşdur.
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə göstərilən şəxslər sırasına aid deyil. Belə ki, cavabdeh iddiaçının ailə üzvü və ya qohumu deyil, habelə məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvü hesab edilməmişdir.
45. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq hüququ olmadığından, iddiaçının mübahisəli mənzilə məhkəmə qətnaməsi ilə istifadə hüququ tanındığından, habelə onun və uşaqlarının mənzilə köçürlməsi qət edildiyindən, iddiaçının cavabdehin həmin mənzildən çıxarılması barədə iddia irəli sürməyə subyektiv hüququ vardır.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(011)-1803/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.